“XİLAFƏTİMİZİ BƏRPA ETMƏLİYİK!” – “Səhər saat 6-da həbsxanadan Rəsul Quliyevlə danışdım…” (“Qaynar Qazan”)

Dərc olunub: 22/10/2017 - 17:03

“İslam xəritəsində olan dövlətləri götürüb, iqtisadi, hərbi gücü birləşdirmək olar”

serdar01

“AzPolitika” Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Qaynar Qazan” layihəsində Əvəz Zeynallı ilə son dərəcə maraqlı söhbətini təqdim edir: 

Onun adı bu günlərdə o qədər çox olayda çəkilir ki, bəzən təqib etmək belə çətin olur. “Qaynar Qazan”ın da son bir neçə hissəsində qonaqlarla ondan – Nobel mükafatını Azərbaycana gətirmək istəyən bu adamdan danışmışıq. Tariximizin yaralı yeri müzakirə olanda Sərdar Cəlaloğlunu görürük. Şəhidlərimiz mövzusunda ailəsindən şəhid vermiş Vətən övladı kimi Sərdar Cəlaloğlu yazır. Ədəbiyyat söhbətləri – tarixin qalmaqallı arxivlərinin pərdəarxasından danışanda Sərdar Cəlaloğlu meydana çıxır. Azərbaycan siyasi sisteminin önəmli məhək daşlarından biri də odur – Sərdar Cəlaloğlu. Özü demiş, ölkənin siyasi gündəmini müəyyənləşdirən 3-5 adamdan biri. Azərbaycan siyasətinin ən çox kitab yazan partiya sədri də odur. Qurani-Kərimin izahını yazan – indiyə qədər hətta 22 cildini hazır edən də Sərdar Cəlaloğludur. Baxmayaraq ki, ərəb dilini bilmir. “Ərəb dilini və onun incəliklərini bilmədən Qurani-Kərimi Azərbaycan Türkcəsində necə izah edəcəksiniz” deyə soruşdum, çox maraqlı cavabı oldu. Müsahibəni sonadək izləyənlər o cavabı oxuyacaqlar. Burada məqsədim Sərdar Cəlaloğlunun – 65 yaşlı bu enerjili adamın etdiklərinin və onu xarakterizə edən əsas amillərin qısa xronikasını verməkdir. Mən Sərdar Cəlaloğlunu ən azı 20 ildir tanıyıram.

Türkiyədə oxuyanda Azərbaycandan gələn siyasətçilərin əksəriyyəti ilə görüşüb söhbətləşərdim. Məx xüsusilə fəal idim. Kim olur-olsun, Bakıdan gələn hər kəslə – alimi, siyasətçisi, tarixçisi ilə görüşər, tanış olar, əlaqələr yaradar, ölkədən xəbərlər alardıq. Günümüz Ankaranın bu başından o başına – otellərə, qonaq evlərinə şütüməklə keçərdi. Çox vaxt yol pulumuz olmazdı. Ya da gecə çox gec olar, payi-piyada yataqxanaya qədər gedərdik. Uşaqlar o qədər də həvəsli deyildilər, yük mənim üzərimə düşər, tək-tənha Ankaranın küçələrində boy göstərərdim. Azərbaycanın bütün ünlü adamları və siyasətçiləri ilə o zamanlarda – tələbəlik illərində tanış olmuşam. Bu tanışlıqların əksəriyyəti günəgün “Ankara gündəlikləri”mdə əksini tapıb – bəlkə qismət, enerji və həvəs olsa, o gündəlikləri də kitab şəklində dərc edəcəyəm bir gün. Və təbii ki, o gündəliklərdə Sərdar Cəlaloğlu ilə də bağlı sətirlər var. Mən Sərdar Cəlaloğlunu bax, o zamanlardan tanıyıram. Və elə ilk görüşdən Sərdar bəylə dost olduq. Yaxşı münasibətlər qurduq və tələbəlik illəri boyunca hər zaman qarşılıqlı hörmətə dayanan münasibərlərimiz oldu.

Bütün tələbə təşkilatlanmalarımıza dəstək verdi Sərdar bəy. Son dərəcə demokrat, istiqanlı və səmimi bir adamdır o. O zamanlar – bizim tələbəlik illərimizdə Sərdar Cəlaloğlu və partiyası çox aktiv idi. Mitinqlər ara vermir, piketlər kəsilmirdi. Ölkənin ən qaynar partiyalarından biri idi ADP. İlyas İsmayılovun gəlişi bir, Rəsul Quliyevin gəlişi başqa cür gücləndirmişdi onları. Biz də hər tələbə tətilinə gələndə günümüzün çoxunu ADP-nin qərargahında keçirər, o zaman çox qaynar olan gənclik təşkilatları ilə görüşər, müzakirələr aparar, diskussiyalar edərdik. Yaxşı xatırlayıram, sədri olduğum “Axın” Tələbə Birliyinin böyük tədbirləri olardı və onların əksəriyyətini ADP-nin qərargahında edərdik. Hətta Sərdar Cəlaloğlu bizə – Ankarada fəaliyyət göstərən “Axın” Tələbə Birliyinə partiyasının qərargahında 1 otaq da vermişdi. Biz Azərbaycana gələndə o otaqda fəaliyyət göstərirdik – təbii ki, təmənnasız.

Sonralar bu əməkdaşlıq “Hürriyyət” qəzeti ilə də davam etdi və zaman hətta məni bir xeyli “Hürriyyət” qəzetinin əməkdaşı da etdi. Orada həyatıma yön verən hadisələrlə qarşılaşdım.

Beləcə, Türkiyədə tələbəlik illərimiz sona çatana qədər bu əməkdaşlığımız davam etdi və biz təhsilimizi bitirib Azərbaycana qayıdanda düşünürdük ki, elə ADP-yə daxil olub orada da siyasi fəaliyyətlə məşğul olaq. Xoş bir təsadüf – Sərdar Cəlaloğludan gözləmədiyimiz soyuq münasibət, bizi siyasi partiyalara daxil olmaq düşüncəsindən azad etdi və mən sonralar Sərdar bəyə içimdə o qədər təşəkkürlər etdim ki. Əgər mənim planım baş tutsaydı, əvvəlcə dostum ADP-yə daxil olmalı, sonra ona münasibətə görə mən də dalısıyca gəlməli idim. Mən elə düşünürdüm ki, ADP-də mənim və silahdaşımın onların sıralarına gəlmə xəbərimiz toy-bayramla qarşılanacaq, bizi dərhal partiyaya qəbul edib partiyanın rəhbərliyinə qədər gətirəcəkdilər. Bilmirəm, niyə elə düşünmüşəm, amma şükür ki, düşüncələrim gerçəkləşmədi. Sərdar bəyə müraciət edən silahdaşım soyuq və həvəssiz şəkildə “ərazi təşkilatına müraciət edin, ərizənizin qəbul olunmasına yardımçı olmağa çalışaram” sözlərindən şok olmuş halda yanıma qaçdı. Biz dərhal hesabımızı götürdük və partiyaya daxil olmaq düşüncəsindən daşındıq. Vəssalam. Və bu haqda bir də indi – Sərdar Cəlaloğlu haqqında yazarkən düşündüm. O zaman niyə ADP-yə getməyə qərar vermişdik – Sərdar bəy bizə ən yaxın partiya sədri idi, ona görə.

Sonra Azərbaycan bizi də bir az özünə oxşatdı. İncikliklər, ayrılıqlar girdi aramıza. İllər, aylar derkən, bu günlərə qədər gəldik. Bir zaman ən yaxın dostlarkən, bir zaman ən uzaq yadlara çevrildik. Aylar illəri qovdu, köhnə dostluqlar unuduldu və siyasətin boz üzü özünü göstərməyə başladı.

Bütün hallarda Sərdar Cəlaloğlu mənim üçün o illərin ən əziz və çalışqan partiya sədri olaraq qaldı. ADP-nin böyük qərargahının adam əlindən hərəkət edilmədiyi günlərini görmüşəm mən. Suyu soğulmuş dəyirman kimi bir nəfərin belə uğramadığı ADP də olub gözlərimin qarşısında. Amma Sərdar Cəlaloğlu hər zaman öz dinamikliyini qoruyub saxlayıb. Durmadan, dayanmadan çalışıb öz üzərində. Biz siyasətçilərimizi “niyə kitablar yazmırsınız?” deyə yarğılayanda, Sərdar Cəlaloğlu cild-cild kitablar yazıb. O kitabları oxuyub anlamaqda əziyyət çəkmişik bəzən, amma Sərdar bəy kitabı kitab dalınca yazıb. Yorulmayıb. Həbsə düşüb. Mübarizə aparıb. Həbsdən çıxıb yoluna davam edib. O zaman Sərdar Cəlaloğlu bizim indiki yaşımızdan da cavan olub. Bəlkə ona görədir ki, onun gözlərimizdə elə o yaşda görür, ondan elə o yaşdakı enerjini gözləyirik. Bəzən heç fərqinə də varmırıq ki, yaşı 65-dir artıq…

Sərdar Cəlaloğlu Azərbaycan siyasətinin ən birləşdirici siyasətçilərindəndir. O, milli maraqları öz maraqlarından üstün tutduğunu ən azı 2 dəfə sübut edib. Heç kim öz yerindən qımıldanmazkən və kreslosundan bərk-bərk yapışarkən, Sərdar Cəlaloğlu iki dəfə ADP-nin sədrliyindən könüllü gedib və öz yerini İlyas İsmayılova və Rəsul Quliyevə təhvil verib. Bu, Azərbaycan siyasətində misli-bərabəri görünməmiş olaydır və düşünürəm ki, bu addımları müxalifətin və millətin birliyi naminə atıb Sərdar bəy. Düzdür, nəticəsi yenə Azərbaycanvarı olub, ancaq fakt da faktlığında qalır. İnanıram ki, günü bu gün də lazım olarsa, Sərdar bəy millətin maraqları naminə yenə partiyadakı vəzifəsindən gedər.

Onunla “Qaynar Qazan”da müsahibə götürəndə də elə bu yazdıqlarım haqqında düşündüm. Heç dəyişməyib. Demək olar ki, o illərdən bəri onunla müsahibə götürməmişdim. Amma iddialar və səmimiyyət ölçüsü də eyni qalırdı. Bir dəfə tələbə yoldaşlarımdan biri Ankarada “Nobeli Azərbaycana mən gətirəcəyəm” demişdi. Tələbəmizin o sözünü eşidəndə sehrlənmişdim sanki. Mən o qədər böyüklük aşiqiyəm ki, bir tələbənin bu iddiası məni xoşbəxt etmişdi. Mən o tələbəmizlə hər zaman qürur duydum. Sonu yaxşı olmadı, o tələbəmiz təhsilini başa vura bilmədi, çıxıb gəldi Azərbaycana, indi də buralarda hansısa xeyirli bir işlə məşğuldur, amma adını eşidəndə yenə o hissləri yaşayıram. Mənə elə gəlir ki, o cavan uşaq Nobel mükafatını Azərbaycana gətirəcək – bu millətin haqqını Nobel qardaşlarının varidatından götürəcək. Baxmayaraq ki,o tələbə artıq nə gənc deyil, nə də heç o iddiaları güman ki, yoxdur, bəlkə də özü belə o sözünü unudub, amma mənim üçün bir xəyallar aləmi var. Mən zatən xəyallar adamı deyiləmmi?

Bəlkə Sərdar Cəlaloğlunu mənim üçün hər zaman özəl edən həm də bu Nobel mükafatı iddiasıdır. Olmazmı? Niyə olmasın? Niyə ola bilməz ki? Biz hər şeyə qadir millət deyilikmi? Biz istəyəndə dağ dağa qovuşmurmu? O zaman niyə millət olaraq bu gücün, bu enerjinin, bu iddianın arxasında olmayaq ki?

Sərdar Cəlaloğlu ilə xatirələrdən kənar həm də ciddi bir söhbət etdik. Dindən, fəlsəfədən, Səməd Vurğundan, Cəfər Cabbarlıdan, qazaxlılardan, Ağa Məhəmməd Şah Qacardan, Nadir Şahdan, Şah İsmayıldan danışdıq. Azərbaycan müxalifətinin niyə birləşə bilməməsindən də danışdıq. Mitinqlərdən və bəzi etiraflardan bəhs etdik. Söhbətimizin necə alındığına isə əlahəzrət Oxucu və Tamaşaçı qərar verəcək.

“Qaynar Qazan”ın 42-ci qonağına bu xatirələri yadıma salıb yaddaşımı təzələdiyinə görə təşəkkür edərək onu Sizinlə baş-başa qoyuram. Qonağımız Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

“Elmi şüur siyasi şüurdan çox-çox aşağı bir şüur formasıdır”

serdar

– “Qaynar Qazan”ın bugünkü qonağı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur. Sərdar bəy, xoş gəlmisiniz.

– Sağ olun.

– Həmkarımız Elvin Məhərrəmlinin sualı ilə başlayaq. Elvin bəy soruşur ki, “Sərdar bəy hazırda özünü harada görür – siyasətdə, müxalifətdə, yoxsa elmdə?”

– Bilirsinizmi, Azərbaycanda qəribə bir tendensiya var – mütləq insanların konkret olaraq yerini müəyyənləşdirmək istəyirik. Əvvəla, Azərbaycanda elə bir institut yoxdur ki, o siyasətçi buraxsın. Siyasətçi müxtəlif peşələrdən olan insanlardır. Başqalarına nisbətən ictimai həyatda aktiv fəaliyyət göstərirlər. Ölkədə aparılan siyasəti izləyib, ona müəyyən dərəcədə təpki göstərir və ya siyasətdə iştirak edirlər. O zaman da olur siyasətçi. Yəni bir adam tam olaraq siyasi fəaliyyətlə məşğul olmur ki… Məsələn, Hitler rəssamlıq edirdi. Çörçill rəssamlıq edirdi. Başqa dövlət başçıları var ki, biri roman, biri şeir yazırdı. Hətta Osmanlı sultanlarının bəziləri şeir yazıb. Şah İsmayıl Xətainin özü böyük şair idi. İndi Şah İsmayıl Xətaiyə sual vermək olardı ki, “sən hardasan?” O, at belində imperiya yaradırdı. Həm də boş vaxtlarında oturub ədəbiyyatla məşğul olurdu, divan yazırdı.

– Hətta bu fəaliyyəti hakimiyyətlə paralel aparanlar da olub.

– Bəli, mən də Şah İsmayıl Xətaini, türk sultanlarını deyirəm. Ümumiyyətlə, əgər bir insanın imkanı varsa və eyni zamanda 5-6 sahədə fəaliyyət göstərirsə, bu, onun kerativliyini göstərir. Yəni insan yalnız özünün məhdud istedadı çərçivəsində qalmamalıdır ki… Mümkün qədər imkanlarını genişləndirməlidir. Əgər istedadı varsa, qabiliyyəti, bacarığı varsa, özünün fəaliyyət sahəsini genişləndirməlidir. O ki qaldı elm və siyasətə… burada bu suallar bilirsinizmi, niyə meydana çıxır? Cəmiyyətimizdə o qədər siyasi və elmi maarifləndirmə aparılmayıb ki, adamlar anlayışların nə ifadə etdiyini bilmirlər. Elm ictimai şüurun aşağıdan ikinci pillədə olan mərhələsidir. Yəni var cari şüur – cari həqiqəti öyrənən – biz buna təcrübə də deyirik, bir də var xüsusi həqiqəti öyrənən şüur, buna biz elm deyirik. Elmi şüurdan yuxarı nəzəri şüur var, ondan yuxarıda fəlsəfi şüur, ondan yuxarıda da siyasi şüur dayanır. Siyasi şüur ictimai şüurun ən yüksək mərhələsidir. Niyə? Başqa şüur formalarında siyasi şüura xas elementlər yoxdur. Siyasi şüur təşkil etmə, nəzarət etmə və tənzimləmə işlərinin məcmuu şəklində həyata keçirilən şüurdur. Elmi şüurda isə təşkiletmə yoxdur, çünki elm artıq təşkilolunmuşu öyrənir. Tənzimetmə yoxdur, çünki obyektinə müdaxilə etmir, tək müşahidə obyektinə nəzarət edir və ordan da müəyyən bilik əldə edir. Ona görə də elmi şüur siyasi şüurdan çox-çox aşağı bir şüur formasıdır.

– Əslində…

– Əslində yox, elə belədir. Yəni bu baxımdan, əgər mən deyirəmsə ki, “siyasətlə məşğulam” və siyasətlə məşğul oluramsa, bu, o deməkdir ki, mən bütün bu mərhələləri keçib bu mövqeyə gəlməliyəm. Görürsünüzmü, birdən adını yazmağı bacarmayan bir adam ortaya çıxır, özünü siyasətçi adlandırır və başlayır “xalqın haqlarını müdafiə etməyə”. Baxırsan ki, bu adamın elementar elmdən xəbəri yoxdur. Fəlsəfi düşüncəsi yoxdur. Hadisələrə ümumi baxa bilmir. Hadisələri nəzəriyyələşdirə bilmir. Əgər bir şey ki, səndə nəzəri şüur yoxdur, sən necə proqnozlaşdırma eləyə bilərsən? Hadisələrin gələcək inkişafı ilə bağlı necə qabaqcadan məlumat əldə edə bilərsən? Səndə axı gərək nəzəri şüur da olsun. Yəni bu baxımdan mənə elə gəlir ki, siyasətçilər ictimai şüurun bütün formalarından keçib lap yuxarı pilləsinə çıxmış insanlardır. Bu baxımdan mən elmdə, siyasətdə, eləcə də tutaq ki, dində eyni vaxtda olmağı qəbahət yox, bir müsbət keyfiyyət kimi görürəm və çalışıram ki, özümdə bu müsbət keyfiyyət olsun. Bilirsiniz, kerativ insan deyilən bir anlayış var. Kerativ insan nə deməkdir? Allah-Təala hər birimizə bir təbii istedad verib. Əgər bir insan öz təbii istedadlarından kənara çıxa bilirsə, bir fəaliyyət dairəsinə daxil ola bilirsə, ona kerativ insan deyirlər. Bu gün bütün dünyada kerativ insan yetişdirilməsi istiqamətində işlər aparılır. Təhsil sahəsi də bu istiqamət üzərində qurulur, dövlət siyasəti də bu istiqamətdə qurulur. Çalışırlar ki, insanlar çoxprofilli olsunlar. Eyni vaxtda çox sahə ilə məşğul ola bilsinlər. Bu gün də bir müəssisəyə işə qəbul olunmaq üçün çox dil bilməlisən, çox peşə bilməlisən. 10 işçi götürmək əvəzinə, tək səni işə götürürlər. Çünki sən müxtəlif dilləri bilirsən, həm də müxtəlif işləri icra edirsən. Bu baxımdan, müasir insan çoxtərəfli insan olmalıdır. O, həm alim olmalıdır, həm siyasətçi, həm də filosof olmalıdr. Həm nəzarətçi, həm də həssas müşahidəçi olmalıdır. Həm də pis-yaxşı dini şüura malik olmalıdır. Yəni nəyə görə insanları şüurun müəyyən bir mərhələsinə sıxışdırıb deməlisən ki, sən ancaq bu sahə ilə məşğul olmalısan. Məsələn, bizim alimlərimiz. Alimlərimizin adicə fəlsəfi dünyagörüşü olmadığına görə, elm sahəsində nailiyyətləri sıfırdır. Çünki niyə? Fəlsəfi şüur elmi şüurun trayektoriyasını çox-çox genişləndirir. Fizikanı sərhəddindən çıxarır, biologiyanı sərhəddindən çıxarır. Nəticədə alimi universal bir tədqiqatçıya çevirir. Amma fəlsəfi şüuru olmayan alim öz sahəsində – məhdud bir çevrədə ilişib qalır və hətta qarşısına qoyduğu problemlərin həllində də çox böyük çətinliklər çəkir. Bu baxımdan, belə bir söz var ki, müasir fizika elmində alimlər fəlsəfəni mənimsəməyənə qədər fizika sahəsində nəhəng kəşflər edə bilməyəcəklər. Məsələn, mən “Nobel” mükafatı almaq üçün bir iş göndərdim. Getdim, orada gizli səsverməyə çıxdım. Nəyin hesabına? O nəzəriyyəni mən necə verdim? Mən əgər fəlsəfəni bilməsəydim, ümumiləşdirmə qabiliyyətim olmasaydı, birdən-birə durub, o cür nəzəriyyəni necə irəli sürə bilərdim? Və necə gedib dünyanın ən böyük elmi mükafatının bir addımlığına çata bilərdim? Azərbaycanda o mərhələyə qədər gedib çıxan adam bir biologiya sahəsində Nemət müəllim idi və bir də fizika sahəsində mən. Yəni bu baxımdan, belə bir sual verir, cavab verim. Mən özümü bir şəxsiyyət kimi elmdə görürəm. Amma çoxprofilliyəm. Elmlə də məşğul oluram, dinlə də məşğul oluram, fəlsəfə ilə də məşğul oluram. Kitablarım da var. Nəzəriyyəm də var. Fəlsəfi təlimim də var. Bu mənə yük olsa, təbii ki, birini atacam, birindən imtina edəcəm. Yük deyilsə, mən bunu niyə daşımayım?

Mahmud Qəznəvi, Şah İsmayıl, yaxud Qazi Bürhanəddin kim olub?

– Yəni deyirsiniz ki, normalda siyasətlə məşğul olan adamların hamısı bu və ya digər formada…

– Mütləq, mütləq…

– Əlavə olaraq hansısa bir işlə məşğul olmalıdırlar?

– Məsələn, mən sizə bir misal da çəkim. Hitler, Çörçill rəssamlıqla məşğul olublar, başqa hakimlər şeir yazıblar, başqa sahələrdə də fəaliyyət göstəriblər…

– Osmanlı padşahlarının çoxu nəqqaş olub…

– Azərbaycan ədəbiyyatının ən böyük şairlərini götürək. Mahmud Qəznəvi kim oldu? Və yaxud da Şah İsmayıl Xətai kim olub? Və yaxud da Qazi Burhəddin kim olub? Hökmdar olmayıblar? Necə olur, həm hökmdar, həm böyük bir imperiyanın başında duran imperator olurlar, həm də cild-cild kitablar yazırlar? Amma mən həm siyasətlə, həm də elmlə məşğul oluram, birmənalı qarşılanmır. Yaxud da Uluğ bəyi götürək, padşah olacaqdı, padşahlıqdan imtina elədi, getdi astronom oldu. Yəni Şərqin tarixində də, bizim öz yaxın tariximizdə də elmlə siyasəti, elmlə dini birləşdirən böyük şəxsiyyətlər olub. Nəsrəddin Tusini götürək. O kimdir? Nəsrəddin Tusi böyük alim və böyük siyasətçidir.

– Bəli.

– Ona görə də Elvin bəyin sualını belə cavablandırmaq istəyirəm: Əksinə, biz çalışmalıyıq, siyasətçilərdən tələb eləməliyik ki, sən siyasi fəaliyyətindən başqa bir fəaliyyətlə məşğul olmursansa, o zaman sadə insandan nə ilə fərqlənirsən? Baxaq görək, çox profillisən, ya yox.

“Şəxsən məni başa düşmürlər”

– Əslində, onu demək istəyirəm – belə suallar avtomatik olaraq ona görə yaranır ki, bizdə siyasətçilər, siyasətdən başqa bir sahə ilə məşğul olmurlar. Ona görə də belə sual yaranır ki, niyə Sərdar Cəlaloğlu həm siyasətlə, həm də elmlə məşğul olur?

– Bax, Əvəz, siyasət haqqında yenə deyirəm, insanların məhdud bilgisi olduğuna görə bir çox hallarda bizi başa düşmürlər. Şəxsən məni başa düşmürlər. Siyasət də elə tək hakimiyyətə gəlmək vasitəsi deyil ki… Siyasət ölkənin iqtisadiyyatının, elminin, mədəniyyətinin, tarixinin, dininin və s. qorunması, inkişaf etdirilməsi kimi sahələri əhatə eləyir. Ona görə deyirik ki, iqtisadi syasət, sosial siyasət, elmi siyasət, təhsil siyasəti, səhiyyə siyasəti…

– Təbii ki, bütün bu sahələri bilmək gərəkdir…

– Bəli, əgər bütün bu sahələri bilməsən necə bunları idarə edə bilərsən?

– Siz bayaq qeyd etdiniz ki, bir çox padşahlarımızın, hökmdarlarımızın ədəbi-bədii tərəfi olub.

– Bəli.

– Siz Azərbaycan siyasətində ən çox kitabı olan şəxssiniz.

– Bəli.

“Həmin gündən sonra şeir yazmaqdan imtina elədim”

– Şeirləriniz varmı? Heç bədii ədəbiyyat sahəsi ilə məşğul olubsunuzmu?

– Mən orta məktəbdə oxuyanda şeirlər yazırdım. Bizdə belə bir adət vardı. Şeiri yazırdıq, ədəbiyyat müəllimimiz ona baxırdı, sonra da müzakirə edirdi ki, kimin şeiri yaxşıdır. Bir dəfə də mən şeir yazmışdım və müəllimə verib çıxıb getmişdim. Yəni həmin şeirin müzakirəsi zamanı iştirak etməmişdim. Gələndə uşaqlar dedilər ki, sənin şeirinlə bağlı müəllimə dedi ki, Sərdar bu şeirin misralarını oğurlayıb. Yaz haqqında idi və belə bir misrası vardı:

Yazın gəlməsi həzz verir insanlara,

Şaxtadan donanlara, istidən yananlara…

Müəllim demişdi ki, o, bu ifadəni tapa bilməz. Onda təxminən 6-cı sinifdə oxuyurdum. Yəni 6-cı sinifdə oxuyan bir uşaq bu təfəkkürə malik ola bilməzmi ki, yazın gəlməsi, həqiqətən də həm qışdan əziyyət çəkənlərə, həm də yayın istisindən əziyyət çəkənlərə ləzzət eləsin. (Gülür…) Mən də bu şeiri özüm yazmışdım və bu iki misra da heç kəsə yox, özümə aid idi. Yəni ədəbiyyatı da gedib axtara bilərsiniz. Həmin gündən sonra şeir yazmaqdan imtina elədim.

– Hə, müəllimin o sözündən sonra?…

– Yəni mən çox gözəl bir şeir yazmışdım… Çox gözəl şeir idi və ümid edirdim ki, müəllim tərifləsin ki, “bu şeiri çox gözəl yazmısan.” Amma uşaqlara demişdi ki, ayıbdır, bu misraları kimdənsə götürüb, oğurlayıb. “Bilmirəm, bu misralar kimindir, amma o, bunu oğurlayıb, çünki özü belə misraları yaza bilməz”. Onun deməsi ki, o, belə şeir yaza bilməz, mənim ondan daha yaxşı şeir yazmaq cəhdimin qarşısını aldı. Fikrim çatdı? Ona görə də şeir yazmaqdan imtina elədim. Amma başqa ad altında şeirlər də, hekayələr də yazmışam. Hətta qəzetə də vermişəm. (Gülür…)

– Başqa ad altında?

– Başqa ad altında, bəli.

“Mən ədəbiyyata da bir mövzunun kəşfi kimi baxıram”

– O zaman təxəllüsünüz olub?

– Yox, təxəllüsüm də olmayıb. Demişəm ki, altına nə ad qoyursunuzsa qoyun, amma bilinməsin ki, bunu mən yazmışam. İctimai rəyi öyrənmək üçün. Və o hekayəm ilə bağlı qəribə reaksiyalar oldu. Qəzetə zəng elədilər, oradakı personajlarla bağlı öz fikirlərini dedilər, arzularını dilə gətirdilər ki, niyə bu elə oldu, o belə oldu, o belə omalı idi, o belə getməli idi (Gülür…) Elə qəribə reaksiyalar oldu ki… Elə bil bu, olmuş hadisə idi və bu hadisə ilə bağlı personajları mən idarə edə bilərəm. Yəni müəllif kimi. Onda redaksiyadan bildirdilər ki, o hekayə ilə bağlı çox ciddi zənglər qəbul ediblər. Dedim, nəbadə müəllif olaraq mənim o hekayədə adım getsin. Yəni özümü bu sahədə də yoxladım ki, mən bədii ədəbiyyat sahəsi ilə məşğul ola bilərəm, ya yox? Elə bir hekayə yaza bilərəm ki, sosial yük daşısın? Bilirsinizmi, Azərbaycan ədəbiyyatının ən böyük qüsurlarından biri nədir? Azərbaycan ədəbiyyatı mövzuları seçərkən, idealları düzgün seçə bilmirlər. Yəni ən ali idealları… Məsələn, Nobel mükafatı almış əsərlər var. Bilirsinizmi, onlar mükafatı kiçik hekayələrə veriblər. Məsələn, Cek Londona “Həyat eşqi”nə görə veriblər, Hemenqueyə “Qoca və balıqçı”ya görə veriblər. Bu əsərlər kiçik əsərlərdir. Bilmirəm, oxumusan, yoxsa yox? Amma orada elə nəhəng…

– Mənası güclüdür…

– …mənalı bir dəyər qoyublar ortalığa ki, o dəyərin özü bir elmi kəşfdir. Yəni mən fizikada bir kəşf eləmişəm, o da insan dəyərləri sistemində elə bir şey kəşf eləyib ki, doğrudan da heç kəsə məlum olmayan bir kəşf idi. Doğrudan da Nobelə layiq əsərlərdir. Əslində, ədəbiyyatçı bu işlə məşğul olmalıdır. Yoxsa, “tom-tom” kitab yazırsan… Məsələn, bizdə Süleyman Rəhimov var idi. “Şamo” epopeyası var, yeganə epopeyadır. 4 cilddən ibarətdir və 10-20 minə yaxın səhifəsi var və mən onu oxumuşam. “Hərb və Sülh”dən də böyük əsərdir. Minlərlə personajı var. Çoxusu yaddan çıxıb, harada qalıb, taleyi necə olub, bilinmir. Əsəri oxuyanda heç başa da düşmürsən ki, söhbət nədən gedir. Yəni belə əsərlərə nəinki Nobel, heç dövlət mükafatı da düşmür. Amma kiçik bir hekayə görürsən ki, nə qədər dəyərlidir. Məsələn, Puşkinin özünün, bilmirəm, sən oxuyubsan, yoxsa yox, hekayələri var…

– Hə.

– Onun 10 hekayəsi var, mən onları oxumuşam və şeirlərindən daha çox mənə ləzzət eləyib. Puşkinin hekayələri. Yəni nəyi demək istəyirəm… Mən ədəbiyyata da bir mövzunun kəşfi kimi baxıram. Yəni kəşf eləməsəm, yazmaram. Məsələn, bu yaxınlarda birini də yazmışam, dərc olunacaq, ya yox, bilmirəm. Amma bir mövzunu kəşf eləmişəm.

– Deməli, ədəbiyyatda da özünüzü sınamısınız…

– Sınamışam, özü də çox effektli nəticə əldə etmişəm.

– Tural Əliyev soruşur: “Sərdar bəy, ADP-nin fəaliyyəti niyə hiss olunmur? Demək olar ki, fəal rayon, şəhər təşkilatları gözə dəymir. Siyasi partiya sədrlərindən əsasən kiminlə dostluq edir və ya kimlərlə salam-kəlamı yoxdur?” Pünhani Əsgərli yazır: “Sərdar bəyi ictimai-siyasi həyatda qalmağa nə vadar edir? İctimai-siyasi həyatdan çəkilməyin vaxtı deyilmi?”

– Əvvəla, ictimai-siyasi həyatda qalmaq mənim ictimai varlığım deməkdir. Mən insanamsa, şəxsiyyətim varsa, o zaman mənim cəmiyyətlə bağlı əlaqələrim də meydana çıxır. Yoxsa siz fərd olaraq cəmiyyətdən kənardasınızsa, siz heç bir vaxt şəxsiyyət ola bilməzsiniz. Meşədə tək yaşasanız, insan yox, fərd olacaqsınız. Amma cəmiyyət içərisində siz şəxsiyyətə çevrilirsinz. Bu adam məndən nə tələb edir? Tələb edir ki, mən insanlığımdan imtina eləyim, şəxsiyyətimdən imtina eləyim, gedim meşədə yaşayım? Vaxtilə Aristotel deyirdi: “Allahdan və heyvandan başqa insan siyasi varlıqdır. Allahdan və heyvanlardan başqa yerdə qalan bütün varlıqlar siyasətə tabedir!” Soruşurdular ki, niyə? Deyirdi: “Allahlar ona görə siyasətlə məşğul olmurlar ki, çünki siyasətüstüdürlər. Heyvanlar da ona görə siyasətlə məşğul olmurlar ki, onlar da siyasət altıdırlar.” İnsan siyasi varlıqdır. Ya o siyasətlə məşğul olur, ya da siyasət onunla məşğul olur. İndi mən özümdən ağılsız adamların mənim taleyimlə oynamaması üçün siyasətlə məşğul oluram. Hər bir Azərbaycan vətəndaşına da deyirəm ki, əgər sizi idarə edənlər sizə görə, siz seçməmisinizsə və sizə görə ləyaqətli deyillərsə, onların hakimiyyətinə qarşı mübarizə aparmalısan. Yox, əgər belə hesab edirsən ki, səni idarə edən icra başçısı, səni idarə edən məktəb direktoru, səni idarə edən xəstəxananın baş həkimi, səni idarə edən deputat, o-bu səndən ləyaqətlidir, sənin iradənlə səni idarə edirsə, səndən ağıllıdırsa, tabe ol. Çünki həyatın mahiyyəti bundan ibarətdir. Pis yaxşıya tabe olmalıdır. Aşağı, yuxarı… Yox, əgər sən hesab edirsənsə ki, ondan ağıllısan, o zaman ona necə tabe ola bilərsən? Bu baxımdan, mən bir şəxsiyyət kimi əlbəttə, əgər cəmiyyətdə görsəm ki, hansısa bir ədalətli seçim var, bu seçim nəticəsində məndən çox-çox qabiliyyətli, istedadlı, vicdanlı, xalqını, dövlətini, millətini sevən insanlar seçilib və onlar idarəetmədədir, mən onlara böyük məmnuniyyətlə tabe olacam və aktiv siyasi fəaliyyətdən gedəcəm. Amma neçə ki, belə bir hal yoxdur, mən ölənə qədər mübarizə aparacam.

– Hər halda burada aktivlik məsələsi diqqətə gətirilir. Yəqin ki, onlar bunu soruşurlar. Qədirli Rəşad da onu soruşur: “Siyasi partiya sədri olub siyasətə qarışmamaq necə duyğudur?…”

– Əvvəla, onu deyim ki, bu adamlar dediyim kimi bütün bu sualların…

– İcazə verin, sualı axıradək tamamlayım. “Ümumiyyətlə, ölkə siyasətinə bir gənc aktivist qədər təsiri olmayan siyasi partiyanın sədri olmaqdan diskomfort hiss etmir ki? Yoxsa belə siyasi partiya sədri olmağın komfortlu tərəfləri də var?” Hər halda aktivlik məsələsidir.

– Əvvəla, Azərbaycanda siyasi aktivliyin nə olduğunu çox adam bilmir, başa düşmür. Siyasi aktivlik deyəndə hamının diqqətinə birinci mitinq keçirmək, mitinqləri təşkil eləmək. Əvvəla, 1996-2005-ci illər ərzində mənim rəhbərliyim altında Azərbaycan Demokrat Partiyasının keçirdiyi mitinqlər qədər bütün müxalif partiyaları bu günə qədər mitinq keçirsinlər, mən də qolumu çırmayıb, mitinqə çıxacam. Sən nə danışırsan?.. Birincisi, burada bir şeyi anlamırlar. 1996-cı ildə Sərdar Cəlaloğlu 40 yaşında cavan bir oğlan idi. Bu gün mənim 65 yaşım var. Mən əgər 65 yaşımda 40 yaşımdakı kimi çıxıb çılğınlıq nümayiş etdirəcəmsə, o dövrdəki kimi fəallıq edəcəmsə, onda məndə anormal bir hal var da…

– Yəni qocalığı boynunuza alırsınız?…

– Qocalığı boynuma almıram ey… Oturuşmuşam. Mənim yaşım çoxdur. Artıq onu da bu sualı verən oğlanlar eləməlidirlər.

– Elə deyəsən, bunlar da elə oğlanlardır. Aktiv kəsimin içində olanlardır…

– Mən onu demirəm. Məndən nəyi tələb edirlər? Mənim yaşımın, ağlımın, tutduğum mövqeyimin funksiyasına aid olan bir şeyi tələb edirlər. Və mənim də keçmişdə elədiklərimin üzərindən xətt çəkirlər. 4 dəfə həbs olunmuşam, Azərbaycanda demək olar ki, minlərlə mitinq, piket keçirmişəm. Ölənlərimiz olub, yaralananlarımız olub, mühacirətə gedənlərimiz olub. 3-4 il bundan qabaq Müsavat partiyası bir məlumat yaymışdı. Google.com axtarış sistemində Azərbaycandan ən çox axtarışa verilən adamların adlarını açıqlamışdı. Birinci İlham Əliyev, ikinci adam isə mən olmuşam. Deməli, məni axtaranların sayı, Azərbaycanın bütün yerdə qalan liderlərinin axtarışa verilmə sayından çox idi. Get, Rusiya mətbuatına bax. Sən indi mənə necə deyə bilirsən ki, partiya sədri olub, siyasətə qarışmamaq komfortdurmu? Sən bu sözü necə deyə bilərsən? Rus mətbuatı məndən yazır, erməni mətbuatı yazır, türk mətbuatı yazır, o biri yazır, bu biri yazır. Sənin gözün görmürsə, mən indi nə edim? Bunun aktivlik haqqında təsəvvürü budur. Sərdar Cəlaloğlu gəlib polislə vuruşsun. Qardaşım, mən polislə vuruşmaq planımı yerinə yetirmişəm. Fikrim çatdı?…

– Yəni deyirsiniz ki, mən daha mitinqlərdə yoxam, çünki bizim mitinq dövrümüz keçib?

– Mən mitinqlərdə varam. Mitinq dövrüm də keçməyib. Amma mən bu cür cavan uşaqların ağlında deyiləm ki, onların düşündükləri kimi deyəm ki, bizə mitinq lazımdır.

– Məsələn, biri yazmışdı. Onun sualını mən sualları dayandırandan sonra gördüm, yazıb ki, “mitinqə getməyən adam niyə siyasətdə olmalıdır ki?” Belə bir yanaşma var…

– Siyasətin mitinqə nə aidiyyatı var? Mitinq nədir? Əgər bu adamdan soruşsanız ki, mitinq nədir, bu adam mitinq sözünün mahiyyətini belə başa düşməyəcək. Mitinq öz fikir və baxışlarını kütləvi şəkildə ifadə eləməkdir, düzdürmü? Siz indi məndən müsahibə alırsınız. Konkret bir məsələ ilə bağlı mənə bir sual verəcəksiniz, mən də sizə deyəcəm. Sizin saytınızı neçə adam izləyir?

“Azərbaycanda siyasi gündəmi mənim qədər müəyyən edən ikinci bir siyasətçi yoxdur”

– İzləyənlər var…

– Nə qədər, məsələn?

– 5-10 min izləyən var.

– Əli Kərimlinin mitinqinə nə qədər adam gəlir?

– Əli Kərimlinin mitinqinə bu dəfə az adam gəlmişdi.

– Ay sağ ol. Mən ondan çox adama müraciə edirəm də. Bəs bu da mitinqdir də. Mitinq nəyə deyirsən sən? Mitinq o deməkdir ki, 30-40 nəfərlə gedib çıxasan meydana, deyəsən ki, “İstefa! İstefa!”? Mənim hər gün 10-15 jurnalist – ölkənin siyasi həyatı ilə bağlı …

– O zaman 100 minlərlə adama xitab etmək mümkündür…

– Bəs, o zaman siyasi fəallıq nəyə deyirsən sən? Həm xitab edirəm, həm də elə bir hadisə yoxdur ki, – ən kiçiyi belə, heç kəsin görmədiyi hadisə – həm siyasi proqnozlaşdırma ilə bağlı, həm siyasi aktuallıqla bağlı fikirlərim olmasın. Bu gün Azərbaycanda siyasi gündəmi mənim qədər müəyyən edən ikinci bir siyasətçi yoxdur. Təvazökarlığı bir kənara qoyuram. Sən siyasətin nə olduğunu bilmirsən, mən bütün bunları qoyuram bir qırağa. O adam mitinq keçirir, filan edir, bir həftə gündəmdə qalır və gedir. Amma mən sənə dünya ilə, regionla bağlı elə fikir, elə ideyalar verirəm ki, aylarla məni söyürsən. Anlamadığına görə söyürsən və bunu davam edirsən. Mən gündəmi müəyyən edirəm. Siyasətçinin vəzifəsi budur. Bir o adamdan soruşsan ki, siyasətçi nəyə deyilir, bilməyəcək, amma deyir ki, sən niyə siyasətçi deyilsən? Mən də deyirəm ki, bala, sən siyasətçi nəyə deyirsən? Bu siyasətçinin bir tərifi var da… Siyasətçilərlə bağlı sosiologiyada Veber bu qalınlıqda kitab yazıb. İndi sən Sərdar Cəlaloğluya da bax və sonra da get o kitabı oxu. Sonra qərar ver ki, Azərbaycanda siyasətçi kimdir? Deyir ki, siyasi fəallıq. Mənim fəallığım nə ola bilər? Mənim fəallığım – əgər ümumxalq hərəkatı varsa, xalq narazıdırsa, kütlələr kortəbii küçələrə tökülübsə, mənim bir siyasətçi kimi vəzifəm onu təşkil etmək, onun mübarizəsini nizamlı bir istiqamətə salmaq və mümkün qədər onu təhlükələrdən qorumaqdır. İndi mən, sən evdə otura-otura sənin – taksi sürücüsünün və yaxud da bir müəllimin əvəzindən onun hüququnu, onun əmək hüquqlarını, bunun sosial problemini həll edən deyiləm ki… Korrupsiyadan danışırlar, korrupsiyaya etiraz edirlər, düzdürmü? Biz bəyanat vermişik və bu bəyanatı da dünyanın bütün mətbu orqanlarında yaymışıq.

– Siz həm də antikorrupsiya şəbəkəsinin üzvüsünüz, eləmi?

– Bəli, elə bir şəbəkə də yaratmışıq, başqa addımlar da atmışıq. Bu günə qədər Azərbaycanda yaradılan bütün ittifaqların müəllifi Azərbaycan Demokrat Partiyasıdır və yaxud da üzvü ADP-nin üzvüdür.

– Hər halda qoyulan suallarda sizdən istəniləni odur ki, 23-də mitinqə niyə getməmisiniz, oktyabrın 7-si mitinqinə gedəcəksinizmi?

– Mən nə 23 sentyabr, nə də 7 oktyabr mitinqlərini ümummilli mitinqlər hesab eləmirəm. Effektli hesab eləmirəm, təsirli hesab eləmirəm. Çünki niyə? Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir. Gücsüz mitinqlər haqsızları haqlı çıxarır. Gördünüz də nə dedilər? Dedilər ki, “əgər bu xalq narazıdırsa, çıxsınlar da mitinqə…” Dedilər, demədilər? Yəni sən 30 nəfərlə bu ictimai problemi çıxarırsan müzakirəyə, sonra da baxıb deyirlər ki, “bu xalq korrupsiyanı istəyir də… İstəməsə çıxar da küçəyə…” Mən də deyirəm ki, biz sosial bəlalarla bağlı elə nəhəng kütləvi aksiyalar keçirməliyik ki, birincisi, problemi həll eləyək, ikincisi də bilinsin ki, xalq bundan narazıdır. Yoxsa, 50 nəfərlə… Bir dəfə bu sualı vermişəm, indi də vermək istəyirəm. Bu mitinqdən qabaq İslam Partiyası qapalı bir yerdə 25 illik yubileyini keçirmək istəyirdi.

– Qoymadılar…

– Xəbərin var da…

– Bəli…

– Polis tökülüşdü, qoymadılar. Mən də getmişdim, içəri buraxmadılar. Bizim “Hürriyyət” qəzetində və saytında həmin korrupsiya ilə bağlı materiallar dərc olunur. “Hürriyyət” saytını bağlamışdılar, indi təzə açıblar…

– Hə…

– Saytı bağladılar, Prezident Aparatı zəng elədi, hədə-qorxu gəldilər ki, ay prokurorluğa çağıracağıq, ay MTN-dən zəng vurdular. Ordan-burdan. İndi qardaşım, sual verirəm – eyni iqtidardır, eyni problemdir. Eyni problemin müzakirəsinə qalxmışıq. Mən qapalı toplantıya, restorana gedirəm, qoymursan. Saytımı buna görə bağlayırsan. Amma bunlara icazə verirsən, 5 min nəfərlə şəhərin ortasında qışqırıb, səni söysün. İndi sual verirəm, bu mitinq kimə lazımdır? Bu mitinq onu keçirənlərin maraqlarına xidmət edir, ya onu keçirməyə icazə verənlərin? Biz bilirik ki, Azərbaycan iqtidarı özünə lazım olmayan bir aksiyanın keçirilməsinə icazə verməz. Düzdürmü? Qəbul edirsənmi dediklərimi?

– Təbii ki…

– İcazə veribsə – bu sualı özünə verməlisən – onu niyə verib?

– O məntiqlə gərək mitinq eləməyək də, Sərdar bəy?

– Niyə eləmirsən? Elə, icazəsiz elə. Əgər sən bu problemi doğrudan da ciddi bir problem olaraq görürsənsə və doğrudan da xalqın təbii sosial tələbini təmin etmək istəyirsən ki mitinqə çıxsın, o zaman mitinqlərə 100 min nəfər adam çıxacaq. Yoxsa, sən…. Bu sözü kənara qoyum, bir şey danışım. Bu yaxınlarda Xocalıdan olan müəllimlər mənim yanıma gəlmişdilər. Dedilər ki, “6 aydır bizim əmək haqqımızı vermirlər, biz aksiya eləmək istəyirik, xahiş edirik ki, bizə dəstək verin.” Soruşdum ki, “neçə nəfər müəllimin əmək haqqını verməyiblər?” Dedi ki, “6 min nəfərin”. Dedim ki, aksiya keçirmək istəyən neçə nəfərdir? Dedi ki, “30 nəfər”. Qayıtdım ki, mən indi üzvlərimə nə deyim? Deyim ki, qalan 6 min nəfər haradadır ki gedək biz də onların haqqını qoruyaq? Sən 6 min nəfəri gətir, mən də buradan bir 2 min nəfər adam qoşum sizə, olsun 8 min nəfər. Bu da olsun sizə dəstək. Sən öz haqqını müdafiə eləmirsənsə… Əvvəla, bu məsələdə bizim liderlərin çox ciddi səhvi olub. Biz digər demokratik institutların vəzifələrini uzun illər öz üzərimizə alıb, yükləndik. Həm Həmkarların vəzifələrini üzərimizə götürdük ki, ay filankəsi işdən qovurlar, sonra QHT-lərin vəzifələrini üstləndik. İndi də camaat bizdən bunları tələb edir. Bunlar başa düşmür ki, əmək haqqının az olması, işsizlik Həmkarların həll edəcəyi problemlərdir. Bu problemlərin siyasi partiyalara bir aidiyyatı yoxdur. Siyasi partiyalar yalnız ölkənin siyasi sferası ilə bağlı fəaliyyət göstərməlidir. O zaman partiyaların gücləri olanda – ADP-nin də yüzminlərlə üzvü var idi – bütün problemlərin həll olunması üçün müdaxilə elədik, indi də camaat deyir ki, niyə o problemləri həll eləmirsiniz? Lap elə korrupsiya ilə bağlı məsələ…. Korrupsiyaya qarşı mübarizəni kim aparmalıdır? Prokurorluq, hüquq-mühafizə orqanları. Siyasi partiya bunu tənqid eləməlidir, iqtidarın qüsurlu fəaliyyətilə bağlı ortaya mövqe qoymalıdır. Hansı bir məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyası susub ki və yaxud da hamı susanda Azərbaycan Demokrat Partiyası danışmayıb ki, siz deyirsiniz, ADP fəal deyil. Mitinqə getmək fəallıqdır? Əgər elədirsə, o zaman dediyim kimi, bizim bundan əvvəl keçirdiyimiz yüz minlərlə insanla aksiyaları niyə unudursan? Mənim həbsxanada olmağımı, işgəncələrə məruz qalmağımı niyə unudursan? Az qalırlar desinlər ki, elə mən hökumətin nümayəndəsiyəm.

– Təxminən o yozuma gələn suallar var. Şəhriyar Səmədov yazır: “Sərdar bəyi salamlayıram. Başına tapança sıxan siyasi rəqiblərini bağışlayıb?” Hər halda 2003-cü ildə baş verən hadisələri nəzərdə tutur.

– Başıma nə sıxan?

– Tapança sıxan. O zaman sizə deyəsən silah tutmuşdular…

– Elə şey olmayıb. Mənə silah sıxmayıblar. Bir dəfə Arif Paşayev Əbülfəz Elçibəyin vaxtında…

– 2003-cü ildə baş verən hadisəni yəqin nəzərdə tutur…

– Hə, 2003-cü ildə maskalılar evimə girmişdilər… Əlbəttə ki, onların mənəviyyatsızlıqlarını bağışlaya bilmərəm və heç vaxt bağışlamaram. Amma kin özü insan üçün lazımsız bir keyfiyyətdir. Kinli olmaq… Yəni bir adam digərinə qarşı ömrünün axırınadək kin saxlayır… Bu lazımsız şeydir. Amma o adamların hərəkətlərini yanlış hesab edirəm və o adamlar qanun qarşısında cəzalandırıldılar. Bununla bağlı Avropa Məhkəməsinə müraciət etmişəm və udmuşam. Əgər mən o insanları bağışlasaydım… Həm işgəncələrlə bağlı Avropa Məhkəməsinə müraciət etmişəm, həm də qeyri-qanuni həbsimlə bağlı Azərbaycan hakimiyyətini məhkəməyə verib udmuşam. Əgər mən onları bağışlasaydım, bu qədər irəli aparardımmı? Bəlkə də mən yeganə adamam ki, öz ölkəsini 4 dəfə Avropa Məhkəməsində udub. Mən 4 dəfə Avropa Məhkəməsində qalib gəlmişəm. 2 dəfə seçkilərlə bağlı, bir dəfə işgəncələrlə bağlı, bir dəfə də qeyri-qanuni həbsimlə bağlı. Siz mübarizə nəyə deyirsiniz? Mən bunu beynəlxalq səviyyədə aparıram. Avropa Məhkəməsi çərçivəsində. Ölkə daxilində aparıram, xaricdə aparıram. Bir dəfə mitinq eləmirəmsə…

– “Məhsul” stadionuna getməlisiniz…

– İndi mən sənə bir şey deyim. Bir vaxtlar biz küçələrə çıxanda, hamı Allah şahididir, yazırdılar ki, bunlar “KQB”-nin agentidirlər. “Yeni Müsavat” yazırdı ki, “bunlara tapşırıq veriblər ki, liderləri aparın küçələrdə döydürün, xalqın gözünü qorxudun”. Yəni aktivlik olan dövrdə də bu cür mənim yanıma gəlsəydin, eynilə bu suallar olacaqdı. Amma tərsinə. Aktivliyimizlə bağlı narazı olanlar tapılacaqdı. İndi, belə deyək, siyasətin nə olduğunu bilməyən, cəmiyyət qanunlarından başı çıxmayan, dünyada gedən prosesləri izləməyən, ölkəni gözləyən təhlükələrlə bağlı tamamilə xəbəri olmayan, onun özünü və ailəsini gözləyən təhlükələrlə bağlı xəbərdar olmayan bir adama nə deyim? Mən məsuliyyət daşıyıram, mən cavabdehlik daşıyıram, mən siyasətçiyəm. Bax, sənə bir şey deyim, Əvəz. Bunu dəfələrlə demişəm, bir daha xatırlatmaq istəyirəm. Türkiyədə Suriya siyasətçiləri çıxış edirdi. Bir müxalifətçi dedi ki, “biz bilsəydik ki, hökumətə qarşı apardığımız mübarizənin axırı bu vəziyyətə gəlib çıxacaq, biz heç vaxt Bəşər Əsədə qarşı qalxmazdıq.” Mən də deyirəm ki, mənim passivlik kimi görünən tərəfim var ha… bax, mən qabaqcadan görə bilirəm ki, aktivlik edəcəyim təqdirdə nə olacaq. Ona görə də passivlik edirəm. Adam başa düşsün, nə deyirəm.

– Maraqlıdır, yəni mitinq mövzusunda konkret deyirsiniz ki, indiki zamanda hakimiyyətin icazə verdiyi mitinqə getmək istəmirəm…

– Qardaşım, Avraam Linkoln deyir ki, demokratiya nədir? Demokratiya – xalqın iştirakı ilə, xalqın iradəsi ilə, xalqın sənə mandat verməsi ilə xalqın maraqlarına xidmət etmək deməkdir. Mən mitinq keçirirəm, xalq ora gəlir? Yox. Mənim yüz minlərlə tərəfdarım var, iclaslarda onlara da deyirəm. Bu ümumxalq mitinqi olmur axı. Ümumxalq mitinqinə təsadüfi insanlar gəlir.

– Sərdar bəy, mitinqlərin dövrü getdimi, eləmi deyirsiniz?

– Mitinqlərin dövrü getmədi. Sadəcə olaraq indiki halda biz vaxtından qabaq sosial gərginliyin müəyyən həddə çatmasına imkan vermirik. Xalqın özünün düşünüb öz haqqını müdafiə etməsini gözləmirik. Bilirsinizmi, nədir? Mən hər dəfə szin əvəzinizdən gedib kiminləsə savaşıramsa, siz artıq öz hüquqlarınızı müdafiə edə bilmirsiniz. Çünki hər dəfə gözünüz yolda qalacaq ki, Sərdar bəy gəlsin, mənim hüquqlarımı müdafiə eləsin. Xalq – Azərbaycan vətəndaşlarının özü bir şeyi başa düşmür. Mənim özüm də xalqın içindəyəm də. Bunlar elə bilirlər ki, ailə problemlərilə bağlı da müxalifət məşğul olmalıdır. Olmuş hadisədir. Bir dəfə yolla gəlirəm. İki nəfər bir-biri ilə savaşır. Mən yanlarından keçəndə ikisi də dayandı. Sən demə, biri tikinti gedən ərazidə maşınını saxlayıb, yuxarıdan maşının üstünə daş düşüb. Savaşdığı adam da tikintinin mühəndisidir. Mühəndis deyir ki, sən niyə maşını burada saxlamısan ki, üstünə də daş düşsün, sürücü də deyir ki, bu daş sənin tikintin ucbatından düşüb, maşını düzəlt. Məni görəndə ikisi də əlini buraxıb, mənə müraciət elədi ki, Sərdar bəy, niyə bəs bu işə müdaxilə eləmirsiniz? Görürsünüzmü nə baş verir? Yəni Azərbaycanda müxalifət əvvəldən o qədər yanlış siyasət apardı ki, xalq özünün öz həyatını yaxşılaşdırmaqdan ötrü hansısa bir vəzifəsi olduğunu unutdu. Camaat başa düşmür ki, onların həyatının yaxşılaşdırılması üçün birinci növbədə özü prosesə müdaxilə etməlidir. Mən gedib sənin ailə problemlərini həll eləməli deyiləm. Sən kişisən, ailə başçısısan, sən bir cavan oğlansan… Keçən il 17 min nəfər gənc təhsil haqqını ödəyə bilmədiyinə görə, təhsilini yarımçıq qoydu. Mən gedib 17 min nəfərin əvəzinə mübarizə aparmalıyam? Niyə o 17 min tələbə küçəyə çıxıb demədi ki, “ay hökumət, sənin Konstitusiyanda mənim təhsil hüququm var. Niyə mənim təhsil hüququmu təmin eləmirsən?”

– 17 min tələbənin hərəsinin də ailəsindən bir adam gəlsəydi…

– Hələ o adamların gəlməyini demirəm, elə 17 min tələbənin özü gəlsəydi… 17 min tələbə əgər küçəyə çıxıb, haqlarını tələb etsəydilər, hökumət mütləq o 17 min nəfərin təhsil haqqını ödəyərdi və onların da təhsilini başa vurması üçün yardımçı olardı. Yəni nə demək istəyirəm – müxalifətin “mitinq”də aktivləşməsi xalqın passivləşməsinə gətirib çıxarır. Mən bunu öz müavinlərimə də demişəm. Bizdə o şeylər müzakirə olunur. Camaat sizin haqqınızda belə deyir, partiyalar belə danışır. Bizim uşaqlar çox yaxşı bilir. Bizim yersiz aktivləşməyimiz xalqın passivləşməsinə xidmət edir. Müxalifət xalq küçəyə çıxanda çıxmalıdır. Xalq da oturub evində. Bu da o demək deyil ki, biz iş aparmamalıyıq. Bizim apardığımız iş kimi müxalifət iş aparmalıdır. Təbliğat aparmalıdır, izahat işləri aparmalıdır, elmi izah verməlidir, maarifləndirməlidir və s.

– Yəni xalqı hazırlamalıdır…

– Xalqı hazırlamalıdır ki, qardaş, çıx küçəyə. Xalq başa düşmür ki, bu korrupsiya pulu deyəndə, o pul ailəsinin, onun puludur. Ona elə gəlir ki, ondan oğurlanan bu pul hansısa qeyri-müəyyən adamların puludur. Ona görə də mən bu gün Azərbaycanda özümü ən fəal və ən qabaqcıl siyasi lider hesab edirəm. Ola bilər ki, bu uşaq başa düşməsin ki, mən necə siyasi liderəm, amma rus, erməni mətbuatı mənim necə siyasətçi olduğumu yaxşı bildikləri üçündür ki, hər gün mənim haqqımda nəsə yazırlar. Başqa ölkə mətbuatı da yazır, hökumət də yaxşı bilir ki, mən kiməm. Yoxsa bu adam özü siyasətin nə olduğunu bilmir. Fəallığın nə olduğunu bilmir, aksiyaların necə təşkil olunduğunu, bunun arxasında kimlərin durduğunu, bunun hansı nəticələrə gətirib çıxaracağını bilmir, durub mənə irad tutur. Bu bilirsən nəyə bənzəyir? Bir adam tutaq ki, vurma cədvəlini bilmir, ali riyaziyyatdan hər hansı məsələnin həllinə öz iradını bildirir. Bu belə bir şeydir. Gülməli bir şeydir.

– Gəncdirlər Sərdar bəy…

– Yox, söhbət gənclikdən getmir. İnsan gərək birinci… Qurani-Kərimdə belə bir ayə var: “Siz bildiyiniz şeylərlə bağlı mübahisə edirsiniz. Bəs, bilmədiyiniz şeylərlə bağlı niyə mübahisə edirsiniz?” Bu siyasət o qədər kiçik bir sahə deyil ki, yerindən duran desin ki, mən bilirəm ey, siyasət nədir. Hətta siyasi liderlərimizin çoxusu politoloji anlayışları bilmirlər. Politologiyadan xəbərləri yoxdur. Sosial nəzəriyyələri bilmirlər. Cəmiyyətin idarə edilməsi, inkişaf etməsi və s. heç bir şey bilmirlər. O ki qaldı onun tabeçiliyində olan sıravi üzv – durub Sərdar Cəlaloğluna… A kişi, mən sosiologiyadan sən boyda kitab yazmışam. Minlərlə fikirlərim var. İndi sən mənə öyrədirsən ki, siyasət nədir? Fəallıq nədir? Məsələn, 20 cild kitab yazmışam. Düzdürmü? Tutaq ki, nə qədər də elmi nəzəriyyələrim var, on minlərlə də mitinq və piket keçirmişəm. Qardaşım, bir insanın tərcümeyi-halına nə qədər hadisə sığışdırmaq olar ki? Sən fəallıq nəyə deyirsən? 65 yaşım var, bu dəqiqə də Azərbaycan cəmiyyətində siyasi gündəmi müəyyən edən 2-3 adamdan biri də mənəm. Sən siyasi fəallıq nəyə deyirsən? Mitinqə getmək nə vaxtdan siyasi fəallıq olub ki? İndi dediyim kimi, hökumətin icazə verdiyi mitinqlər keçirilir. Mən bu mitinqlərin əleyhinə getmirəm. İcazəli mitinqlərin də əleyhinə deyiləm. Amma keçən dəfə Əli Kərimli bir mitinq keçirdi, sonra da o biri icazəli mitinqi özü təxirə saldı. Dedi ki, “camaat gəlmir, nə edim?” Hər dəfə mən gərək təcrübədən keçirəm, sonra qərarımı dəyişdirəm? Mən bu başdan bilirəm, tutaq ki, camaat gəlməyəcək. İctimai rəyi öyrənirəm, sonra qərar verirəm. Mənimlə mitinq keçirənin fərqi budur. Mən əvvəlcə ictimai rəyi öyrənib, qərar verirəm, onlarsa əvvəlcə qərar verib, sonra ictimai rəyi öyrənirlər.

– Orxan Məmmədov yazır: “Müsahibələrində müxalif qüvvələrin birləşməsinin vacibliyini vurğulayır. Bəs, bunun mexanizmini necə görür? Ümumiyyətlə, Azərbaycanda hakimiyyət dəyişikliyini necə proqnozlaşdırır, Sərdar bəy?”

“Mitinqə getsəm, bir partiya başqa bir partiyanın tabeçiliyinə düşmüş olar”

serdar02

– Mexanizmi budur ki, biz ictimaiyyətə təsir gücü olan siyasi liderlərin qapısını dəfələrlə çalmışıq. Dəfələrlə müraciət etmişik ki, “qardaş, bir araya gəlmək lazımdır, hansı şərtləri deyirsiniz, o şərtlər çərçivəsində bir araya gələk, hansısa bir mərkəz yaradaq.” Çünki niyə? Yaxın təcrübəmiz göstərib ki, Azərbaycanda xalqın aktivliyi, eləcə də müxalifətin güclü olduğu dövrlər – müxalifətin güclü birlikləri olduğu dövrlərə təsadüf edir. O vaxt ki Azərbaycan müxalifətində birlik ideyası ortadan qalxdı, o vaxtdan başlayaraq, bütün siyasi partiyalar dağılıb sıradan çıxır.

– Hətta bu mitinqdə də belə bir təşəbbüs olmadı…

– Yox, təşəbbüs oldu. Adam göndərmişdilər. İndi mitinqlə bağlı deyirlər. Keçən mitinqdə bizim partiyadan 400-500 nəfər mitinqə qatılmışdı. Biz rəhbərlik səviyyəsində – mən istisna olmaqla – iştirak edə bilərik. Mən iştirak etmirəm, çünki partiyanın simvoluyam. Mən ora gedəndə elə bil ki, bir partiya başqa bir partiyanın tabeçiliyinə düşmüş olar. Ona görə getmirəm, yoxsa bir vətəndaş kimi gedərəm, çıxışlara əl də çalaram. Yəni bir QHT belə bir aksiya təşkil eləsə, gedəcəm. Amma bir siyasi partiya təşkil elədiyinə görə, siyasi etika baxımından, mənim orada çıxış eləməyim düz deyil. Niyə? Başqa bir partiyanın tədbiridir. Amma üzvlərimizin hamısı orada iştirak eləyib. Bunu Əli Kərimli də bilir, onun üzvləri də…

– Mən də bir neçəsini gördüm…

– İndi siyasi fəallığın azlığından danışan adamın özü də bəlkə heç o mitinqə getməyib. Daha bundan artıq mən nə edim? Yəni başqasının keçirdiyi mitinqə dəstək verirəm, başqasının keçirdiyi aksiyaya dəstək verirəm. Özüm niyə tək mitinq keçirmirəm? Mənim fikrim budur ki, bu cür kiçik mitinqlər bu problemlərin həllində effektsizdir və əksinə, hökumətin əlinə işləyir.

– Müxalifət niyə birləşə bilmir? Əsas olanı budur.

– Müxalifətin birləşməməsinin səbəbi…

– İddialar qoymur, eləmi? Ambisiyalar…

– Yox, e. Müxalifət özbaşına qalsa, heç vaxt birləşməz. Azərbaycanda ictimai rəy həddən artıq zəifdir. Məsələn, indi bu uşaq ki var, məni görmür, amma virtual aləmdə bu sualları verir. Amma küçədə məni görsə, yaxınlaşıb o sualları verə bilməz – cəsarət eləməz. Amma bu, cəsarət eləməlidir. Bu, məni küçədə görəndə soruşmalıdır ki, “Sərdar bəy, niyə birləşmirsiniz? Sərdar bəy, bəs sən necə siyasətçisən, niyə mitinqlərə getmirsən?” Məsəl üçün belə deyirəm. Yəni mənim üzərimdə ictimai nəzarət olmalıdır. Bir siyasətçi istənilən addımı atır. Çünki niyə? İctimai qınaq yoxdur ki… Fikrim çatır? İctimai qınaq olsa və siyasətçinin yerini də ictimai qınaq müəyyən eləsə, hər bir siyasətçi başa düşər ki, sosial təklifə zidd getmək olmaz. Cəmiyyət müxalifətin birləşməsini istəmir. Niyə? Çünki müxalifət birləşərsə, onun ardınca da xalq birləşməlidir və bir iş görməlidir. Xalq özü passivdir deyə, müxalifətin dağınıq olması onu o qədər də maraqlandırmır. Bu, məsələnin birinci səbəbidir. İkinci səbəbi, subyektiv amildir. Nə qədər insanlar şüur cəhətdən qeyri-siyasiləşiblərsə, bir o qədər də adi məişət adamına çevrilirlər. “Hə, sənin saçın belədir, sənin paltarın mənim xoşuma gəlmir. Filankəs mənə filan vaxt belə bir söz deyib, mən də onu ölənə qədər danışdırmayacam” və s. Yəni insanlar siyasi düşünmür. Milli və dövlət maraqları qalır bir tərəfdə, özünün fərdi incikliklərini çəkir ön plana. Ona prioritet verir. Bu yaxınlarda Sabir Rüstəmxanlı bizi yığmışdı. Əli Kərimli də orada idi, İsa Qəmbər də orada idi.

“Əli Kərimli birliyin əleyhinə çıxdı”

– Nəsə sərt bir söhbət olub o toplantıda…

– Orada mən birlik məsələsini qaldırdım. Dedim, mən başa düşmürəm. Azərbaycan iqtidarı hamıdan çox Əli Kərimliyə təzyiq eləyir. Məntiqlə təzyiqə məruz qalan müttəfiq axtarar ki, tək olmasın. Əli Kərimli bu ittifaqın əleyhinədir. Xeyir ola? Başa düşmürəm, bu, niyə belədir.

– Orada Əli Kərimli ittifaqın əleyhinə oldu ki?

– Harada?

– Həmin toplantıda.

– Əli Kərimli birliyin əleyhinə çıxdı. Dedi ki, “birlik bizə lazım deyil, onsuz da biz dağılırıq.” Əgər sən Azərbaycanda birliklərin yaranması və dağılması tarixini araşdırsan, görərsən ki, Azərbaycanda bütün birliklərin dağılmasında ilk addımı kim atıb.

– Kim atıb?

– Elə məsələ də orasındadır ki, o birliyin əleyhinə çıxanlar…

– Əli Kərimli?

– Əli Kərimlini müzakirə obyektinə çıxarmaq istəmirəm. …Birliklərin yaranması və dağılması tarixinə nəzər salın, özünüz görəcəksiniz ki, kim hansı davranışı nümayiş etdirib, kim nəyə görə atıb, sonra da nə əldə eləyib… Baxın da…

– Sabir Rüstəmxanlının partiyasındakı görüş gizli xarakter daşıyırdı?

– Əvvəlcə toplananlar Dünya Azərbaycanlıları Konqresi (DAK) adından çağırılmışdılar. Tədbir gizli deyildi, sadəcə qapalı idi. Məqsəd ümumiyyətlə, Azərbaycanda ictimai-siyasi durumu müzakirə etməkdi. Bütün dünya dağılır, III dünya müharibəsi qapıdadır, Azərbaycan müxalifəti elə bilir ki, heç bir şey yoxdur.

– Hələ orada deyəsən, Sabir Rüstəmxanlıya da irad tutulub ki, “ümumiyyətlə, sən kimsən ki, bizi bura yığasan?”

– Bir az Sabir Rüstəmxanlı da… Bilirsiniz, hər bir tədbirin öz etikası var da… Məsələn, bir var, sən bir partiyanın sıravi üzvlərini yığıbsan, özün də başda oturmusan, bir də var ki, səninlə bərabər statusda olan adamları ora yığıbsan, amma qeyri-bərabər situasiya yaradıbsan. Belə situasiyalarda bir az insanlar qıcıqlanırlar. Məsələn, orada dedilər ki, “elə bil sən bizim rəhbərimizsən. Yaxşı, bir dəyirmi masa yarat yığışaq ətrafına. Yaxşı, sən niyə başda oturmusan, biz də sənin ayaq tərəfində oturmuşuq?” Sonra durdu, gəldi, bizim yanımızda oturdu. Yəni belə şeylər məni o qədər də maraqlandırmır. Orada elə partiya rəhbərləri vardı ki, hesab elədilər ki, bir siyasi etika olmalıdır. Bir etiket var da diplomatiyada .

– Əslində dəyirmi masa olmalıdır…

– Hə, elə olmalıdır. Bilinməsin kim-kimə rəhbərlik eləyir. Belə kiçik detallar oldu və bunlar da qabardı, problemə çevrildi. Orada biz məsələni qoyduq. Əli bəy istənilən ittifaqın əleyhinə çıxdı. Müsavat partiyası isə funksional əməkdaşlıq təklif etdi, yəni kimsə bir məsələni gündəmə çıxararsa, dəvət edərsə, Müsavat partiyası ona baxar və gələr. Müxalifətin birliyi və bir araya gəlməsi məsələsi ilə bağlı mən fikrimi orada da dedim, burada da deyirəm. Azərbaycan müxalifətinin ən güclü vaxtları onun birlik yaradan vaxtlarıdır. Azərbaycan müxalifətinin tənəzzülü birlik ideyasının gündəmdən çıxarılması ilə başlayıb. Bunu da bilmək vacibdir.

– Bu, normal və təbii bir şeydir, belə də olmalıdır.

– Özümüz də bu dəqiqə birlik yaratmaq üçün cəhd edirik. Deyirlər e, “siz fəal deyilsiniz”, yenə də partiyalar arasında iş aparan bizim partiyadır. İndi biz gördüyümüz işlərin 90 faizini mətbuata çıxarmırıq, amma bu da o demək deyil ki, mən iş görmürəm.

– Sərdar bəy, burada maraqlı suallar var. Həm Rəsul Quliyevlə bağlı, həm ADP ilə bağlı, həm dinlə bağlı… Ona görə də mən istəyirəm ki, biz tez-tez bu sualları cavablandıraq. Mehman Muradov Əlibəyli soruşur: “Sərdar bəydən xahiş edirəm, öz vicdanına, səmimi cavab versin. Fazil Mustafa ilə olan mübahisələrindən vaxt keçib. Heç düşünübmü ki, o mübahisədə Fazil bəy haqlı idi? Yoxsa, yenə də özünün haqlı olduğunu düşünür? Amma kişi kimi doğru söyləsin.”

– Hansı mübahisəmizdə?

– Bilmirəm, Fazil Mustafa ilə aranızda nəyin mübahisəsi olub?

– Fazil Mustafa ilə mənim aramda Şah İsmayıl Xətai ilə bağlı mübahisəmiz olub. Yəni diskussiyamız olub. Yəqin bunu demək istəyiblər…

– Yəqin…

– Mən bu gün də kişi kimi deyirəm ki, bir azərbaycanlı kişi deyil ki, öz tarixinə arxa çevirib, öz keçmişini tarixsizləşdirə. Mən kişiyəm və kişi kimi də xalqımın tarixinin keşiyində dururam. Həmişə də duracağam. Şah İsmayıl Xətai, Nadir şah Qacar Azərbaycan dövlətçilik tarixinin şanlı səhifələrini yazmış adamlardır. Onlarsız Azərbaycan xalqı yoxdur, onlarsız Azərbaycan dövlətçiliyi yoxdur. Onları bu gün də olmasa, gələcək nəsillər lazım olan səviyyəyə qaldıracaqlar. Mən bu qədər öz millətinə düşmən olan insan görməmişəm. Qəribəmə gəlir ki, belə insanlar haradan çıxırlar? Öz tarixinə tüpürmək, öz kökünü kəsmək, öz tarixinin şanlı səhifələrini başqa xalqların tarixinə yazıb, öz tarixinin utancgətirici səhifələrini yuxarı qaldırmaq ideyaları haradan əmələ gəlib? Bax, bu adam mənə nə deyir? Nədən peşman olmalıyam? Şah İsmayılı müdafiə etdiyim üçün peşman olmalıyam? Azərbaycanın imperiya tarixini Azərbaycan tarixindən silmək kişilikdir? Bu, nakişilikdir. Öz xalqının tarixinə xor baxan, öz xalqının tarixinə gürcünün, erməninin, farsın, rusun gözü ilə baxmaq nəinki nakişilik, nadanlıqdır, cəhalətdə olmaq deməkdir. Danışığına bir baxın, “kişi kimi”. Bu adamın mədəniyyəti yoxdur. Birincisi, mən öz sözümü deyirəm. O sözü də siyasətçi kimi deyirəm. “Kişi kimi”, “arvad kimi”, “qız kimi…” Bu nə yanaşmadır? Sən özün bir jurnalist kimi necə baxırsan ki, bütün tariximizi silib ataq – “bu adam belədir, o adam elədir.”

– Onda tariximizdə nə qalır ki…

– Yox, e. Tarixsiz xalq olar? Tarixsiz xalq yoxdur axı.

– Amma Şah İsmayılı İran daha çox mənimsəyir, daha çox özününküləşdirir.

– Ona görə ki, sən ona sahib çıxmırsan da. Sənin qiymətli bir əşyan var, qoyubsan ora, üzünü də çevirmisən. O biri də gəlib oğurlayır da… Tariximizi oğurlayırlar, xalçamızı oğurlayırlar, dolmamızı oğurlayırlar, mədəniyyətimizi oğurlayırlar, əxlaqımızı oğurlayırlar, hər şeyimizi oğurlayırlar da… Onun günahı oğruda, ya öz qiymətli malına sahib çıxmayan adamdadır?

– Təbii ki, sahib çıxmalıyıq.

– Sən nəzarət eləmirsən. Sən Qacara deyəndə ki, düşməndir, farsdır, Nadirə deyəndə ki, farsdır, sən Şah İsmayıla deyəndə ki, farsdır, şiədir, müsəlman deyil, türk deyil, fars ona niyə sahib çıxmasın? Dünyanın ən nəhəng imperiyasını Şah İsmayıl yaratdı. Karl Marks o dönəmin 3-4 hökmdarının adını çəkir, onlardan biri də Şah İsmayıl Xətaidir. İngilis tarixi nəzəriyyəçisi Toembr Şah İsmayılın hərəkatını “o dövrün şiə inqilabı” adlandırıb. İnqilab bilirsən də, dünyada hansı dövrlərdən başlayıb?

– Hə, 300 il əvvəl…

– Sən bu qədər böyük bir adamla fəxr eləməlisən ki, sənin millətinin nümayəndəsidir. O, türkdür, sənin dilində danışıb, sənin şüurunda düşünüb. Necə deyərlər, sənin mədəniyyətinin içində bişib, yetişib. Sən bununla fəxr eləmək əvəzinə… Ə, kölə, o qədər kölə qalıbsan ki, sənə elə gəlir ki, sənin xalqın böyük şəxsiyyət yetişdirə bilməz, sənin xalqın sərkərdə yetişdirə bilməz, dahi yetişdirə bilməz. Sən ancaq kölə ola bilərsən. Etibar yazmışdı ki, “Azərbaycan xalqı heç Nobelin yanından da keçə bilməz”. Ə, bu adamların öz xalqına bu cür aşağılayıcı baxmaqları nə deməkdir?

– Etibar Əliyev yazmışdı?

– Hə. Bu nə deməkdir? Öz xalqını bu cür aşağılamaq nə deməkdir? Bunu kişilik hesab edirsiniz? Öz xalqını kiçiltmək, öz tarixinə yan çevirmək, öz dədənizə-ananıza, adət-ənənələrinizə üz çevirməyi kişilik hesab edirsinizsə, bu kişilik deyil. Mən belə kişi deyiləm, kişi sənsən.

– Güntay Gəncalpda da belə yanaşma var…

– O, fars şpionudur. Bunu mən onun özünə də yazmışam. Onun özü fars cəsusudur. Bilirsinizmi, nətəridir? Bunu bəlkə də sadəlövh uşaqlar bilmirlər. Bunlar nə edirlər? Bir adamı götürüb onu cəmiyyətə türk kimi təqdim, təbliğ edir, sonra da onun dili ilə türkün əleyhinə propoqanda aparırlar, sonra da deyirlər ki, “baxın, bu, köklü türkdür. İndi də nə deyirsə, düz deyir də…” Fikrimi çatdıra bildim? Yəni bu, səni öz əlinlə vurmaqdır. Bu deyir ki, Azərbaycanın Rusiya tərəfindən işğal olunması müsbət hadisədir. Ayə, Heydər Hüseynov bunun üstündə özünü öldürüb e. Deyib ki, Azərbaycanın Rusiya tərəfindən işğalı işğaldır. İşğalın nə müsbət tərəfi ola bilər? Bu adam da deyir ki, Azərbaycanın işğalı müsbət hadisədir. Məmməd Əmin Rəsulzadə deyir ki, Rusiyanın tərkibində olan türklər kölədir, İranda yaşayan türklər farslarla bərabər hüquqludur, sadəcə orada bu-bu kimi şeylər var. Gedin, İran türkləri haqqında M.Rəsulzadənin yazdıqlarını oxuyun. Sən Məmməd Əmin Rəsulzadəni necə lider hesab edirsən ki, onun fikirlərinə tərs fikirlər deyirsən? Yəni bütün bunların hamısı göstərir ki… Məsələn, Kəsrəvi var, guya türkdür.

– Türkdür, amma panfarsizmin banilərindəndir.

– Kəsrəvi sübut etməyə cəhd edir ki, bizim dilimiz farsdan dönmə dildir. Qardaşım, bu adam da – özünə demişəm – tarix sahəsində Kəsrəvi kimi ləyaqətsiz adamdır. Sən Azərbaycan tarixini tarixsizləşdirirsən. Hə, “Şah İsmayıl Xətai şiəlik ideologiyasını qəbul elədi”. O vaxt bir türk imperiyası var idi. Şiəlik o imperiyanın ideoloji silahı idi. Bu gün bir İran dövləti var, o götürüb o silahı. İndi kommunist ideologiyasını daşıyan Kuba, Çin, Şimali Koreya kimi dövlətlər var. SSRİ də var idi. İndi günah bu ideologiyadadır, ya o ideologiyanı daşıya bilməyən xalqdadır?

– Sərdar bəy, orada bir detal da var. Şah İsmayıl hərəkatını şiəlik hərəkatı kimi qiymətləndirmək olmaz axı. Qızılbaşlıq ideologiyası var idi…

– Qızılbaşlığın şiəliyə heç bir aidiyyatı yoxdur e…

– Tam olaraq milli, türkə aid olan bir ideologiya idi.

– Məhz “Qızılbaş” ona görə adlandırdılar ki, 12 İmama əlavə rəng verdilər. Qırmızı rəng bilirsiniz də, türkçülüyün rəmzidir.

– Bəli.

– Türk bayrağının rəngidir.

– Əslində, Şah İsmayılın hərəkatı milli bir hərəkatdır. Sadəcə, şiəlik məsələsindən istifadə olunub.

– Mən bu haqda o qədər geniş yazmışam ki… O dövrdə Şah İsmayıl Xətai o yolu tutmasaydı, burada bir imperiya yarada bilməzdi. Bura farsların, kürdlərin, ərəblərin hərəsinin bir parçası olacaqdı. Sadəcə, o, elə bir ideya verdi, elə bir gizli yol tutdu ki, qısa bir müddətdə 1 milyon kvadrat kilometrdən böyük bir ərazidə nəhəng bir Azərbaycan Türk imperiyası yaratdı. Bununla mən fəxr eləyirəm. Şah İsmayılla eyni qanı daşıdığıma görə, fəxr eləyirəm. Əgər sən bunu bacarmırsansa, o zaman kimin qanını daşıyırsansa onunla fəxr elə. Mən Şah İsmayılla fəxr eləyirəm bu gün də. Gələcəkdə də fəxr eləyəcəm.

“Əbülfəz Elçibəyin Qamsaxurdiyadan bir üstünlüyü vardı”

– Onunla bağlı yenə mənim suallarım var, amma din bölümündə həmin sualları verəcəm. Keçmiş siyasi məhbus Orxan Danyal Eyyubzadənin bir sualı var. Bilmirəm, ona cavab verəcəksinizmi?

– Niyə vermirəm.

– Orxan yazır: “Sərdar bəy bilməmiş olmaz. Əbülfəz bəyə ilk xəyanəti kim etdi? Nəyə görə xəyanətə məruz qaldı? Nəyə görə Kələkiyə getdi?” Arxasını oxumuram, çünki konkret olaraq mövzunun kiməsə istiqamətlənməsini istəmirəm.

– Əvvəla, onu deyim ki, Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi qlobal bir hadisə idi. Bizdə Əbülfəz Elçibəy, Gürcüstanda Qamsaxurdiya, Polşada Lex Valensiya… Yəni hərəkat dalğası ilə gələnlər, bu dalğa geri çəkiləndə özü ilə gətirdiyi adamların hamısını geriyə aparırdı. O cümlədən də Əbülfəz Elçibəy getdi. Əbülfəz Elçibəyin Qamsaxurdiyadan bir üstünlüyü vardı. Qamsaxurdiya Əbülfəz Elçibəy kimi könüllü olaraq hakimiyyətdən imtina eləmədi, mübarizə apardı. Özünü də öldürdülər, tərəfdarlarını da öldürdülər. Gürcüstanda vətəndaş müharibəsi başladı. Çox da böyük itkilər verdilər. Əbülfəz Elçibəy onu eləmədi. Eyni hadisəni biz Çilidə də gördük. Çilidə Salvador Alyendi idi. 150 nəfər Prezident Aparatında qaldı, hakimiyyəti vermək istəmədi. Çaxnaşma çıxdı. Salvador Alyendinin öldürülməsi bir tərəfə, sonradan onun onminlərlə tərəfdarını güllələdilər. Əbülfəz Elçibəy tamamilə fərqli bir mövqe tutdu. Millətin və dövlətin əmin-amanlığı baxımından özü şüurlu şəkildə hakimiyyətdən getdi. Baxın, Əbülfəz Elçibəyin yıxılmasının əleyhinə nə Türkiyə çıxdı, nə ABŞ çıxdı, nə də başqa bir ölkə. Əksinə, Türkiyə dedi ki, bu, sizin öz işinizdir, özünüz bilərsiniz. Bu, bir mesaj idi. Bu, o demək idi ki, hakimiyyəti ver. ABŞ dedi ki, bu hakimiyyət çevrilişidir, özləri bilər. Bir dənə də olsun dünya ölkəsi Azərbaycanda baş verən bu hadisəyə adekvat qiymət vermədi. Əbülfəz Elçibəy hakimiyyəti Azərbaycanın çox mürəkkəb bir dövründə idarə edirdi. Dövlət dağılmışdı, institutlar dağılmışdı. Rusiya bizi blokadaya almışdı. İran blokadaya almışdı. Gürcüstan da ki… Əbülfəz Elçibəy taxıl sifariş vermişdi, gəlib Qara dənizdə qalmışdı, Azərbaycanda da aclıq idi. O taxılın Azərbaycana gətirilməsinə imkan vermirdilər. Belə bir vəziyyətdə Əbülfəz Elçibəyin iki yolu vardı:

1. Az bir qüvvə ilə vuruşmalı idi. Azərbaycanda vətəndaş müharibəsi başlamalı idi və Suriya kimi bir dövlətə çevrilməli idi.

2. Ya da hakimiyyəti qoyub, dövlətin müstəqilliyini, suverenliyini itirməmək üçün elə ağıllı bir oyun oynamalı idi ki, o oyun bəzi planları doğrultsun.

Doğrudan da Əbülfəz Elçibəyin hakimiyyətdən xaricə qaçmamağı – baxmayaraq ki, xaricdən dəvət eləmişdilər – məhz Azərbaycanın içində qalması bəzi planları çox pozdu. Sonradan da qayıtdı gəldi, Azərbaycan müxalifətinə rəhbərlik elədi. Bu baxımdan, Əbülfəz Elçibəyə kim xəyanət elədi? Heç kim xəyanət eləmədi. Əbülfəz Elçibəyə xəyanət eləyən onu hakimiyyətdən yıxan insanlar oldu. Vəssalam.

“Rəsul Quliyevlə ADP Azərbaycanın bir nömrəli partiyasına çevrildi”

resul

– Rəsul Quliyevlə bağlı suallar var. Aslan Həmidli bayaqkı sualların davamı olaraq deyir: “ADP-nin 1996-2005-ci illərdəki aktiv fəaliyyəti uzun illərdir ki, zəifləyib. Az hiss edilir. Lap dəqiq desək, 2007-ci ildən bu günə qədər əsas müxalifət partiyaları sırasını sanki tərk edib. Bütün bunları Rəsul Quliyevin ADP-dən getməsi ilə əlaqələndirmək olarmı?”

– Bəli. ADP İlyas İsmayılovun və Rəsul Quliyevin ADP-yə rəhbərlik etməmişdən qabaq hansı vəziyyətdə idisə, ondan bir qədər yaxşı vəziyyətdədir. Yəni İlyas İsmayılov gələndən sonra ADP bir qədər gücləndi, partiyamızın sıralarına çox yeni qüvvələr gəldi. Rəsul Quliyev də gələndən sonra ADP Azərbaycanın bir nömrəli partiyasına çevrildi. Təbii ki, Rəsul Quliyev gedəndən sonra biz o statusu itirdik. Partiyadan çox böyük parçalanmalar oldu, çox böyük qüvvələri itirdik. ADP əslinə qalsa, özünün gücünə uyğun olaraq bu gün mövcuddur. Azərbaycanda siyasi partiyaların güclü olmasının səbəbi nədir? İki səbəbi var:

1. O partiyalar hakimiyyətdə təmsil olunublar. Hakimiyyət resurslarından bu gün də istifadə eləyirlər.

2. Onlar Azərbaycan Xalq Cəbhəsinin mirasına sahib çıxıblar.

Yəni ADP tamamilə kənarda, xalq hərəkatının tamamilə kənarında yaranıb və addım-addım inkişaf edib. Bir siyasi partiya kimi də biz hakimiyyətdə təmsil olunmamışıq. Ona görə də nə bizim o partiyaların malik olduqları əlaqələrimiz var, nə onların malik olduqları maliyyə mənbələrimiz var, nə o partiyaların malik olduğu sosial bazamız var, nə də o partiyaların malik olduğu digər siyasət üçün vacib olan resurslarımız var. Siz hakimiyyətdə olmuş, müəyyən mənada müəyyən imkanlar qazanmış bir siyasi qüvvə ilə, hakimiyyətdə olmamış bir qüvvəni necə eyniləşdirə bilərsiniz? Deyə bilərsiniz ki, siz də hakimiyyətə gəlmək üçün güclənə bilərdiniz. 1993-cü ildən bu tərəfə Azərbaycan Xalq Hərəkatı hökumətdə olmuş partiyalar, məsələn, Müsavat partiyası, AMİP… AMİP yüz minlərlə üzvü olan bir partiya olub, bu gün AMİP bizdən güclüdür?

“Etibar Məmmədov getdi, AMİP öldü”

– AMİP ümumiyyətlə, yoxdur.

– Niyə AXCP-nin, AMİP-in, Müsavat partiyasının, Liberal partiyanın – Lalə xanımın partiyasının ayrı-ayrılıqda necə zəiflədiyini görmürsünüz, deyirsiniz ki, ADP gücsüzdür. Nisbət götürəndə ən güclü qalan partiya elə Azərbaycan Demokrat Partiyasıdır. Özümüzü bu gün saxlamışıq, gücümüzü saxlamışıq. Yəni əgər AMİP yüz mindən 3 min nəfər üzvə qədər düşübsə, ADP tutaq ki, 100 mindən 10 min nəfərə düşüb. Və yaxud da ki, Müsavat partiyası. Müsavat 50-100 mindən bu günə düşüb. Yaxud da ki, AXCP. Əli Kərimlinin rəhbərlik elədiyi partiya 8 yerə parçalanıb, düzdürmü? Qüdrət Həsənquliyev BAXCP ilə, Fazil Qəzənfəroğlu Böyük Quruluş Partiyası ilə, Mirmahmud Fəttayev KXCP ilə, hələ o birisi, bu birisi də gedib. Sadəcə olaraq, ümumi kontekstdən çıxanda görünə bilər ki, ADP zəifdir. Amma ümumi baxanda ADP zəif deyil. Lalə Şövkətin partiyası Azərbaycanda ən nəhəng partiyalardan biri idi. Bilirsiniz… Bu gün bu partiya varmı? Yoxdur. Yəni ADP Azərbaycanda gedən son siyasi zəifləməni öz çiynində daşıyır. Günah bizdə deyil. O zəifləmənin günahkarı biz deyilik. O zəifləmə bizə də təsir edir. Xalq passivləşib, inamını itirib. Möhkəm liderlər var idi. İndi də tez-tez deyirlər ki, əgər bu liderlər getsə, hər şey düzələrdi. Getdi də. Lalə Şövkət getdi, Liberal Partiya dağıldı, Rəsul Quliyev getdi, ADP zəiflədi, İsa Qəmbər getdi, Müsavat zəiflədi, Etibar Məmmədov getdi, AMİP öldü. İndi mən o adamlara sual verirəm. Deyirdiniz ki, bu liderlər köhnəlib, getsinlər, Azərbaycan siyasətinə yeni simalar gəlsin. Nə oldu? Təcrübə həqiqətin anasıdır. Mən hələ o vaxt bunun əleyhinə çıxırdım ki, əgər bu liderlər getsələr, Azərbaycanda partiya qalmayacaq. Baxın, buyurun. Hər şey göz qabağındadır. İndi Sərdar Cəlaloğlu bunu səndən 10 il qabaq görə bilir deyə siyasi passiv adamdır, ya hakimiyyət davası edir?

– Arif Əliyev soruşur: “Zamanında müttəfiq olduğunuz Rəsul Quliyevin Milli Şura və bu qurumun keçirdiyi mitinqlərin əleyhinə etdiyi çıxışları necə qiymətləndirirsiniz? Milli Şura haqlıdır, yoxsa Rəsul Quliyev?”

– Əvvəla, mən müttəfiq olmamışam, o, mənim rəhbərim olub – bu bir. Rəsul Quliyev həm Azərbaycan Ali Sovetinin sədri olub, həm də Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində baş nazirin müavini olub. Yəni Rəsul Quliyevi kiçiltmək, onu gətirib bir partiya sədri kimi təqdim etmək… Bu adam danışanda bəzən Ali Sovetin keçmiş sədri kimi danışır. Bəzən Azərbaycan baş nazirinin müavini kimi danışır, bəzən ADP-nin keçmiş sədri kimi danışır, bəzən də bir siyasi lider kimi danışır. Ona görə də Rəsul Quliyevin danışıqlarına bir partiya sədrinin danışıqları kimi və ya Sərdar Cəlaloğlunun müttəfiqi kimi qiymət verməyin. O, dövlətdə ikinci adam olub və dövlətin ikinci adamı kimi o dövrün təcrübəsindən, o dövrün siyasətindən baxır və hadisələrə tamamilə fərqli bir qiymət verir. Ona görə də Rəsul Quliyevin baxışlarına adamların, belə deyək də, Əli Kərimliyə opponent kimi baxıb qiymət vermələri yanlışdır. Rəsul Quliyev bəzən haqlı olaraq, partiya üstünə çıxır və oaradan bütün partiya liderlərinə kənardan baxır. Çünki o, partiya sədri olanda, cəmiyyətə nəzarət edən adamlardan biri olub. O bilirdi ki, kim kimdir, nəçidir, kimin qüvvəsi nədir, hökumət kimə qarşı hansı siyasəti aparır – kimi zəiflətmək, kimi gücləndirmək istəyir? Kimin hansı əlaqələri var və o baxımdan, bu biliyi əsasında bəzən bu partiyaların davranışlarına bizdən fərqli qiymət verir. Bu bir. İkincisi, heç kəs mitinqin əleyhinə çıxmır. Mən də o fikirdəyəm ki, biz yalnız tərəfdaş və təəssübkeşlərimizlə mitinq keçirmək taktikamız yalnışdır. Mən bunu öz üzvlərimizə də demişəm. Bu xalq özü çıxmalıdır küçələrə, bu mitinq xalqın mitinqi olmalıdır. Xalq isə hələlik mitinqə gəlmirsə, gözləməliyik. O mitinqə hazır olanda mitinqləri təşkil eləyək. Amma Əli Kərimlinin keçirdiyi mitinq də – belə deyək də, qoyun olmayan yerdə keçi Əbdülkərim ağadır – nəhəng, 50-100 min nəfərlik mitinq olmayan yerdə də Əli Kəırimlinin keçirdiyi mitinqə gücü 5-10 min nəfərə çatıb çıxarırsa, ona da müsbət qiymət verilməlidir. Rəsul Quliyev də mitinqin mitinq kimi əleyhinə getmir. Sadəcə olaraq, o, çoxminli mitinqlərin təşkilinin vacib olduğunu deyir. Biz də bunu bilirik. Əli Kərimli də özü başa düşür. Əli Kərimli keçən dəfə mitinqini təxilə salanda, elə bunu demişdi. Rəsul Quliyevin dediyini demişdi ki, “insanlar mitinqə gəlmir, mən də təxirə salıram.”

– Məmməd Balməmmədov da təxminən eyni şeyi soruşur ki, Rəsul Quliyevin Milli Şura və AXCP-ni hədəfə almasındakı məqsədi indiki YAP hakimiyyətinin gözünə girmək üçündürmü?

– Baxın, indi görürsünüzmü? Müxalifətin bir-birini tənqidini camaat iqtidara işləmək kimi düşünür. Bizdə belə bir atalar misalı var. Deyir, “yer bərk olanda öküz öküzdən görür…” Azərbaycanda çox ciddi problem var, bunu həll eləyə bilmirlər. Mən deyirəm ki, Müsavat günahkardır, Müsavat da deyir ki, ADP günahkardır. Yəni burada məqsəd iqtidara xidmət eləmək demək deyil. Burada daha böyük gözləntilərin qarşılığında nəticənin aşağı olmasıdır. Məsələn, Əli Kərimli deyir ki, mən Azrbaycan müxalifətinin lideriyəm. Düzdürmü? Cavan yaşlarında dövlət katibi olub, 3 ay da olsa… Dövlətdə təmsil olunub. Əbülfəz Elçibəyin yanında tərbiyə alıb, Əbülfəz Elçibəyin müavini olub, Əbülfəz Elçibəyin siyasi mirasına sahib çıxıb. Kifayət qədər də əlaqələri var. Maliyyə imkanları da ADP-dən yüz dəfə, min dəfə çoxdur. Düzdürmü? Mənim Əli Kərimlidən daha çox iş gözləməyim o demək deyil ki, mən Əli Kərimlini sevmirəm, nifrət eləyirəm. Mən deyirəm ki, sənin əlində olan resurslara, imkanlara görə qardaşım, sənin gördüyün iş azdır. Sən Azərbaycan iqtidarında olubsan. O iqtidardan devrilmiş adamların bir çoxu sənin ətrafındadır…

– Yəni bunu iqtidarın adamı kimi təbii ki, yox, bunu daha çox iş görə biləcəyi üçün, daha yaxşı olsun deyə deyirsiniz?

– Ay sağ ol. Ondan gözlənti çoxdur. İsa bəylə də bağlı, başqaları ilə də bağlı Rəsul Quliyevin mövqeyi budur. Yəni bunu eləyə bilən niyə eləmir? Doğrudan, bizi də tənqid eləyir, məni də tənqid eləyir. İndi adam deyir ki, niyə fəallıq eləmirsən? Bu adam məndən fəallıq gözləyir, bunu soruşur.

– Təbii ki… Umur da, yəqin ki…

– Ay sağ ol. Rəsul Quliyev də umur. O, kiçiltmir. Əli Kərimlinin imkanı var ki, tutaq ki, iki dəfə ondan çox adamla mitinq eləyə. Çünki mitinqlərin təşkili müəyyən maliyyə imkanları ilə bağlıdır, Əli Kərimlinin də bizə nisbətən imkanları var. Niyə gətirməyib? Məsələn, Rəsul Quliyev bunu sual verir. Niyə bunu təşkil eləmir? Bu, o demək deyil ki, o da qayıdıb, desin ki, bəs sən bunu niyə eləmirsən? Mənim o imkanım yoxdur. Sənin kimi dövlətdə təmsil olunmamışam, vaxtında böyük əlaqələr yaratmamışam, resurslarım yoxdur. Tutaq ki, sənin kimi də mitinq təşkil edə bilməmişəm. Amma sən bir halda ki, bunu təşkil edirsən, o zaman mən deyirəm ki, bunu niyə canı-dildən eləmirsən? Elədiyin bu işi niyə keyfiyyətli görmürsən? Bu, hökumətə xidmət eləmək demək deyil ki…

– Rəsul Quliyevlə bağlı 3 suala qısaca cavab vermənizi xahiş edirəm.

– Buyurun.

– Tanışlığınız necə olub?

– İlk dəfə Rəsul Quliyevi mən Əbülfəz Elçibəyin dönəmində Bakıda icra hakimiyyətində görmüşəm. Qurban bəylə (Red – Qurban Məmmədov, Sərdar Cəlaloğlunun qardaşı) mən ADP-nin binasını müzakirə etməklə bağlı Bakı icra hakimiyyətinə getmişdik. Dəhlizdə bir nəfər gördüm, Qurban bəylə zarafatlaşıb keçdi. Mənə dedi ki, “bu, Rəsul Quliyevdir”. Dedim, “Rəsul Quliyev kimdir?” Dedi, “naxçıvanlıdır, burada zavodda direktor işləyir…” Mən tanımırdım, yəni iqtisadiyyat sahəsində kimlərin olduğunu bilmirdim. Onunla qurtardıq. Bir müddət keçəndən sonra hadisələr oldu, Rəsul Quliyev baş nazirin müavini oldu, sonradan da Ali Sovetin sədri oldu. Yəni oradan tanıyırdım, amma heç bir əlaqəmiz yox idi. Sülhəddin Əkbər Qurban bəyin vasitəsilə həbsxanadan mənə xəbər göndərdi ki, “İxtiyar Şirinlə bizim azad olunmağımızla bağlı Rəsul Quliyevdən xahiş eləsin”. Mən də Rəsul Quliyevi tanımıram, heç bir əlaqəm də yoxdur. Mən də dedim ki, “qardaş, mən bunu necə ona deyim, o məni tanımır, mən onu tanımıram. Həm də mən kiməm axı, o mənim sözümə görə adam buraxdırsın. Ortada Heydər Əliyev var…” Bir-iki dəfə xəbər göndərdi, dedim, “mən gedən deyiləm…” Bir dəfə buradan uşaqlarla partiyanın həyətinə çıxırdım, Sülhəddin Əkbərin atasını gördüm. Mən Sülhəddin bəyin evində də olmuşam, ata-anasını da tanıyıram, ailə üzvlərini də tanıyıram. Rəhmətlik atası ilə görüşdüm, soruşdum ki, Bayram əmi, nə yaxşı bura gəlmisən? Dedi, “Sülhəddinə görə gəlmişəm, sən niyə Sülhəddinin azad olunmasına kömək eləmirsən?” Dedim, “vallah, mən elə bilirəm ki, gücüm çatmaz, amma düşünürsünüz ki, mən ona desəm, Sülhəddini azad edərlər, sabah gedib deyərəm”. Ali Sovetə bir məktub yazdım ki, “mən sizinlə görüşmək istəyirəm.” Heç üstündən bir həftə keçmədi, mənə dedilər ki, “siz Ali Sovetin sədri ilə görüşmək istəyirsiniz, gəlin parlamentin binasına”. Getdim. Gözlədim, gözlədim, gözlədim… Qəbulda çoxlu adam var idi, hamı görüşüb getdi, mən qaldım. Axırda istədim, küsüb gedəm, dedim yəqin, bu, məni saymır. Axırda mənə gəlib dedilər ki, sizi təklikdə qəbul eləmək istəyir, ona görədir. Qəbula gələnlərin hamısı gedəndən sonra içəri girdim. 3-4 nəfər də yazarlar mənimlə birlikdə bunun otağına girdilər. Çünki sədrlə görüşürəm və bu görüşün də stenoqramını çıxaran adamlar var, qeydlər götürürlər. Sonradan bildim ki, o üç nəfərdən biri də onun köməkçisi İlqar olub. Onlara dedi ki, “siz çıxın eşiyə”. Ondan sonra təklikdə qaldıq. Və təklikdə Ali Sovetin sədri kimi yox, bir Rəsul Quliyev kimi danışdıq.

– Onunla da münasibətləriniz başladı?

– Onda mən baxdım, gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir. Ölkədə çox yanlış və təhlükəli proseslər olduğunun fərqindədir. Mənim bilmədiyim çox ciddi faktları mənə dedi. Onda fikirləşdim ki, yaxşı, siz hökumətdə təmsil olunursunuz, bu qədər də dövlətinizi, xalqınızı düşünürsünüzsə, niyə açıq şəkildə bildirmirsiniz? Dedi, “şərtlər elədir ki, indiki halda mən bu şeyləri edə bilmirəm”. Elə həmin vaxtdan biz başladıq, gizli deməyək, üstüörtülü şəkildə əməkdaşlıq eləməyə. Əməkdaşlığımız nə oldu? Rəsul Quliyev, müəyyən mənada biznes qurmaq istəyirdik, onlara dolayısı ilə dəstək verdi. Ondan sonra Rəsul Quliyev çıxıb getdi. O gedəndən sonra Rəsul Quliyevi bir ələkeçirmə kampaniyası başladı. O partiya istəyirdi öz yanına gətirsin, o partiya istəyirdi öz əlinə çəksin. Mən onda başa düşdüm ki, Rəsul Quliyevi ələ keçirməkdə məqsəd heç də Azərbaycanda demokratiyanı dəstəkləmək məsələsi deyil.

– Maliyyə məsələsidir?

– Maliyyə məsələsi, bir də naxçıvanlıları bir-birilərinə qırdırmaq məsələsi idi. Belə bir ideya görsənirdi ortalıqda. Ona görə mən də fikirləşdim ki, biz onsuz əvvəl də əməkdaşlıq eləmişik, elə gəlsin, bizimlə birləşək. O baxımdan, mən bu ideyanı fikirləşirdim. Sonra bir dəfə İlyas müəllim (Red – İlyas İsmayılov, əvvəllər ADP-nin, sonralar isə Ədalət partiyasının sədri) mənə dedi ki, “necə eləyək ki, Rəsul Quliyevlə birləşək. Hamı istəyir ki, onunla birləşsin, biz də birləşə bilərik”. Mən də getdim Rəsul Quliyevin yaxın adamlarının yanına, onlar da dedilər ki, “Rəsul Quliyev öz partiyasını yaradacaq, siyasətə gəlmək istəmir, qayıtmaq istəmir…” Gəldim dedim ki, “İlyas müəllim, o adam siyasətlə məşğul olmaq istəmir. Bizimlə də əməkdaşlıq eləmək istəmir”. Üstündən bir müddət keçəndən sonra mənə bir nəfər zəng vurub dedi ki, siz Rəsul müəllimə vaxtilə belə bir təklif eləmisiniz. Dedim ki, “bəli, eləmişik”. Dedi ki, “Rəsul müəllim o məsələnin müzakirə edilməsi üçün sizi İstanbula dəvət edir. İstəyirsinizsə, gəlin, müzakirə eləyin”. Gəldim, İlyas müəllimə dedim ki, “bəs, belə bir xəbər gəlib, Rəsul Quliyev istəyir ki, bizimlə birləşsin, siyasi əlaqələr quraq, nə deyirsiniz?” Dedi ki, “get danış”. Getdim İstanbula, danışdım. Elə bir səviyyədə söhbətlər elədik ki, dedim, “Rəsul bəy, bu söhbətlər mənlik deyil, partiyanın sədri var, mən gedim partiyanın sədrini götürüb gəlim”… Gələndən sonra İlyas müəllimlə qayıtdıq İstanbula. İlyas müəllimlə Rəsul Quliyev partiyaların birləşdirilməsi, əlaqələrin qurulması ilə bağlı danışdılar və beləliklə də birləşdik.

– Rəsul Quliyevlə bağlı yaddaqalan xatirələriniz varmı?

– Açığı deyim ki, Rəsul Quliyev birmənalı dəyərləndirilən adamlardan deyil. Bəzən onun elə keyfiyyətləri var ki, həqiqətən də adam qibtə edir ki, onun bu qədər müsbət keyfiyyətləri var. Məsələn, bir də görürsən adamın elə kiçik qayğılarına qalır, elə kiçik detallara diqqət edir ki, fikirləşirsən… Bəzən də adamın şəxsiyyətinə təsir edən davranışları da var. Bu da onun müxtəlif rejimlərdə tərbiyə alması ilə bağlıdır. O, Rusiyanı da görüb, Azərbaycan Rusyanın tərkibində olanda da vəzifələrdə olub. Görünür, bunun təsiri var. İkili adamdır. Amma bununla bağlı uşaqlara da zarafatla dediyim budur. Mən həbsxanadayam. Mənə xəbər göndərdilər ki, Rəsul müəllim səninlə danışmaq istəyir. Özün həbsxanada olubsan, bilirsən. Oradan bir telefon təşkil elədilər. Səhər saat 6-dır. Soruşur ki, nə var, nə yox. Gözüm yumula-yumula deyirəm ki, Rəsul müəllim, narahat olmayın, hər şey yaxşıdır. Belə deyir: “Ə, pahooo, nəyi yaxşıdır, ə. Türmənin nəyi yaxşı ola bilər?” (Gülür…) Dedim, “Rəsul müəllim, mən türmədəyəm e. Siz mənə ürək-dirək verməlisiniz, mən sizə ürək-dirək verirəm. Sən də mənə deyirsən ki, türmənin nəyi yaxşı ola bilər?”

– Onda Rəsul Quliyev vəzifədə idi?

– Yox e, onda Amerikada idi. Mən tutulmuşdum, onda deyir.

– Hə, 2003-cü ildə.

– Hə, 2003-cü ildə. Yadımda qalan bu hadisədir.

– Bu yaxınlarda Rəsul Quliyevin 70 yaşı tamam olacaq, Vətənə qayıtmasını necə dəyərləndirirsiniz? 70 yaşlı adamın bundan sonra kənarda qalması… Bunu Xəyyam Şirinov da soruşur.

– Vallah, Rəsul Quliyev bir vətəndaş kimi, siyasi iddiası olmayacağı təqdirdə Azərbaycana gəlməsi üçün pöroblem yoxdur. Amma neçə ki, Rəsul Quliyevin siyasi iddiası var, hökumət onun Azərbaycana gəlməsinə o qədər də razılıq verməyəcək.

İlk Qarabağ şəhidimiz Ağa Məhəmməd Şah Qacardır

– Araz Vəliyev deyir: “Xahiş edirəm, ona Səməd Vurğundan sual verməyin…”

– Verməyin?

– Hə.

– Niyə?

– Yəqin ki, ya qazaxlıdır, ya da Səməd Vurğunu çox istəyir. Cavid Məmmədzadə də deyir ki, “birincisi Səməd Vurğun haqqında dedikləri ilə razıyam. Sualım da odur ki, Səməd Vurğuna nə verib, onu ala bilmir?”

– Əvvəla, onu deyim ki, bizim azərbaycanlılarda qəribə bir şey var. O qədər ciddi, o qədər əhəmiyyətli bir məsələ qaldırmışam. O qalıb bir tərəfdə, Səməd Vurğunun şəxsiyyət məsələsi, yaradıcılıq məsələsi çıxıb qabağa. Mən demişəm ki, Ağa Məhəmməd Şah Qacar fars olmayıb. Ağa Məhəmməd Şah Qacar Qarabağ separatizminin qarşısını almaq üçün gəlib, orada da onu öldürüblər. İlk Qarabağ şəhidimiz də Qacardır. Amma bu adam gürcülərə divan tutduğuna görə, Stalinin tapşırığı ilə xalqımıza, düşmən, fars kimi təqdim olunmağa başlayıb.

– Əslində, Stalin Azərbaycan xalqından İraklinin…

– İntiqamını aldı..

– İntiqamını aldı.

– Və bunu da demişəm.

– Orada onun gözünü çıxarması…

– Maraqlıdır. Qacarın bir taleyinə baxın. Şah Qacar niyə İraklinin gözünü çıxardı? Qazax əvvəllər Şəmşəddin bölgəsi olub.

– Bəli, Şəmşəddin mahalı…

– Ay sağ ol. Oranı yağmalayırmış, kişiləri öldürüb, qadınları əsir aparırmış. Mütəmadi olaraq…

– Yəni qazaxlılara görə…

– Ay sağ ol. Qazaxlılara görə, gedib İraklinin gözünü çıxarıb. İrakli həm də əlaltından ruslarla ittifaqda idi. Bilirsiniz də. Gürcüstan bizim protektoratlığımızda olub. Təhmasibin 3 arvadı gürcü knyazlarının qızı olub. Şah Abbasın anası gürcü qızı olub. Niyə? Gürcüstan bizim əlimizin altında bir protektoratlıq olub. Altdan-altdan ruslarla əlaqə yaradıblar. Ona görə İraklini cəzalandırıb ki, sən mənim təbəəm olaraq burada gəlib mənim millətimi qırırsan, özün də altdan ruslarla ittifaqdasan.

– Deməli, Stalin bu tarixi bilib, ona görə də məhz o bölgədən çıxan bir şairin əli ilə Qacarı vurub?!

– Əlbəttə. Mən də elə onu deyirəm. Deyirəm, taleyin ironiyasına baxın ki…

– Düşmən hər şeyi bizdən yaxşı bilirlər, biz bilmirik.

– Mən bu haqda televiziyadakı çıxışımda da dedim. Biz gürcülərin gözü ilə baxmamalıyıq Qacara, qazaxlının gözü ilə baxmalıyıq. Sənin nənə-babanı məhv eləyib, yerindən-yurdundan didərgin salıb. Sən bir qazaxlı gözü ilə bax, gör, Qacar nə üçün İraklinin gözünü çıxarıb? O, Təbrizdən bura qədər gəlib çıxıb, milləti xilas eləyib, özü də Qarabağda həlak olub, sən də deyirsən Qacar Vaqifi öldürdü. Vaqifi kim öldürüb? Qarabağ xanının qardaşı, arvadının üstündə öldürdü. Bunun Şah Qacara nə kimi aidiyyatı var? Şah Qacar əslində Vaqifə demişdi ki, sizin apardığınız bu iş Azərbaycan üçün təhlükədir. Ona görə də yığışdırın bütün bunları. Həqiqətən də yığışdırdılar. İndi deyirlər ki, Vaqif böyük şəxsiyyətdir, hələ yubileyini də keçirirlər. Tarixdə də yazılıb ki, Vaqif Yekaterinaya məktub yazmışdı, onun da çox xoşuna gəlmişdi, ona görə ona qızıl əsa göndərdi.

– Hə, qızıl əsa göndərmişdi ona.

– Qızıl əsa Xarici İşlər naziri kimi Qarabağı qoparmaq üçün danışıqlar aparılmasına görə verilib.

– Elə bil ki, hər şey kəllə-mayallaqdır. Elə bil ki, bu ölkənin heç bir düzəni yerində deyil. Yəni ya müstəqilik, ya da müstəqil olmamalıyıq. Əgər müstəqiliksə… Əslində, Səməd Vurğun böyük proletar şairidir, ona milli şair demək nə dərəcədə doğrudur?

– Lap milli deyil, proletardır, nə olursa-olsun, şairdir. Səməd Vurğunun burada kim şairliyini müzakirə edir ki? Mənə aidiyyatı yoxdur, o şairdir, ya şair deyil.

– Siz deyəsən, uyğun olmayan ifadələr işlətmişdiniz, onlar da…

– O, başqa məsələdir. Bilirsiniz, necədir? Mən bunu Cəfər Cabbarlı haqqında da demişəm, amma bunu heç kim bilmir. Mən demişəm ki, Cəfər Cabbarlının “Od gəlini” pyesi qadağan olunmalıdır. Sən burada məscid tikib azan verirsən, oradan da “Od gəlini”ndə deyirlər ki, “bu Quran, bu da dar ağacı, hansını seçirsən?” O da deyir ki, “Mən dar ağacını seçirəm”… Bunu bir müsəlman dramaturq yazıb, müsəlman bir xalq da ona baxıb əl çalır. Deyirəm ki, bu düz deyil. Əgər doğrudan da İslam dini cəmiyyətə oturuşubsa, biz İslam camiyyəsinin bir parçasıyıqsa…

– Sərdar bəy, cəhalətə də getməyək də… O dövrün cəhalətinə…

– Nə cəhalət? Rus sənə tapşırıb ki, dinin əleyhinə yaz, yazıbsan da… İslam doğrudan da cəhalət əlamətidir?

– İslama düzgün baxsaq, yox.

– Dünya elmləri tarixinə nəzər salın. Fizikanın əsasını kim qoyub? Riyaziyyatın əsasını kim qoyub? Kimyanın əsasını kim qoyub? Astronomiyanın əsasını kim qoyub? Hamısının əsasını İslam alimləri qoyublar. Bayaq dedin ki, biz özümüzü tanımırıq. Biz indi İslamı tanımırıq deyə, deyə bilmərik ki… Bernar adlı məşhur tədqiqatçı var. Xristianlıq və elm mövzusunda yazıb. Cəmi səhifənin yarısı qədər yer tutub. İslam və elm isə əsərin 28 səhifəsini əhatə edib. İslam elmi necə inkişaf elətdirdi. İlk universitet harada tikildi? İlk dəfə kitablar harada dərc edildi? İlk dəfə tərcümə mədəniyyəti harada yarandı? Elmlərin əsası harada qoyuldu? Avropalılar hələ bilmirdilər ki, göydə ulduz var, Şərqin hər tərəfində abservatoriya var idi. Uluğ bəyin abservatoriyası, Nəsrəddin Tusinin Marağa rəsədxanası. Hər yerdə rəsədxana var idi, tədqiqat gedirdi, qardaşım. Nəsrəddin Tusinin xəritəsində Amerika nəzəri olaraq qeyd olunub. Avropalılar nə vaxt Amerikanı kəşf elədilər? Düz 200 il ondan sonra. 200 il əvvəl Nəsrəddin Tusi nəzəri olaraq Amerikanı öz xəritəsində göstərib və deyib ki, burada quru olmalıdır. Siz bu cür elmə nailiyyət verən bir dini gətirib deyirsiniz ki, bu, cəhalətə aparmır ki? Cəhalət XVI əsrdən sonra başladı. Başladılar Azərbycan nağılları ilə dini birləşdirməyə. Orta əsr fəlsəfəsi ilə Avropa fəlsəfəsini, xüsusilə Aristotelin cəfəng ideyaları ilə başladılar dinə təbliğ eləməyə. Bir çox şeytan kitabları ilə İslam dininə şərh verməyə başladılar, oldu cəhalət. Vəssalam. Bir din insanlığı necə cəhalətə sürükləyə bilər ki, bu dinin birinci şərti budur ki, “bu din sağlam ağıl sahiblərinə göndərilib və Allah-Təala da əmr edib ki, elm öyrən”. “Elm öyrənin!” deyən bir din elmlə necə ziddiyyət təşkil edə bilər?

– Əslində, onlar da İslamla vuruşmayıblar ki… İstər M.F.Axundov olsun, istər elə C.Cabbarlı olsun. Onlar İslam dini ilə vuruşmayıblar ki… O dövrün cəhaləti ilə vuruşublar, elə deyilmi?

– Onlar o dövrün cəhaləti ilə vuruşmayıblar. Onlar Rusiyanın tapşırıqlarını yerinə yetiriblər. Qəti… Nə cəhalət ey… Mən başa düşmürəm. Afşin gəlir Babəklə vuruşmağa – türk oğlu. Elə əsərdəki Afşin də odur.

– Əmisi oğlu…

– Afşin necə cəhalətdə olan bir insan olub ki, gedib İslam ordusunun komandanı olub? Bu, necə cəhalətdir? İndi bizim o cəhalətdəkilər haradadırlar ki, gedələr ya rus ordusunda, ya da Amerika ordusunda yüksək rütbəli zabit olalar?

– Sərdar bəy, belə bir fikriniz də var ki, Babəkin Azərbaycan xalqına, Azərbaycxan tarixinə heç bir aidiyyatı yoxdur…

– Bəli. Azərbaycan ərazisində fəaliyyət göstərmək, bu ərazidə hansısa hadisənin baş verməsi o demək deyil ki, bunu Azərbaycan xalqı eləyib. Məsələn, İsgəndər tutaq ki, Azərbaycan ərazisindən keçib gedəndə burada hansısa bir hadisə baş verir, bunu biz Azərbaycan tarixi kimi öyrənirik? Məsələn, Teymurləng gəlib Təbrizi yandırıb, Teymurləng gedib onu eləyib, Teymurləngin dəstəsində kimsə bir qəhrəman olub, biz bunu Azərbaycan tarixinə aid edirik? Məsələn götürək, Həsən Sabbahı, “Ələmut” qalası haradadır? Təbrizin yaxınlığında… Həsən Sabbah 25 il “Ələmut” qalasında olub, bütün dünyanı heyrətə gətirib. Babəkdən də yüz dəfə güclü mübarizə aparıb. Həm Avropa ölkələri, həm də İslam xilafəti ilə. Nə əcəb, Həsən Sabbaha demirsən, azərbaycanlıdır? Fəxr eləmirsən ki, xəlifənin başını belə kəsdi, Nizamül-mülkü belə öldürdü? Babək də xürrəmilər hərəkatının… Baxın, maraqlı olan nədir. Xürrəmilər məzdəkilər hərəkatının bir qanadıdır. Əgər məzdəkilərin Azərbaycan tarixinə bir aidiyyatı varsa, onda əvvəlki məzdəkilər hərəkatı da Azərbaycan tarixi kimi öyrənilməlidir.

– Məntiqlidir…

– Niyə əvvəlki tarixlər – qırmızıbayraqlılar tarixi öyrənilməyib, ondan əvvəlki məzdəkilərin tarixi öyrənilməyib, gəlir, məhz Babəkin dövrü öyrənilir? A balam, özü də xürrəmilərin böyük çoxluğu hind və fars mənşəli olublar. Çünki xürrəmilərdə – əgər təriqətliyi öyrənsəniz bilərsiniz – İslamın elementləri çox azdır. Xürrəmilər hərəkatında daha çox atəşpərəstliyin və hind sofistikasının elementləri var. Bunların adı – xürrəmilər sözü – müasir “qay”, “qey” deyirik ha, “qeylər” hərəkatı deməkdir. Niyə? Bunlar həyatlarını şərab içməklə və eyş-işrətlə – xürrəm içində keçirdikləri üçün bu adı götürüblər. Onu da İslam ölkəsi niyə qadağan eləyib? Çünki bu, İslam əxlaqına ziddir. Məsələn, onlar irsi cinsi əlaqəyə icazə veriblər – ana-bacı ilə olmağa və s. Babəkin bir arvadı erməni olub. Qaladan qaçanda həmin erməni arvadı ilə qaçıb qızın dayısıgilə. O da bunu tutub, o vaxtkı 2 milyon dirhəmə ərəblərə satıb. İndi deyirlər, Babək belə oldu. 10 dəfə xəlifəyə deyib ki, məni bağışla, xəlifə də ona deyib ki, sənin bu qolların minlərlə müsəlmanın qanına batıbdır, ona görə də sən mütləq edam olunmalısan. Sənə 100 dəfə məktub yazdıq ki, sən əl çək…

“Babək Xəlifəyə onu bağışlamaq üçün yalvarıb”

– Babək yalvarıb ki, bağışlayın məni?

– Əlbəttə. Bunların hamısı tarixdə olan şeylərdir. Hətta xəlifənin əmri belə olub ki, onun qolunu kəsin, qolu ilə sifətinə vurun, qoy bilsin ki, İslama ləkə… nə deməkdir. Amma bizim kitablarda yazırlar ki, üzü saraldı, ona görə qolunu üzünə sürtdü. Bunların hamısı yalan şeylərdir. Babəkin əsl adı nədir? Tarixdə var – Babok Hasan. Babok hansı xalqın dilindədir? Biz dilimizə uyğunlaşdırıb Babək deyirik. Babok puştuların adlarıdır. Gedin baxın, onlarda var.

– Pakistanlıların?

– Pakistanlıların. Onun bizə nə aidiyyatı var? Hə, o hərəkat Azərbaycan ərazisində olub. İndi İŞİD də İraqa, Suriyaya gəlib girdi. Biz deyirik ki, İŞİD İraqın tarixidir? Nə dəxli var? Hadisə burada olub, Həsən Sabbah da burada olub. Siz o haqda bilirsiniz də…

– Bəli.

-Bilirsiniz də, həşhəşilər hərəkatı… Bir nəfər də olsun, Azərbaycan tarixçisi həşhəşilər hərəkatı ilə bağlı bir cümlə belə yazmayıb. Çünki onun lideri də bizdən olmayıb. Baxmayaraq ki, tərəfdarlarının çoxu azərbaycanlı olub. Amma bunun lideri puştudur. Bartold yazır ki, “Sovet hökuməti 1939-cu ildə qərar qəbul elədi ki, SSRİ xalqlarından qəhrəmanlar düzəldilsin”. Bunu Bartold yazır. Ondan sonra Azərbaycanda Qaçaq Nəbi, Koroğlu, Babək qəhrəman oldular. Özü də necə seçirdilər? Koroğlu fəhlə-kəndli hərəkatının başçısı, Babək din əleyhinə çıxan qəhrəman, Nəbi də yerli idarəçiliyə qarşı çıxan obraz olub. Maksim Qorki “Qafqaz quldurları” əsərində yazır ki, “Qara Nəbi keçi oğrusu olub. Sadə vətəndaşlar onun əlindən boğaza yığılıb, neçə dəfə ondan hökumətə şikayət eləyiblər. Amma Qaçaq Kərəm də var, qardaşı pristavdır. O, rus çarına qarşı vuruşur, rejimə qarşı vuruşur”.

– İsrafil ağa ilə…

– Ay sağ ol. Qaçaq Kərəmi biz nə vaxt tanıdıq? Sovet hökuməti dağılana yaxın.

– Təzə-təzə, hə.

– Bəs, Qaçaq Nəbini nə vaxtdan tanıyırıq? Lap əvvəldən.

– İndi də deyirsiniz ki, Qaçaq Nəbi keçi oğrusu olub. İndi də üstünüzə qubadlılar qalxacaqlar.

– Qardaşım, bunu mən yox, Maksim Qorki yazıb. Bunu dəfələrlə demişəm, bir dəfə də təkrar edirəm. Maksim Qorki “Qafqaz quldurları” əsərində yazır. Mənbəni də göstərirəm, gedin oxuyun da… Özü də orada deyir, “Qara Nəbi”. Bu xalqın Cavad xan kimi, Qacar kimi, Qacarın anası Ceyran xanım kimi, Fətəli xanın bacısı Bikə xanım kimi, Cavad xanın arvadı Ceyran xanım kimi qəhrəman, qadın idealları var. Bu xalqa gətirib Əslini, Şirini, Nigarı, Leylini niyə nümunə eləyirsən? Babəki, Nəbini, Koroğlunu da kişilərinə… A, bu xalq Koroğlu ruhunda tərbiyə olunub da… Koroğlu nə edirdi? Hər dəfə döyüşdən qaçırdı da. “Koroğlu” dastanını oxuyanlar bilir. Sovet Ensiklopediyasında Koroğlu Səfəvilər imperiyasına qarşı mübarizə aparan cəlalilərin kəndli üsyanının başçısı olub.

– Bəli.

– Sonradan onu bütövlükdə Səfəvi imperiyasına qarşı qonşu xalqlar simvol götürüb.

– Səfəvilərə, osmanlılara?

– Yox, Səfəvilərə qarşı… Nəyə görə “Koroğlu” dastanının Azərbaycan variantı yoxdur? Nəyə görə bu dastanın 12 variantı var – Azərbaycan variantı istisna olunmaqla – bu variantların hamısında Korğlu Səfəvilərə qarşı mübarizə aparır, gürcü variantında isə I Şah Abbasa qarşı mübarizə aparır? Sual verirəm, niyə? Niyə qırğız variantı var – Səfəvilərə qarşı… Niyə özbək variantı var – Səfəvilərə qarşı… Moskva variantı var – Səfəvilərə qarşı… Bir dənə erməni variantı var – biz götürdüyümüz də erməni variantıdır, o da osmanlılara qarşı. Əgər bu, həqiqətən də Azərbaycan xalqının qəhrəmanıdırsa, o zaman bunu niyə ermənilərdən götürmüsən? Onun şeirləri də erməni şairi var, ondan götürülüb, məzmunu da erməni Təbrizyan var, onun kitabından götürülüb. Bunu mən demirəm, bunu “Koroğlu” dastanını yazan Təhmasib kitabın müqəddiməsində yazıb ki, “bu dastanın mətni filan erməninin tarix kitabından, şeirlər isə filan erməninin şeirlər kitabından götürülüb, tərcümə olunub”.

– Allah… Allah…

– İndi əgər sən bunları bilmirsən, deyirsən ki, Koroğlu…. Ə, Koroğlu sənin idisə, Şah İsmayıla qarşı niyə mübarizə aparırıdı? Şah Abbasa qarşı niyə mübarizə aparırdı? Bax, bu türkə qarşı niyə mübarizə aparıb? Xalq qəhrəmanları, Əvəz, yadelli işğalçılara qarşı mübarizə aparan adamlara deyirlər.

– Bəli.

– Hansı yadelli işğalçıya qarşı mübarizə aparıb? Gəlib, taciri tutmaq, lap elə xanı tutmaq yadelli işğalçıya qarşı mübarizə aparmaq deməkdir?

– Gedib kiminsə qızını qaçırmaq…

– Kommunistdir, yoxsa fəhlə hərəkatının lideridir bu Koroğlu?

– Koroğlu layiqli vətəndaşdır…

– Ona görə, əsas məsələ bilirsənmi nədir? Bir xalqı qoyun eləmək üçün ona qoyun ideallar verirlər. Bir xalqı qəhrəman eləmək üçünsə, ona qəhrəman idealları ver. Bizə təlqin olunan adamlar psixologiyamıza elə oturub ki, Babəkə inananlar dinə nifrət edir. Nəbini sevən, onu özünə ideal seçənlər düşünürlər ki, niyə müharibəyə getməliyəm, elə qaçım, kol-kos dibində gizlənim. Koroğlunu da sevənlər qarınqululuq, “igidlik ondur, doqquzu da qaçmaqdır” ideyaları ilə yaşayanlardır.

– Qatır Məmməd necə?

– O heç. O, inqilabçıdır. Qatır Məmməd əməlli-başlı inqilabçıdır. Müsavat hökumətinə qarşı vuruşan bir adam olub. Qatır Məmməd siyasi adamdır. Bu üç adam isə Sovet hökumətinin mistifikasiya elədiyi tarixi “şəxsiyyətlərdir”. Məsələn, Koroğlu həyatda olmuş adamdır. Onun Cəlali hərəkatında bir kəndçisi olub, Şah İsmayıl Xətaiyə qarşı üsyana qalxıb.

– Sərdar bəy, burada maraqlı fikirlərə rast gəlmək olur. Məsələn, “Məhərrəmlik xristianlıqdan götürülmüş bir adətdir. Şiəlik xristianlığın, sünnilik yəhudiliyin İslam dininə tətbiqidir” deyirsiniz…

– Bəli. Bizim müsəlmanlar Quranı oxuyurlar və elə başa düşürlər ki, bu Quranda yəhudilər haqqında yazılanlar yəhudilər haqqındadır, xristianlar haqqında yazılanlar da xristianlar haqqındadır. Onda sual olunur: Bu Quran müsəlmanlara gəlibsə, niyə Quranın yarıdan çoxu xristian və yəhudilər haqqındadır? Əgər biz deyiriksə ki, Quranda hər bir ayə bir işarədir, bu, o deməkdir ki, yəhudilər və xristianlar haqqında deyilənlər müsəlmanlara işarədir. Qurani-Kərimin “Bəqərə” surəsi sünni təriqətinin mahiyyəti ilə bağlıdır. “Ali-İmran” surəsi şiə təriqəti ilə bağlıdır. Sadəcə işarə ilə verilib. Məsələn, Allah-Təala hər şeyi görəndirsə, səncə İslamın gələcəyini görməyib? Əgər İslamın gələcəyini görübsə, onun təriqətlərə parçalanacağını görübsə, təriqətlərlə bağlı Quranda heç bir ayə verməyib? İnanırsan buna?

– Əgər Allah hər şeyi görən və biləndirsə, o zaman verib.

– Onda bu Quranda şiə və sünniliklə bağlı hansı işarələr var? “Ali-İmran” şiəliklə bağlıdır, “Bəqərə” surəsi isə sünniliklə bağlıdır. Bu surə sünniliyin yanlış yol olduğunu, “Ali-İmran” surəsi isə şiəliyin yanlış olduğunu göstərir. İslam dininin təriqətlərə bölünməsi və təriqətlərin hər ikisinin yanlış olduğu göstərilir. Niyə? Quranda ayə belədir. Allah-Təala deyir ki, “Mənim bir yolum var. O yol Quranda göstərilən əmrlərimin sözsüz yerinə yetirilməsidir. Yerdə qalan bütün yollar əyridir”. Əgər şiəlik Allahın yolu deyilsə, sünnilik Allahın yolu deyilsə, – Allahın yolu deyil, çünki şiəliyə də Əli yolu deyirsən – deməli, bunlar əyri yoldur da.

– “Məhərrəmlik xristianlıqdan götürülüb”, deyirsiniz. 12 həvariləri deyirsiniz?

– Yox. Məhərrəmliyi yox. İmam Hüseyn təziyədarlığı ki var – təziyədarlığın- əzabkeşliyin özü xristianlıqdan irəli gəlir. Yəqin ki, “Yelizaveta” kinosuna baxmısan. Həmin kinoda da göstərilir ki, o gedir və görür ki, yerin altında kilsə düzəldiblər və orada – o zamanlar katoliklər təqib olunurdular – İsa peyğəmbərin çarmıxa çəkildiyi gün şaxsey gedir, zəncir vururlar. Eynilə Məhərrəmlikdə bizimkilərin elədikləridir: şaxsey vurur, tutur ikisinin də başını kəsir, yəni o vaxt təqib olunurdu. 600 il xristianlar İsa peyğəmbərin çarmıxa çəkildiyi gün onun xaçını daşıyırdılar, özlərini mıxlayırdılar, baş yarırdılar, şaxsey gedirdilər. Eynilə biz şiələrin elədiyi kimi. Mən də deyirəm ki, bu əzabkeşlik İmam Hüseyndən 600 il qabaq xristianlıqda olub. Eyni şəkildə – qantökmə, baş yarma, zəncir vurma. İndi də xristianlar bunu eləyirlər.

– Sərdar bəy, həbsxanada dinlə bağlı çoxlu kitablar oxudum. Hətta gündəliklərimdə qeydlərim də var. 12 həvari, 12 imam özlərinə…

– İmam Sahib-əz Zamanın və İsa peyğəmbərin qeybə çəkilməsi. Bəli, bunların hamısı var.

– İsa peyğəmbərin tərəfdarları uzun illər özlərinə əzab-əziyyət vermək üçün dəridən yapıncı geyiniblər. Eynilə bizim dərvişlər kimi…

– Bəli, bəli. Zunlar deyirlər buna.

– O qədər oxşarlıqlar var ki…

– Təkcə o deyil. Fəlsəfəsi eynidir. Yəni burada biz müsəlmanlar tutaq bilirik ki, Allah Həqqdir (haqdır). Yəni Allah əbədi diridir. Əgər Allah əbədi diridirsə və ona şərik qoyulmursa, deməli, Allahdan başqa əbədi diri ola bilməz, düzdürmü?

– Əlbəttə, təbii ki…

– Şiələr nə deyirlər? Deyirlər ki, 12-ci imam diridir. Bu, nə deməkdir? Xristianlar da deyirlər ki, İsa peyğəmbər diridir.

– Zühur edəcək…

– İndi də İncil mənim stolum üstündədir. İndi gəlin mənə orada göstərin yazılsın ki, İsa peyğəmbər diridir və qiyamətdən qabaq gələcək və 600 il yerdə guya hökmranlıq edəcək. Tapın, İncildə bunu mənə göstərin.

– Qurani-Kərimin izahını verirsiniz…

– Bəli.

– Mənə də bu haqda yazdılar. Deyəsən, bir nəfər də bu haqda yazmışdı ki, ərəb dilini bilmədən Qurani-Kərimə necə izah vermək olar?

– Mən ingilis dilini bilmirəm, amma Nyutonun qanunlarını əzbər bilirəm.

– Amma ərəb dilində də sözlərin mənaları var.

– Elə məsələ də bundadır da… Ayətulla Mütəhərri deyir ki, mən kəlam elminə istinad eləmirəm, çünki kəlam elmi İslamın belini sındırdı… Ayətulla Mütəhərri şiələrin ən çox hörmət elədikləri şəhid ayətulladır. Deyir, kəlam elmi nədir? İndi sənin dediyin. Ərəb sözlərinin çoxmənalılığını bilmək və hər mənaya görə də Quranın yazdıqlarını icra eləmək. Allah-Təala Quran vasitəsilə bizə mütləq həqiqətləri çatdırıb. Mütləq həqiqəti ifadə eləyən söz adi insanın sözü ola bilməz. Mən bunu bir dəfə izah eləmişəm. Sən “su” sözünü elə su kimi başa düşürsənsə, elə onda belə çıxır ki, su da Allah kimi əbədi varlıqdır. Çünki niyə? Qurani-Kərimin bir ayəsində deyilir ki, “Taxtı su üzərində yeri-göyü yaratdı”. Deməli, su da Allah kimi əvvəldən var imiş də. Onda daha nə oldu? Sən suyu Allaha şərik qoşdun da. Əgər “su”nu su kimi başa düşsən, onda belə çıxır ki, su yerdən və göydən qabaq yaranmış varlıqdır.

“And olsun əncirə, and olsun zeytuna…”

– Belə başa düşdüm ki, ərəb dilini bilmədən də İslamın izahını yazmaq olar.

– İzah nə deməkdir? Quranı anlamağın 3 yolu var. Biri təfsirdir, biri təvildir, biri izahdır. Təfsil – ancaq Qurandan çıxmadan, Quranın bir ayəsindən başqa bir ayəsi ilə birlikdə, birindən digərinin mənasını tapıb deməkdir. Bu Qurandan ayrıla bilməzsən. Deyərsən ki, Quranın filan ayəsindəki filan ayə bu mənanı verir. Buna təfsir deyirlər. Allah-Təala da deyir ki, “bu kitab özü-özünü təfsir eləyir…” Bununla bağlı da ayə var. İkincisi, təvildir. Bu nə deməkdir? Bir mətni anlamaq üçün arxadan başlayıb, tərsinə oxuyursan. Bu yeganə Qurana aiddir. Dünyəvi kitabların heç birində mətni anlamaq üçün arxadan önə gəlmək kimi bir üsul yoxdur. Niyə? Bütün dünyəvi kitablarda asanlıqdan mürəkkəbə doğru gedir, xüsusidən ümumiyə doğru gedir. Quranda tərsinədir. Ümumidən xüsusiyə doğru gedir. Ümumi əvvəl verilib, xüsusi sonra. Ona görə də sondan qabağa gəlməlisən. Buna da təvil deyilir. Burada da Qurandan kənara çıxa bilməzsən. Quranı axırdan oxuyub, gəlirsən və ayənin mənasını tapırsan. Məsələn, Quranda Allah-Təala deyir ki, “and olsun əncirə, and olsun zeytuna…” Bundan nə başa düşdün, de görüm hələ? Nə deməkdir bu?

– Hər halda bir mənası var. Əncirə, zeytuna meyvə kimi and ola bilməz axı.

– Ay sağ ol. Amma bunu təvil edəndə ən axırıncı cümlə nədir? Mömin və kafirlər. Həmin surənin axırıncı ayəsi budur – Mömin və kafirlər. Oradan başlayıb yuxarıya doğru gəlirsən və məlum olur ki, ənciri Allah-Təala möminlərə bənzədir, zeytunu da kafirlərə… Əncirin rəngi qara, sarı, yaşıl ola bilər, amma içini açırsan ki, qırmızı, xoşagələn bir nemət var. Möminlər də elədir – zəncisi, sarısı, ağı ola bilər, amma onların hamısının eyni ruhu var, mömin olduqlarına görə. Amma qara zeytunun içi də qaradır, göy zeytunun içi də göydür, sarı zeytunun içi də sarıdır. Yəni kafirlərin xarici necədir, daxili də elədir, onlarda ruh yoxdur. Allah-Təala ona görə deyir ki, “and olsun əncirə, and olsun zeytuna…” İndi baxın görün ki, kafirlə mömin necə fərqlənir. Möminlərdə Allahdan ruh var, kafirlərdə ruh yoxdur. Bu da təvildir. Üçüncü izahdır. İzah nədir? Əqli elmlərlə izahi elmi insanlara başa salmaq. Məsələn, Allah-Təala deyir ki, “mən sizə minmək üçün qatır, eşşək, dəvə, at yaratdım. Bundan sonra da başqa miniklər yaradacam.” Bu başqa miniklər deyəndə, sən də ağıllı oğlansan, düşünürsən ki, hə, sonradan tank yarandı, qatar yarandı, təyyarə yarandı və s. Deməli, bu ayənin mənası budur ki, bu ayədə başqa minik vasitələri – texniki minik vasitələrinin yaranacağını göstərir. Və yaxud da belə bir ayə də var – siz istəsəniz Yerin və Kainatın orbitindən çıxa biləcəksiniz. Amma sizə əlavə güc lazımdır. Bütün müsəlmanlara baxırsan, yazırlar izahda ki, Allah-Təala bunu ruh olaraq nəzərdə tutub. Amma fizika elmi sübut elədi ki, Yerin orbitindən çıxmaq üçün əlavə güc lazımdır. Doğrudan da əlavə gücü tapdılar xristianlar. O zaman müsəlmanlar xurafatla məşğul olurdular. Xristianlar da Yerin orbitindən çıxdılar. Quranda açıq şəkildə yazılıb ki, Yerin orbitindən çıxmaq üçün əlavə güc lazımdır.

– Fizikadır da…

– Əlavə güc – reaktiv güc deməkdir, geri itələmə… O, Yerin cazibəsini dəf eləmək üçündür. Məsələn, bunun elmi şəkildə izahı var.

– Sərdar bəy, sizə həm də fizika, kimya fənnlərini bilməyiniz Quranın izahını verməkdə kömək edir…

– Quranı bilmək üçün ən azı 6-7 elm haqqında ən ümumi biliyə malik olmaq lazımdır. Xüsusi yox ha, ümumi biliyə. Ümumi bilik nə deməkdir? Məsələn, fizika elmi nəyi öyrənir? Əsas sahələri nədir? Fizikanın əsas qanunları nədir? Biologiyanın əsas sahələri nədir? Kimyanın da elə. Bu nəyə lazımdır? Qurani-Kərim bütün dünyəvi elmləri özündə bir ayə şəklində verir. Çox çətindir onu tam olaraq açmaq. O baxımdan, gərək o biliklərin də olsun ki, ayənin zahirindən onların mənalarını tapasan. İndi deyirlər ki, necə izahını verirsən? Mən dəfələrlə məsciddə olmuşam.

– Hətta burada Əli Məmmədli də yazır ki, “Sərdar bəy siyasətçidən çox, din xadimi kimi həqiqəti deyir”.

– İndi bax, görürsən? Baxın, Allah-Təalanın 3 işi var. Biri Yeri-göyü yaratmaqdır. Özü bunu Quranda buyurub. Biri yaratdıqlarını tənzim eləməkdir. Biri də yaratdıqlarına nəzarət eləməkdir. Siyasət təşkil etmək, nəzarət və tənzimləmə elmidir. Siyasətçi gərək Quran oxusun, çünki niyə? Allah-Təala özü siyasətçiyə yol göstərir. Mənim “İlahi siyasət” kitabım elə ona həsr olunub da. Mən Allah-Təalaya ali siyasətçi kimi baxmışam. Axı, əgər siyasət təşkil olunmadır, nəzarətetmə və tənzim etmədirsə, deməli, Allah yaradıbsa, tənzim edib nəzarət edib. Deməli, Allah ən böyük siyasətçidir də. Mütləq siyasətçidir. Ona görə də kitabın adını “İlahi siyasət” qoydum.

– Danışdıqlarınız o qədər maraqlıdır ki… Elə bil hər şey bir bütövün hissələridir. Lap elə Nobelə təqdim etdiyiniz kosmik dəyişilmələr nəzəriyyəsi, Quranın izahı və s. sanki bir hormoniyanı təşkil edir.

– Mənası olmalıdır.

– Nobel demiş, burada bir xırda, sual kimi bir şey var. Siz bizim “Qaynar Qazan”da Beycan Fərzəliyevlə olan müsahibəmizə baxdınız?

– Yox, mən onda xaricdə idim.

– O da sizin haqqınızda danışmışdı.

– Nə danışmışdı?

– Onun sizə bir tövsiyəsi var idi, çünki o da Nobel mükafatına doğru gedir.

– Hə, sən ona yanlış demişdin, ona görə o cür cavab verib. Sən ona deməmişdin ki, Sərdar bəy ora gedib, gizli səsverməyə qədər də gedib çıxıb.

– Onu bilmirdim axı.

– Sən demişdin ki, Sərdar bəy Nobelə təqdim edib. O da demişdi ki, kollegial…

– Hə.

– Mən Nobelin 3 komissiyasından keçmişəm. Mükafata getmişəm və amerikanlara uduzmuşam. O deyirdi ki…

– Deyirdi ki, Nobel mükafatı üçün kollegial işləmək vacibdir.

– Hə, o elə bilir ki, mən Nobelə müraciət eləmək istəmişəm, alınmayıb. Əgər sən desəydin ki, gizli səsverməyə qədər gedib çıxmışam, o zaman o bilərdi söhbət nədən gedir.

– Mən də onu bilmirdim.

– Necə bilmirsən? Mətbuatda Nobel Komitəsinin özü açıqladı ki, Azərbaycandan bir nəfər gizli səsverməyə qədər gedib çıxıb.

– Onu mən bilməsəm də, Beycan bəyin özü bilməli idi. Çünki söhbət Nobel mükafatından gedir.

– Ola bilər. O ki qaldı onun deməyi ki, “Nobel mükafatı üçün kollektiv şəkildə işləmək lazımdır”, bu, belə deyil. Nobel mükafatı alanların 90 faizi fərdi qaydada müraciət edib. Məsələn, Rentgen. İlk dəfə bu mükafatı fizika sahəsində Rentgen alıb.

– Beycan bəy deyirdi ki, mükafat üçün kollektiv işləməlidir.

– Kollektiv işləmişəm də. 10 nəfər mənə rəy verib. O bilmir yəqin. Neçə nəfər elmlər akademiki, professorlar mənə rəy verdilər ki, mən o işi göndərdim.

– Ceyhun Mirzəli yazır: “Bir mərhum ilahiyyatçı Yaşar Nuri Öztürk Quranda laikliyin yerinin olduğunu söyləyirdi. Quranı tətqiq edən Sərdar bəy necə düşünür, Quranda laikliyin və demokratiyanın yeri varmı?” Bir də burada maraqlı bir sualı var: “Türkiyədə artmaqda olan yeni osmanlıçılıq fikrinə münasibəti necədir? Bu ideya Türkiyəni böyüdəcək, yoxsa bu aldatmacadır?”

– Əvvəlcə birinci suala cavab verim. Allah-Təala Quranda “Bəqərə” sursində buyurur ki, “dində məcburiyyət yoxdur, mən sizə seçim azadlığı vermişəm, cənnət-cəhənnəm yaratmışam. İstədiyinizi seçə bilərsiniz”. Demokratiya da nədir? Məcburiyyət olmayan seçim azadlığını insana verməkdir. Yəni Qurani-Kərimin fəlsəfəsi elə demokratiyadır. Ona görə də 1966-cı ildə YUNESKO İslam İnsan hüquq və azadlıqlarının Deklorasiyasını qəbul elədi. Quran əsasında. Hansı ki, BMT-nin İnsan hüquq və azadlıqlarının Deklorasiyası ilə eynidir. Yəni BMT qəbul edib ki, bu Quranın da… Məsələn, ABŞ-ın Kolumbiya Universitetinin hüquq fakultəsinin qarşısında “Nisə” surəsinin 165-ci ayəsi yazılıb. Nə yazılıb? “Atanızın əleyhinə olsa da, şahidlik elə ki, ədalət üzə çıxsın…” Yəni Qurani-Kərimdə insan hüquq və azadlıqları, demokratiya haqqında o qədər ayə var ki, mən oturub saatlarla onları deyə bilərəm. Quranda yazılır ki, “Firon hakimiyyət tapdı, biz Davud peyğəmbərə hakimiyyət verdik.” Baxın, “hakimiyyəti tapmaq” bir hakimiyyəti oğurlamaqdır. “Hakimiyyəti vermək” isə bir adamın qanuni yolla hakimiyyətə gəlməsidir. Qurani- Kərimdə başdan-ayağa demokratiyanın fəlsəfəsi, mahiyyəti ilə bağlı minlərlə ayələr var. Ədalətli cəmiyyəti necə qurmaq olar? Qurani-Kərim, şəriət ədalətli cəmiyyəti qurmağın yollarını göstərir də sənə. Ona görə də o tamamilə düz deyir.

– Osmanlıçılıq məsələsinə necə baxırsınız? Yoxsa, siz buna xilafətçilik deyirsiniz?

– Xilafətçilik osmanlıçılıq demək deyil. Xilafətçilik başaqa şeydir, osmançılıq da başqa şey. Xilafətin iki dövrü var? 1. Ərəb xilafəti dövrü, 2. Sultan Səlimdən sonra türk xilafəti dövrü…

– Bəli, 1517…

– Bəli. Türk xilafəti həm də Osmanlı imperiyası… Çox maraqlıdır. Çaldıranda müharibə gedib. Sonra Sultan Səlim girib Təbrizə, Şah İsmayıl Xətai də Təbrizdə olub. Bu, necə ola bilər? İki döyüşən adam. Sultan Səlim gəlib Təbrizə, Şah İsmayıl da orada olub. Çünki xəlifə kimi gəlib. Xəlifə kimi gəldiyinə görə Şeyx Səfinin ona müqavimət göstərmək hüququ yox idi. Amma Çaldırana Türkiyə Osmanlı imperatorluğunun imperatoru kimi gəldi, girdi müharibə eləməyə. Yəni Sultan Səlimdən sonra Osmanlı imperatorları iki vəzifəni eyni zamanda daşıyıblar. 1. Xilafət, xəlifə vəzifəsini – dinlə bağlı, bütün İslam dünyası ilə bağlı – hamı da onu qəbul eləyib. 2. Osmanlı dövlətinin ayrıca dövlət siyasəti – bu vəzifələri onlar paralel aparıblar. Türk tarixinə, eləcə də türk-Azərbaycan əlaqələrinə baxışda bu məqamı bütün tədqiqatçılar unudur. Türkiyənin İslam ölkələri ilə bağlı, o cümlədən Avropa ölkələri ilə bağlı siyasətini yenə unudurlar. Məsələn, bir də görürsən, Türkiyə Osmanlı dövrünün bir siyasəti ilə bağlı çoxlu şübhələr yaranır. Anlaşılmır ki, bu, niyə belə olur? Məsələn, bayaq dediyim Sultan Səlim Təbrizə gəldi, Şah İsmayıl Xətai də Təbrizdən çıxmadı, orada oturdu. O da gəldi, gəzdi, çıxdı getdi. Niyə? Çaldıranda vuruşan bir adam, burada niyə döyüşmədi? Şah İsmayıl Sultan Səlim Təbrizə gələndə ona niyə müqavimət göstərmədi? Çünki xəlifə kimi gəlirdi. Şeyx Səfinin də borcu idi ki, onu qəbul eləsin və əslində çox hörmətlə də qarşılasın. Yəni bu baxımdan, Osmanlı-İslam tarixinin öyrənilməsi mənə elə gəlir ki, Türkiyədə də, Azərbaycanda da düzgün araşdırılmayıb. O ki qaldı müasir siyasətə, müasir dünyada sübut olunub ki, imperiyalar keçmiş təsir dairələri üzərində müasir milli siyasətlərini aparırlar. Məsələn, Birləşmiş İngiltərə krallığı 56 ölkənin vətəndaşı olaraq vizasız gedir-gəlir.

– Ora Ərəb ölkələri də daxildir?

– Yox, bunlar o ölkələrdir ki, onlar İngiltərə imperiyasının müstəmləkəsi olublar. Biz necə Rusiyaya gedib-gəlmirik? Biz də Rusiyanın müstəmləkəsi olmuşuq. Eyni zamanda dəfələrlə Qəddafi də açıq dedi: İraq, Suriya, Misir – bunların hamısı Türkiyənin, Osmanlı imperiyasının sərhədlərinə daxil olub. Bir var xilafət, bir də var Osmanlı imperiyası… Bunlar həm də dövlətin tərkibinə daxil olublar. Məsələn, xəlifə Məkkənin başçısını çağırıb, ingilislərə satqınlıq elədiyinə görə asdırıb. Yəni bu baxımdan, Türkiyə, Osmanlı imperiyası keçmişdə öz sərhədlərinə dxil olan ölkələrə laqeyd qala bilməz. Çünki tarixi-siyasi əlaqələr var. Məsələn, türk ordusunun qələbəsində ərəblərin, farsların və başqa müsəlman xalqlarının böyük rolları var. Ona görə də, tamamilə haqlı olaraq, Ərdoğan keçmiş Osmanlı sultanlığının siyasi ərazisindəki hadisələrə laqeyd qalmır. Birinci səbəb budur. İkinci səbəb nədir? Bütün dünya ölkələri öz siyasətlərini üçüncü ölkələrdə aparırlar. Məsələn, Amerika ilə Rusya harada müharibə edirdi? Vyetnamda, Koreyada…

“Xilafətimizi bərpa eləməliyik…”

– İndi də Suriyada…

– İndi də Suriyada və İraqda. Türkiyə artıq inkişaf edərək milli dövlətdən qalxıb, elə bir səviyyəyə çatıb ki, bu bölgəsəl dövrə köçüb. Necə? Türkiyə dünyada 4-cü hərbi gücə malik dövlətdir. Amma dünyada nə qədər bölgəsəl dövlət var. Deməli, Türkiyə də avtomatik olaraq bölgəsəl dövlətdir. İqtisadiyyatına görə ilk 20 dövlətin cərgəsindədir. Deməli, iqtisadi gücünə görə də bölgəsəldir. Siyasi coğrafiyasına görə Türkiyəyə anoloji dövlət yoxdur. Deməli, siyasi coğrafiyasına görə də bölgəsəl bir gücə çevrilib. Bu baxımdan, bütün bu üstünlüklərini – iqtisadi gücünü, hərbi gücünü, geopolitikasını nəzərə alanda Türkiyə bir milli çərçivədə siyasət apara bilməz. İndi bəzən deyirlər ki, bütün bunlar Ərdoğanın başının altından çıxıb. Ay qardaşım, bu inkişaf Ərdoğanın vaxtında olduğuna görədir…

– Müəllifi odur da, təbii ki…

– O da indi bu siyasəti aparır. Məsələn, indi xilafətlə bağlı deyirlər… Xilafətlə bağlı fikirlərimə görə facebook-da məni söyürlər. Bu xilafəti kim məhv eləyib? Bu xilafəti I Dünya müharibəsində 35 xristian dövlət xilafəti də, Osmanlı imperiyasını da süquta uğratdılar. İslam ölkələri, İslam dövlətləri könüllü şəkildə xilafətdən imtina eləməyib ki?.. Əgər xilafəti xristianlar məhv eləyiblərsə, bu gün də xristianlar İslam ölkələri üçün təhlükə yaradırlarsa, biz nə etməliyik? Xilafətimizi bərpa eləməliyik də … Niyə avropalılar birləşib Avropa Birliyini yarada bilirlər, müsəlmanlar birləşib, Müsəlman Birliyi yaratmaq istəyəndə bu pis bir şey olur.

– Onda xəlifə kim olacaq?

– Hə, söhbət xəlifədən getmir ki, mən demişəm ki, modern üsulla. Avropa Birliyinin xəlifəsi kimdir?

– Yəni Avropa Birliyinin üsulları ilə? Bu modellə deyirsiniz?

– İslamın dəyərlərinə uyğun İslam xəritəsində olan dövlətləri götürüb, iqtisadi, hərbi gücü birləşdirmək olar. Məsələn, bir İslam dövləti yaradırıq, NATO kimi. Deyirsən ki, atom bombamız yoxdur. Pakistanın var. Pakistan da ordunun tərkibində olur. Atom bombamız var, silahımız var. O zaman sən mənim müsəlmanımı qıra bilməzsən ki. O zaman bilərsən ki, dalımda güclü ordu var, gələr sənin gözünü çıxarar. İndi parçalanmışıq. Qətər, İraq, Küvet bu boyda. O bunun başını əzir, o bunun başını əzir. Əfqanıstanı burada dağıdır, keçir Pakistanı dağıdır. Əgər biz burada vahid bir birlikdə olsaydıq, bütün bu hadisələr olardı?

– Yox, təbii ki… Osmanlıda olmurdu. Deməli, Sərdar bəy, biz tam axıra gəlib çatdıq, hələ vaxtımızdan da keçdi. Sizin haqqınızda təqdiredici fikirlər də var. Şəmsəddin Cami deyir ki, “Sərdar bəy sözünün çəkisi olan şəxsiyyətlərdəndir.” Məsud Hüseyn deyir ki, “Çox xahiş edirəm, mənim salamımı o kişiyə çatdır. Sərdar bəy əqidəli, qiymətli insan və liderdir”. Məhəmməd Talıblı bizim iqtisadçıdır. O yazır ki, “Maraqlı müsahibdir. Tam fərqli müsahibə alınacaq”. Sizə son bir sualı da verim. Namiq Salam yazır: “Prezidentliyə namizəd olanda aldığı 16 min səs ona necə təsir etdi?” Məhəmməd İmanlı da soruşur ki, “2013-cü il prezident seçkilərindəki fiaskodan sonra Sərdar bəy yenidən 2018-ci il seçkilərində namizəd olacaqmı? Özünü prezident kimi görürmü?”

– Əvvəla, mən bir qanuni seçkidə qanuni yolla bir adama uduzmuşamsa, həqiqətən məğlub olmuşam. Bir söz var: “Bir nəfər meydanda vuruşur, çoxlu xəncər zədələri alır, qan itirir, yerə yıxılır və son nəfəsində düşmənə son zərbəsini vurmaq istəyib vura bilmirsə, o, məğlub deyil, o, şəhiddir”. Qeyri-bərabər bir güclə qeyri-qanuni bir prosesdə mənim iştirakımın qələbə və məğlubiyyətini siz necə təyin eləyirsiniz ki? Mən oradan qalib çıxmışam. Niyə? Xalqımı düşündürən problemlərlə bağlı, həm o problemlərin səbəbləri – tənqid eləmirəm hökuməti. Çünki niyə? İl boyu tənqid edirəm. Mənə verilən fürsətdə xalqa həm də gələcəyə bir ümid göstərməliyəm ki, çıxış yolu nədir. Çünki əhalinin 90 faizi deyir ki, “mümkün deyil, biz bu vəziyyətdən çıxa bilmərik”. Mən orada birinci o çıxış yollarını göstərmişəm, bir də elə şeylər təklif etmişəm ki.. Azərbaycanda o təkliflərin bir çoxlarını indi həyata keçirməyə başlayıblar. Məsələn, ucuz evlər. İlk dəfə mən dedim, indi başlayıblar tikməyə. Fond yaradıblar. Gənclər üçün kvadratı 100 manata olan ucuz evlər tikməyə başlayıblar. Uşaq pulu təminatı. Evdar qadınlara iş stajının hesablanması. Mənim bu kimi sosial ideyalarımı hökumət götürüb, icra edirsə və bundan hansısa uzaq dağ kəndindəki Fatmanisə bəhrələnirsə, bu mənim qələbəmdir e, qardaşım. Guya iştirak eləməsəydim, oturub hökuməti söysəydim, o Fatmanisəyə nəsə çatacaqdı?

– 2018-ci prezident seçkilərində iştirak edəcəksiniz?

– O ki qaldı 2018-ci ilə… 2003-cü ildə də mən belə deyək, seçkilərdə iştirak etmək üçün “sino” getmirdim. Dedik, gəlin müxalifət birləşsin, bir namizəd verək. Axtardıq, aradıq, hətta gedib kiməsə dedik ki, gəl sən namizəd ol, alınmadı. Sonra da “Qarabağ” blokunda biz İqbal bəylə hesab elədik ki, əgər bütün müxalifət bir araya gələ bilmirsə, ən azı, efir vaxtını ikiqat istifadə eləyək. Yəni 5 dəqiqə mən, 5 dəqiqə də İqbal bəy, ümumilikdə 10 dəqiqə olsun. Getdik o cürə iştirak elədik. Hökumət tərəfindən 5 nəfər gəldi, bizim tərəfdən cəmi 3 nəfər oldu – Cəmil, İqbal bəy və mən. Ən azı, pis, yaxşı, İqbal bəyin taktikası bu idi ki, hökuməti tənqid eləsin, ifşa eləsin və təkliflərini versin. Mənim taktikam bu idi ki, heç kəsin ağlına gəlməyən və Azərbaycan xalqına çıxış yollarını göstərib, bəzi müqayisələr – yadına gələr, dövlət büdcələri, əhalinin sayı, gəlirləri müqayisə edirdim. Cəmil bəyin də missiyası ondan ibarət idi ki, iqtidarı ancaq ifşa eləsin. Prezidentliyə namizəd kimi proqramdan-zaddan danışmasın, ancaq bu iqtidarı ifşa eləsin. Üçümüzün bir yerdə apardığımız kampaniya faktiki olaraq, Azərbaycan müxalifətinin belə deyək, prezident seçkilərində vahid namizəd olardısa, onun təbliğatına bərabər oldu. İndi növbəti seçkilərdə, əgər müxalifət bir araya gələcəksə, bir vahid namizədlə seçkilərə qatılacaqsa, Azərbaycan Demokrat Partiyası (ADP) o namizədi birmənlı olaraq dəstəkləyəcək. Getməyəcəksə, belə deyək, bir çox partiyalar təklif edəcəklərsə ki, biz gedək, öz tərəfimizdən deyirik ki, biz güzəştə getməyə hazırıq. Namizədimizi verib gedəcəyik. Yox, bu olmayacaqsa, ADP ya öz namizədi ilə gedəcək, ya da seçkilərdə iştirak edəcək, amma namizədliklə bağlı yox.

– Kiməsə dəstək verəcək?

– Seçkilərin gedişinə nəzarət edəcək və s. O ki qaldı burada mənim haqqımda xoş söz yazan adamlara, əslinə baxanda məni dərindən tanımayan adamlar haqqımda xoş söz deyir. Məni dərindən tanımayan adamlar məni söyür. Məni tanıyan adamlar isə facebook-da heç belə sözlər yazmazlar, yazmırlar da… Məsələn, mənim elmlə məşğul olmağım. Mənim medinstitutda bir yerdə oxuduğum tələbə-həkim yoldaşlarımın hamısı təəssüflə deyirlər ki, Azərbaycan səhiyyəsi sənin simanda çox gözəl bir həkimi itirdi. Elm sahəsində məni tanıyan insanlar deyirlər ki, siyasət səni elmdən uzaqlaşdırdı. Məni yaxından tanıyanlar bilir. Mən çalışmışam ki… Bu adamlar haqqımda nə üçün belə nəticə çıxarırlar. Haqqımda acı-acı sözlər işlədirlər, söyüş yazırlar ki, ay hökumətə belə işləyir və s? Mən həmişə bir misal çəkirəm – bununla da danışığımı bitirəcəm. Bir dənə 5 mərtəbəli bina təsvir eləyin. Onun zirzəmisi də var. 5 nəfəri yerləşdirin bu binanın bütün mərtəbələrinə və zirzəmiyə, deyin ki, “baxın, nə görürsünüz?” Bu 5 nəfər baxmayaraq ki eyni binadadırlar, baxmayaraq ki eyni istiqamətə baxırlar, 5-nin də gördüyü bir-birindən fərqli şeylər olacaq. Niyə? Çünki durduqları səviyyələr fərqlidir. Partiya lideri 5-ci mərtəbədən baxır. Uzaqda da dəniz görür. Podvalda oturan sadə adam isə deyir ki, “qardaşım, 4 divardır, işıq da gəlmir, sən nədən danışırsan gic-gic, dəniz haradadır?” Bu, o demək deyil ki, 5-ci mərtəbədəki adam yanlış deyir. Bu, o deməkdir ki, “podval”da oturan adam başa düşmür ki, o, “podval”da oturub. Onun şüuru məhduddur, məlumatı azdır, əlaqələri azdır. Öz xalqını, millətini gözləyən təhlükələrdən xəbəri yoxdur. Hadisələri proqnozlaşdırmaq imkanı yoxdur. Öz üzərində işləmir, kitab oxumur, dünyada baş verən hadisələrdən məlumatı yoxdur. Bütün bunlardan xəbərsizdir. O elə bilir ki, baxmaqla görmək mümkündür. Deyir ki, “bəs sən deyənləri mən niyə görmürəm. Sən görürsən, mən görmürəm”. Bir şeyi bilmək lazımdır. Baxmaqla görmək fərqli şeylərdir. Şerlok Holms doktor Vatsona deyir ki, “Sən Frankliyə diqqət elə”. O da deyir ki, “hə, gördüm”. Deyir, “Yox, mən sənə deyirəm ki, diqqət et!” Deyir, “axı nə fərqi var, gördüm də…” Soruşur ki, “sən bizim evə neçə dəfə gedib gəlmisən?” Deyir, “10 min dəfə” Soruşur ki, “bizim evin neçə pilləsi var?” Deyir, “saymamışam, diqqət eləməmişəm”. Deyir ki, “Gördün, baxmaqla görməyin arasında 10 min fərqi var? Bir dəfə diqqət eləsəydin, görərdin ki, 10 pilləsi var. Amma 10 min dəfə gəlmisən, bilmirsən ki, neçə pilləsi var”. Bizim Azərbaycan vətəndaşları diqqət eləmirlər. Mən siyasətçiyəm. Mən diqqət eləyirəm. Onların gördüyü ilə mənim gördüyüm fərqlidir. Mən eyni şeyi görmürəm. Mənə bəzən onların gördükləri təəccüblü gəlir. Mitinq belə gəldi, filan lider belədir. Mənə təəccüblü gəlir ki, bu adam nə görür bunda. Fikrim çatır?

– Bəli.

– Mən də təəccüblənirəm onların dediklərinə ki, “siyasətdən niyə getmirsən? Sən eləsən, sən beləsən…” Mənə də onların dedikləri qəribə gəlir ki, bunlar necə görürlər? Axı bir şeyi bilməlidirlər ki, mənim keçdiyim həyat yolu, təcrübəm, biliyim, savadım, mütaliəm, mənə daxil olan informasiyaların heç biri onlarla müqayisə olunmaz dərəcədədir. Ona görə mən fərqli qərar qəbul eləməliyəm. Bu qərar həmişə onların qərarlarından fərqli olacaq. Ona görə də söymək lazım deyil, düşünmək lazımdır ki, nəyə görə, Sərdar bəy nə bilir deyir ki, indi mitinqlərə ehtiyac yoxdur. Sərdar bəy niyə deyir ki, məsələn, indi hökuməti dəstəkləmək lazımdır. İndi filan şeyi belə eləmək lazımdır. Mən indi Azərbaycanda ailəsində şəhid olan – iki şəhidim var, qardaşım da, özüm də dəfələrlə həbsxanalarda olmuşam, işgəncələrə məruz qalmışam, bu hökuməti 4 dəfə Avropa məhkəməsində məğlub edən bir adamam. Mənim üçün Elçibəyin də vaxtında nazir olmaq imkanım olub, Heydər Əliyev də bizə vəzifə təklif eləyib. Vəzifə deyilən bir şeydə mənim gözüm olmayıb. Mənim dostlarım deyirlər ki, “sən necə adamsan, elə bil ki, bu şeylərin sənin üçün fərqi yoxdur”. Mən bu şeylərin üstündə vuruşmaq istəmirəm. Vuruşmaq istəmədiyimə görə adamlar məni yanlış başa düşür. Fikrim çatdı, nə demək istəyirəm?

– Bəli.

– Adam var ki, ona bir icra başçısı vəzifəsini verərsən, dədəsini danar.

– Heydər Əliyev sizə vəzifə təklif eləmişdi?

– Əlbəttə…

– Nə vəzifəsi, Sərdar bəy?

– İndi o danışıqlar öz aramızda olan şeydir.

– Məsələn?

– Demişdi ki, gəlsin nazir postu verim. Qurbana (Qurban Məmmədov) da, mənə də. 1993-cü ildə hər ikimizə nazir vəzifəsi təklif etmişdi. Biz dedik ki, yox, müxalifətdə qalacağıq… Elə Naxçıvanda da mənə vəzifə təklif elədi, mən getmədim.

– Naxçıvanda?

– Bəli, Naxçıvan Ali Məclisinin sədri olanda…

– Siz 2013-cü il prezident seçkilərində İlham Əliyevi təbrik elədiniz?

– Yox.

– Çox təşəkkür edirəm.

– Sağ olun. İndi qeyri-rəsmi deyim də… Bilirsən, Azərbaycan siyasətçiləri…

– 2 saat bir nəfəsə getdi.

SON

P.S. Danko öz xalqını azmış meşədən çıxarmaq üçün ürəyini çıxarıb, əlinə alır və yolu işıqlandırır ki, xalqı meşədə azıb qurd-quşa yem olmasın. Bir müddət sonra onun tutduğu işıqla xalq meşədən çıxır. Son məqamda Danko artıq dayana bilmir və yerə yıxılır. Adamlar baxırlar ki, Dankonun ürəyi qığılcım saçır. Deyirlər ki, “bu qığılcım meşəni yandıra bilər”. Halbuki bayaqdan həmin meşə onların həyatına son qoyacaqdı. Beləcə, təpiklə basıb Dankonun ürəyini tamamilə söndürürlər ki, o qığılcımlar bayaq azdıqları meşəni yandırmasın. Azərbaycan vətəndaşlarının da Azərbaycan liderlərinə münasibəti Dankonun xalqının ona olan münasibətindən fərqlənmir – onu biləsən.

Əvəz Zeynallı

Strateq.az, Xural.com

 


loading...




Fikrinizi bildirin