“MƏNƏ CİNAYƏTKAR DEMƏYƏ ÜZÜNÜZ DƏ VAR?…” – Hüseyn Abdullayev

Dərc olunub: 25/10/2017 - 10:43

“Mənə qarşı vahimə hissi yaratmağa can atmayın!”

Hazırda Almaniyada yaşayan sabiq deputat, tanınmış bəstəkar Hüseyn Abdullayev 2018-ci ilin prezident seçkilərinə hansı pltaforma ilə qatılacağını yaxın vaxtlarda ictimaiyyətə açıqlayacağını bildirərək, hakimiyyəti onun əleyhinə kampaniya aparmaqdan çəkinməyə və dəlillərlə danışmağa çağırıb.

Strateq.az xəbəbr verir ki, bu haqda Hüseyn Abdullayev bu gün özünün facebook səhifəsində yazdığı qeydlərində bildirirb.

Hüseyn Abdullayev yazıb: “Mən gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədliyimi irəli sürmək niyyətindəyəm. Və təbii olaraq, yaxın vaxtlarda öz platformamı, fikirlərimi və avtobioqrafiyamı ictimaiyyətə təqdim etməyi düşünürəm. Lakin bu gün mən həm sizləri, həm də yüz minlərlə Azərbaycan vətəndaşını narahat edən və insanda, sözün əsl mənasında ikrah hissi doğuran bir məsələyə toxunmaq istəyirəm. Deməli, üç ilə yaxındır ki, ölkəmizi dərin iqtisadi böhranla üz- üzə qoyan, Azərbaycan dövlətini faktiki olaraq, defolt həddinə çatdıran, öz səriştəsiz fəaliyyəti ilə bütün sferaları bərbad və iflic vəziyyətə salan hakimiyyət, büdcə kəsirini imkansız və ehtiyac içində boğulan sadə vətəndaşların hesabına bağlamağa çalışır. Görəsən, bir hakimiyyət nə qədər öz millətinə qarşı biganə olmalıdır ki, dönüb təkrar-təkrar bu cür üsullara əl atsın?”

Daha sonra Hüseyn Abdullayev, onun seçkilərə qatılmaq istəyinə Azərbaycanda bəzi hökumətyönlü mətbuat orqanlarında “Quldur Azərbaycan prezidenti olmaq istəyir” başlığıyla verilmiş yazılara da münasibət bildirib və hakimiyyəti dəlillərlə danışmağa səsləyib:”Mən heç cür anlaya bilmirəm. Ölkə büdcəsinə milyardların axdığı zaman və bu vəsaitləri dağıdaraq kral kimi “şellənən” siz, vəziyyət pisləşəndə isə öz uşağının boğazından kəsib budcə açığını bağlamağa məcbur edilən yoxsul xalq olsun? Bu, nə cür ədalətdir, bu, nə antixalq siyasətidir aparılır belə? Hələ bu rüsvayçılıqdan sonra mənə cinayətkar deməyə üzünüz də var? İctimaiyyətə “bandit prezident olmaq istəyir” deyirsiniz. Bəyəm, banditlik edib ölkəyə idxal olunan bütün strateji mallara monopoliya tətbiq edən mənəm, yoxsa vəzifədəki oliqarxlar? Məni iqtisadi cinayətlərdə günahlandırıb, vergi qaçaqçısı olduğumu deyirsiniz. Məgər, uzun illərdir vergidən qaçıb, sözdə “Azərbaycan xalqına aiddir” deyilən dövlət büdcəsinə milyardlarla ziyan vuran mənəm, yoxsa kimlərinsə şirkətləri?”

Hazırda Almaniyada yaşadığını, buna baxmayaraq, Azərbaycan vətəndaşı olaraq qaldığını xatırladan Hüseyn Abdullayev seçkiyə qatılmağın onun hüququ olduğunu vurğulayıb: “2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak etməyə sizdən daha çox haqqım və hüququm var. Əgər sizin əlinizdə mənimlə bağlı hansısa faktlar, yaxud da hüquqa və arqumentlərə söykənən dəlillər varsa, buyurun, qoyun ortalığa… Yox, əgər bunu edə bilmirsinizsə, mətbuatda mənə qarşı vahimə hissi yaratmağa can atmayın! Artıq camaat siz düşündüyünüz qədər də avam deyil və kimin kim olduğunu sizdən daha yaxşı bilir”.

Hakimiyyətin vergi və gömrük siyasətini sərt tənqid edən Hüseyn Abdullayev sahibkarlara üz tutaraq, vəd edib ki, prezident seçiləcəyi halda, bu sistemdə mövcud olan bütün xoşagəlməzliklərə son qoyacaq: “Dövlət üçün xüsusi önəm daşıyan vergi və gömrük sistemində qayda-qanun yaratmadan, heç bir uğurlu inkişafdan və güclü iqtisadiyyatdan danışmaq mümkün deyil”.

Ən böyük arzularından birinin Azərbaycanı Almaniya modelli, yəni, parlament respublikası kimi görmək olduğunu vurğulayan Hüseyn Abdullayev yekunda qeyd edib: “Bütün demokratik düşüncəli soydaşlarıma bildirirəm ki, prezident seçildiyim təqdirdə, ilk işim parlament üsulu ilə idarəetmə sisteminə təkan vermək olacaqdır. Eyni zamanda mən inanıram və əminəm ki, gün gələcək, Ana Yurdumuz Azərbaycanda azad və demokratik seçkilər keçiriləcək, parlament kürsülərində təyin olunanlar yox, doğurdan da öz bölgəsini və seçicilərini təmsil etməyə layiq övladlar oturacaq. İnşallah. Məhz bu yolla bizlər bir araya gələr, öz milli sənayemizi yaradar və çoxşaxəli istehsal sahələrini artıraraq, güclü bir iqtisadiyyata sahib ola bilərik”.


loading...




Fikrinizi bildirin