RƏSUL QULİYEV YENİDƏN HAKİMİYYƏTLƏ DANIŞIQLAR APARIR?! - Telman Quliyev yenidən səhnədə
Qardaşının İlham Əliyevi dəstəkləməsi ACP liderinin son aylardakı fəaliyyətinin məntiqi sonluğudurmu?
Eks-spiker, ACP lideri Rəsul Quliyevin qardaşı Telman Quliyev bu gün İlham Əliyevi dəstəklədiyini bəyan edib. T.Quliyev "Bakı-xəbər" qəzetində "Mən İlham Əliyevi niyə Azərbaycan xalqının ən uğurlu seçimi sayıram?" başlıqlı yazı dərc etdirərək hazırkı dövlət başçısını dəstəklədiyini ifadə edib. ACP liderinin böyük qardaşı şablon, YAP təbliğatının dilindən götürülmüş cümlələrlə İlham Əliyevin uğurlarını əsaslandırmağa çalışıb, sonda qarşıdan gələn seçkilərdə xalqın ona səs verəcəyini qeyd edib.
"Xalqımız əmindir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə tezliklə torpaqlarımız erməni işğalçılarından təmizlənəcək. Bu işdə xalqımız dövlət başçısına hər zaman dəstək verib və oktyabrın 9-da bu dəstəyi bir daha nümayiş etdirəcək. Mən inanıram ki, müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyev siyasətinin davam etməsi, ölkəmizin daha da inkişaf etməsi üçün xalqımız növbəti dəfə də Prezident İlham Əliyevə səs verəcək. Bu vacib məsələ bu gün bizim, hər bir Azərbaycan vətəndaşının bilavasitə vətəndaşlıq borcudur" - Telman Quliyevin məqaləsi bu fikirlərlə bitir.
Lakin Rəsul Quliyevin özünün son 1 aydakı bəzi davranışları fonunda qardaşının İlham Əliyevin müdafiəsinə qalxması faktı bəzi düşüncələrə yol açır. ACP lideri son vaxtlar bütün gücünü sərf edir ki, Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçkilərdə heç bir şansı olmadığını təlqin etsin. Dönə-dönə təkrarlayır ki, Cəmil Həsənli prezident ola bilməz, Azərbaycan xalqı ona səs verməyəcək və sairə. Hətta bir ara daha da irəli gedərək Cəmil Həsənlinin müxalifətçiliyini də şübhə altına aldı. R.Quliyev bu istiqamətdəki fəaliyyətini indi də var gücü ilə davam elətdirir. Lakin C.Həsənlini pislədiyi halda xalqa heç bir çıxış yolunu göstərmir. Yəni açıq şəkildə hakimiyyətin "əlinə oynayır!
Cəmil Həsənli qəhramancasına hakimiyyətin, İlham Əliyevin üzərinə yürüdüyü halda R.Quliyevin belə müəmmalı, xəyanətkar mövqeyindən sonra qardaşının İlham Əliyevi dəstəkləyən bəyanatla çıxış etməsi təsadüfdürmü? Fikrimizcə, xeyir! R.Quliyevin mövqeyindəki bu dönüklüklə qardaşının bəyanatı arasında birbaşa əlaqə var.
Məsələ ondadır ki, Telman Quliyev hər zaman Rəsul Quliyevlə hakimiyyət arasında əsas vasitəçi olub. Məsələn, 2008-ci ilin prezident seçkiləri ərəfəsində ACP-nin İlham Əliyevi dəstəkləməsinin əsas səbəbkarı elə Telman Quliyev olmuşdu. T.Quliyev bir general vasitəsilə hakimiyyətlə danışıq apardıqdan sonra qardaşını inandıra bilmişdi ki, o bir addım atacağı halda hakimiyyət iki addım atmağa hazırdır. Ona görə də mütləq İlham Əliyevi dəstəkləmək barədə qərar vermək lazımdır. R.Quliyev isə qardaşının bu vədinə çox da inanmasa da siyasi iradəsizlik nümayiş etdirərək ACP-nin İlham Əliyevi dəstəkləmək barədə qərar verməsinə razılıq vermişdi. ACP-dəki bəzi fürsətçil, səbatsız insanlar isə Rəsul Quliyevlə hakimiyyətin barışığından əldə edəcəkləri qazancın eşqilə tələm-tələsik, sonrasını fikirləşmədən bu siyasi avantüraya imza atdılar. ACP-nin belə biabırçılığa yuvarlanmasına etiraz edən tərəfdarlarını isə, R.Quliyev inandırmağa cəhd etmişdi ki, bir neçə aydan sonra ACP-nin qərarı heç kimin yadında qalmayacaq. Lakin belə görünür ki, həmin vaxt hakimiyyət R.Quliyevi aldatdı. Hətta ACP liderinin Bakıdakı bəzi əmlaklarını Heydər Əliyev Fonduna bağışlamasının da xeyiri olmadı. Ona görə də bir neçə il sonra R.Quliyev daha radikal çıxışlarla yenidən meydana çıxdı. Bu bir qisas əməliyyatı idi, yoxsa yeni missiya, bu barədə indi danışmaq hələ tezdir.
Keçmişdəki bu "təcrübəni" nəzərə alsaq, R.Quliyevin yenidən hakimiyyətlə danışıqlar içində olduğunu istisna etməməliyik. ACP liderinin müəmmalı mövqeyi, qardaşının bu günkü bəyanatı, ACP-nin həlledici məqamda "əriyib yoxa çıxması" və digər faktlar bunun göstəricisidir.
Rasim ƏLİYEV
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.