BAKIDA KÖHNƏ BİNALAR GÖYDƏLƏNLƏRLƏ ƏVƏZLƏNİR - Mənzillərin qiymətləri düşəcək

Bir neçə aydır ki, qəzalı vəziyyətdə olan köhnə 2-3 mərtəbəli binaların söküntüsü başlanılıb. Əksər binaların sakinləri də artıq köçürülüb. Söküntü işlərinin gedişi, insanların problemləri ilə maraqlanmaq üçün söküntü işlərinin həyata keçirildiyi yerlərdən birinə - Nərimanov rayonuna baş çəkdik.

Rayonun Firdovsi Məmmədov küçəsi 5, 8, 12-də artıq söküntü işləri demək olar ki, yekunlaşmaq üzrə idi. Əhali buradan köçürülüb. Aldığımız məlumatlara görə, köhnə evlərin yerinə bina tikəcək şirkət bina sakinlərinin müvəqqəti kirayə çıxması üçün aylıq pul da verir. Belə ki, kirayə pulu evin otaqlarının sayına görə dəyişir. Məsələn, bir otaqlı mənzili olan insanlara aylıq kirayə pulu 300 manat, 2 otaqlılara isə 400 manat verilir. Bu pullar açılmış hesablara (karta) köçürülür.

Firdovsi Məmmədov 10-da 2 mərtəbəli köhnə binanın sakinləri isə gözləri yolda evlərinin söküləcəyi vaxtı gözləyir. Artıq bu bina ilə üzbəüz, yolun qarşı tərəfindəki evlər uçurulub. Bu ərazidən keçərkən insanda qəribə bir təəssürat yaranır. Yolun bir tərəfində yaşayış tamamilə yoxdur, bina uçuq sökük, dağıntı işləri gedir, digər tərəfində isə yaşayış hökm sürür.

F.Məmmədov-10-un sakinləri musavat.com-a bildiriblər ki,  artıq bir neçə ildir ki, evlərinin söküləcəyi ilə bağlı söhbətlər gedir. Evləriniin kvadratmetrinə uyğun yeni tikilən binadan onlara ev verəcəklər.

Sakinlərdən evlərinin əvəzinə kvadrata görə pul təklif olunub-olunmadığını soruşduqda isə onlar belə bir söhbətin olmadığını dedi: “Bizə bu barədə heç nə deməyiblər. Yalnız burada tikilən binadan ev verəcəklərini deyiblər. Əgər kvadrata görə pul təklif etsələr belə, biz razılaşmarıq. Çünki 30 kvadratlıq evə nə pul düşəcək ki? Mən o pula necə ev ala bilərəm?”

Qeyd edək ki, tikiləcək binada mənzillər tam təmirli olacaq. Sabunçu rayonunda artıq bir bina təhvil verilib.  Baş nazirin müavini Abid Şərifov “Xəzər Xəbər”ə açıqlamasında digər binaların təhvil veriləcəyi vaxtı da açıqlayıb. Nazirin müavininin sözlərinə görə, pilot layihə çərçivəsində artıq 1726 qəzalı vəziyyətdə olan tikili sökülüb. Bu binalarda yaşayan 3436 ailə isə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün müvəqqəti olaraq köçürülüb. Abid Şəriov bu layihənin köhnə tikililərin yerində çoxmərtəbəli bina tikən iş adamlarının da xeyrinə olduğunu deyib. Onların ayrı-ayrı qurumlara müraciət edib əlavə vaxt itkisindən azad olduqlarını bildirib. Tikinti prosesi zamanı köçürülən əhali yaşayış yeri ilə təmin olunur. Proses tamamlandıqdan sonra onlar sahəsi əvvəlkindən daha böyük olan və tam təmirli evlərlə təmin olunacaqlar.

Baş nazirin müavini yeni görkəm alan “Sovetski” adlanan ərazi ilə bağlı da danışıb. O, birinci mərhələdə işlərin uğurla yekunlaşdığını qeyd edib. Az sahəli evlərdə yaşayan insanların tikilən 2 doqquzmərtəbəli binada mənzillərlə təmin olunduqlarını bildirib. Abid Şərifovun sözlərinə görə, layihə böyük vəsait tələb etdiyindən, işlər mərhələli şəkildə həyata keçirilir. Baş nazirin müavini layihənin növbəti mərhələsi kimi “Xutor” adlanan ərazidəki evlərin söküləcəyini də açıqlayıb.

Qeyd edək ki, sökülən evlərin yerinə müxtəlif şirkətlər tərəfindən tikiləcək binalara burada yaşayan insanlar yerləşdirildikdən sonra digər boş qalan mənzillər satışa çıxarılacaq. Maraqlıdır, bu mənzillərin satış şərtləri evsiz gənclərin təminatını ödəyə biləcəkmi? Yoxsa bahalığına görə digərləri kimi boş qalacaq?

Image result for İqtisadçı ekspert Rəşad Həsənov

İqtisadçı ekspert Rəşad Həsənov musavat.com-a bildirib ki, qiymətlərin aşağı düşməsinə müəyyən şərait yarana biləcəyini dedi: “Bu layihə dövlət tərəfindən hazırlansa da, məqsəd infrastrukturun və mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı binalarda yaşayan vətəndaşların sayının azaldılması, bu binaların ümumi istismardan kənarlaşdırılması olsa da, prosesin birbaşa iştirakçıları özəl sektor subyektləridir. Onların bu layihədə iştirakının məqsədi gəlir əldə etməkdir. Bu layihə sosial layihə deyil. Söküntü xərcləri və s. bütövlükdə götürəndə ərazidə işləyən şirkətin xərcləri daxilindədir. Bu baxımdan da şirkət özü bazar qiymətinə uyğun olaraq mənzilin qiymətini formalaşdırmaqda müstəqildir. Qiymətlərə heç bir halda dövlət tərəfindən müdaxilə edilməyəcək. Son nəticədə bazarda ən yaxşı halda təklif edilən mənzil sayını artırmaqla, vətəndaşın zəif alıcılığı fonunda qiymətlərin aşağı düşməsinə müəyyən şərait yarada bilər. Amma o da məlumdur ki, bir sıra hallarda Azərbaycan tikinti sektorunda fəaliyyət göstərən şirkətlər inhisarçı mövqeyə sahibdirlər. Onlar bu imkanlardan istifadə edərək qiymətləri bazarın tələbinə uyğun birmənalı dinamika nümayiş etdirməsinə müəyyən qədər önləyə bilirlər. Amma bütün bunlara baxmayaraq bazar konyukturu hər zaman əsasdır və son sözü o deyir”.

Gənclər üçün güzəştli mənzil məsələsinə gəlincə isə R.Həsənov bu məsələlərin nəzərə alınmasının vacib olduğunu dedi: “Bu istiqamətdə 2018-ci ildə dövlət büdcəsindən 250 milyon vəsaitin ayrılması nəzərdə tutulub. Bu, 2017-ci illə müqayisədə təxminən 66 faiz yaxud da 100 milyon artıqdır. Bu da deməyə əsas verir ki, gələn il bu layihələrin həyata keçirilməsi prosesi sürətlənməklə bazara təklif ediləcək mənzillərin sayında artım gözlənilə bilər. Bu da şərtlərin müəyyən qədər yumşaldılması, eyni zamanda güzəştlərdən istifadə hüququ olan sosial qrupların sayının artırılması yolu ilə gənclərin bu prosesdə iştirakına müsbət bir şərait formalaşa bilər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar