BİR DOSTLUĞUN CƏFASI

Ələmdar Məmmədov,

keçmiş prokuror

Sirr deyil ki, hüquq mühafizə orqanlarında idarəçilik mənafeyindən irəli gələn qısqanclıq hissi həmişə olub. Bu milisin adamıdır, o prokurorun adamıdır, biri də KQB (DTK)-nin adamıdır və s.

Masallının Ərkivan kəndində Əli adlı “Moskviç” maşın ustası var idi. O, 60-cı illərdən sənətkar kimi məşhur idi. Ona görə də ona “Moskviç Əli” deyirdilər. Oğlanları Yavər və Aydına da öz sənətini öyrətmişdi. Həyətində maşın təmiri üçün guşə düzəltmişdi. Prokurorluğun xidməti “Moskviç-412” markalı maşınını da lazım olanda o, təmir edirdi. Sıravi milis işçilərindən heç vaxt xidmət pulu almazdı. Oğlu Yavər prokurorluq işçilərinin qulluğunda durardı. Xidməti işlə əlaqədar qonşu rayonlara, hətta Bakı şəhərinə gedəndə, öz şəxsi maşını ilə onları aparardı. Bir sözlə, zəhmətkeş və xeyirxah ailə idi.

1980-ci ilin avqust ayında rayon prokuroru məzuniyyətdə olduğu üçün onu əvəz edirdim. Bir gün prokurorluğun sürücüsü Surxay həyəcanlı halda otağıma girərək dedi: "OBOXEİSLƏR (SƏDM əməkdaşları) Əli kişinin sexini bağlayıb, özünü də milis şöbəsinə aparıblar". Milis rəisinə zəng etdim. O, “Möhtəkirliklə mübarizə tədbirlərini daha da gücləndirmək haqqında” Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin birgə qərarını mənə xatırlatdı. Mən də ona ironiya ilə Masallıda Əli kişidən başqa doğurdan da alverçi olmadığını xatırlatdım...

Axşamüstü rəis, SƏDM bölməsinin rəisi və istintaq bölməsinin baş müstəntiqi Fərhad Nəbiyev Əli kişinin haqqında həbs qəti-imkan tədbiri seçilməsi barədə qərarla yanıma gəldilər. Mən həbsə icazə vermədim. Bir gün sonra baş müstəntiq F.Nəbiyev otağıma gəlib bildirdi ki, Sizin yanınızdan çıxandan sonra qərara gəldik ki, Əli kişiyə CM-nin 153-cü maddəsinin 1-ci hissəsi ilə ittiham elan edək və barəsində “Şəxsi iltizam” qəti-imkan tədbiri seçək. Mən razılaşdım. Təxminən 15 gün sonra rayon prokuroru məzuniyyətdən qayıtdı. İşə çıxan günü Əli kişinin əməli CM-nın 153-cü maddəsinin 2-ci hissəsinə (külli miqdarda alver) tövsif edildi və barəsində həbs qəti-imkan tədbiri seçildi. Rayon prokuroru Nurəddin Orucov uzun müddət müstəntiq, mühim işlər üzrə müstəntiq vəzifələrində işləmişdi, 5 ay idi ki, rayon prokuroru vəzifəsinə təyin olunmuşdu. O, yüksək təşkilatçılıq qabiliyyətinə malik, cinayətkarlığa qarşı mübarizədə qətiyyətli adam idi. Çoxşaxəli prokuror nəzarəti sahəsində təzə olduğuna görə, ilk dövrlərdə bəziləri onun “mübarizliyindən” sui-istifadə edirdilər. Əli kişini ona “mafioz element” kimi təqdim etmişdilər. Halbuki, Əli kişinin yeganə təqsiri oğlu Yavərin prokurorluq işçiləri ilə dost olmasında idi.

Həmin gün axşam RPK-də keçirilən müşavirədə milis rəisi cinayətkarlıqla ciddi mübarizə apardıqlarını, lakin bəzi çiyindaşların bu işə mane olduğunu bildirdi. Sonra o Əli kişinin məsələsinə toxundu. Həyətindən bir kuzov maşın hissələri götürülmüş Əli adlı alverçi 15 gün idi ki, azadlıqda gəzirdi. Yaxşı ki, rayon prokuroru prinsipiallıq göstərərək, bu gün onu həbsə aldı. Rayon prokuroru da cıxışında bu məsələyə toxundu. Cinayətkarlıqla mübarizədə hamının bir nöqtəyə vurmalı olduğunu, xüsusi pafosla vurğuladı. Hər ikisi Əli kişinin haqqında danışarkən mənə baxırdılar. Bununla da məni, necə deyərlər, zorla döşək üzərinə çıxartdılar. Doğru ilə yalanın, xeyirlə şərin, mərhəmətlə qəddarlığın, Davudla Qoliafın savaşı başladı. Əlimdəki sapand ədalətə söykənən ictimai rəy, daşlar isə könüllülərin gətirdikləri qiymətli məlumatlar idi. Daşı sapanda qoyub sərrast atmaq qalırdı.

Əvvəla Əli kişinin həyətindən götürülən maşın hissələrinin 95%-i istifadəyə yararsız idi. Dəyəri olmadığına görə əmtəə sayılmır, deməli, alver predmeti ola bilməzdi. İkincisi, müharibə iştirakçısı Əli kişinin 61 yaşı var idi. Onun həbsə alınması rayonda aydın səmada göy gurultusunu xatırladırdı. Ümumiyyətlə, bu həbs qərarı onsuz da zəif imicli insanlara qarşı ikrah hissi yaradırdı.

Masallılılar öz qanuni hüquqlarını qorumağı bacarırlar. Mənə görə Əli kişinin işində bir dənə də olsun şikayət ərizəsi yox idi. Səhərisi günü onun ailə üzvüləri, qohumları və həmkəndliləri müxtəlif ünvanlara şikayət etməyə başladılar. Əli kişi mənim sifarişimlə prokurora müdafiəçi ilə təmin edilməsi barədə ərizə ilə müraciət etdi. Onun vəsadəti təmin edilmədi. Mən tələbə yoldaşım, savadlı və artıq vəkillikdə ad-san qazanmış Firuz Əliyevə zəng etdim. Ondan istintaqın gedişində Əli kişinin müdafiəsini öhdəsinə götürməsini xahiş etdim. Bir neçə gündən sonra Firuz gəldi və işinə başladı.

Əli kişinin həbsdə olduğu 40 gün ərzində rayon milis şöbəsinə gizlətmə faktları ilə əlaqədar çoxlu müraciətlər olundu. Həmin müddətdə əvvəllər qeydə alınmamış, gizlədilmiş 6-7 fakt üzrə cinayət işi başlanıldı. Kənd məktəblərinin birində odlu silahın yoxa çıxması faktı müəyyən edildi. CM-nin 220-1 maddəsi ilə (odlu silahın oğurlanması) və bu hadisənin gizlədilməsi ilə əlaqədar CM-nın 167-ci maddəsinin 2-ci hissəsi ilə (vəzifədən sui-istifadə) cinayət işi başlanıldı. Ədalət naminə demək lazımdır ki, rayon prokuroru bu məsələdə tərəfsiz mövqe tuturdu.

Nəhayət, Əli kişinin işi məhkəməyə göndərildi. Firuz Əliyevin vəsadəti üzrə mütəxəssislərin iştirakı ilə maşın hissələrinə baxış keçirildi. Bir dənə də olsun təzə, satış üçün yararlı hissə tapılmadı. Hətta 5% təzə hissələr də pas atmışdı (Sonralar məlum oldu ki, sıravi milis nəfərləri gecə yarısından sonra milis şöbəsində qarajın bir küncündə yığılıb saxlanılan maşın hissələrinin üstünə bir-iki vedrə su tökürlərmiş.). Hakim, məhkəmə sədri Abbas Quliyev Əli kişinin haqqında bəraət hökmü çıxartmaq qərarına gəldi.

Mən prokurorun rəis, müstəntiq və SƏDM əməkdaşını necə məzəmmət etdiyini, onların Abbas müəllimə yalvardıqlarının şahidi oldum. Uzun müzakirələrdən sonra Əli kişinin əməli CM-nin 153-cu maddəsinin 1-ci hissəsinə tövsif olundu. Onun cəzası şərti hesab edildi. Əli kişinin məhkəmə zalında həbsdən buraxılmasını camaat coşqu ilə qarşıladı. Ədalət qalıb gəldi. Yavər haqlı olaraq bir daha prokururluq işçilərinin qulluğunda durmadı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar