Əli Əhmədovun “yeni texnologiya” ilə seçki keçirməkliyi

YAP icra aparatının rəhbəri Əli Əhmədov mətbuata verdiyi açıqlamada növbəti prezident seçkilərində yeni texnoloji və texniki vasitələrdən istifadə edəcəklərini və bu qayda ilə ölkədə “ədalətli”, “şəffaf”, “bərabər” seçki keçirəcəklərini bəyan edib. Bəli, iyirmi ildən artıqdır ki, davam edən standart yalanlar yeni formatda təqdim olunur və xalqın başının altına yastıq, beynəlxalq təşkilatların gözünə kül üfürmək siyasəti işə salınır.

Bütün srukturları aldatmaq, atmaq, fırıldaq gəlmək, millətin səsini oğurlamaq üzrə formalaşan bir hakimiyyətin, ənənəvi olaraq tətbiq etdiyi total saxtakarlığı buraxıb da bu seçkilərdə hansısa yeni texniki və texnoloji vasitələrdən istifadə etməsi çox bayağı görünmürmü? Burada söhbət aldatmağın, kələk gəlməyin, rəqibləri sıradan çıxarmağın, topa bülletenləri qutuya tullamağın, seçki kampaniyasına ayrılan müddətin hakim partiyanın mənafeyinə uyğun qurulmanın texnologiyasından söhbət gedə bilər ki, bunu da seçki texnologiyası deyil, seçki maxinasiyası kimi dəyərləndirmək daha düzgün olardı.

Hansı texnoloji yeniliklərdən, hansı texniki nailiyyətlərdən söhbət getdiyinin fərqində olanlar yaxşı bilir ki, bu hakimiyyətin güvəndiyi, tətbiq etdiyi bir metod varsa, o da seçkilərin nəticələrini total şəkildə öz xeyrlərinə saxtalaşdırmaq və nəyin bahasına olursa olsun öz istismarçı hakimiyyətlərinin ömrünü uzatmaqdır.

Ə.Əhmədov iqtidarın möhtəşəm seçki hazırlığı, namizədlərinin bütün alternativlərdən üstünlüyü baradə laflar edir və müxalif qüvvələrin bəri başdan uğursuzluğa düçar olması fikrini cəmiyyətə təlqin edir. Biriləri hələ də anlamaq istəmir ki, müxalifəti olmayan iqtidar dünyada normal qəbul edilmir və bir ölkədə ki, müxalifət adına qüvvə yoxdursa bu fakt həmin ölkə yönətiminin gücündən deyil, qeyri demokratikliyindən xəbər verir.

Azərbaycanda qeyri-demokratik bir hakimiyyət var və o, bütün gücü və resursları ilə demokratik qüvvələrə qarşı dirəniş göstərir. Artıq o həddə çatıb ki, Avropa təşkilatları bunların əlindən bezar olub və onlar seçkiləri müşahidə etməkdən belə geri durmağa başlayıb. Bu faktı öz nailiyyətləri kimi anlayan iqtidar beynəlxalq təşkilatların müşahidədən imtina etməsini Azərbaycanda demokratiyanın qələbəsi kimi dəyərləndirməyə cəhd edirlər. Amma sual olunur, demokratiyaya münasibətdə bir çox parametrləri ilə Azəerbaycanı geridə buraxan Gürcüstan və digər ölkələrdə seçki müşahdçiliyini davam etdirən Avropa strukturları necə oldu ki, demokratiyanın ağlar günə qoyulduğu Azərbaycandakı müşahidə missiyasından imtina etdi?

Bu gün Azərbaycan müxalifətinin zəif olması fikrini cəmiyyətə təlqin etmək istəyənlər unutmamalıdır ki, heç bir ölkənin müxalifəti bu qədər işgəncə, məhrumiyyət, repressiya, dışlama siyasətinin qarşısında tab gətirə bilməzdi. Heç bir ölkədə müxalif düşərgəyə qarşı Azərbaycanda olduğu qədər düşmən münasibət bəslənilmir. Ən geri qalmış ölkələrin hakimiyyət strukturlarında, parlamentində, inzibati orqanlarında müxalif düşüncə sahibini görmək olar. Azərbaycanda nəinki hakimiyyətdə vəzifə daşıyıcısı olan müxalifət, heç müxalifətə simpatiyası olan müstəqil düşüncəli şəxsi də görə bilməzsən.

Müxalifətin yoxluğunu, zəifliyini idda edənlər özlərindən bu qədər arxayındırsa, nə üçün seçkilərdə namizədlərə bərabər şərait yaradılmır və niyə adi mitinq və piketlərin keçirilməsindən bu qədər əndişə duyurlar? Televiziyanı, mətbuatı müxalifətin üzünə qapadıb, fəallarını zindana atıb, gənclərini qorxu altında saxlayıb öz üstünlüyündən danışmaq qarşı tərəfin nə qədər misgin və qorxaq olduğuna işarədir. Beş müxalif şəxsin bir araya gəlməsinə min cür tələlər qurulur, hər hansı bir demokratik təsisat formalaşanda onu içəridən dağıtmağın ən iyrənc üsullarına əl atırlar. Əlbəttə, bu şəraitdə Ə Əhmədovun seçkilərin ədalətli və şəffaf keçirilməsi barədə səsləndirdiyi fikirlər gülünc doğurur.

Seçki kampaniyası başlayana qədər əsas rəqibləri sıradan çıxarmaq, onları seçkilərdə bərabər iştirak hüququndan məhrum etmək, gənc fəalları həbsə atmaq, qorxu və şirnikdirici üsullarla KİV-i susdurmaq, tanınmış siyasilərin haqqında qondarma məhkəmə hökmləri çıxarmaq ədalətli və şəffaf seçkilər keçirilməsini istisna edir. Dinc, demokratik yollarla hakimiyyət dəyişikliyini qəbul etməyən zehniyyət Liviyada, Tunisdə, Misirdə, Suriyada olan qanlı hadisələrdən nəticə çıxarmalı və milləti dağıdıcı inqilablara sürükləyən davranışlardan geri durmaq haqda düşünməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar