Məclisi-mədhiyyə

Hüseynbala Səlimov

Parlament demək olar ki, həyatımızdan çəkilib. Yaddaşımı işə salıb xatırlamaq istəyirəm ki, görüm, parlamentdə axırıncı dəfə diqqət çəkən hadisə nə vaxt olub? Təəssüf ki, R.Quliyevin parlamentindən o tərəfəni xatırlaya bilmirəm.

Bəli, bu günlərdə son iclaslarını da keçirib istirahətə yollandılar. Həmin iclası da çox “böyük bir məsələ”yə -Strasburqdakı nitqə həsr etmişdilər. Valllah, adam heç bilmir, nə etsin? Ağlasınmı, ya gülsünmü?

Demirəm ki, deputatlar bu istidə də işləməlidir. Amma il yalnız isti havalardan ibarət olmur. Guya soyuqda işləyirlər ki? Bunların çıxışlarına diqqət edirəm. Əlləşib-vuruşub beş dəqiqəyə bir cümlə deyirlər. Cümlə də nə cümlə! Əsl tərifnamə-mədhiyyədir.

İndi çox gərgin, olduqca mürəkkəb vaxtdır. ATƏT-in Parlament Assamleyasının da növbəti iclası Bakıda keçiriləcək. Birinci iclas çox gərgin keçmişdi, hətta bizim şanlı parlamentin rəhbərləri iclası yarımçıq tərk etmişdilər. Görək ikinci iclas necə olacaq?

İndi də parlamentdə oturan bəzi deputatlar əvvəllər onu heç olmasa, yüngül tənqid edirdilər. Amma indi susurlar. Görünür, əsl arzuladıqları parlamentdir.

Parlamentarizmə əvvəllər məndə də böyük maraq vardı. Düşünürdüm ki, filan işi görmək olar, filan sənədi hazırlamaq olar. Amma Azərbaycan parlamentinə baxanda gördüm ki, heç bir iş görməmək də olar.

Bir dəfə hətta parlament rəhbərləri dedilər ki, bizim qanun təsdiqləyən idarə prezident aparatı ilə çox ahəngdar işləyir, qanun layihələrinin az qala 90 faizi bu idarəyə şanlı prezident aparatından daxil olur.

Həqiqətən də qibtə ediləsi “anlaşma”dır. Sadəcə, düyməni basmaq lazım gəlir. Amma hətta bunu da bəzilərinin əvəzinə dostları edir.

Bir dəfə belə bir şey oxudum ki, M.K.Atatürk Ə.Hüseynzadəyə Böyük Millət Məclisinin üzvü olmağı təklif edibmiş. Amma Ə.Hüseynzadə imtina edir və səbəbini də belə izah edir ki, mən birpartiyalı parlamentin üzvü ola bilmərəm.

Amma görərsiniz bir ildən sonra bizim ziyalılar birpartiyalı parlamentə üzv olmaq üçün necə növbəyə duracaqlar! Ona görə ki, parlament adlanan idarədə tək düyməni basmağa görə böyük maaş və hətta pensiya verirlər...

Bəli, belə ərz edirlər ki, gələn il bizdə də parlament seçkisi keçriləcək. Ola bilər. Ona görə belə deyirəm ki, o şeyi ki, mən seçki adlandırıram ondan Azərbaycanda olmur. Azərbaycandakı başqa şeydir. Hamı buna təyinat deyir. Amma bununla da razılaşmıram, çünki hətta adamı təyin edəndə də seçirlər, hər adamı təyin etmirlər.

Bu yaxınlarda hesablayıb gördüm ki, növbəti prezident seçkisi Cümhuriyyətin 100 illiyinə təsadüf edəcək. O vaxta qədər deputatlarımız özlərini seçib qurtaqacaqlar. Qalacaq ali icra hakimiyyətinin seçkisini “oformit” etmək. Bir zərrə qədər də şübhəm yoxdur ki, onu da böyük “uğur”la edəcəklər.

Bəli, bu ölkə insanlarda siyasətə marağı tamam öldürdü. Düşünürəm, bizim gənclik tələbə ikən qocaldı...

Elə biz də öz gəncliyimizi mənasız yerə xərclədik. Daha doğrusu, biz xərcləmədik, çalışdıq-vuruşduq, amma bizim səylərimizi bəzi başbilənlərimiz öz ehtiyaclarını həll etmək üçün xərclədilər.

Günah özümüzdədir. 1995-ci ildə AXC cəmi üç deputat mandatı ilə parlamentdə “möhtəşəm qələbə” çalarkən anlamadıq ki, bu, böyük prosesin başlangıcıdır, bu böyük bir “əməkdaşlığ”ın ərəfəsidir. O vaxt dedilər ki, bizim günahımız yoxdur, biz xeyli mandat qazanmışdıq, amma cəmi üç mandat verdilər. Amma belə idimi?

Əlbəttə ki, yox. Amma insanlar susdular. Çoxu bunu ona görə etdi ki, Bakıdakı AXC rəhbərliyini müvəqqəti hal hesab edirdi və Kələkidən hərəkət gözləyirdi. Amma Kələki dövrü də bitdi və bir şey olmadı. Həmin adamlar yenə də yerlərində qaldılar. Sonrakı dövrlərdə onlar ona görə ifşa olundular ki, təşkilatın böyük hissəsi bu insanlara bağlı deyildi, sadəcə, böyük gələcək naminə bu, adamlara dözürdü...

2000-ci ildə bu ümidlər də bitdi və o vaxtkı AXCP tamam-kamal dagıldı. “Kart”ları açılmış, tamam ifşa edilmiş bəzi AXC funksionerləri hakimiyyətlə açıq əməkdaşlığa getdilər.

Digərləri isə öz siyasi bizneslərini və yalanı davam etdirmək üçün “radikal müxalifət” yolunu tutdular. Nə demək olar? Bu ölkədə insanları bir neçə dəfə aldatmaq olur. Təəssüf ki...(musabvat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar