Rayon partiya komitəsinin büro qərarından PROTEST

Ələmdar Məmmədov,

keçmiş prokuror

Respublika Prokurorluğunda ilin yekunu ilə əlaqədar kollegiya iclası keçirilirdi. SSRİ Baş prokurorunun 1-ci müavininin iştirak etdiyi kollegiya iclasını respublika prokuroru İlyas İsmayılov aparırdı. Kollegiya üzvü olan III dərəcəli dövlət ədliyyə müşaviri çıxışında dedi ki, bəzən prokurorların verdiyi təqdimat və protestlər təmin olunmur. Ona görə də, təklif edirəm ki, təqdimat və protestlərin təmin edilməməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan norma qəbul edilməsi barədə qanunverici orqan qarşısında məsələ qaldırılsın. SSRİ Baş prokurorunun I müavini çıxış edənin sözünü yarımçıq kəsərək dedi:

- Sizin kimi təcrübəli prokuror necə belə fikir yürüdə bilər?! Burada gənc prokurorlar oturub. Onlar sizdən nə öyrənəcəklər? Prokurorun sözü zəng kimi səslənməlidir. Siz isə cəfəngiyat danışırsınız!

Səhərisi günü seminar-müşavirədə İlyas müəllim də bu məsələyə qayıdaraq həmin prokuroru məzəmmət etdi və dedi: - Siz elə yaşayıb, işləməlisiniz ki, hər bir sözünüz qanun norması kimi qəbul edilməlidir.

Doğrudan da məhkəmə qərarlarından fərqli olaraq, prokuror nəzarəti aktlarının (protest, təqdimat və s.) təmin edilməməsi heç bir hüquqi nəticə yaratmırdı. Buna baxmayaraq, uzun illər ərzində verdiyim yüzlərlə protest və təqdimat hamısı vaxtında təmin olunub və nəticəsi mənə bildirilib. Bir qeyri-adi protestlə əlaqədar hadisəni oxucuların müzakirəsinə verirəm.

1990-cı ilin axırlarında sovxozların birinin baş aqronomu işdən qanunsuz çıxarılması barədə ərizə ilə müraciət etdi. Həmin dövrdə Cəlilabadda şikayəti olan vətəndaşların əksəriyyəti mənə müraciət edirdilər. Qonşu davasından ailə münaqişəsindək, vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərindən təsərrüfat işlərinin gedişinədək, cinayət hadisələrindən mülki hüquqi məsələlərədək və s. Bir gündə 30-40-50 nəfər şikayətçi qəbul edirdim. Şikayətlərin mənə yönəlməsinin obyektiv və subyektiv səbəbləri var idi. İşlədiyim 6 il ərzində 4 Birinci katib, 3 RİK-nin sədri, 3 DTK-nın sədri, 3 milis rəisi, hakimlər korpusu dəyişmişdi. Vəzifədə axıra qədər qalan mən olmuşdum. Subyektiv səbəb təvazökarlıqdan uzaq olsa da, şikayətçiləri hər gün, bayram və istirahət günləri daxil olmaqla, günün istənilən vaxtında qəbul edib, münasibət göstərməyim idi. Cəlilabadlılar mənə böyük etimad göstərmişdilər. Bir çox rayonlarda prokurorlar Rayon Sovetinə deputat seçilə bilmədiyi halda, mən Rayon Sovetinin deputatı, Rayon Soveti Rəyasət Heyətinin üzvü, RPK-nın büro üzvü seçilmişdim. Mənim köməkçilərimdən Mircavan Kazımov da Rayon Sovetinin, Nurəli Şəbiyev isə Şəhər Sovetinin deputatı idilər. Bir neçə dairədən Azərbaycan SSRİ Ali Sovetinə deputatlığa namizədliyim irəli sürülmüşdü.

Mən də cəlilabadlıların etimadını doğrultmağa çalışır, əsaslı şikayətlərin çoxunu operativ şəkildə, telefonla həll edirdim.

Baş aqronomun işdən çıxarılması barədə rayon ASB-nin rəisinin əmri qanunsuz idi. Belə ki, həmin əmrdə baş aqronomun işindəki cüzi nöqsanlar qeyd olunsa da, əsas kimi – RPK-nın büro qərarı göstərilmişdi. Mən savadlı və samballı kadr kimi tanıdığım RPK-nın büro üzvü, rayon ASB-nin rəisi Qılınc Nəsirova zəng etdim. Qanunsuz olduğuna görə əmri ləğv edib, baş aqronomu işinə bərpa etməsini tövsiyə etdim. Bu gün də davam edən dostluq münasibətində olduğumuz Qılınc müəllim qəti etirazını bildirdi. İşlədiyim dövrdə birinci dəfə idi ki, idarə rəhbəri mənim qanunu tələbimə “yox” deyirdi. Dəstəyi asıb protest yazmaq qərarına gəldim. Təxminən 30 dəqiqədən sonra RPK-nın birinci katibi Xeyrulla Əliyev telefonla onun yanına gəlməyimi xahiş etdi. Xeyrulla müəllim əslən cəlilabadlı idi. 15 il Mərkəzi Komitədə mədəniyyət bölməsinin müdiri vəzifəsində işləmişdi. Çox savadlı, mütaliəçi, mədəni bir insan idi (Məşhur tənqidçi və yazıçı Cahanbaxışın kürəkəni idi). Respublikanın tanınmış yazıçı və şairləri daim onun qonağı olurdular. Əlbəttə, idarəçilik təcrübəsi nisbətən zəif idi. Ən təəccüblüsü bu idi ki, inzibati–amirlik metodu ilə işləmək istəyirdi. Təəbii ki, dəyişən şəraitdə bu özünü doğrultmurdu.

Birinci katibin otağında DTK-nın yerli şöbəsinin rəisi və Qilinc Nəsirov oturmuşdular. Mən görüşüb stolda oturan kimi, Xeyrulla müəllim “siyasi dərs” keçməyə başladı. Pozucu adamlara qarşı birgə mübarizə aparmağın zəruriliyindən, hamının bir nöqtəyə vurmalı olduğundan, baş aqronomun büronun qərarı ilə çıxarılmasından, mənim də büro üzvi kimi həmin iclasda iştirak etməyimdən və qərarı imzalamağımdan danışdı. Mən, təxminən aşağıdakıları bildirdim:

- Əmək qanunvericiliyində işçinin RPK-nın büro qərarına əsasən işdən çıxarılması barədə norma yoxdur. İkincisi, həmin şəxsin Siz dediyiniz kimi, az qala cinayəti varsa, qoy cinayətə görə işdən çıxarılsın. Yoxsa əmrdə işdən çıxarılmağa səbəb olacaq faktlar görünmür. Üçüncüsü, Konstitusiyanın 6-cı maddəsi ləğv olunub, cəmiyyətə partiya rəhbərliyi yoxdur. Dördüncüsü, həmin iclasda iştirak etməmişəm və qərarda da imzam ola bilməz.

Qərarları gətirdilər, həqiqətən mənim imzam yox idi. Otağıma gəlib bir saat ərzində iki protest və bir məktub hazırladım. Protestin biri ASB-nin rəisinin əmrinin qanunsuz olduğundan ləğv edilib, aqronomun əvvəlki işinə bərpa olunması və 10 gün müddətində prokurora məlumat verilməsi tələbi idi. Rayon partiya komitəsinin birinci katibi Xeyrulla Əliyevə ünvanlanmış məktub isə Sov.İKP üzvi, RPK-nın büro üzvü, rayon ASB-nin rəisi Qılınc Nəsirovun qanunsuz hərəkəti barədə məlumat idi. İkinci protest RPK-nın büro qərarının ləğv edilməsi barədə idi. Belə ki, RPK-nın büro qərarında “Rayon ASB-nə baş arqonomu işdən çıxartmaq" tapşırılırdı. Məktub və protestləri ünvanına göndərdim. Axşam saatlarında Xeyrulla müəllim məni dəvət etdi. Bu dəfə kabinetdə tək idi. Təxminən aşağıdakıları bildirdi:

- Mən Mərkəzi Komitə ilə danışdım. Doğrudan da, RPK-nın büro qərarı və ASB-nin baş aqronomu işdən çıxartmaq barədə əmri qanunsuzdur.

Sonra Xeyrulla müəllim xahiş etdi ki, protesti və məktubu geri götürüm. Aramızdakı bu söhbətdən sonra RPK-nın büro qərarından verilmiş protesti geri götürdüm. Rayon ASB-nə verilmiş protest artıq təmin olunmuş, baş aqronom işinə bərpa edilmişdi. Yəqin ki, partiya tarixində ikinci belə bir hadisə olmayıb...

Protestlə əlaqədar bir hadisəni də danışmaq istəyirəm. Cəlilabad rayonuna təzə gəlmişdim. Bir gün RİK-nın xanım katibi mənə zəng etdi: "Aslan müəllim xahiş edir ki, onun yanına gələsiniz". Aslan Mehdiyev məndən bir ay əvvəl Cəlilabad RİK-nin sədri seçilmişdi. Tezliklə Rayon Partiya Komitəsinin birinci katibi olacağı barədə söz-söhbət gəzirdi. Təklif etik qaydalara uyğun olmasa da (mənim düşuncə tərzim belə formalaşmışdı ki, prokuroru yalnız iclasa dəvət etmək olar), Aslan müəllimin dəvətini qəbul etdim. Görüşüb hal-əhval tutduqdan sonra, xanım katib RİK-nin baş tutacaq iclasının qərar layihələrini mənə təqdim edərək, qanuni olub-olmamasını soruşdu.

Qərar layihələrinə göz gəzdirib, normal olduğunu bildirdim. Xanım katib qərar layihələrini çevirərək tanış olmağım barədə imza etməyimi xahiş etdi. "Tanış oldum" sözlərinin altında RİK-nin sədrinin müavinləri, katibi və üzvlərinin adı ilə yanaşı, rayon prokuroru Ə.Məmmədovun da adı yazılmışdı. Mən bir qədər acıqlı formada "Prokuror bütün icra orqanlarının qanunlara düzgün əməl etməsi üzərində nəzarəti həyata keçirir. Siz isə məni icraçı yerinə qoyursunuz!" deyə, Aslan müəllimlə xudahafizləşib, otağıma gəldim. RİK-nin prokurorluğa göndərilmiş qərarlar toplusunu gətizdirdim. Böyük mahiyyət daşımasa da, topludan protest vermək üçün 8 qərar seçdim. Məsələn, qərarın birində “A”-nın inzibatı məsuliyyətə cəlb edilməsi “filan” təşkilata tapşırılırdı. Halbuki, qanunda qeyd olunan xətaya görə inzibati deyil, intizam tənbehi məsələsi qoyula bilərdi. İkincisi, ünvanlanmış təşkilatın inzibati tənbehə cəlb etmək hüququ yox idi. Qərarların ləğv edilməsi barədə 4 protesti günortaya qədər RİK-ə göndərdim. Axşamüstü Aslan müəllim gülə-gülə otağıma gəldi. Bir-birimizi başa düşdük. Bir yerdə işlədiyimiz 5 il müddətində, necə deyərlər, aramızdan su da keçmədi. Qeyd edim ki, Aslan müəllimin bu yaxınlarda keçirilən 70 illik yubileyində bu məsələni bir daha xatırladıq.

Mən bu hadisələri nəql etməklə demək istəyirəm ki, başqalarının hüquqlarını qoruya bilmək üçün, öz səlahiyyətlərini qorumalısan. Bircə dəfə səlahiyyət müstəvisinə çat düşsə, qanun hörümçək toruna dönər - güclülər dəlib keçər, zəiflər ilişib qalar...

635x100

Şərhlər

Qədir Qədimov 2017-11-08 18:17:45

Hörmətli Cənab Ə.Məmmədov, bu xatirə müstəqil Azərbaycanda ən aktual məsələdir. İndi çox hallarda siyasi məğzi və hesabi düşüncəsiz xüsusi-texnoloji xarici biznesə belə üstünlük verilir. Özəl qurum özü bilər. Xarici biznes daha mühüm və ciddi dövlət işlərini açmır, cəmiyyətimizi də geriyə zorlayır. Qarabağ üçün kəsərli siyasi və müstəqil sərfəli iqtisadi layihələr on illərdir irəli sürülmür, əksinə təxirə salınır.

Mehman 2017-11-08 18:17:45

Həqiqətən də prokurorluq qanunlarımızın aliliyini, təmizliyini qoruyan yeganə orqan idi. Necə deyərlər prokurorluq danışan qanhun idi. Heyif ...

Son yazılar