"21 yaşadək futbolçulardan ibarət milli komandamızda problemlər çoxdur" - Qurban Qurbanov

Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov 21 yaşadək yığmanın evdə Almaniyaya 0:7 hesablı məğlub olduğu görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. "Report"un məlumatına görə, 45 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib...

- İstəməzdim ki, belə oyun, belə nəticə olsun. Düşünürəm ki, problemlərimiz həddən artıq çoxdur. Amma mənim çox da fikir bildirməyim düzgün olmazdı. Yəqin ki, komandanın baş məşqçisi bu barədə danışacaq. Kənardan baxaraq, müdaxilə edə bilmərik. Sadəcə, problemlərin çox olduğunu gördüm.

- 21 yaşadək futbolçulardan ibarət yığma əsas millinin sütununu təşkil etməlidir. Bu oyunla gələcək milli komanda üçün nə gözləyirsiniz?

- Düz deyirsiniz, milli üçün baza rolunu oynayan komanda U-21 yığmasıdır. Amma bugünkü oyunla nə perspektiv gördüyümü, nə də ümumiyyətlə, hər hansı fikir söyləyə bilərəm.

- Oyun ərzində bir neçə dəfə protokola baxdığınızı gördük. Hələ bu yığma ilə tanış olmamısınız?

- Yox, niyə ki? Hər bir oyunçunu tanıyırdıq, adını da, nömrəsini də bilirdik. Sadəcə, bəzi məqamlar var idi ki, maraqlanırdıq. Təkcə öz oyunçularımız yox, rəqib komandanın futbolçuları üçün də protokola baxırdıq.

- Sizin gəlişinizdən sonra türk və alman əsilli futbolçuların milliləşdirilməsi dayandırılacaq?

- Mənim çox da fikir bildirməyim düzgün olmaz. Yəqin ki, dekabrın ortalarında mətbuat konfransı keçiriləcək. Həmin vaxt suallarınız çox olacaq və bu barədə danışacağam.

- Oyunu Elçin Rəhmanovla birgə izlədiniz. Gələcəkdə o, millinin baş məşqçisi ola bilər?

- Gəlin, bu barədə fikir bildirməyək. Rəhmanov hələ ki, mənim yanımdadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar