İKİ GENERALIN ZİDDİYYƏTLİ AÇIQLAMASI – Danışdıqca batırlar...

Nədən generallarımız danışdıqca özlərini pis duruma salır?

Bir neçə gün öncə 6 polkovnikə general rütbəsi verildi. Bunun ordu, dövlət və nəhayət millət olaraq bizə nə xeyir verəcəyini söyləmək çətindir. Çox istərdik ki, media olaraq yaxından tanımadığımız bu insanlar daşıdıqları poqonlara istər vətənsevərlik və peşəkarlıq, istərsə də intellektual sarıdan uyğun şəxslər olsunlar. Lakin təəssüf ki, məhz ikinci məqam baxımından artıq kifayət qədər tanıdığımız və hörmət etdiyimiz ali rütbəli generallarımızda müəyyən problemlər seyr edilməkdədir. Məsələn, son bir-iki gündə iki generalımızın olduqca ziddiyyətli görünən açıqlamalarına rast gəldik. Hörmətli generalımız Rövşən Əkbərov övladının nişanı, Bakı Polisinin rəis müavini Səhlab Bağırov isə bahalı Rols-Roys avtomobili sahibinin YPX əməkdaşını camaatın gözü qarşısında təhqir etməsinə dair mətbuatda gedən yazılara münasibət bildirib.

General Rols-roys sahibini niyə təmizə çıxarır?

Xatırladaq ki, 2-3 gün öncə 10-YP-318 dövlət nömrə nişanlı YPX avtomobili gecə vaxtı 28 may küçəsində “dayanma-durma qadağandır” nişanının tələbini pozan “Rols-roys” markalı bahalı avomobilin sahibindən sənədlərini tələb edib və cərimə yazmaq istəyib. Mətbuatda gedən məlumata görə, avtomobil sahibi ona “al bu da sənə şirinlik” deyib, 20 qəpik uzadaraq, ələ salıb. Sonra isə yol polisləri kor-peşiman ərazini tərk ediblər. İnandırıcıdırmı? Təəsüf ki, hadisənin məhz belə olduğuna inananları qınaya bilmirik – bura Azərbaycandır! İndi isə hörmətli BŞBPİ-nin rəis müavini general Səhlab Bağırovun hadisə ilə bağlı açıqlamasından sitatlara diqqət yetirin:“Sürücü 20 qəpik yox, 50 manat çıxararaq, cəriməni ödəmək istəyib... həmin şəxs özü hazırda istefada olan polis polkovnikinin oğludur... sürücü etdiyi hərəkətə görə üzr istədikdən sonra YPX əməkdaşları onun ərazidən uzaqlaşmasına icazə veriblər...” və sair. Bir general nəyə və kimə haqq qazandırır və bunu necə edir?

Birincisi – istefada olan polkovnik yox, general, lap baş nazir, daha kimin oğlu olur-olsun, qanun hamı üçün eyni deyilmi?

İkincisi, elə bu yazını oxuyan adi vətəndaş təsəvvür etsin - hansısa YPX əməkdaşına “üzr istəyirəm yol hərəkəti qaydalarını pozdum” deyib də cərimədən azad ola bilərmi?

Üçüncüsü, əgər istefada olan polkovnikin oğlu (deyilənə görə, BŞBPİ-nin sabiq rəis müavini Cavadağa Sultanovun oğlu imiş) qiyməti 1 milyona yaxın olan avtomobil sürürsə, generalların övladlarının imkanlarını təsəvvür edirsinizmi? Sualları çoxaltmaq da olar, ancaq məntiqdən doğan adi bir sual yaranır – adam polisi təhqir etməyibsə, niyə, nədən və kimdən üzr istəyib?!

Hətta ən sonda hörmətli generalımız deyir ki, mətbuat polis və digər peşə sahibləri barədə bu cür məlumat yazarkən daha həssas olmalıdır... Onu düz deyir, belə mövzulara mətbuat daha həssas yanaşsaydı, nəinki general, hətta leytenant rütbəli zabitimiz də mətbuata açıqlama verərkən qat-qat daha diqqətli, məsuliyyətli olar və dediklərini oxuyanlar arasında bir-iki savadlı adamın da ola biləcəyini nəzərə alardı...

Hörmətli generalımızın açıqlamaları “obıvatel”də belə təsəvvür yaradır ki, açıq-aşkar hansısa varlı şəxsin övladı onun tərəfindən müdafiə olunur, hansı ki, bu qətiyyən rəis müavininin daşıdığı görə və və rütbəyə yaraşan məsələ deyil!

Qurunun oduna yaşmı yanır?

Daha bir general – Rövşən Əkbərovun son günlərdə mətbuatda övladının nişan mərasimini bir qonağın 250 manata qəbul edildiyi restoranda keçirdiyinə dair məlumatlara cavab olaraq dediklərinə fikir verin: “Nişanı oğlan evi ilə bir yerdə etmişik... orada stolun qiyməti 250 manat yox, 39-41 manatdır... kim istəyir zəng edib restoranın administratorundan soruşsun... adam kişi olar... restoran rəhbərliyi tanış-dost olduğu üçün hörmət edib... oğlanın atası böyük vəzifədə işləmir, prorab işləyir... “ və sair. Ümumiyyətlə, istər general olsun, istər çavuş - kimsə ailə söhbətinin müzakirəsini istəməz və Rövşən Əkbərovu bu mənada anlayır, hörmət edirik. Kiməsə dərs keçməkdən çox-çox uzağıq. Ancaq belə məsələlərdə “danışmaq gümüşdürsə, susmaq qızıldır” deyimini qiymətləndirməmək olmur. Axı bir hörmətli generalın belə mövzularda bu qədər ətraflı danışmasına nə lüzum var..? Bu adam niyə özünü doğrultmağa çalışmalıdır? Özü də cəbhədə yox, mətbuatdakı dedi-qodularda. Söhbət torpağı işğal olunan ordunun generalından gedir! Düzdür, hörmətli general bir növ demək istəyir ki, digər yaltaq, məddah, şəxsiyyətini itirmiş bəzi məmurlar kimi, övladının gələcəyini var-dövlətə bağlamayıb, hansısa varlı mənsəb sahibi ilə qohum olmayıb. Başa düşülən və təqdir olunmalı məqamdır. Ancaq, əslində generallar hansı mövzulardan danışmalıdırlar?... Burada belə təsəvvür yaranır ki, qurunun oduna yaş da yanır. Amma təəsüf ki, sizi bilmirik, biz bu qarışıqlıqda yaş olanı tapmaqda çətinlik çəkirik, sanki hamısı quruyub...

Yeri gəlmişkən, general deyir ki, 1998-ci ilə qədər səngərlərdə olub və məhz həmin il Bakıya qayıdıb. Ancaq mətbuatda yazılanlara görə, 1994-cü ildə OMON hadisələrində iştirakına... görə Milli Qəhraman adına layiq görülüb, həmin qardaş qırğını isə Bakıda olub!

Nə isə, əgər bu generallarımızı bizim media çətin suallarla bu duruma salıbsa, “halaldı” bizim mətbuata, yox sadəcə danışan kimi özlərini çətin duruma salırlarsa, vay bizim halımıza...

Kimisə mühakimə etmək fikrindən uzaq durmaqla,“danış görək kimsən” məsəlini xatırladaraq, Türkiyənin yeni tarixində əvəzolunmaz iz buraxan bir generaldan nümunə gətirmək istərdik. Söhbət ömrünün böyük hissəsini dağlarda PKK-ya qarşı döyüşlərdə keçirən, Öcalanın həbs olunaraq, Türk dövlətinə təslim edilməsinə şəxsən rəhbərlik edən, ancaq sonradan Ərdoğanın orduya qarşı hörmətsizliyinə cavab olaraq, ona əl uzatmayan, ayağa qalxmayan, nəticədə də Ərdoğan tərəfindən məşhur “Ergenakon” işi bəhanəsilə həbsə atdırılan əfsanəvi general Engin Alandan gedir. Həbsə atılan general Silivri həbsxanasından deyirdi: “Benim adım Engin Alan!Silivri'den tabutum çıksa bile tabutun kapağını kaldırıp dimdik yürüyeceğim. Beni Silivriye deyil İmralıya (Öcalanın olduğu həbsxana) koysunlar. Her gelene kalkmam, boyun eymem...”

Bəli, əyilmədən, dimdik yerimək... Bu da general!

Hazırda Engin Alan azadlıqdadır, hamıya həbsdə olub-olmamasından asılı olmayaraq, azadlıq arzulayırıq!

Tahir M.

"Azpolitika"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar