“Fasilə 1 ay davam edəcək” – “SOCAR Petroleum”

Dərc olunub: 14/11/2017 - 11:29

socar-sokar-socar-benzin-mashiniAzərbaycanda “Aİ-98 Super” markalı benzinin satışında yaranmış fasilə təxminən 1 ay davam edəcək.

Sözügedən markalı benzinin idxalı və satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC-nin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli “APA-Economics”ə bildirib ki, artıq yanacaq sifariş verilib: “Gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxtı da nəzərə alsaq, yeni yanacaq partiyası təxminən 1 ay sonra Azərbaycana gətiriləcək”.

Ü. Həbibbəyli bildirib ki, “Aİ-98 Super” markalı benzinin satışının dayandırılmasına səbəb mənbə ölkədə – Rumıniyada qiymətin artmasıdır.

Şirkət rəsmisi deyib ki, “Aİ-98 Super” markalı benzin tədarük olunanadək istehlakçılar “Aİ-95 Premium” markalı benzindən istifadə edə bilərlər. “Bu qəbildən olan nəqliyyat vasitələrinin yanacaq çənində “95/98″ qeydi var. Beləliklə, sürücülərimiz rahatlıqla “Aİ-98″ markası olmadığı təqdirdə “Aİ-95″ markasından istifadə edə bilərlər”.

Onun sözlərinə görə, “Aİ-95 Premium” markalı benzinin 1 litrinin qiyməti 1,15 manat, “Aİ-98 Super” markalı benzinin 1 litri isə 1,30 manat təşkil edir.

Ü.Həbibbəyli əlavə edib ki, son zamanlar “Aİ-98 Super” markalı benzinə tələbat artıb: “Konkret bir statistika olmasa da, deyə bilərəm ki, tələbat ciddi şəkildə artıb”.


loading...




Fikrinizi bildirin