TÜRKÜN “El-ALƏM NƏ DEYƏR” QORXUSU…

Dərc olunub: 14/11/2017 - 17:19

AYNURAynur Talıblı
İstanbul Sabahattin Zaim Üniversiteti, Tarix və Mədəniyyət Araşdırmaları bölümü magistri

Sizlərə də məlum olduğu kimi hər yazımızda, özəlliklə Azərbaycanımızın Oğuz Türk yurdu olduğunu və bizlərin də qədim və köklü mədəniyyətə, tarixə malik olan Oğuz Türkləri olduğumuzu qeyd edirik. Hər zaman törəmizdən-milli dəyərlərimizdən, ədalət anlayışımızdan və xoş niyyətli olduğumuzdan söhbət açırıq. Bizlərin ailə qurluşundan, daha doğrusu tarixə ad salan atalarımızın ailə quruluşundan, qadına verdikləri dəyərdən əlimdən gəldiyi qədər əksər yazılarımızda, xüsusən də “Türk toplumunda qadının yeri və dəyəri” adlı məqaləmdə bəhs etmişdim. Türk millətinin qadın qəhrəmanlarından söz edərkən həqiqətən qürur duydum və bu hissi sizlərin də yaşadığından əminəm. Amma bu dəfəki yazımızda məlum mövzu ilə əlaqədar başqa məqamları qeyd edəcəyəm.

Zamanla hər şey dəyişir və dəyişib. Amma bizlər həddindən çox dəyişmişik. Həm kökümüzdən, həm də milli dəyərlərimizdən çox uzaqlaşmışıq. Buna ya dini bəhanə etmişik, ya dində yeri olmayan bədəvi ərəblərin özəlliklərini mənimsəmişik, ya da “milli mentalitetimiz var” deyib, bizə aid olmayan, sonradan uydurulmuş saxta dəyərlər  meydana gətirmişik.

Əslində meydana gətirdiyimizi düşündüyümüz “dəyərlər” ilə  özümüzü dəyərsizləşdirmişik. Amma bunun özümüzün belə fərqində deyilik. Maraqlısı budur ki, sonradan meydana gətirdiyimiz saxta, sözdə dəyərlərlə ən çox da, cəsur və qəhrəman Türk qadınını, atalarımızın dəyərlərini əzdik və ailə münasibətlərində, sosial həyatda öz eqomuzu həyata keçirmək üçün cəmiyyətdə və ailədə incə ruhlu, mərhəmətli qadınlarımızı və gələcəyimiz olan uşaqlarımızı zamanla əzdik. “El-aləm” və ya loru dillə desək  “camaat”, “xalq” deyilən bir qrup boş-bekar, dedi-qoduçu insanların dediklərini həyatımızın mərkəzinə qoyduq.

Bu “el-aləm” dediyimiz bir qrup boş-bekar və öz evində-oçağında sözü keçməyən, başqalarının həyatına müdaxilə etməyi və başqalarının həyatında səhv axtarmağı özünə borc bilən bəzi insanların düşüncəsini önəmsəyib, vicdanımızı və ədalət qavramını unutduq. Hətta o dərəcəyə gəldi ki, Yaradanın bizə verdiyi həyatı belə onlara qurban verməli olacağımız düşüncəsi bizlərə məcburən aşılandı. Bu “el-aləm” və ya “xalq nə deyər” ifadələri insanların həyatını yönəltməyə belə başladılar. Məsələn, dünyaya qız övladı gələndə bəzi ailələr yas tutdu. Səbəb isə “el-aləm oğlu niyə olmadı?” deyər qorxusu olurdu. Bununla əlaqədar “Molla Nəsrəddin” jurnalındakı 1909-cu ilə aid  bir karikaturanı sizlərlə paylaşıram:

1

Birinci şəkildə oğlan doğulan ailənin, ikinci şəkildə isə qız doğulan ailənin vəziyyəti əks olunmuşdur. Bu karikaturanın əski olmasına baxayaraq bu gün cəmiyyətimizdə əsasən qadına münasibət yenə eyni olaraq qalır. Əks halda yeni doğulan qız övladı zibbilikdə tapılmazdı və qız övladlarının sayında bu qədər azalma qeydə alınmazdı. Bu bir həqiqətdir.

Dünyaya gələndən sonra yaşamaq hüququ verilən qız övladı məktəb çağına gəldikdə isə “buna təhsil verək, yoxsa verməyək” mövsuzu belə mübahisə edilir və nəhayət qərar verilir ki, buna (qız övladına) təhsil verək, verək ki, el-aləm desin “cehizində diplomu var, həm də bu zaman qızı istəyən çox olar, hətta bir pulluya verərik”.

Əslində bu düşüncə ilə guya ailə doğulan qızının həyatını qurtarır və ona daha yaxşı həyat vəd edir. Halbuki təhsil qız övladına öz ayaqları üzərində dursun, yeni nəsli güclü, təhsilli yetişdirsin, vətəninin, millətinin haqlarını müdafiə etsin deyə verilməlidir. Sonra bu “qız övladının yaşı 25 və ya 30-a çatmadan mütləq evlənməsi gərəkər, xalq nə  deyər?!” düşüncəsi ortaya atılır. Bəzən də evlənən qıza getdiyin evdən “kəfənin çıxar” deyilir. Bu isə bəzən nəticədə gerçək olur. Qızlarımız ailə içində şiddətə məruz qalır, övladları dünyaya gəlincə onlar üçün susmalı olurlar. Əgər gəldikləri evdəki ailələri zəngindirsə onlara sahib çıxır, çıxdıqdan sonrda “el-aləmin” sozü ilə qızının başına qaxınc etməyə başlayır ki, “getdiyin evdə dolana bilmədin” nəticədə yenə ya həyatına son qoyur, ya da əsəb xəstəsi olaraq sosiallaşmaqdan məhrum olur. Amma əgər maddi durum yoxdursa, söylənildiyi kimi o evdən “kəfənlə” çıxır. Beləcə “el-aləmin”, “xalqın” istədiyi olur. Yəni həyatlar puç olur gedir!

Elə bu yaxınlarda bir ana övladları ilə tam da bəhs etdiyimiz həyatı yaşadı. Düşünün, bir ana nə dərəcə həyatdan bezdirilir ki, canından çox sevdiyi övladları ilə bərabər qatar yoluna atılaraq həyatına son verir. Bu böyük bir faciədir. Bütün bu yazılanları oxuyanların bəziləri inkar edəcəklər, “belə bir şeylər yoxdu, biz çağdaşıq” filan. Həqiqətdə isə bunlar sizin görmək istəmədiyiniz və ya görmədiyinizi idda etdiyiniz gerçəklərdir. El-aləmin, xalqın, camaat sayəsində puç olan həyatlar heç də az deyil. İnsanların var olan bu gerçəkləri qəbul etməmələri belə şəxsi eqolarının onlara hökm etməsindən irəli gəlir.

1505850568_el-alem

Bütün bu faciələrin önünü almaq üçün isə bizlərin özünə dönməsi mütləqdir. Baxın bu gün intahar edən qadınların, gənclərin və gələcəyimiz olan uşaqlarımızın həyatlarına son verməsinə səbəb olan amillərin başında el-aləm qınağı və pisixoloji şiddət durur. 

Halbuki bizlərin ataları qadınlar, uşaqlara və gücsüzə böyük dəyər verər və sosial həyatda ədalət və vicdanla hökm edərlərdi. Çünki Oğuz Türklərinin törəsi və ya milli dəyərləri bunu tələb edirdi. Bizim atalarımız olan əski türklərdə toplumun düzəni və xalqın rəfahı üçün var olan hüquq qanunlarının-törənin və bu qanunların həyata keçirilməsinin  mütləq “ədalət” anlayışına uyğun olması  istənmiş və Türk  xaqanları da ölkələrində  ədalətin qorunmasına böyük önəm vermişlərdir.

Bir Çin qaynağında qeyd edilənə görə, Tabgaç Türk hökümdarı  Tai-Wu “Mən dövlətimin içində kiçiklərin haydutluq etməsinə və xalqımın əzilməsinə göz yuma bilmərəm” deyərək, ədalətə əməl olunmasına göstərdiyi diqqəti gözlər önünə sərmişdir.

Türklərdə Törəni qazanmaq dövləti qurmaq deməkdir. Bu səbəblə törənin itirilməməsi gərəkməkdədir. Bu mövzuyla əlaqədar bu örnəyi qeyd etmək yerinə düşər: “El buraxılar, törə buraxılmaz”.

Türklərə görə,  “törəsini itirmiş millət”, yox olmuş və ortadan qalxmış bir millətdir”. Törə gedincə nə millət, nə el, nə də dövlət qala bilər. Bununla bərabər heç bir qüvvə Türk millətinin törəsi ilə elini əlindən ala bilməz. Olsa olsa yenə Türk millətinin aldanması – yanılması onun elini və törəsini əlindən ala bilər. Bəli, yenə biz öz törəmizi və ya mili dəyərlərimizi unudarıqsa toplumumuz məhv olar. Bu da ilk olaraq türk toplumunun dirəyi, əsası hesab olunan və hər zaman böyük dəyərə dahib olan Türk qadınının əzilməsinə gətirib çıxarar. Ədalət və vicdan qavramlarını unutmamıza səbəb olar. “El-aləmin”, “xalqın”, “camaatın” dedikləri vicdanımızı və ədalət anlayışımızı əvəz etməməlidir.

Əgər bu gün deyilənləri və düşünülənlərə önəm vermək istəyiriksə, tarixə diqqətlə nəzər yetirməliyik. Paramparça olmuş vətən torpağının və yurdsuz qalmış soydaşlarımızın, erməniyə əsir düşən ana-bacılarımızın taleyini düşünməmiz və beynəlxalq səviyyədə “el-aləmin nə dediyini” önəmsəməli və tarixi gələcəkdə oxuyacaq övladlarımızın bizi necə qınayacağını anlamalıyıq. Milli şüurla yanaşmalıyıq başımıza gələ bütün bu hadisələrə.

Əlimizdən alınan Qarabağı, erməniyə yurd olmuş İrəvanı, sahibsiz qalmış Kərkükü, farsın zülümündə əzilən, haqqı, dili əlindən alınmış Güney Azərbaycanı və.s xatırlatmalı, bu acı həqiqətləri unutmamalıyıq.

Boş mövzuları və gərəksiz insanların “milli mentalitet” adlandırılan safsataları yayqınlaşdırımaqdansa, övladlarınıza milli iradəni, milli şüuru aşılayın ki, Vətən torpağının qiymətini bilisin, özünə, milli kimliyinə sahib çıxsın. Atalarımızın bizə əmanət etdiyi dilimizi, torpağımızı qorusun.

Övladlarınızı“el-aləmin”, “xalqın” qınağına görə yetişdirəcəyinizə vətən, millət üçün yetişdirin. Yetişdirin ki, gələcəyimiz parlaq olsun, boş-bekar insalara görə  puç olmasınlar. Əks halda vətənini, dilini satan mangurt bir nəsil yetişər. Bu isə bizim özümüzə, türklüyümüzə tərsdir.

1505850650_3

Yeni nəslə mütləq atalarımızın qadına verdiyi dəyərdən bəhs edilməlidir. Bilsinlər ki, ataları Hunlar, Göytürklər qadına böyük hörmət bəsləmiş və Türk qadını daima dövlət yönətmiş, millətinə xidmət etmişdir. Övladlarınıza Asyada və müsəlman şərqində ilk dəfə qadına seçmək və seçilmək hüququnu Şərqin ilk Cümhuriyyəti olan Azərbaycan Xalq Cumhuriyyətinin verdiyini də söyləyin. Qadının qınaq mərkəzi yox, gələcək nəsilləri yetişdirən müqəddəs və ülvi bir varlıq olduğundan da bəhs edin. Bəhs edin ki, doğulan qız övladını torbaya qoyub zibilliyə atmasınlar, bəhs edin ki, qız övladlarının sayısı azalmasın və yeni bir sosial problem ortaya çıxmasın. Bunlardan bəhs edərkən lütfən “el-aləmin” “xalqın” qınağının gərəksiz olduğunu və bu boş-bekar insanların həyatlara müdaxilə etmək hüquqlarının olmadığınıda  anladın lütfən!


loading...




Fikrinizi bildirin