“İqtisadi siyasətimiz mükəmməldir” - İlham Əliyev

“Ötən 14 il ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib. Bu gün Azərbaycan güclü ölkəyə çevrilibdir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən bu gün son 14 il ərzində görülmüş işləri sadalamaq istəmirəm. Görülən işlər göz qabağındadır. Onu deyə bilərəm ki, Azərbaycan bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Təkcə BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilməyimiz faktını qeyd etmək kifayətdir ki, beynəlxalq aləm görsün Azərbaycana dünya miqyasında nə qədər böyük rəğbət və dəstək var”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib.

Prezident bildirib ki, bu 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb: “İqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir, ondan da az səviyyədədir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini təşkil edir, yəni, ona bərabərdir”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir: “Davos Forumunun son hesablamalarında iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. Yəni, bu rəqəm deməyə əsas verir ki, bizim iqtisadi siyasətimiz mükəmməldir. Bu, ölkəmizin ümumi inkişafında, insanların rifah halının yaxşılaşmasında öz əksini tapır. Energetika, nəqliyyat sahələrində görülmüş işlər haqqında deyə bilərəm ki, son vaxtlar bir çox yeniliklər baş vermişdir. Yəni, bir sözlə, Azərbaycan bütün sahələr üzrə, o cümlədən hərbi-texniki sahədə böyük uğurlara nail ola bilibdir. Bu uğurların təməli 1992-ci ilin noyabrında qoyulub. O vaxt Yeni Azərbaycan Partiyasının yaradılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruya və möhkəmləndirə bilib. Bu gün bütün dünya görür ki, Azərbaycan özünə güvənən, öz daxili resurslarına arxalanan, müasir ənənələrə bağlı olan güclü dünyəvi dövlətə çevrilib”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar