Şeirləşən ömür yolu

Dərc olunub: 17/11/2017 - 16:48
|
Bölmə:
469 dəfə baxılıb

1481153741_cemile-chichekCəmilə (Çiçək) İsbəndiyarova

AMEA Folklor İnstitutunun doktorantı,
AJB və AYB-nın üzvü, prezident təqaüdçüsü

Daşqın Ziyəddin oğlu Mayılov orta məktəbdə oxuyarkən kiçik yaşlarından Kəlbəcər rayonunun “Yenilik” qəzetində kicik məqalələri və şeirləri dərc olunub. Orta məktəb illərindən sonra Universitetlərdə bədii-özfəaliyyət dərnəklərində fəal iştirak edərək, demək olar ki, onların üzvünə çevrilmişdir. Bununla yanaşı, öz şeirləri ilə müxtəlif tədbirlərdə dəfələrlə çıxış edən şair müharibə dövrü ali təhsilini yarımçıq qoyaraq, könüllü hərbi xidmətə getmişdir.

Binəqədi rayonunun Mehdabad qəsəbəsində köçkün həyatını yaşayan, Kəlbəcərin İtisu qəsəbəsində doğulsa da, əvvəllər Ləmakan, sonralar isə ata yurduna bağlılıq əlaməti olaraq Milli kəndinin adını ədəbi təxəllüs götürən Daşqın Ziyəddin oğlu dövri mətbuatda əsasən vətənpərvərlik mövzusunda şeirləri ilə tanınmaqdadı.

Belə ki, 200-dən çox qoşma, 150 gəraylı, 30 divani, 10 qoşma divani, 10 satira, 5 mini poema, 100-dən çox bayatı, 12 qıfılbənd (yazdığı və açdığı), 45 deyişmə, 20 rübai, 30 sərbəst və əruz vəznində digər şeir növlərinin müəllifidir Milli Daşqın.

1

Onun “Çatam-çatmayam”, “Eyləyər”, “Yazmışam”, “Daş uçurduram”, “Vətən gözlüm”, qoşmaları, “Ölüm bundan yaxşıdı”, Döndərə-döndərə”, “Yaza bilmirəm”, “Dağlar indi” gərayliları, “Boylan a boylan”, “Dərdim əlimdə yandı”, “Yaralar belə”, “Darasan indi”, “Yar elə həkim”, “Daş elə sən də” təcnisləri, “Tap-tap”, “Altındadır”, “Bir-bir”, “A çaydan denən (təcnisli bağlama), “Nədir” qıfılbəndləri, “Ordadı”, “Allahdan gəlir”, “Mərdanə ol”, “Yaxşılıq”, “Əldən gedir” (Cabir Qurbanova nəzirə), “Gedirəm” divaniləri, “Könlümdən keçir”, “Ölürəm”, “Atadır”, “Görüm”, “Edəsən”, “Harda var?” qəzəlləri, “Salam Təbriz”, “Solmayan ümidlərim”, “Sərçə”, “Nəsiyyətnamə (məsnəvi janrında), “Əllərini çəkmə”, mini poemaları, “Yağışlı şeir”, “Üşüyən ürəklər”, “Vətənə sözüm var”, “Məni sahilə apar”, “Anan ölsün ay Vətən”, “Heç məni bağışlama”, moderin şeirləri, digər mərsiyələri, cinas bayatıları, 12-likləri, ustadnamələri, qoşaqafiyyələri və s. müxtəlif saytlarda işıqlandırılaraq böyük oxucu aiditoriyası qazanıbdı.

Sadə dildə yazılmış qoşma, gəraylı və digər janrlarda olan şeirlərində isə el dərdini vətən həsrətini, ana yurdun təbiətini tərənnüm edir. Kəlbəcər həsrətli şeirlər yazmaqla doğulduğu kəndə, elinə-obasına borcunu vermək istəyir. O, bu şeirlərilə Kəlbəcərin adət-ənənələrini, işgal tarixini və şəhidlərini ürək ağrısı ilə qələmə almışdır.

“Sərçə” şeirində müəllif sərçənin yaşamını insanın talehinə bənzədir. Zirvə quşu dediyimiz qartalın digər xoşagəlməyən, cəhədlərini: ətyeyən, dimdiyi əyri, leş yeyən quş olduğunu deməmişik. Hər zaman şairlər durnaların qayıtmasından deyil, ancaq köçüb getməsindən yazıblar. Qaranquşun gəlməsindən yazılıb, amma getməsindən yazılmayıb. Şairin quşlardan yazdığı bu mini poemaya bəlkə də bir təmsil forması da demək olar. Nəsimidən bir sitat  yadıma düşür:

Heç kim Nəsimi sözünü fəhm edə bilməz,
O, quş dilidir, onu Süleyman bilər ancaq

deyən şair də öz fikrini quşların dilində çatdırmaq istəyir.

Biz də öz növbəmizdə gənc, istedadlı şairə yaradıcılıq yollarında uğurlar arzulayıb, haqqında söhbət açdığımız sərbəst janrda yazdığı “Sərçə” adlı mini pomasını oxucularımıza təqdim edirik.

2

Çox quşlara şeir yazıb
çox şairlər,
Əzbər olub dilimizdə
o şeirlər.
Durnaları vəsf eyləyib
Qasım bəy də, Vidadi də,
Durnaların köç etməsi
özü qəmli vidadı dəə..

Mən bilirəm,
öz yurdundan köçmək nədir,
Şərbəti də zəhər kimi içmək nədir.

Mən bilirəm
necə olur qürbət elin havası da,
Necə olur bu həyatda
ölüm-qalım davası da…

Köç yoluyla bu dünyanı
dolanmaq nə,
_mən bilirəm.
Dərddən dərdə bu həyatda
calanmaq nə,
_mən bilirəm,

Durnalara mən də yazdım
vətənimdən köçən vaxtı,
Murov dağın aşrımından
üzü bəri keçən vaxtı…
Durna köçü üzücüdür
göydə karvan gedişi var,
İnsan oğlu olan yerdə
axı onun nə işi var?

Bəs qaranquş?
-Bahar quşu deyirik biz
haça quyruq qaranquşa,
Tanrı özü verib əlbət
belə buyruq, qaranquşa.
Yaz gəlişi sizlə başlar,
qaranquşlar!
Yazda dönüb qayıtmağı
elə xoşlar, qaranquşlar.

Amma bir az bifəvasız..,
_mənim kimi,
Siz də elə binəvasız, mənim kimi…
Sizin də bu yer üzündə
bir durarğa yeriniz yox,
Qayıdanda görürəm ki,
biriniz var, biriniz yox.
Dimdiyində çöp götürüb-
uçur, yuva quran quşlar,
Çox çəkmir ki, yuvaların
qoyub qaçır qaranquşlar,
_bizim kimi.
Biz də elə vəfasızıq sizin kimi.

Aşiq oldu nədən belə
hər gül sənə?
Kimlər nəğmə qoşmadı ki,
bülbül, sənə?
Ey füsnükar,
ey nəğməkar sarı bülbül,
Mən susanda
susmayasan barı, bülbül…

Tovuz quşu vəsf olunub doya-doya,
Torağayı rəqsi də var, boydan-boya.
Qartala da zirvə quşu demişik biz,
O leş yeyən quşları da öymüşük biz.
Yazmamışıq, heç birimiz bircə sənə,
Bircə misra, nə bircə bənd,
– sərçə sənə.
Sən ən zərif quş olsan da,
hər cəfaya,
hər bəlaya tuş olsan da,
Bəlkə elə etibarı
Tanrı verib təkcə sənə?
sərçə, sənə…

Yadımdadı, uşaq vaxtı
ilk ovum da sərçə oldu,
Taleyimə kölgə salan
sənin ahın məncə oldu.
Bir dəfə də bir sərçənin
yuvasını uçurmuşdum,
Onun əçcə balasını
evimizə qaçırmışdım.
Ehh..,
-yuvanı uçurmaq da sənin sərçə,
Mənim üçün bir oyunmuş, bir əyləncə…
Yuvanızı uçurmağın
bədəli çox ağırimiş,
Hər bir quşdan nə olsun ki,
sərçə bir az fağır imiş…
Öləndə də məzarıma
kimsə gəlməz,
_sərçə gələr.
Unudulmuş məzarımın
yerini bir kimsə bilməz,
_sərçə bilər.
Baş daşımın üstə gəlib
sən qonarsan.
Ayaqyalın, başı açıq
məzarlıqda donarsan e..,
Sənin kimi küçümsünmüş
taleyimə yanarsan e..!
Bağışla ki,
duymamışam sərçə səni,
İndi daha çox sevirəm,
hər bir quşdan öncə səni!


loading...




Fikrinizi bildirin