«BİR DƏFƏ TƏKİD ETDİM, ELMAN RÜSTƏMOV CAVAB VERDİ Kİ...» - Millət vəkili "od püskürdü" (Yeniləndi)

"AzPolitika.info" BAXCP sədri Qüdrət Həsənquliyevin Ovqat.com-a müsahibəsini təqdim edir:

(Müsahibənin 2-ci hissəsi əlavə olunub)

- Mətbuatdan oxuduğuma görə, 2018-ci il büdcəsi layihəsinə etiraz etmisiniz. Əsas iradınız isə, deyəsən, idman obyeklərinin tikintisinə əlil və şəhid ailələrindən, o cümlədən qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasından çox vəsait ayrılmasına olub. Ümumiyyətlə, tikintiyə sosial müdafiə və sosial təminata iki dəfədən də artıq vəsait ayrılmasını ciddi tənqid etmisiniz. Maraqlıdır ki, sizin etirazınızın üzərindən çox keçməmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov mətbuata açıqlamasında, bir neçə il ərzində ünvanlı sosial yardımların tamamilə ləğv ediləcəyinin anonsunu verdi. Sanki Prezidentin neft erasının bitdiyini bildirməsinə baxmayaraq, hökumət hələ də özünü neft bumu rahatlığında hiss edir.

- Dediyiniz kimi, Məclis komitələrinin iclasında büdcə layihəsi müzakirə olunanda mən sizin toxunduğunuz məsələlərlə bağlı öz narahatçılığımı bildirdim. Əvvəla, istər büdcə layihəsini hazırlayanlar, istərsə də müdafiə edənlər bir qayda olaraq onu sosial yönümlü büdcə kimi qiymətləndirirlər. Bizə təqdim olunan büdcə layihəsi zərfinin birinci cildində sahələr üzrə ayrılmış vəsaitin məbləği göstərilir və başqa mənzərə yaradır.

Məsələn, layihənin 8.6 bəndində sosial müdafiə və sosial təminata cəmi 2 milyard 197 milyon manat ayrılması nəzərdə tutulur. 8.11.1 bənddə isə tikintiyə 4 milyard 927 milyon manat ayrılır. Tikintiyə sosial müdafiədən 2 dəfədən çox vəsait ayrıldığı halda, onu necə sosial yönümlü adlandırmaq olar. Bu layihə daha çox tikinti yönümlüdür .

Məntiqlə, büdcədə hansı sahəyə daha çox vəsait ayrılırsa, yönümü də buna görə müəyyənləşdirilir. Layihənin müdafiəçiləri isə başqa sahələrə ayrılmış vəsaitin də nəticə etibarilə əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etdiyi məntiqindən çıxış edərək, onu sosial yönümlü kimi qiymətləndirirlər. Ona qalsa, bütün sahələr insanlarının təhlükəsizliyinə və rifahının yaxşılaşmasına xidmət edir. Onda niyə büdcəni sosial, aqrar, sənaye və s. yönümlü kimi kateqoriyalara ayırırıq? Sosial yönümlü deyiriksə, deməli sosial müdafiə və təminata daha artıq vəsait ayrılmasını nəzərdə tuturuq.

Açığı, mən tikintiyə bu qədər vəsaitin ayrılmasının əleyhinəyəm.

Hesablama Palatasının büdcə layihəsiylə bağlı təqdim etdiyi rəydə sahələrə vəsait ayrılmasıyla əlaqədar cədvəllər verilib. Həmin rəyin “Dövlət investisiya proqramına daxil olan investisiya layihələrinin sahələr üzrə proqnozlaşdırılan vəsaitlərin həcmi və mənbəyi” adlanan 72 saylı cədvəlinə diqqət yetirsəniz, görərsiniz ki, idman obyektlərinin tikintisinə 244 milyon manat dövlət əsaslı vəsait qoyulması nəzərdə tutulur. Cədvəldə qaçqınların və məcburi köçkünlərin sosial yaşayış şəraitlərinin yaxşılaşdırılmasına dair tədbirlərə isə 200 milyon manat Dövlət Neft Fondundan ayrılması proqnozlaşdırılır. Xarici kreditlər hesabına isə 42 milyon ayrılır. Mən də komitələrin iclasında sual verdim ki, 42 milyonu kim götürəcək? Hansı bankdan, hansı faizlə götürüləcək? Kim qaytaracaq? Tikintiyə necə yönəldiləcək? Bütün bunlara mütləq aydınlıq gətirilməlidir.

Fikrimcə, idman obyektlərinin inşaatına qaçqın və məcburi köçkünlər üçün mənzil tikintisindən daha artıq vəsaitin ayrılması tamamilə yolverilməzdir. Ona görə ki, son illər ərzində kifayət qədər idman obyektləri tikilib...

- Maraqlı məqama toxundunuz. Ümumiyyətlə, hökumətin idmana xüsusi diqqət ayırması başa düşülən deyil. Bəzən xaricdən muzdlu idmançılar gətirilib Azərbaycan milli komandaları yaradılır, sonra onlara vəd edilən pullar verilmir, ciddi narazılıqlara, beynəlxalq arenalarda nüfuzdan düşməyimizə yol açılır. İdman komplekslərinin tikintisinə ayrılan vəsaitlər də deyiniz kimi analşılan deyil.

- Ən pisi odur ki, həmin komplekslər şəhər və rayonların girəcəyində heç kimin yaşamadığı ərazilərdə inşa edilirlər. Faktiki olaraq gənclərin, uşaqların oraya getməsi də müşkülə çevrilir.

Yeri gəlmişkən, prezident seçkilərində mən seçicilərlə görüşmək üçün Lənkərana getmişdim. Orada bir Olimpiya kompleksi var idi. Kompleks şəhərin mərkəzindən xeyli aralıda salınmışdı. Şəhər mərkəzindən oraya piyada yürümək mümkün olmadığından maşınlarla getdik. Maraqlıdır ki, Lənkəran şəhər mərkəzindən Olimpiya kompleksinə avtobus da işləmir. Komplekslə tanış olanda gördüm ki, bina baxımsızlıqdan uçub dağılır, istilik sistemi istifadəyə yararsızdır, döşəmə sıradan çıxıb. Bunu mən o zaman televiziya çıxışımda da dedim. Dedim ki, boş yerə xərc çəkib o kompleksi niyə inşa ediblər? Bu yaxınlarda həmin binanı söküb yerində yeni kompleks tikdilər və yenidən açılışı oldu...

- Yenə həmin uzaqlıqda. Deməli, kompleksə gedib-gəlmək problemi hələ də öz qüvvəsindədir...

- Təəssüf ki, elədir. Ümumiyyətlə, Olimpiya komplekslərinin şəhərlərin girəcəyində salınmaları həm də həmin rayonlara gələn qonaqların gözünü oxşamağa xidmət edir. Qış aylarında yalnız bu komplekslərdəki yeməkxanalar fəaliyyət göstərir. Bu kimi binaların əvəzinə qaçqınlar üçün yaşayış massivləri salmaq daha məqsədəuyğundur. Bilirsiniz ki, hazırda 4 min 600-dən çox qaçqın ailəsi qəzalı vəziyyətdə olan binalarda yaşayır. İlk növbədə hökumət bu ailələrin yaşayış şəraitini yaxşılaşdıran addımlar atmalıdır.

İnsafən, onu da vurğulamaq lazımdır ki, Mehriban xanım I vitse-prezident təyin olunandan sonra bu məsələlərə xüsusi diqqət ayırır. Paşa Holdinq onun təşəbbüsü ilə qaçqınlar üçün ev tikir. Dəqiq məlumatım var ki, Bakı şəhəri, Nərimanov rayonunda tikinti ilə məşğul olan şirkətlər Mehriban xanımın çağırışına səs verərək, inşa etdikləri binalarda qaçqın ailələrinə mənzillər ayırırlar. Bütün bunlar yaxşı hallardır. Amma dövlət büdcəsində qaçqınlara mənzil tikintisi üçün 200 milyon manatlıq vəsait ayrılması azdır. Qəzalı binalarda yaşayan bu insanların həyatları 25 ildir ciddi risk altındadır. Hər il bu insanlara bina tikmək üçün 200 milyon vəsait ayrılsa, qaçqınların hamısının evlə təmin olunması neçə ilə başa gələ bilər? Allah Təala insana nə qədər ömür verib ki?

- Qüdrət bəy, bəlkə hakimiyyət səhiyyə və təhsil ocaqlarına ayırdığı vəsaiti də sosial təminat sahəsinə aid edir. Xüsusilə dövlət xəstəxanaları və səhiyyə ocaqlarının xidmətlərindən aztəminatlı ailələrin, təqaüdçülərin yayarlandığı sirr deyil. Bəlkə hökumət də bunu nəzərə alıb həmin sahələrin tikintisinə, təmirinə ayrılan vəsaitləri də sosial yönümlü investisiya hesab edir?

- Bayaq dediyim kimi, istənilən sahəyə ayrılan vəsaiti o cür qiymətləndirmək olar. Hökumətin büdcə layihəsində nəzərdə tutulan xərclərə nəzər salanda təhsil və səhiyyə sistemində də tikinti işlərinə daha çox diqqət ayrıldığını görə bilərik. Sənəddə Respublika üzrə şəhər və rayonlarındakı səhiyyə obyektlərinin tikintisi və təmirinə 194 milyon, ali təhsil müəssisələrinin təmiri və tikintisinə 45.5 milyon manat ayrılır. Üst-üstə, 240 milyona yaxın vəsaitdən söhbət gedir. Bu vəsait də qaçqın və köçkünlərə ayrılandan artıqdır. Axı, niyə səhiyyə obyektlərini dövlət tikməlidir?

- Bəs, kim tiksin?

- Məncə, mövcud səhiyyə ocaqlarını özəlləşdirməklə dövləti bu yükdən xilas etmək olar. Bu yaxınlarda deputat həmkarım Fazil Mustafa ilə birlikdə 5 nömrəli xəstəxanada yatan dostumuzun ziyarətinə getmişdik. Şəhərin düz mərkəzində yerləşən bu xəstəxana dağılıb gedir. İçəri girməli deyil. Bu cür xəstəxana saxlamaqdansa, onu özəlləşdirmək lazımdır.

- Bəs, xəstəxanalar özəlləşdiriləcəksə, insanların pulsuz səhiyyə xidməti almaq hüquqları necə təmin olunacaq?

- Azərbaycan yaxın zamanlarda məcburi tibbi sığortaya keçməlidir. Bu istiqamətdə müəyyən addımlar atılsa da, proses gecikdirilir. İmkansız insanlara gəldikdə isə onlar dövlət hesabına sığorta olunmalıdır. Necə ki, bunu ABŞ-da Obama etdi. Biz sadəcə, bütün dünyada mövcud olan və gözəl nəticələriylə seçilən bu sistemin qarşısında dayanan maneələri ortadan qaldırmalıyıq. Sosialist təsərrüfat sistemi, dövlət mülkiyyətində olan müəssisələr özünü doğrultmadı. Dövlət mülkiyyəti həm hamınındır, həm də heç kimindir. Ona görə də indiki kimi baxımsız xəstəxanalar, təhsil ocaqları ortaya çıxır. İctimai münasibətlərə, iqtisadiyyata bu cür sovet yanaşması özünü doğrultmadı ki, SSRİ kimi nəhəng dövlət dağıldı.

Hələ mövcud olanlar bir yana, niyə yeni təhsil və səhiyyə ocaqları dövlət hesabına tikilməlidir? Lazımdır ki, ölkədə universitetlərin və səhiyyə ocaqlarının tikilməsi üçün münbit şərait yaradılsın. Vətəndaşlar və özəl şirkətlər bu istiqamətdə iş görsünlər. Əgər vətəndaşların buna imkanı çatmasa, dövlət nəzərdə tutulan layihələrə kreditlər ayıra bilər. Həmin müəssisələr fəaliyyətə başladıqdan sonra aldıqları kreditləri geri ödəyərlər. Geri qayıdan həmin vəsait başqa sahələrə yönəldilər. Başqa bir sahibkara kredit verilər. Sahibkarların ucuz kreditlərə çıxışını təmin etmək üçün Neft Fondunun vəsaitlərinin bir hissəsi Azərbaycandakı kommersiya banklarında yerləşdirilməlidir.

- Üstəlik, həmin özəl müəssisələr bir müddətdən sonra dövlətə vergi də ödəyər. Həm dövlət büdcəsinin yükü azalar, həm də həcmi artar...

- Bəli. Özü də bu siyasət yalnız səhiyyə və təhsil sistemiylə məhdudlaşmamalıdır. Xidmət sahələri də eyni prinsiplə özəlləşdirilməlidir. Mən MM-in komitə iclasında məsələ qaldırdım ki, Azəriqaz, Azərişıq, Azərsu, Azəristiliktəchizat, Bakubus və s. kimi müəssisələr də özəlləşdirilməlidir. Dövlətin xidmət sahələrini öz nəzarətində saxlaması başadüşülən deyil. Bunun heç bir normal izahı yoxdur. Axı, özəl şirkətlər həm bu sahələrə özləri investisiya qoyacaqlar, həm də büdcəyə vergi ödəyəcəklər. Amma indi dövlət xidmət müəssisələrinin fəaliyyəti üçün büdcədən mütəmadi vəsait ayırır. Bəzi hallarda sözgedən müəssisələr banklardan da kredit götürüb qaytara bilmirlər. Dövlət bir də onların bank borclarını ödəyir.

Dövlət mülkiyyətinin səmərəsiz idarə olunması ilə bağlı ən əyani nümunə Beynəlxalq Bankdır. Bilirsiniz ki, bu bankın da əsas səhmdarı dövlət idi. Ona görə də bank rəhbərliyi girovsuz 100 milyonlarla dolları ayrı-ayrı dələduzlara kredit kimi verə bilirdi. Beynəlxalq bank hansısa şəxsin özəl mülkiyyəti olsaydı, bu kimi hallara imkan yaradılardımı? Nəticədə nə oldu? Beynəlxalq Bankın rəhbərini tutub 15 il iş verdilər, dövlət isə bankın xarici kreditorlara 400 milyondan artıq borcunu bu il büdcənin hesabına ödədəməli olacaq.

Biz vaxtilə Beynəlxalq Bankın özəlləşdirilməsi məsələsini də dəfələrlə parlamentdə qaldırırdıq. Amma milyardlarla dollar zərərə düşəndən sonra indi biz deyənə gəlirlər. Cahangir Hacıyevə 15 il iş verdilər, amma Beynəlxalq Bankın itirdikləri qayıtdımı?

- Dərd burasındadır ki, ölkədə real problemlər xirtdəyə qədər yığıldığı halda, hökumət nədənsə xəyali proyektlərin arxasınca düşür. Bəzən adama elə gəlir, Beynəlxalq Bank da hökumətin bu xəyali proyektlərinin qurbanı oldu. Məncə, bu məsələdə bank rəhbərliyindən çox, hökumətin xəyalpərəstliyinin rolu az olmayıb. Necə fikirləşirsiniz, gələn ilin büdcəsində də xəyali proyektlərə vəsait ayrılıb?

- İlk öncə onu deyim ki, Beynəlxalq Bankın tənəzzülündə kimin günah payının daha çox olduğunu müəyyənləşdirə biləcək tərəf biz deyilik. Buna məhkəmə orqanları qiymət verməlidirlər, verirlər də. Mənim dediyim odur ki, həmin bank vaxtında özəlləşdirilsəydi, onun valyuta ehtiyatları perspektivsiz layihələrə sərf olunmazdı. Problemin kökü burdadır. Əsl məsələ böyük müəssisələrin özəlləşdirilməsindən çəkinməyimizdir. Əgər bundan çəkiniriksə, heç olmasa uzun müddətliyinə - 99, 100 illiyinə müəssisələr əməli idarəetməyə, icarəyə verilməlidir.

O ki qaldı gələn ilin büdcəsində xəyali, perspektivsiz layihələrin olub-olmamasına, bizim fikrimizcə, bu cür hallar yenə də mövcuddur. Komitənin iclasında da söylədiyim kimi, buna misal olaraq Neftçalada İranla birgə abtomobil zavodunun tikilməsini gəstərə bilərəm. Kimə lazımdır o zavod?

- Naxçıvanda da biri tikilib. İndi deyəsən, müştəri qıtlığından fəaliyyətini dayandırır...

- Naxçıvandan əvvəl Şamaxıda biri tikilmişdi. İranla birgə inşa olunan bu zavodda “Peykan” buraxılırdı. Heç kim almadı. Üstəlik, bu zavod yığma sexindən başqa bir şey deyildi. Avtomobillərin hissələri İrandan gətirilib burda montaj edilirdi. İndi də həmin müəssisə tam fəaliyyətsiz, ağzı günə qalıb, avadanlıqları paslanır.

Yaxud dediyiniz kimi, Naxçıvanda da avtomobil zavodu var. Buraxdığı maşınlar xarici görkəminə görə kifayət qədər göz oxşayır. Naxçıvanda ondan taksi kimi istifadə edirlər. Mən taksi sürücülərindən soruşmuşam, keyfiyyətindən ağız dolusu danışıblar. Buna baxmayaraq, Azərbaycan insanı bu maşınları almır. Maşın istehsalı üzrə tanınmış brend şirkətlər var. Yaponiya, Cənubi Koreya, ABŞ, Almaniya şirkətlərinin mallarına daha çox üstünlük veririk. Hətta Prezident də göstəriş verdi ki, bütün dövlət müəssisələri Naxçıvan istehsalı olan həmin avtomobillərdən alsın. Bu tapşırıq da nəticə vermədi.

Üstəlik, indi avtomobillərin də xarakteri dəyişilir. Dünya tədricən, karbohidrogen yanacaqlı maşınlardan imtina edib, elektirik mühərrikli avtomobillərə keçməyə başlayıb. Siz bir jurnalist kimi araşdırsanız, görərsiniz ki, dünyada artıq 2 milyona qədər elektrik maşınları istehsal olunub. Mütəxəssislərin hesablamasına görə, 2040-ci ilə qədər bu rəqəm 900 milyona çatacaq. Dünyanın bütün brend markaları artıq yeni, elektriklə hərəkət edən maşın istehsalına keçməyə çalışırlar. Belə bir vəziyyətdə Neftçalada 3-cü bir avtomobil zavodu açmağın mənası nədir? O müəssisəyə ayrılan vəsait küçəyə atılan puldur və batıb gedəcək. Onun əvəzinə elektriklə işləyən avtomobil zavodu tiksəydilər, daha perspektivli olardı. Baxmayaraq ki, buna da ehtiyac yoxdur. Eyni müəssisəni Naxçıvandakı zavodun bazasında da yaratmaq olar.

- Yeri gəlmişkən, Milli Məclis komitələrinin büdcə layihəsiylə bağlı keçirdikləri iclasında Naxçıvanla bağlı çıxış edibsiniz. Bu məsələni də orda qaldırmısınızmı?

- Bəli, qaldırmışam. Komitələrin iclasındakı çıxışım zamanı dedim ki, Naxçıvanda kənd təsərrüfatı təyinatlı topraqlar çox azdır. Burda mütləq sənaye inkişaf etdirilməlidir. Naxçıvanda sənayenin inkişafı üçün Neft Fondundan ciddi investisiya qoyulmalıdır. Naxçıvan sənayesinin gücü isə arzulanan səviyyədə deyil və bu rəsmi statistikadan da sezilir. Təsəvvür edin, Muxtar Respublikanın 355 milyonluq büdcəsinin 282 milyonu, yəni 80%-i Azərbaycan büdcəsindən verilir. Cəmi 77 milyon manat yerli imkanlar hesabınadır. Bunları mərkəzi hökumətdən giley kimi söyləmirəm. Hər bir ağlı başında olan adam başa düşür ki, Prezidentin Naxçıvana xüsusi diqqəti və dəstəyi olmasa, Muxtar Respublikada həyat dözülməz hala gələr. Yəni Naxçıvanı ayaqda saxlayan Azərəbaycan büdcəsindən ayrılan 282 milyon manat dotasiyadır. Bu vəsait olmasa Naxçıvanda həyat ümumiyyətlə imkansızlaşar. Mən çıxışımda onu da qeyd etdim ki, zamanında Naxçıvan əhalisinin əhəmiyyətli qismi Bakıya və qonşu ölkələrə köçmək məcburiyyətində qalıb. Təsəvvür edin, İstanbulda artıq ayrıca Naxçıvan məhəlləsi var. Onlar artıq ölülərini də İstanbulda dəfn edirlər. Uşaqlar sənədləri olmadığına görə orada məktəbə də gedə bilmirlər. Toyu da orda edirlər...

- Bir sözlə, qul həyatı yaşayırlar...

- Başqa ölkələrə, o cümlədən Rusiyaya da köçənlər də az deyil. Bir çox Naxçıvan gənci hərbi xidmətini başa vuran kimi öz dədə-baba yurdunu tərk edir. Çünki iş yeri yoxdur.

- Sizcə, Naxçıvanda yeni işləri yaratmaq mümkündür?

- Əlbəttə, mümkündür. Adi bir misal çəkim. Sovet dövründə tək Culfa rayonunda 3 şərab zavodu var idi: ikisi bizim kənddə - Əbrəqunusda, biri də Yaycı kəndində. Üstəgəl, mənim deputat seçildiyim Ordubad rayonunda Konserv zavodu, baramaçılıq təsərrüfatları fəaliyyət göstərirdi. İndi bunların heç biri yoxdur.

- Halbuki, coğrafiya da eynidir, ekoloji şərait də. Üstəlik, Naxçıvanın dünya ilə geniş əlaqələri yaranıb. Türkiyə, İran vasitəsilə istənilən yerlərə çıxıb, Naxçıvan mallarının bazarını yaratmaq olar.

- Bəli, mən də ona görə deyirəm ki, Naxçıvanda sənaye inkişaf etdirilməsə, yeni iş yerləri açılmasa, vəziyyət çox acınacaqlı olacaq. Mən indidən həyəcan təbili çalıram. Biz nə qədər Respublika büdcəsindən pul ayıracağıq ki, orda xərclənsin? Biz çalışmalıyıq ki, Muxtar Respublikaya ciddi layihələrə investisiyalar yatırılsın, Naxçıvan özü-özünü dolandırsın, dotasiya almasın. Naxçıvan blokada vəziyyətindədir, bu, başa düşüləndir. Amma Naxçıvanın başqa üstünlükləri də var, axı. Naxçıvan iki qonşu ölkəylə həmsərhəddir. Bu imkanlardan faydalanmaq lazımdır...

II HİSSƏ

- Naxçıvanın iqtisadi inkişafı üçün konkret nə təklif edirsiniz?

- Naxçıvan Muxtar Respublikasında ilk növbədə azad iqtisadi zona yaradılmalıdır. Uzun illərdir bu məsələ müzakirə olunur, amma reallaşdırılmır. Artıq bunu reallaşdırmaq lazımdır. Naxçıvanın yerləşdiyi coğrafi mühit də buna kifayət qədər imkan verir. Türkiyə və İranın qovşağında yerləşən Muxtar Respublikanın bu imkanlarından düzgün istifadə olunsa, bütün tərəflər qazanar, Naxçıvanın təhlükəsizliyi üçün əlavə təminatlar da yaranar.

Muxtar Respublikanın iqtisadi inkişafının digər sahəsi böyük sənaye komplekslərinin yaradılması və inkişafı potensialı ilə bağlıdır. Buranı Almaniyanın Ştutqart, Münhen şəhərləri kimi böyük sənaye mərkəzinə çevirmək olar. Bayaq dediyim kimi, getdikcə dünyada rəvac qazanan elektrik avtomobillərini Naxçıvanda buraxmaq lazımdır. Özü də dünyanın qabaqcıl avtomobil istehsal edən şirkətləriylə birgə layihələr həyata keçirməklə.

Bu gün karbohidrogen yanacaqlı avtomobillərdən fərqli olaraq, elektriklə işləyən maşınlara bazarda ciddi tələbat yaranır. İqtisadi təxminlər bu tələbatın yaxın 10 illər ərzində daha da böyüyəcəyini göstərir. Azərbaycan hökuməti yaranmış fürsətdən istifadə edib dünyanın ən qabaqcıl avtomobil zavodlarının regional filiallarının Naxçıvana salınmasına nail ola bilər. Muxtar Respublikanın istehsal etdiyi elektrikli maşınların həm Türkiyə, İran, həm də Rusiya, Orta Asiya bazarlarına çıxartmaq potensialı yüksəkdir. Bilirsiniz ki, həm Türkiyə ilə Qərb arasında yaranan ziddiyyətlər, həm də İrana qarşı tətbiq olunan sanksiyaların tam aradan qaldırılmaması həmin şirkətləri bu ölkələrə investisiya qoymaqdan çəkindirir. Eyni şəkildə Gürcüstanla Rusiya arasındakı ziddiyyətlər hər an ciddi risklərlə qarşı-qarşıya qalmaq təhlükəsi yaradır. Ermənistanın işğalçı siyasət yürütməsi bu ölkəni də böyük investisiyalar baxımından mənasız hala gətirib. Nəhəng avtomobil şirkətləri isə regional bazarları əldə saxlamağa çalışırlar. Naxçıvanın coğrafi mövqeyi onların bu maraqlarına tam cavab verir. Azərbaycan hakimiyyəti ya Almaniya, ya Yaponiya, ya ABŞ, ya Cənubi Koreya şirkətləriylə danışıqlar aparmalı, onları Naxçıvana investisiya qoymağa təşviq erməlidirlər.

Özü də indiki montaj fabrikası qurmaq yoluyla deyil, avtomobillərin bir çox hissələrinin Naxçıvanda istehsal edilməsi şərtiylə müqavilələr bağlanmalıdır. Bilirsiniz ki, hazırda Azərbaycanda açılan avtomobil zavodlarının hamısında maşının bütün hissələri xaricdən gətirilib, burda yığılır. Bu, maşın istehsalı demək deyil. Mən hesab edirəm ki, həmin maşınların bir çox hissələri, gələcəkdə hətta 100%-i Naxçıvanın özündə istehsal olunmalıdır. Muxtar Respublikanın hər rayonunda o hissələrin bir qismini istehsal edən müəssisə salınsa, bu, əhalinin rifahına müsbət təsir göstərər. Naxçıvan gəncləri çörək pulu xətrinə öz doğma diyarlarını tərk edib başqa ölkələrə getməz...

- Aydındır, yəni deyirsiniz ki, Naxçıvan iqtisadiyyatı iki əsas sahə üzərində inkişaf etdirilə bilər - biri azad iqtisadi zona yaradılması, digəri isə transmilli sənaye şirkətlərinin Muxtar Respublikaya investisiya yatırımına cəlb edilməsi yoluyla. Gəlin, razılaşaq ki, bunlar Muxtar Respublika rəhbərliyini aşan məsələlərdir...

- Əlbəttə, elədir. Mən Naxçıvanın indiki ağır vəziyyətdə olmasının tək səbəbini yerli hakimiyyətdə axtarmıram. Bir çox layihələri mərkəzi hakimiyyət həyata keçirməlidir. Bununla belə, Naxçıvanda daha azad investisiya mühitin yaradılmasında Muxtar Respublika rəhbərliyinin də üzərinə ciddi iş düşür.

- Qüdrət bəy, məni bir məsələ maraqlandırır. Bütün dünya alternativ enerjiyə keçməyə çalışdığı halda, biz hələ də neft sənayəsinə ümidlərimizi bağlamışıq. Sizə elə gəlmir ki, bir müddətdən sonra onsuz da tükənən və tükəndikcə maya dəyəri artan təbii sərvətimiz bizi xəyal qırıqlığına uğradacaq?

- Mənim parlament iclaslarında qaldırdığım əsas məsələrdən biri də budur – alternativ və bərpaolunan enerji mənbələri. Siz bilirsiniz ki, Bakı şəhəri küləkləriylə məşhurdur. Burada il ərzində cəmi 45 gün külək olmur...

- Doğrudur. Üstəlik, günəşli şəhərdir...

- Baxın, gələn ilin büdcəsində 6 milyon 995 min manat Alternativ və Bərpaolunan Enerji Məsələləri üzrə Dövlət Agentliyi məmurlarının maaşlarına və agentliyin saxlanılmasına ayrılıb. Əslində bu Agentlik ləğv edilə və işi Energetika Nazirliyinə tapşırıla bilərdi. Bundan başqa işi elə qurmaq olardı ki, bu agentlik nəinki büdcədən qidalanar, əksinə, büdcəyə pul verərdi. Amma büdcədən bu agentliyə pul ayırırıqsa, deməli, bu qurum ya mənasız yerə yaradılıb, ya da mənasız işlərlə məşğuldur. Sanki bu qurum da ona görə yaradılıb ki, başqalarına göstərib “biz belə ciddi işlərlə məşğuluq” deyə bilək.

Hərdən cənub rayonlarına yolum düşür. Bu rayonlara gedən yolun ətrafında bir yerdə günəş batareyaları düzülüb. Avtomobillər gedib gəldikcə, həmin batareyaların üzərinə ya toz, ya palçıq sıçrayır. Halbuki, onlar elə yerdə qurulmalıdır ki, üzərlərinə zərrə qədər də toz qonmasın. Əks halda günəş enerjisini toplaya bilməz. Bizdə isə görüntü xatirinə ən tozlu, palçıqlı yerdə bu batareyalar düzülüb.

- Elə bu fakt da məqsədin görüntü olduğunu təsdiqləyir...

- Bəli, təəssüf ki, belə görüntü yaranır. Yaxud külək trubinlərini götürək. Dünyanın bir çox ölkələri artıq öz həyatlarını alternativ enerji üzərində qururlar. Məsələn, İsveçdə enerji tələbatının 53.9 faizini bərpaolunan enerji vasitəsilə ödəyirlər. İsveç, deyək ki, oturuşmuş Qərbi Avropa dövlətidir. Bizimlə eyni “şinel”dən çıxan Latviyada bu göstərici 39.3%, Avstriyada 33%, Danimarkada 30.8%-dir. Avropa Birliyi qərar qəbul edib ki, artıq 2020-ci ildə bütün ittifaq ölkələrinin enerji tələbatının 20%-i, 2030-cu ildə isə 27%-i bərpaolunan enerji hesabına ödəniləcək. Bizdə bu sahədəki vəziyyət isə həmin işlə məşğul olan agentliyi büdcədən maliyyələşdirəcəyimiz səviyyəsindədir. Bakının bu qədər küləyi, cənub rayonlarımızın bol günəşi ola-ola, işlərin bu qədər ləng getməsi başa düşülən deyil.

- Sözünüzün qüvvəti, bayaq nümunə kimi göstərdiyiniz ölkələrin bəziləri ilin önəmli hissəsini günəşsiz keçirirlər...

- Üstəlik, Qərbi Avropa ölkələrinin həmin qurğuları qurmaq üçün tələb olunan ərazi problemləri var. Avropada torpaqlar da çox münbitdir, əkinə yararlıdır. Onlar gileylənirlər ki, külək trubinlərini quraşdırmağa yer tapa bilmirik. Aparıb dənizin ortasında quraşdırırlar. Bizdə isə Bakının ətrafı əkinə yararsız gilli torpaqlarla əhatələnib. Quruda külək trubinləri quraşdırmaq daha ucuz başa gəlir. Bakıdan Qobustana qədər gilli topağı olan böyük ərazilər ağzı günə yatıb. Biz o əraziləri onsuz da əkib becərə bilmirik. Amma alternativ enerji qurğuları üçün də istifadə etmirik.

- Əkinə yararlı ərazilərimiz də az deyil. Amma bu sahədə də ciddi addımlar atılmır. Bir çox kənd təsərrüfatı məhsullarını hələ də xaricdən alırıq. Aqrar sahənin inkişafı barədə nə düşünürsünüz və gələn ilin büdcəsində bu nəzərə alınıbmı?

- Dünyanın hər yerində kənd təsərrüfatına müəyyən mənada subsidiyalar verilir. Amma bizdə bu formul özünü doğrultmadı. Fikrimcə, dövlət bu istiqamətdəki siyasətini dəyişdirməlidir. Sahibkarlara, fermerlərə subsidiyalar vermək yerinə, onların məhsullarını normal qiymətə sata bilməsini təmin etmək daha səmərəli nəticələr verə bilər. İstənilən malı istehsal etməzdən qabaq onun satış bazarı yaradılmalıdır. Bu, xüsusilə kənd təsərrüfatı məhsulları üçün keçərlidir. Məhsullarını sərfəli qiymətə sata bilməyən fermerin istər-istəməz əli işdən soyuyur. Bir çox ölkələrdə dövlət bu problemin qarşısını almaq üçün kənd təsərrüfatı məhsullarını özü alıb bazarlara çıxarır. Bizdə də bu istiqamətdə müəyyən addımlar atılıb, tədarük və təchizat üzrə səhmdar cəmiyyət yaradılıb. Elə etmək lazımdır ki, həmin səhmdar cəmiyyət kənd təsərrüfatı məhsullarını baha qiymətə ala, onun ixracatı ilə məşğul ola bilsin.

- Amma həmin səhmdar cəmiyyət təbii monopoliya yaradıb məhsulları ucuz qiymətə də ala bilər.

- Eynitipli müxtəlif alternativ qurumlar yaradıb bu məsələni də yoluna qoymaq olar. Əsas odur ki, indiyə qədər özünü doğrultmayan yanaşmalardan imtina edilsin, yeni siyasət həyata keçirilsin. Təklif etdiyim subsidiyalar əvəzinə, məhsulların sərfəli qiymətə alınması da bu siyasətlərdən biridir. Bu siyasət kəndlini işə həvəsləndirə bilər. İndiyə qədərki siyasətlər özünü doğrultmursa onları dəyişmək lazımdır. Yəni dövlət fermerlərə deməlidir ki, sən get, məhsul istehsal et. Kredit götürəcəksən, özün bu sahəyə pul qoyacaqsan, öz işindir. Mən səndən məhsulunu normal qiymətə alacağam, yaxud normal qiymətə satmağına şərait yaradacağam.

- Sizcə, bu yanaşmalar niyə dəyişdirilmir?

- Bunun 2 başlıca səbəbi var. Biri neft kapitalının gətirdiyi rahatlıq, digəri isə vətəndaşlarımızın vərdiş etdiyi yaşayış tərzidir. Uzun illər sovet rejimi tərəfindən idarə olunan xalqımız kasıb yaşamağa öyrəşib. O dövrdə əhalinin çox az qisminin avtomobili var idi. SSRİ-nin son dövrlərində yalnız, əksər evlərə televizorlar, müxtəlif məişət əşyaları, elektrik avadanlıqları girməyə başlamışdı.

SSRİ dağıldıqdan sonra isə ölkəmiz tək bir mənbəyə - neft kapitalına gözünü dikdi. Neftdən əldə edilən gəlirlərin bir qismi sadə insanlara çatdı. Onlar da öyrəşdikləri minimum həyat tərzlərini bu cür davam etdirdilər. Hökumət isə insanların həyatlarından narazı olmadığını görüb öz ənənəvi siyasətini dəyişdirmir. Sosial gərginlik təhlükəsi hiss edilməyən istənilən cəmiyyətdə ənənəvi siyasətlərdən vaz keçilmir, radikal islahatlar aparılmır. Mən parlament çıxışlarımda da bu məsələyə xüsusi diqqət ayırmış və radikal islahatlar aparılmasa, qısa müddət ərzində vəziyyətin köklü şəkildə dəyişilməyəcəyini bildirmişəm.

Son 25 ildə əldə etdiyimiz iqtisadi inkişafın ən gözəl mənzərəsi büdcə gəlirlərinin mənbələri barədə rəsmi məlumatlarda öz əksini tapıb. Büdcə layihəsində göstərilir ki, qeyri-neft sektorundan hüquqi şəxslərin mənfəət vergisinin həcminin 1.6 milyard manat olacağı gözlənilir. İqtisadiyyatımızın real göstəricisi budur.

- Bəli, hökumət də gizlətmir ki, iqtisadi artım cəmi 2% civarında olub...

- 2.4% qeyri-neft sektorundakı artımdır. Ümumiyyətlə isə, iqtisadiyyatın ümumi həcmində 2% azalma var. Yaxşı ki, hələ neftin qiyməti 60 dollar civarında qaldı. Yoxsa iqtisadi tənəzzül daha dəhşətli olardı. Son zamanlar neftin qiymətlərindəki yüksəliş Neft Fondunun əriməsinin qarşısını aldı.

Yeri gəlmişkən, Neft Fondundan da səmərəli istifadə edə bilmirik. Bizdə ayrı-ayrı layihələr bu fonddan maliyyələşdirilir. Mən hesab edirəm ki, Neft Fondunun pulunu yalnız dövlət aparatı xərcləməməlidir. Mən Elman Rüstəmova dəfələrlə sual verirdim ki, Prezidentin hələ 2008-ci ildə 2 milyard dolların gətirilib yerli banklarda saxlanılması tapşırığına niyə əməl etmirsiniz? Axı, bu, həm yerli bankların gəlirliliyini artırar, normal fəaliyyətlərinə şərait yaradar, həm də yerli sahibkarlara aşağı faizli kredit almaq imkanı verər. Elman Rüstəmov həmişə bu sualdan qaçırdı. Bir dəfə mənim təkidlərimdən sonra cavab verdi ki, iqtisadiyyatımızın o pulları həzm etmək gücü yoxdur, biz onsuz da neft pullarını büdcə vasitəsilə xərcləyirik. Ayrı-ayrı investisiya proqramları Neft Fondu hesabına maliyyələşdirilir...

- Yəni bununla Mərkəzi Bankın rəhbəri etiraf etdi ki, Neft Fondunun pullarını məmurlar xərcləyir.

- Mənim yanaşmam isə belədir ki, həmin pulların bir hissəsi kommersiya banklarında yerləşdirilməli, sahibkarların aşağı faizli kreditlərə çıxışı olmalıdır. Çünki sahibkarın təfəkkürü ilə məmurun düşüncəsi arasında böyük fərq var. Sahibkar bilir; hardan pul qazanmaq, hansı sahəni inkişaf etdirmək, hara investisiya qoymaq olar, hardan daha çox gəlir əldə etmək mümkündür. Buna görə də inkişaf etmiş ölkələrdə əsasən sahibkarlıq sahəsində uğur qazana bilməyənlər məcburən məmur olurlar. Sahibkarların gördüyü işlər sayəsində həmin pullar faizləri ilə birlikdə başqa sahibkarlara verilməsi üçün geri qayıdacaq, yeni iş yerləri açılacaq, həm də büdcəyə əlavə mənfəət gəlirləri gətirəcəkdir.

- Doğrudan da çox qəribədir. Azərbaycanın neft gəlirləri xarici banklarda yatdığı halda, biz xaricdən xeyli baha qiymətə borclar alıb öz sahibkarlarımıza veririk. Halbuki, o kapitalın hesabına Azərbaycan iqtisadiyyatını dəfələrlə inkişaf etdirmək olardı. Biz isə neft gəlirlərini pulumuzu devalvasiyadan xilas etmək tədbirlərinə yönəltdik. Üstəlik, bunu da bacara bilmədik.

- Bəli, 40 milyard dolları 1.5 faizlə (daha əvvəl faizlər daha aşağı idi, hardasa, 0.89%. Ötən il, deyəsən, 1.5%-ə yüksəldi) xarici banklarda saxlamaqdandırsa, onun bir hissəsini gətirib sahibkarlara dəfələrlə yüksək faizlə (məsələn, 4.5%) kredit vermək olardı.

Bu addımı atsaydıq, Neft Fondumuz daha çox qazanacaqdı. Kredit alan sahibkar fikirləşəcək ki, borcunu ödəmək üçün gecəsini gündüzə qatıb çalışmalıdır. Əks halda, onu iflas və məsuliyyət gözləyir. Bu düşüncəylə də o, bazarı öyrənəcək, görəcəyi işin rentabelli olub-olmayacağını müəyyənləşdirdikdən sonra fəaliyyətə başlayacaqdı.

Ölkənin iqtisadiyyatının inkişafı məhz bu cür məsuliyyət hissi duyan, bazarı dəqiqliyi ilə araşdıran iş adamlarına həvalə etməlidir. Yoxsa, hökumət həm idarəetməni, həm iqtisadiyyatı öz əlində cəmləşdirəndə bütün sahələrdə tənəzzül qaçılmaz olur. Ona görə deyirəm ki, Neft Fondunun kapitalı əsasən büdcə vasitəsilə məmurlar tərəfindən xərclənir, sahibkarlar vasitəsilə real sektora yönəldilmir.

Üstəlik, Neft Fondu vəsaitlərinin tamamilə xarici banklarda qorunması istər-istəməz yerli iş adamlarımızda və vətəndaşlarda öz banklarımıza etibarsızlıq hissi yaradır. Bunun və iki ardıcıl devalvasiyanın nəticəsidir ki, vətəndaşlar və iş adamlarının böyük əksəriyyəti öz pullarını xarici banklarda saxlamağa üstünlük verir. Mən parlamentdə dəfələrlə soruşmuşam ki, hökumət öz banklarımıza inanmırsa, pulunun az qismini belə yerli kommersiya banklarında yerləşdirmirsə, niyə vətəndaşdan bunu gözləyir?

- Azərbaycanda sahibkarlara verilən kreditlərin faizləri də çox yüksəkdir. 4.5%-lik kredit həqiqətən sahibkarlar üçün göydən düşmə olar.

- Elədir. Xarici valyutayla götürəndə 10%-dən yüksək faiz istəyirlər. Bəzən bu rəqəm 12%-ə qədər yüksəlir. Azərbaycan manatıyla isə ən azı 16-18% ödəməlisən. Bir də krediti götürəndə əksər banklar rüşvət də istəyir, kreditə böyük ehtiyac olduğu üçün. Hökumət yüksək reytinqli xarici bankları da olkəyə dəvət etməlidir.

- Sizin dediyiniz sistem həm də büdcə üçün münbit qaynaqlar yaradar. Büdcənin əsas qaynaq isə vergi sistemidir. Necə düşünürsünüz, Vergilər Nazirliyinin fəaliyyəti qənaətbəxşdirmi? İş adamları son zamanlar vergilərdən çox narazıdırlar.

- Vergi sistemində qanunçuluğun gücləndirilməsi istiqamətində ciddi addımlar atılmalıdır. Xüsusilə tikinti sektorunda, mənfəət əldə etməmiş, sahibkarlardan tikintiyə başlayan kimi vergi toplanması praktikasına son qoyulmalıdır. Adətən, inkişaf etməkdə olan xarici dövlətlərdə yeni açılan iş yerləri, müəssisələr vergidən 3 il, 5 il azad olunurlar. Növbəti 3 və ya 5 il ərzində isə həmin müəssisələr güzəştli vergi ödəyirlər. Müəssisələri bu cür stimullaşdırmaqla ölkəyə ciddi investisiyalar cəlb etmək olar. Ən azından bu cür stimullaşdırıcı addmlar regionlarda atılmalıdır ki, vətəndaşların paytaxta axınının qarşısı alınsın. Qısası, vergilər sistemində qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınaraq, radikal islahatlar aparılmalı, vergi yığımı daha da şəffaflaşdırılmalıdır.

İqtisadiyyatın inkişafını stimullaşdıran tədbirlərdən biri də məhkəmə hakimiyyətinin gücləndirilməsi, işlərə obyektiv və ədalətli baxılmasının təmin olunmasıdır. Parlamentdəki çıxışlarımda mən bu barədə də fikirlərimi səsləndirdim. Qeyd etdim ki, Ədliyyə naziri Fikrət Məmmədovun iyun ayında “Azərtac”-a verdiyi müsahibəsində Azərbaycan məhkəmələrində baxılan işlərin 20 dəfə artdığını bildirib. Bu artım xüsusilə devalivasiyadan sonra daha çox müşahidə olunub. Hakimlərimizin sayı isə dəyişilmədən qalır və dünya ortalamasından çox-çox aşağıdır. Təsəvvür edin, bizdə hər yüz min nəfərə 6 hakim düşür. Avropada bu göstərici 20 nəfərdir...

- O gün mən məhkəməyə getmişdim. Hazırlıq iclası idi. Hakim 7-8 işə bir salonda baxırdı. Kolxoz bazarı kimi. Üstəlik, işlərdən biri sırf ailə münasibətləriylə bağlıydı. O ailənin bütün sirləri hər kəsə bəlli oldu. Məni daha çox hakimin halı narahat edirdi. Kompüterin beyninə bu qədər məlumatı yerləşdirsən, işi işə qarışdırar. Hakim bunların hamısıyla necə tanış ola bilər? Sonra da ondan ədalətli mühakimə gözləyirik.

- Bəli, hakimlər bəzən işləri dəyişik salırlar. Bu şəraitdə heç bir keyfiyyətli araşdırmadan söhbət gedə bilməz. Ona görə büdcə müzakirəsiylə bağlı çıxışımda dedim ki, Ədliyyə Nazirliyinə ciddi maliyyə ayrılmalı, hakimlərin sayı heç olmasa, Avropadakı ortalamanın 50%-nə yaxınlaşdırılmalıdır. Bu boyda Respublikada hazırda 500-ə qədər fəaliyyətdə olan hakim var. Mən bura hərbi və digər kateqoriyadan olan hakimləri də əlavə edirəm. Bu yaxınlarda Məhkəmə Hüquq Şurasının rəsmi saytına baxdım. Orada hakimlərin sayı 550 nəfər göstərilirdi, bunun da 49-u vakantdır. 10 milyonluq ölkədə 500 hakim olduqca azdır. Bilirsinizmi, qanunun aliliyini təmin etməsək, Azərbaycana böyük investisiya qoyulmayacaq.

- Hökumət də sizin fikrinizə əks-arqument olaraq soruşa bilər ki, bəs, niyə böyük neft şirkətləri Azərbaycana nəhəng investisiya qoydu?

- Mən çıxışımlarımda bu suala da aydınlıq gətirmişəm. Transmilli neft şirkətlərinin Azərbaycana investisiya qoymasının bir səbəbi var: onlar özlərini Azərbaycan hakimiyyətindən güclü bilirlər. Bilirlər ki, heç bir dövlət və ya məmur onların əmlakına əl qoya bilməz. Orta sahibkarların isə belə bir təminatı yoxdur. Onlar qorxurlar ki, sabah vəsait qoysalar, birdən hansısa məmur gəlib mülkiyyətlərini ələ keçirə bilər. Yaxud ekskavatorla vurub uçurdar.

Ədalətli məhkəmə hakimiyyəti iqtisadiyyatın da əsas təməllərindədir. Bütün ölkələrdə qanunun aliliyinin təminatçısı ədalətli məhkəmə sistemidir. Ona görə də ilk növbədə bu sistemin yaradılmasına diqqət yetirməliyik. Məhkəmə hakimiyyətinin imicini yüksəltmək, işlərə ədalətli baxmaq üçün isə hakimlərin sayını artırmalı, bu istiqamətdə islahatlar aparılmalıdır.

- Məhkəmə sistemimizdə ən ağrılı tərəflərdən biri də vəkillik istitutudur. Bildiyimə görə, Azərbaycanda hakimlər kimi vəkillər də azdır. Azərbaycan insanı bu boşluğu doldurmaq üçün nümayəndələrdən istifadə edirdi. İndisə nümayəndəlik ləğv olundu. Hüquqşünasların fikrincə, bu, hüququ pozulmuş vətəndaşların hüquqi yardım almasını həm xeyli çətinləşdirəcək, həm bahalaşdıracaq. Sizin bu barədə fikrinizi bilmək maraqlı olardı.

- Vəkillər, həqiqətən də, azdır. Düzdür, bu istiqamətdə nöqsanları aradan qaldırmaq üçün müəyyən addımlar atılır. Mən bu yaxınlarda mətbuatda Vəkillər Kollegiyasının bu ümidi artıran bir bəyanatını oxudum. Bəyanatda bildirilirdi ki, hüquqşünas olub nümayəndə kimi işə çıxan hər kəs Vəkillər Kollegiyasına üzv ola biləcəklər. Vəkillik etmək istəyənlər məcburən kollegiyaya üzv olacaqlarına görə, bu sahədə rüşvət üçün münbit şərait yaranır. Media qurumları kollegiyaya üzv qəbulu zamanı rüşvət hallarının qarşısını almaq üçün diqqətli olmalıdırlar. Məncə, bu istiqamətdə ən doğru addım dünənə qədər nümayəndəlik edən hüquqşünasların istinasız olaraq kollegiyaya üzvlüyüdür.

Söhbətləşdi: Heydər Oğuz

635x100

Şərhlər

Yaşar 2017-11-21 10:04:54

İstanbuldakı Naxçıvan məhəlləsindən xəbərim yoxdur, amma Milli Məclisdə yarıtmaz ... 100%-lik faktdır. Bax bu fakt Naxçıvanın nə günə düşdüyünü göstərir bu qədər deputat olan yerdə necə yəni İstanbulda Naxçıvan məhəlləsi vardır. Hakimiyyət əlinizdə dövlətin bütün puluda Sizin. Hamınız qoyub qaçdınısız Naxçıvanı orda camaata bir zülüm verdiniz ki, hamı ordam qaçqın düşdü, əhalinin yarısı rusiyada və digər ölkələrdə. Ortada qalan tayfa üzvülərinin çoxu Bakıda rəhbər vəzifələri işğal etməkdə (hərçənd iki uzunqulağın arpasını belə bölə bilməyən savadları vardır, sadəcə bizdəndir deyə vəzifə bəxş edilib), baş gedənlərinizdə Amerikada və ya Almaniyada hamısıda prezident olmaq istəyir. Özünüzə bir gün ağlamığı belə başarmayan ay mənim sevimli qardaşlarım başqalarından nə istəyirsiniz bəs? Bir iki ağıllıyada dünyada analoqu olmayan həddə banklardan kefin istəyən qədərdə kredit verdiniz, əvəzində Naxşıvana gün ağlayası yerdə fransada futbol kulubu xəzərdə yaşayış adası tikirəm deyə hamıya atdılar. Neft gəlirləri daxil olmaya başladıqdan sonra Naxçıvana ayrılan o maddi vəsaitlə oranın dədə-baba əhalisinin hamısına qızıl yumurtlayan toyuqla təmin etmək və bütün kənarda yaşayan Naxçıvanlıları doğma torpağına qayıtmasına istimul yaratmaq olardı. Nəticə ortadadır, ayrılan vəsaitin hamısını rüşvətxor məmurların məddəsindən ah-of deyərək keçmişdir

Bəhram Qarabağlı 2017-11-21 10:04:54

Müəllif H.Oğuz iki fəal millət vəkili ilə söz gündəminə düşüb. Təbiətin kütlənin itməzliyi, əks təsirin nisbi bərabərliyi belə pozulmaqdadır. Dövlət bacarmadığı siyasəti aşmağa çalışır. ABŞla "bazlaşır". Amma, pulsuz əla orta təhsili və səhiyyəsi olan kapitalist ölkələri də var. Qarabağ siyasəti və özbaşına maliyyə axını dünya aləmində dövlətin və MM bu xalqa aiddiyyətinə şübhə doğurmaqdadır. İraq eyforiyasına uymuş dövlətimizi oxşar İspaniya siyasəti belə öz xalqının kəskin müdafiəsinə qaldırmadı?

COX TƏSSUF: 2017-11-21 10:04:54

AZƏRBAYCANDA MÖVCUD OLAN ERMƏNİ-XAİES MAFİYASI - həm daxili bazarda və həm də xaricdəki onlara dəstək olan xüsusi xidmət orqanlarının qrantları əvəzi verilən satış mallarının TİCARƏTİNİ MONOPOLİYASINA NƏZARƏT EDİRLƏR! Yəni Azərbaycanda iri biznes sahələri ERMƏNİ-XAİESLƏRİN MONOPOLİYASINDADIR VƏ O CÜMLƏDƏN AZƏRBAYCANDA KOORUPSİYA-RÜŞVƏTLƏ PULLU-YAĞLIVƏZİFƏLƏRİN ƏHƏMİYYƏTLİ HİSSƏSİ ARVADI-ANASI ERMƏNİ-XAİESLƏR TUTMUŞDUR VƏ ÜMUMİYLƏ AZƏRBAYCANDA ERMƏNİ-XAİESLƏR ABROGEN AZƏRBAYCANLILAR ÜZƏRİNDƏ HEGEMONLUQ EDİR!

əli 2017-11-21 10:04:54

1) Azərbaycan yaxın zamanlarda məcburi tibbi sığortaya keçməlidir. Bu istiqamətdə müəyyən addımlar atılsa da, proses gecikdirilir. İmkansız insanlara gəldikdə isə onlar yəqin ki o vaxta kimi ölüb qurtararlar 2)Şəxsi mülkiyətə toxunulmazlıq qanunu sözdə yox işdə əməl olunmayana kimi heç kim dəli deyil şəxsi pulunu istehsalata yatırsın ki sabahda birinin qohumu gəlib əlindən alsın (bu məhkəmələrlə) Şəxsi Evi adam ola ola uçururlar kim investisiya qoyar?

Eliyar 2017-11-21 10:04:54

Qudretin dediklerinde heqiqet coxdu duzdu amma qudret bu heqiqetleri milli meclisde demir axi

Azərbaycanlı 2017-11-21 10:04:54

Qüdrət, Hadı,adını oğuz qoyan,Siyavuş,Ağamalılar və bunlar kimi,"millət" vəkilləri, digər monopolist vəkillər Milli Məclis deyiln yerdə necə peyda olublar? Axı bir regiondan nə qədər millət vəkili ....

Əsədov cənablarına 2017-11-21 10:04:54

Bunu da ora göndərin. Bəlkə orada bir işə yaradı.

sade bir vetendas 2017-11-21 10:04:54

Bes hani sizin gece-gunduz Reklam etdiyiniz Milyonlarla is yeriniz? Hele bu harasidir ki? Yerde qalanlar da qacacaq! Demeli Qul heyati da buradaki heyatdan Yaxsi imis! Amma subhe etmek olar ki, Turkiyedeki Naxcivani da Muxalifet yaradib?! Belke seher hec kesin baxmadiqi televiziyada bunu da deyesiz? Milleti bedbext etdiniz. Yalanlarla!

Eliyar 2017-11-21 10:04:54

Ne etdi ne baliq

Dr.AGAOGLU 2017-11-21 10:04:54

Nece illerdi bunlar ayri-ayri partiyalar,siyasetciler ve iqtisadci mutexessisler terefinden tehlil olunub neticesi proqnozlasdirilir.Munasibet bumeranq effekti ile neticelenir.Deyenler problemlerle yzlesir,goturulmus kurs hecneye mehel qoymadan derinlesir.Her-halda bu movqeyine gore Qudrete tesekkur.Lakin,kimin ne demesinden asili olmayaraq budce belece tesdiqlenecek.MARAQLAR FERQLIDI.

апер 2017-11-21 10:04:54

https://www.youtube.com/watch?v=KsiihNnVsvQ

cavid 2017-11-21 10:04:54

rayonlarda zibil zavodları tikilməlı.gunəş batareyası istehsalı istifadə edilməsi sayəsində nə qədər iş yeri acmaq olar.bölgələrdə tikinti bumuna start verilməlı

Rasim 2017-11-21 10:04:54

Deyilənlərə görə Naxçıvanlıları müxtəlif yollarla məcbur edirlər özləri çıxıb vətənimizi tərk edirlər. Onların yerinə isə ....yerləşdirirlər.

Yayciliya 2017-11-21 10:04:54

Belə millət vəkili olan ölkə "inkişaf" edəcək.Əgər Millət vəkilinin səsi eşidilmirsə,təklifi qəbul olunmursa o niyə orada oturub? Bu adamı hansı sözünə reaksiya verilib? Anlaya bilmir ki.büdcə elə işlərə ayrılır ki.orada maksimum yem olsun.Bu artıq 20 ildən çoxdur büdcə icra başçıları ,nazir tərəfindən dağıdılır,mənimsənilir.Bunıara guya əhalinin sosial vəziyyətinin yaxşılaşması lazımdır? Belə nəticəsiz çıxışlarla Qüdrət bəy özünə xal toplamaqla məşğuldur.Amma millət bir az ayılıb.

Rasim-ə 2017-11-21 10:04:54

Milli Məclisin tərkibinin kimlərdən,hansı regiondan və necə forlaşdığına diqqət edən varmı?Əgər dəqiq axtarmış olsanı,yəni 1915-dən bu yana,Milli Məclisə sırınan deputatcıqların 95-98 % -i bir regiondandır.Belə olan halda onlar nə cür bütün Azərbaycanı təmsil edirlər?Bir bunun fərqində olan varmı? Bir də ki, deputat seçkili olduöundan niyə onların tərkib hissəsi dəyişmir? Ona görə də nə inkişaf,nə büdcə,nə qanunlar ölkə vətəndaşlarının mənafeini yox,yalnız bir qrupun mənafeinə xidmət edir.

Hesabdar 2017-11-21 10:04:54

Əli ağa islahata uyğun təklif verir-Səhiyyə və Təhsil də tam sığortalı sistemə keçsin! Deməli, dövlət-neft hesabına avadanlıq almaq və səhiyyə sərgiləmək əsassızdı? Sığortalı tələbata uyğun xidmət deməkdir! Qovulmuş hər ailəyə də ata yurdunda, geniş villa-ferma qurmaq imkanı yaradılmalıdır. Öncə işğalçının ən geci 2018-in Martı həmin rayonları tərk etməsi haqqında Aləmə bəyanat yayımlamaq lazımdır. Sosializm və ya Kapitalizmə, Vətənə və işğalçılara münasibətdə fərqi olmayan iqtisadi siyasət?

Milli məclisə 2017-11-21 10:04:54

Əcaib bir zamana gədik.Haradansa bir ya eski,ya da təzə YerAZ tapıb,nu dəlləyə göndərir,bir qalstuk və kostyum verib geyindirirlər ya nazir,ya millət vəkili təyin edirlər.Yazıq millət de gəl,bunlara itaət et! Nə savad,nə uyğun təhsil,nə iş təcrübəsi olan bu adamcıqlar da başlayır əllərinə düşəni qamarlamağa. Belə bir halda da güya "inkişaf" edirik.Bəli belə adamcıqlar inkişafa nail olur.əlləri pulla oynayır,evladları qudurgan olur.Axı bir misal var: Aftafa görməyən lüləyini görəndə xoruldayar.

cəngərlik sakini 2017-11-21 10:04:54

Bakı-Quba yolunda Xızı ərazisində 50-yə yaxın külək generatorları qurulub.7-8 ildir.biri 1 ml-na başa gəlib.heç biri işləmir.NİYƏ??? Ay mən deyənlər.....

Pensiyaçı 2017-11-21 10:04:54

Kişinin esas melumat menbeyi KİV-lerdi, qoy oxusun, gör bunların başına ne oyun açacaq...

REDAKTOR 2017-11-21 10:04:54

ƏN YEKƏNİZİ 12 İLDİR ZİNDANDAN CİXARA BİLMİRSİZ. SİZİN NƏDƏN DANİSMAĞA HAQİNİZ VAR Kİ?HALBU Kİ HEC BİR TURMƏ HƏYATİ YASAYAN ONA VERİLƏN SROKDAN ARTQ YATMAYİB. RƏHİM, SURƏT, ƏLİKRAM, FƏRƏC, İSGƏNDƏR VƏ SAİR...

YAYCILI 2017-11-21 10:04:54

Qudret muellimin qaldimis oldugu meselelerde heqiqet coxdur Gurnalist qeyd edir ki Azebaycana muzdlu idmancilar getirilir Biz esttmisik ki xaricden Olkeye istehsal avadanliqlari ve.sair getirerler Sebeb odur ki,bu geleceyin idmancilari olacao genclerimiz bu gun rastlasdiqlari hfaqsizliq ,edaletsizlikler ucbatindan dogma AZERBAYCANI terk edib fehle islemek ucun hemin muzdiu idmancilarin olkelerine gedirler,men qocaman muellimin ali tehsilli ,idmanci oglu kimi .

Tələbat Yekunu 2017-11-21 10:04:54

Mütəxəssis dərrakəsi çatışmasa da müzakirələr bir sıra həlləri təxirəsalınmaz edir. Millət vəkilinin banka (2 mlrd) narazılığı 10 ildir Prezidentə çatmır? Təkcə qaz kəməri on milyard udursa, necə yəni iqtisadiyyatımız ikisini həzm edə bilməz? "Strateji" şoulu xəritə də xariclə müqayisədə ölkəyə bilərəkdən misqal payı atırmış? Azərbaycan, iqtisadi büdcəsi ilə (qaçqınlarla bağlı) 2018-ci ildə də ciddi Qarabağ siyasəti yeritməyəcəyini(istəmədiyini) bir daha təsdiqləyir?

elcin 2017-11-21 10:04:54

Sizcə, bu yanaşmalar niyə dəyişdirilmir? – Bunun 2 başlıca səbəbi var. Biri neft kapitalının gətirdiyi rahatlıq, digəri isə vətəndaşlarımızın vərdiş etdiyi yaşayış tərzidir. Uzun illər sovet rejimi tərəfindən idarə olunan xalqımız kasıb yaşamağa öyrəşib. O dövrdə əhalinin çox az qisminin avtomobili var idi. SSRİ-nin son dövrlərində yalnız, əksər evlərə televizorlar, müxtəlif məişət əşyaları, elektrik avadanlıqları girməyə başlamışdı. SSRİ dağıldıqdan sonra isə ölkəmiz tək bir mənbəyə – neft kapitalına gözünü dikdi. Neftdən əldə edilən gəlirlərin bir qismi sadə insanlara çatdı. Onlar da öyrəşdikləri minimum həyat tərzlərini bu cür davam etdirdilər. Hökumət isə insanların həyatlarından narazı olmadığını görüb öz ənənəvi siyasətini dəyişdirmir. Sosial gərginlik təhlükəsi hiss edilməyən istənilən cəmiyyətdə ənənəvi siyasətlərdən vaz keçilmir, radikal islahatlar aparılmır. Mən parlament çıxışlarımda da bu məsələyə xüsusi diqqət ayırmış və radikal islahatlar aparılmasa, qısa müddət ərzində vəziyyətin köklü şəkildə dəyişilməyəcəyini bildirmişəm.

Sahib Quliyev 2017-11-21 10:04:54

Milət vəkili saytlarda od püskürməkdənsə,Milli Məclisdə onu seçmiş olan millətin problemlərini müzakirəyə çıxarıb millətə,xalqa lazım olan qərarların,qaunların çıxarılmasına nail olmalı və sonra həmin qanunların.qərarların icra mexanizminin yerinə yetirilməsinə nəzarətin təşkili ilə maraqlanmalıdır. Bax bu həqiqi millət vəkilinin vəzifə borcu sayılır.Yoxsa gündə bir boş və nəticəsiz mövzularla xalqın başını qatmaq onun işi deyil.Bax bunu Qüdrət bəy başa düşməlidir.Yoxsa boş sözlə mən varam demək boş şeydir.

Vətən sevdalı 2017-11-21 10:04:54

Q. H. də,H.O.da sağ olsunlar.Bunları demək sizə asan gəlməsin. Bu, oturduğun budağı mişarlamaq deməkdir.

Son yazılar