ONLAR HAMISI CƏMİL HƏSƏNLİNİ DƏSTƏKLƏYİR

Azərbaycanın bir sıra siyasi və ictimai xadimləri xalqı 9 oktyabrda Milli Şuranın namizədi Cəmil Həsənliyə səs verməyə çağırıb. Həmin çağırışları təqdim edirik:

Gəlin Cəmil Həsənlini seçək, qalib olaq!

Əli Kərimli, AXCP sədri

Əziz seçicilər! 9 oktyabrda çətin seçim qarşısında qalmayacağıq. Çünki bir tərəfdə yalnız özünə və ailəsinə sərvət toplamaq haqqında düşünən, ətrafındakı oliqarxların maraqlarına qulluq edən İlham Əliyev, o biri tərəfdə xalq üçün yaşayan, hakimiyyət hərisi olmayan, Azərbaycanın nəhəng ziyalısı Cəmil Həsənli var. Bir tərəfdə atəşkəsə qədər qorxusundan Azərbaycana gələ bilməyən, hakimiyyəti atasından miras alan, xalqı sayıb qarşısına çıxmayan, rəqiblərlə açıq meydanda üz-üzə gəlməkdən çəkinən, həmişə kiminsə arxasında gizlənən İlham Əliyev, o biri tərəfdə sözünü cəsarətlə, mərdliklə şahın gözünün içinə deyən Cəmil Həsənli var. Əgər bu ziyalı insan ləyaqətlə mübarizə aparırsa, bizim də borcumuz ədalətli cəmiyyət, ləyaqətli həyat, məsuliyyətli hökumət uğrunda qəti mübarizəyə qalxmaq, oğrunu yox, doğrunu seçməkdir. Gəlin Cəmil Həsənlini seçək, qalib olaq!

O, artıq gəlib

Rüstəm İbrahimbəyov, kinodramaturq, Milli Şura sədri

Seçki kampaniyasının ilk günləri təsdiq etdi ki, ölkənin demokratik qüvvələrini birləşdirən Milli Şuranın yaradılması tarixi əhəmiyyətli hadisə olub. Əvvəllər də ziyalılar müxalifətin əhəmiyyətli hissəsini təşkil edirdi, ancaq ilk dəfə olaraq o, nüfuzlu vətəndaş birliyi, alimlərin, mədəniyyət və elm xadimlərinin ittifaqı kimi hakim rejimə qarşı səsini çıxardı.

Milli Şuraya Ziyalılar Forumunun yalnız bir hissəsi daxil oldu. Bu da təbiidir. Forum ölkədə ictimai fikri formalaşdıracaq ictimai təşkilat olaraq qalır. Daha vacib olanı odur ki, birləşmiş müxalifət prezident seçkilərində vahid namizəd kimi məhz Ziyalılar Forumunun üzvünü irəli sürməyi lazım bildi. Qüsursuz ictimai-siyasi reputasiya, elmi istedad, yüksək intellekt, tarixi proseslərin anlamına söykənərək xalqın problemlərini dərindən dərk etmə, parlaq temperament və yüksək nitq mədəniyyəti ölkə üçün dünya səviyyəli siyasi lideri ortaya çıxardı. Cəmil Həsənli bir neçə çıxışla sübut etdi ki, intellekt və vicdan yalançı və aşağı intellektli hakimiyyətlə mübarizədə ən güclü silahdır.

Əlbəttə, seçkilər saxtalaşdırıla bilər – böyük maliyyə və inzibati resurslar, beynəlxalq təşkilatlarda israrlı lobbi fəaliyyəti hakimiyyətə ölkədə faktiki olaraq seçki sistemini məhv etməyə yardım edib. Ancaq bu da mövcud hakimiyyəti xilas etməyəcək; gözlərimizin qarşısında onun çöküşü başlayıb.

Həmyerlilərim, həmvətənlərim, həmkarlarım, dostlarım, qohumlarım, özümüzdən başqa heç kəs xalqımızı öz ölkəsinin sahibi edə bilməz. Hər birimiz ölkənin taleyini həll edirik. Başqalarına ümid etməyin. Seçkilərə gedin və “konkret olaraq kim İlham Əliyevin əvəzinə gələ bilər?” kimi çoxillik şübhələri dağıtmağı bacaran adamın namizədliyini dəstəkləyin. Cəmil Həsənlinin həyat yolu, intellekti, vətəndaş cəsarəti və alicənablığı bu suala cavab verir: o, artıq gəlib!

Cəmil müəllimin və onun simasında xalqın uğuruna inanıram

İsa Qəmbər, Müsavat başqanı

Biz 2011-ci ilin sonlarından bu ilki prezident seçkilərini müzakirə edirik. Dəfələrlə bildirmişdim ki, tanınmış intellektuallardan, ziyalılardan birinin namizədliyi ilə də seçkilərə gedə bilərik. Bu fikrim müxtəlif dairələrdə də müsbət qarşılanmış, müzakirə olunmuşdu. Elə Milli Şuranı yaradanda da partiyalara birbaşa bağlı olmayan nüfuzlu bir ziyalının iki illik prezidentliyi konsepsiyasi əsasında yaratmışdıq. Son mərhələdə çox hörmətli ziyalılarımızdan biri Cəmil Həsənlinin namizədliyi üzərində konsensus yarandı. Hesab edirəm ki, çox uğurlu namizədimiz var.

Mən Cəmil müəllimi 70-ci illərin sonlarından tanıyıram. O zaman gənc bir aspirant kimi universitetin tarix fakültəsində müəllim idi. Hətta bizim qrupa da dərs deyirdi. O zamandan çox istedadlı, bacarıqlı, məsuliyyətli bir müəllim kimi tanımışam. Doğurdan da Cəmil müəllim tarix elminə çox ciddi yanaşan və xalqımızın tarixinin mühüm məqamlarına işıq salmağı bacaran bir tarixçidir. Onun son 20-25 ildə nəşr etdirdiyi kitablar Azərbaycanda da çox maraqla oxunur, dünya tarix elmində də çox yüksək səviyyəli elmi əsərlər kimi qəbul olunur. Eyni zamanda Cəmil müəllim ləyaqətli bir ziyalıdır.

Hər zaman haqqın-ədalətin yanında olub. Bu illər ərzində ölkədəki avtoritarizmə qarşı özünün ləyaqətli mübarizəsi, dirənişi ilə seçilib. Cəmil müəllim tarixçi, ziyali kimi çox nadir şəxsiyyətlərdən biridir ki, cəmiyyətdə çox müxtəlif qüvvələr tərəfindən qəbul olunur. Cəmil müəllimin seçki tele-debatlarındakı çıxışları onun yalnız ləyaqətli ziyalı deyil, həm də cəsarətli, qətiyyətli, prinsipial bir ictimai-siyasi xadim olduğunu, öz hüquqlarını da, xalqın hüquqlarını da qorumağa əzmli olduğunu nümayiş etdirdi. Artıq Cəmil Həsənli Milli Şuranın namizədindən xalqın namizədinə çevrilib. Mən onun uğuruna və onun simasında xalqın uğuruna inanıram.

Tarix elminə öz möhürünü vurmuş görkəmli alim

Professor Lalə Şövkət, ALP lideri

Cəmil Həsənli hər şeydən əvvəl sadə xalq arasından çıxmış, onun çətinliklərini, problemlərini öz şəxsi həyatında yaşamış, özündə insani sadəliyi, xəlqiliyi və ziyalılığı birləşdirən, təcəssüm etdirən bir ziyalıdır.

O, xalqımızın ağır, keşməkeşli, faciəvi tarixinin, xüsusən də onun Azərbaycan Xalq Cümhuriyyətinə və Güney Azərbaycan demokratik hərəkatına aid dövrünün vicdanla və peşəkarcasına araşdırılmasında böyük işlər görmüş, tarix elminə öz möhürünü vurmuş görkəmli alimdir.

Onun əsərlərindən dünyanın aparıcı universitetlərində istifadə olunması xalqımızın tarixinə, taleyinə dünya elmi ictimaiyyətinin diqqətinin cəlb edilməsinə misilsiz rol oynayır.

Azərbaycan xalqı son illərdə mənasız, süni daxili siyasi qarşıdurmalara sürüklənib. Cəmiyyətdə siyasi qarşıdurma son dərəcə gərgindir. Ümid edirəm ki, C.Həsənli prezident seçiləcəyi təqdirdə təkcə müxalif düşüncəli insanların deyil, mübaliğəsiz olaraq, bütün azərbaycanlıların prezidenti olacaq, iqtidarın cəmiyyətdə yaratdığı daxili düşmənçilik praktikasına son qoya biləcək, ölkədə iqtidar və müxalifət düşərgələrinin siyasi barışığına nail olacaq.

Hamını elliliklə Cəmil Həsənliyə səs verməyə çağırıram!

Eldar Namazov, “El” Hərəkatının rəhbəri

Cəmil Həsənli Azərbaycanın son 20 ildə yetirdiyi ən böyük elm adamlarından biridir. Mən onu ölkəmizin ən qiymətli tarixçi ziyalısı kimi tanımışam. O postsovet məkanında çox az şəxsiyyətlərdəndir ki, Qərb dünyasında onun elmi əsərlərinə hörmətlə istinad edirlər. Ziyalılar Forumunun təsisçisi və əsas simalarından biri kimi Cəmil bəy son illərdə Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsində çox böyük töhfə vermiş, əsl ziyalı nümunəsi kimi cəmiyyət tərəfindən qəbul edilmişdir. Bu gün isə o Azərbaycan üçün tamamilə başqa missiyanı həyata keçirir.

Bu gün Azərbaycanın yaşadığı tarixi siyasi dövr də məhz ölkəmizin keçmişini yaxşı bilən və onun gələcəklə ən uğurlu əlaqəsini qura bilən Cəmil Həsənlinin liderliyində ciddi, müsbət nailiyyətlər qazana bilər, ədalətli cəmiyyət, hüquqi dövlət və demokratik sistemə keçidi təmin edə bilər. Mən hamını elliliklə Cəmil Həsənliyə dəstək olmağa, ona səs verməyə çağırıram!

Obyektiv mövqeli nadir tarixçi

Mirmahmud Mirəlioğlu, KXCP sədri

Cəmil bəy Həsənli - uzun illər Universitet auditoriyalarında Dünya Tarixinin tədrisi ilə məşğul olan, obyektiv mövqeli nadir tarixçilərimizdəndir. Bu gün tale və tarix Cəmil bəy Həsənliyə tədris etdiklərini Azərbaycan dövlətçiliyi və Türk Dünyası üçün tətbiq etməyə yol açmışdır. Bu yolda Demokratik Qüvvələrin Milli Şurasının Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi Cəmil Həsənliyə uğurlar arzulayıram! Mən bu uğura inanıram! Millətimiz və Dövlətimiz üçün xeyirli və uğurlu olsun!

Cəmil Həsənli milləti millət edən kişilərdəndir!

Gültəkin Hacıbəyli, keçmiş millət vəkili

Azərbaycanda hər birimizin ruhu qarşısında borclu olduğumuz və bugünədək vəfa borcunu qaytara bilmədiyimiz bir nəsil var - Qurucu dədələrimiz: Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və onların silahdaşları... Bir millət, bir dövlət olaraq bu kişilərin nəinki haqqından çıxa bilməmişik, onlara layiq olduqları heykəlləri də ürəklərimizdən başqa bir yerdə ucaltmaq təpərini tapmamışıq özümüzdə. Lakin bu cənnət ölkəni bizə Vətən qoyub gedən babalarımıza gözünün nuru, zəkasının kəsəri və ürəyinin yağı ilə daşdan da, tuncdan da daha uzunömürlü və daha əzəmətli bir abidə ucaldan bir kişi var - professor Cəmil Həsənli. Tam əminliklə deyirəm ki, onun cümhuriyyət dövrünə həsr olunmuş tədqiqatları bugünədək Qurucu dədələrimizə ucaldılan ən möhtəşəm abidədir! Və taleyin hökmü ilə bir millət olaraq Azadlıq mücadiləmizin ən şərəfli tarixini yazan Cəmil müəllimə bu gün Demokratiya mücadiləmizin ən şərəfli tarixini yaratmaq şansı nəsib olub. Bu bir ilahi ədalətdir. Çünki keçdiyi ləyaqətli həyat yolu və şərəfli mübarizəsi ilə, böyük ziyalı kimliyi, bütöv, məğrur və mübariz şəxsiyyəti ilə, elmimizin qürub dövrü yaşadığı bir vaxtda hər bir azərbaycanlının qürur duya biləcəyi elmi nailiyyətləri ilə və ən başlıcası, uğrunda heç bir təmənna ummadan böyük fədakarlıqlar etdiyi Vətən və millət sevgisi ilə o möhtəşəm panteonda, o böyük kişilərdən sonra sıra ala biləcək, o sıraya yaraşan ən birinci müasirimiz məhz Cəmil Həsənlidir! Cəmil Həsənli milləti millət edən kişilərdəndir! Cəmil Həsənli milli dəyərimizdir!

10 namizəd içərisində yeganə şanslı namizəd

Məşədi Natiq Kərimov

Cəmil Həsənli ziyalı adamdır, insan kimi çox gözəl bir insandır. Hərəkatda olmuş və ictimai məsələlərdən agah olan adamdır. Cəmil Həsənli bu işi sona çatdıra biləcək! 10 namizəd içərisində yeganə şanslı namizəd Cəmil Həsənlidir. Ümidvaram ki, insanlar korrupsiyaya bulaşmamış, heç kəsin puluna göz dikməmiş, insanların mənəviyyatını pozmamış Cəmil Həsənliyə səs verəcəklər.

 

Ədalətsiz quruluşa qarşı inam səsini qaldıran ziyalı

Musa Yaqub, şair

Cəmil Həsənli bizim çox hörmətli ziyalımızdır, böyük tarixçimizdir. Tariximizin araşdırılmasında, şərqdə ilk demokratik cümhuriyyətin yaradılmasında xidməti olan adamlar haqqında çox böyük tədqiqatlar aparıb. Bir çox tarixi həqiqətləri açıb. Bunlar onun alim işi, böyük işidir.

Cəmil Həsənli insanların yaxşı yaşaması üçün, ədalətsiz quruluşa qarşı inam səsini qaldıran ziyalılardan biridir. Bu ideya, bu yol onun Milli Şuranın vahid namizədinə gətirib çıxartdı. Cəmil Həsənlinin qalib gəlməsi Azərbaycana xoşbəxtlik, demokratik üsuli-idarə, gözəl bir ab-hava gətirəcək.

Mən niyə Cəmil Həsənliyə səs verərdim?!

Mehman Əliyev, “Turan” İnformasiya agentliyinin direktoru

Cəmil Həsənlinin avtobioqrafik təqdimatına ehtiyac yoxdur, çünki vətəndaşlar bəzən sevincli anlarda, əksər hallarda isə müstəqil Azərbaycanın təşəkkül tapmasının ağır vaxtlarında zamanla ayaqlaşaraq yol keçən bu adamı yaxşı tanıyır.

İctimai xadim Cəmil Həsənli özünü cəmiyyətdə tarix professoru Cəmil Həsənli tələbə auditoriyasında aparan kimi aparır. Öz fənnini kamil bilən Həsənli uzun illərdir Azərbaycan Xalq Cümhuriyyətinin banilərinin ideya və dəyərlərini irəli çəkir. O, yaxşı dərk edir ki, möhkəm tarixi təməl olmadan işıqlı və davamlı gələcək qurmaq mümkün deyil.

Bu şəxsdə Vətənə və ailəyə məhəbbət, ədalət və azadlıq idealları uğrunda mübarizə, siyasi müdriklik və vətəndaş mövqeyi, şərlə barışmamaq və dini etiqada hörmət birləşərək bir bütövlük təşkil edir.

Cəmil müəllimə bu keyfiyyətlərin prizmasından baxanda aydın olur ki, onun Milli Şura tərəfindən prezidentliyə vahid namizədliyinin irəli sürülməsi təsadüfi deyil. Müxtəlif baxışları, dünya görüşlərini, fərqli regionları təmsil edən şəxslərdən ibarət olan Milli Şurada, demək olar ki, hamı yekdilliklə hər evə, hər bir Azərbaycan ailəsinə qlobal xoş dəyişikliklər gətirməyi hədəfə alan missiyanı ona həvalə etdi.

Bu seçim yalan və ədalətsizliyin yaratdığı ümidsizlik dövründə, dövlətin öz milləti üzərində zorakılığı sistemində bir nikbin işıq alovlandırır, çünki bu gün Azərbaycan cəmiyyətinin belə aydın ziyalıya və işıqlı ideallar uğrunda mübarizədə təcrübə toplayan Cəmil Həsənli kimi ictimai xadimə ehtiyac var.

Cəmil Həsənli cəmiyyətimiz üçün yeni bir ziyalı obrazı yaratdı

Mehriban Vəzir, yazıçı-publisist

Cəmil Həsənli bizim - demokratik qüvvələrin seçimidir. Hər ötən gün isbat edir ki, bu, çox doğru seçimdir. Onun debatlarda göstərdiyi inad və cəsarət cəmiyyətdə təəccüb doğurdu. Bunu təbii sayıram. Çünki Azərbaycan insanının ziyalılıq haqqında anlayışı yanlışdır. Çünki biz ziyalını elmli, qələmli, qorxaq, yaltaq, vurdumduymaz, ətrafında baş alıb gedən ədalətsizliklərdən ürpənməyən, avtoritar rəhbərlərə təriflər yağdıran birisi olaraq görmüşük. Çoxlu kitab yazan, xalqın qarşısında yekə-yekə danışan, amma dövlət başçısı deyəndə ki, get otur yerində, dinməzcə kreslosuna sığınan görmüşük ziyalı saydıqlarımızı. Moskvada, Qorbaçovun keçirdiyi məşhur Qarabağ müzakirələrində olduğu kimi.

Əslində isə alim və ya yazıçı o zaman ziyalıya çevrilir ki, o, israr edir, inad edir, etiraz edir, dirəniş göstərir. Nəhayət, xalqına edilən ədalətsizliklə, dövlətinə vurulan baltalarla barışmır.

Cəmil Həsənli tarix professorudur. Elmi, biliyi, mərifəti bəlli bir şəxsiyyətdir. Lakin alim o zaman ziyalıya çevrilir ki, o, YOL gedir və YOL göstərir. Cəmil Həsənli məhz bu gün yol gedən və yol göstərən bir alimdir, ziyalıdır, liderdir.

Əslində ölkəmizdə saysız-hesabsız professor var. Lakin professor o zaman ziyalı sayılır ki, o, hakimiyyətin gözünün içinə “Yetər! Xalqımı talama! Haqqımı yemə!” deyə bilir. Buna cəsarəti çatır. Yalnız bu dərəcəyə yüksələn professor ziyalı sayıla bilər. Yoxsa kimsə öz rifahı naminə nə qədər oxuyursa oxusun, nə qədər yazırsa yazsın. Bunun ictimai faydası nədir? Oxumaqdan və yazmaqdan alınan gücü xalqa, onun iztirablarının sağalmasına həsr edən alim ziyalıdır. Sevinirəm ki, bizim seçimimiz olan Cəmil Həsənli cəmiyyətimiz üçün yeni bir ziyalı obrazı yaratdı. Çünki böyük qələbələrin gəlişi ictimai fikirdəki yanlışların islahından keçir. İnanıram ki, Cəmil müəllimin bu ilk ictimai islahatı dövlət islahatları ilə davam edəcək

Xilaskar rolunu professor Cəmil Həsənliyə Allah özü bəxş etdi

Qurban Məmmədov, ictimai xadim, vəkil, siyasi məhbus

Milli Şuranın yaradılması, rejimin bütün gücünü qoyub dağıtmaq istədiyi birliyin baş tutması, rejimin Rusiya ilə yaxınlaşıb Rüstəm İbrahimbəyovun namizədliyinə mane olması və hörmətli Cəmil Həsənlinin namizədliyinin milli arzunun, sosial sifarişin zəruri nəticəsi kimi ortaya çıxması Allahın hökmü ilə baş verdi. Allahın rəhmdil, mərhəmətli, ədalətli və adil olmasına inananlar bilirlər ki, Böyük Yaradanın öz istəyi ilə baş verən bu nəticə millətimiz üçün yalnız faydalı olacağı üçün Cəmil bəyi bu gün milli lider mövqeyinə gətirib. Xilaskar rolunu ona - professor Cəmil Həsənliyə Allah özü bəxş etdi.

Bu həm də, millətimizə, xalqımıza və dövlətimizə Allahın bir lütfü, mərhəmətidir.

 

Tarix yaradan alim

Arif Əliyev, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri

Cəmil Həsənlinin tarix haqqında kitablarını çox oxumuşam. Amma indi o özü tarix yaradanların sırasındadır. Son vaxtlar dəyərli dostum barədə yazılardan birinin başlığı xoşuma gəldi: “Bizim Cəmil müəllim”. Həsən Seyidbəylinin məşhur “Bizim Cəbiş müəllim” filminin qəhrəmanı ilə analogiyanı kim tapıbsa, gözəl tapıb. Eyni səmimiyyət, oxşar vətən təəssübkeşliyi və vətən övladının gələcəyi naminə daha üstün ziyalı fədakarlığı! O filmin qəhrəmanı zəif gözləri ilə hamıdan uzağa baxırdı, hamıdan uzağı görürdü. Və sonda qələbənin üfüqünü gördü də! Siyasi mübarizə meydanında hikkəsi ağlından böyük insanların layiq olmadığınız ittihamları ilə üzləşəndə Cəbiş müəllimin sözlərini xatırlayın: “Gəlmişəm, sizə kömək eləyim… Hamısını da ona görə edirəm ki, xalqa, dövlətə xeyrim dəysin”.

Mən Cəmil Həsənliyə səs verəcəyəm

İntiqam Əliyev, vəkil, insan haqları müdafiəçisi

Ona görə ki, növbəti 5 ildə də ölkəmin sülalə hakimiyyəti tərəfindən idarə olunmasını, ədalətli cəmiyyətdə yaşamaq istəklərinə görə insanların həbslərə atılmasını, dinc şəraitdə övladlarımızın orduda öldürülməsini, ədalət ilahəsinin hər gün məhkəmə adlanan binalarda zorlanmasını¸ dövlət büdcəsinin bir ailə tərəfindən talanmasını istəmirəm.

Ona görə ki, azad seçkiyə həsrət qalan insanların nəhayət bu haqqına çatmasını, övladlarımızın ədalətli və təhlükəsiz cəmiyyətdə yaşamasını, Elmar Hüseynovun, Rafiq Tağının qatillərinin cəzalandırılmasını istəyirəm.

Tarixçi ilə tariximizi xilas edək

Şahvələd Çobanoğlu, jurnalist

Cəmil Həsənlinin prezidentliyə namizəd kimi xüsusi bir üstünlüyü var. Cəmil müəllim Birləşərək Azərbaycanı Xilas Etmək ideyasının namizədidir, demokratik qüvvələrin birliyini təmsil edir. Milli Şura da buna görə yaradılıb.

Onun ölkəyə vicdanla və uğurla rəhbərlik edəcəyinə kimsənin şübhəsi olmasın. Əvvəla, özü vicdanlı, savadlı və bacarıqlı insandır. Üstəlik, o, təcrübəli siyasi partiyaların və tanınmış müstəqil şəxslərin, müasir gəncliyin təmsil edildiyi Milli Etimad Hökumət yaradacaq. Xalqa xidmət və demokratiya yolu tutacağından onun siyasəti xalqımız tərəfindən, həmçinin demokratik dünya birliyi tərəfindən dəstəklənəcək, Azərbaycana uğurlar qazandıracaq.

Cəmil müəllim bilir ki, demokratiya olduqca uğurlu üsuldur, yalnız bu yolla ölkəni bəlalardan xilas etmək mümkündür. Bir dostum Cəmil bəyin namizədliyi haqda deyir ki, tarixçi tariximizi xilas etməlidir. Bu isə bizim hamımıza lazımdır.

Bu günlərdə boş dayanmayaq, tanıdığımız bütün insanları da seçkiyə dəvət edək, Cəmil Həsənliyə səs verək!

Azərbaycanın siyasi həyatının ən önəmli fiqurlarından biri

Kamil Vəli Nərimanoğlu, professor

Professor Cəmil Həsənli haqqında bir neçə baxımdan danışmaq mümkündür. 40-45 ildən artıqdır tanıdığım Cəmil müəllim şəxsiyyətcə mükəmməl bir insandır. Sadə, təmiz, milli ruhlu, demokratik baxışlı, bir sözlə, Şərq və Qərb dəyərlərini özündə harmonik şəkildə birləşdirən bütöv bir şəxsiyyətdir. Dünyaca məşhur olan tarixçi alim Azərbaycanın yeni tarixçilik məktəbinin yaradıcılarından biridir. Azərbaycanda vaxtilə dəbdə olan kolxoz-sovxoz, MTC tarixçiliyindən uzaq olan torpağın deyil, millətin tarixini, ailənin deyil sosial tarixi öyrənən, hadisəçiliyi deyil, tarix fəlsəfəsini uyğulayan Cəmil müəllim dünya standartlarında alimdir. Bizim yeni tarixçiliyimizin nəzəriyyəsinin formalaşmasında onun böyük xidmətləri var. 1918-1920-ci illər Cümhuriyyət tarixini Güney Azərbaycanın yeni dövr tarixini, Stalin dönəmindən sonra ölkənin ictimai həyatında baş verən uzun prosesləri yüksək nəzəri aspektdə qələmə alan, araşdıran bu tarixçinin əsərləri Harvard Universitetində, Moskvada, İranda, Türkiyədə çap olunubsa, tarixi nəzəri qaynaq olaraq ön planda tutulursa, burada başqa deyiləcək sözə, tərifə ehtiyac qalmır. Cəmil müəllim bu gün də tarixçiliyimizin mühüm məsələləri ilə məşğuldur və inanırıq ki, o, öz konsepsiyasını daha da genişləndirəcək və dərinləşdirəcəkdir. Yaxın zamanda biz Cəmil müəllimin kitablarının bütün Avrasiyada dərslik kimi qəbul olunacağının şahidi olacağıq. Cəmil müəllim yeni tipli siyasətçidir. O, hay-küydən uzaqdır, təmkinlidir, həqiqətsevərdir, əqidəlidir. Rəsulzadə, Elçibəy məktəbinin yetirməsi olan Cəmil Həsənli Azərbaycanın siyasi həyatının ən önəmli fiqurlarından biridir. Biz Cəmil müəllimin Azərbaycanı avtoritar və yarımtotaritar rejimindən çıxara biləcək Rəsulzadə, Elçibəy məktəbinin ən böyük əqidə və fikir daşıyıcılarından biri kimi qiymətləndiririk.

Dar günün adamı

Qulu Məhərrəmli, professor, telejurnalist

Cəmil Həsənli Azərbaycan cəmiyyətinin ziyalı sifəti, milli elitanın parlaq nümayəndəsi, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının ruhunu daşıyan nadir şəxsiyyətlərdəndir. Bu gün dünya tarix elmində əsərlərinə istinad olunan azsaylı istedadlı alimlərdəndir. Əsl xalq adamıdır, çevrəsinə hədsiz həssaslıqla yanaşan, yüksək mədəniyyəti və kübarlığı, bunlarla yanaşı, həm də yüksək prinsipiallığı ilə seçiləndir. Ədalətsizliyə müqavimət göstərən, özünün və başqalarının haqqını qorumağı bacaran inadkar siyasətçidir.

Cəmil müəllimi 30 ildən çoxdur tanıyıram, uzun illərdir ki, dostluq edirik, onu həmişə haqqın-ədalətin yanında görmüşəm. 1982-ci ildə ilk dəfə efirə çıxdığı “Planetimizin mənzərəsi” verilişindən Milli Məclisin yüksək tribunasına qədər bütün çıxışlarında həmişə xalqın, millətin problemlərini dilə gətirib. Bir də Cəmil müəllimi dar günün adamı kimi tanımışam. Bir milli düşüncə sahibi, bacarıqlı, namuslu və vicdanlı adam kimi ona həmişə güvənmək olar.

Təmənnasız şəxsiyyətə səs verin

Ənnağı Hacıbəyli, vəkil, insan haqları müdafiəçisi

Ölkə prezident seçkiləri ərəfəsindədir. Sizin hər 5 ildən bir hakimiyyət formalaşdırmaq, sizləri kimin idarə edəcəyini müəyyən etmək imkanınız var. Ölkədə durumu hər kəs öz həyatından, yaşayışından, ehtiyaclarından görə bilər. Ölkənin yeni idarəçiliyə, yeni hakimiyyətə, yeni nəfəsə ehtiyacı var. Prezidentliyə indiki namizədlər içərisində bunu edə biləcək yeganə adam Cəmil Həsənlidir. Cəmil müəllimi uzun illər tanıyan adam kimi sizləri ona – görkəmli tarixçi alim, ləyaqətli insan, təmənnasız şəxsiyyətə səs verməyə çağırıram.

Cəmil bəy xalqın seçimidir

Hacı Tale Bağırzadə, ilahiyyatçı, siyasi məhbus

Cəmil bəyin ictimai-siyasi fəaliyyətini, çıxışlarını həmişə yaxından izləmişəm. Onu digərlərindən fərqləndirən cəhət dindarlar üçün həssas məsələlərlə bağlı ədalətli mövqe ortaya qoymasıdır. Bu isə Cəmil bəyin xalqımızın milli-mənəvi dəyərlərinə sadiq olan əsl ziyalı olduğunu göstərir. O, zindanda olan dindarları və vicdan məhbuslarını tək buraxmayıb, onları daim müdafiə edib. Milli Şuranın bu qərarının tarixi qərar olması şübhəsizdir.

Azərbaycanda seçkilərin daim saxtalaşdırıldığı hamıya məlumdur. Buna baxmayaraq xalqın sifarişi ilə qurulan Milli Şura seçkinin nəticəsindən asılı olmayaraq artıq qalibdir və bu qalibiyyətin qorunub rəsmiləşdirilməsi üçün bütün sivil yollardan istifadə edilməlidir.

Əvvəlki mövqeyimi bir daha təkrarlayıram. Bu zülmə, fironluğa son qoyulmalıdır. Cəmil Həsənli həqiqətən xalqın tələb etdiyi namizəd oldu. Televiziyada olan son debatlarda rejimin ortaya atdığı və insanlarda nifrət hissi yaradan bəzi təxribatçı namizədlərin Cəmil bəyə qarşı uğursuz, öz səviyyələrinə uyğun hərəkətləri bir daha bunu təsdiq edir. Cəmil bəy xalqın seçimidir.

Mübarizəmiz qələbəyə qədər davam edəcək

Rəşadət Axundov, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi məhbus

Əziz dostlar! Xalqımızın taleyində həlledici seçkilərdən birinin ən önəmli mərhələsinə daxil olmuşuq. Bu seçkilərdə Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi, professor Cəmil Həsənli mövcud iqtidarın ən güclü rəqibi olaraq, xalqımızın maraqlarını təmsil edəcək. Cəmil bəy böyük elm adamı, ləyaqətli insan və hər zaman vicdanının səsinə qulaq asan ziyalı olduğunu sübut etmiş, prezidentliyə layiq bir şəxsiyyətdir. Demokratik qüvvələrin vahid namizəd seçimi çox uğurlu oldu. Mən inanıram ki, ölkədə baş verən ədalətsizliklərdən, zülmdən cana doymuş xalqımız kütləvi şəkildə onu dəstəkləyəcək. Namizədimizin ilk teleçıxışları və ona qarşı əldəqayırma namizədlərin mənəviyyatsız çıxışları iqtidarın Cəmil bəyin namizədliyindən nə qədər çəkindiyini göstərir.

Ancaq qələbə əldə etmək üçün qarşıdakı 10-15 günlük dövrdə daha çox çalışmalıyıq. Namizədimizi var gücümüzlə təbliğ etməklə yanaşı, seçiciləri seçkilərdə iştirak etməyə və saxtalaşdırma olacağı təqdirdə səslərini qorumağa inandırmalıyıq. Hər bir seçicinin qapısına getməliyik. Xalqımızı fədakarlıq etməyə səsləməliyik. Eyni zamanda, qarşıdakı dövrdə demokratik hərəkatın nümayəndələri də məsuliyyətli davranmalı, qarşılıqlı ittihamları dayandırmalı, vahid komanda ruhunu pozan əməllərdən çəkinməlidir. Biz həbsdə olan fəallar xalqımızın və mübarizənin taleyini sizlərə əmanət etmişik. Əmanətimizə xəyanət etməyin!

Bir daha Milli Şuraya və onun namizədinə uğurlar arzu edirəm! Mübarizəmiz qələbəyə qədər davam edəcək.

Bakı, Kürdəxanı həbsxanası

20.09.2013

Təcrübəli dövlət adamı

Aslan İsmayılov, vəkil

Cəmil Həsənli təpədən-dırnağa qədər milli, təvazökar, əxlaqlı, təmiz, kifayət qədər təcrübəsi olan dövlət adamı, vətənini sevən bir insandır. Bu gün həm iqtidarın, həm müxalifətin belə kişilərə böyük ehtiyacı var. Kimlərsə bu gün baş verənlərdən şou düzəltmək istəyir. İndi Milli Şuranı az qala dövlət çevrilişində ittiham edənlər var. Bunu edənlərin bir ağlı çatmır başa düşələr ki, müxalifət hakimiyyətə qanuni yolla gəlmək istədiyini bəyan edib. Bu mübarizəni də aparacaqlar. Bu tuthatut, hədələmək insanları qorxutmaq məqsədi güdür ki, onlara yaxın getməyin. Bəlkə də Milli Şuraya, bugünkü seçkilərə o qədər həssas yanaşmazdım. Hüquqşünasam, öz işimlə məşğul olardım. Ancaq hesab edirəm özünə hörmət edən, qüruru olan, özünü əxlaqlı sayan, qorxmaz sayan hər kəs hakimiyyətin bu cür ucuz hədə-qorxusuna Milli Şuraya dəstəklə cavab verməlidir ki, biz siz fikirləşdiyiniz kölə vətəndaş deyilik. Biz qürurlu, öz haqqını bilən və ölkədə ədalətə çalışan, əzmi olan qeyrətli bir insanıq.

Təmkinli, səmimi insan, böyük alim

Elçin Şıxlı, “Ayna” və “Zerkalo” qəzetlərinin redaktoru

Cəmil Həsənli böyük ziyalıdır və onun şəxsiyyətinə böyük hörmətim var. Mən indiyə kimi Cəmil Həsənli haqda mənfi fikir söylənildiyini, yaxud onun mənfi əməlinin şahidi olmamışam. Cəmil Həsənlini təmkinli, səmimi insan, böyük alim kimi tanımışam. Cəmil Həsənli çox çətin bir yükün altına çiyinlərini verib. Milli Şuranın vahid namizədi kimi ona uğurlar arzulayıram.

Ən layiqli namizəd

Seyran Səxavət, yazıçı

Milli Şuranın seçimini düzgün hesab edirəm və Cəmil Həsənlini ən layiqli namizəd sayıram. Cəmil Həsənli ölkədə barmaqla sayıla biləcək 5-6 ziyalıdan biridir. Mən hər zaman onu özünə hörmət qoyan, cəmiyyət üçün müsbət işlər görməyə çalışan insan kimi tanımışam. Azərbaycan tarixini, xüsusilə Cümhuriyyət tarixini onun qədər düzgün analiz edən və araşdıran tarixçi tanımıram. Cəmil Həsənli əqidəli, mövqeyi olan, xalqını sevən adamdır. Mən Cəmil müəllimə uğurlar arzulayıram və ona inanıram.

Xalqının böyük ziyalı

Professor Hacıbaba Əzimov

Professor Cəmil Həsənli həm siyasətçi, həm də elm adamıdır. Amma hər şeydən öncə Cəmil Həsənli xalqının böyük ziyalısıdır. Bu yüksək ada layiq görülmək də asan məsələ deyil. Bunun üçün gərək uzun illər ərzində xalqın, ölkənin, dövlətin mənafeyinə uyğun böyük işlər görəsən. Cəmil müəllim də böyük işlər görmüş insanlardan biridir.

Cəmil bəyin dövlət idarəçiliyi sahəsində də təcrübəsi az deyil. Cəmil Həsənli Azərbaycanın tarixində böyük yeri olan Azərbaycan Xalq Cümhuriyyəti dönəminin araşdırılmasına böyük zəhmət sərf edib. Cəmil Həsənli həm də Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinin həyatını, idarəçilik təcrübəsini öyrənib və öz əsərlərində işıqlandırıb. Cəmil Həsənlinin həyat və fəaliyyəti aydın şəkildə göstərir ki, o, Azərbaycanda milli azadlıq, dövlət müstəqilliyi uğrunda mücadilənin önündə gedən alim-ziyalılardan biridir. Cəmil müəllimin də ölkəmizdə müstəqilliyin əldə olunmasında müstəsna xidmətləri olmuşdur. Cəmil Həsənli iki dəfə Milli Məclisin deputatı seçilib. Onun bütün həyatı, fəaliyyəti, elmi tədqiqat əsərləri imkan verir ki, xalq onun arxasınca getsin və ona səs versin. Əminəm ki, xalqımız düzgün qərar verərək Cəmil Həsənliyə səs verəcək.

Cəmil Həsənlini necə tanıyıram?

Leyla Yunus, hüquq müdafiəçisi

Birincisi, Cəmil Həsənli mənim üçün müasir Azərbaycanın ən nüfuzlu tarixçisidir. Bizdə son 10 ildə bu qədər tarixi monoqrafiya çap etdirən ikinci alim yoxdur. Özü də təkcə Azərbaycanda yox, həm də xaricdə, o cümlədən ABŞ-da. Bu həmin elmi əsərlərin yüksək dəyərinin parlaq nümunəsidir. Bütün bunlar Cəmil müəllimin əsərləridir:

1. « SSRİ-Türkiyə: soyuq müharibə poliqonu», Bakı, 2005.

2. «SSRİ-İran: Azərbaycan böhranı və soyuq müharibənin başlanğıcı. 1941-1946», Moskva, 2006.

3. « SSRİ-Türkiyə: neytrallıqdan soyuq müharibəyə. 1939-1953», Moskva, 2008.

4. «Xruşov dövrünün «mülayimləşməsi» və Azərbaycanda milli məsələ (1954-1959)», Moskva 2009.

5. "Sovet hakimiyyəti illərində Azərbaycanın xarici siyasəti. 1918-1920", Moskva, 2010

6. "Sovet hakimiyyəti illərində Azərbaycanın xarici siyasəti. 1920-1939", Moskva, 2013

Onların hamısı arxiv sənədlərinə əsaslanıb. 20 il arxivlərdə arxiv sənədləri ilə işləmiş adam kimi öz təcrübəmdən deyə bilərəm ki, bu çox ağır və məsuliyyətli işdir. Cəmil Həsənli yüksək səviyyəli peşəkardır.

İkincisi, Cəmil Həsənli – əsl vətəndaşdır. O, rahat şəkildə elmi fəaliyyəti ilə məşğul ola, bir neçə dəfə hakim klana dəstək ifadə edərdi, onu ucaldar və əzizləyərdilər. Ancaq Cəmil bəy Elmlər Akademiyasında, AR ali məktəblərində minlərlə həmkarının kriminal rejimə baş əyib mədhiyyələr söyləyərək yaşaması kimi yaşa bilməzdi. O ,xalqımızın, ölkənin dəhşətli durumu və hakim rejimin cinayətləri barədə danışır, bu gün isə onun səsini hamı eşidir (eşitmək istəyənlər).

Üçüncüsü, Cəmil Həsənli – əsl ziyalıdır. Belə adamlar xalqın vicdanı sayılır. Belə adamlar qullar sürüsü «noxta və qamçı» yeyən dövrdə qəhrəmanlıq göstərən xalqının şanlı oğulu kimi tarixdə qalır.

Cəmil Həsənli ləyaqətli vətən oğludur

Gülnar Şıx-əli qızı, istiqlalçı-deputat, fəlsəfə doktoru

Cəmil Həsənli haqqında sonsuza qədər xoş sözlər danışmaq olar və bu gün belə bir imkanın mənim payıma düşdüyünə çox şadam. Axı ləyaqətli, dürüst, ağıllı, insanlara qarşı sevgi ilə dolu bir insandan danışmaq danışan üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir.

Cəmil Həsənli ləyaqətli vətən oğludur; qayğıkeş, övladlarına nümunə olan bir ailə başçısıdır; sadiq dostdur; xalqımızın tarixini doğru işıqlandıran görkəmli alimdir... Bir sözlə, Cəmil müəllim gözəl insan anlayışına tam cavab verən nümunəvi vətəndaşdır.

Müasir siyasət dünyasının paklıq rəmzi olan böyük şəxsiyyət, adı bəşəriyyətin siyasi tarixinə əbədi olaraq qızıl həriflərlə yazılan dünyanın görkəmli ziyalısı Vatslav Havelın zamanında Vətəninə verdiyini, əminəm ki, Cəmil müəllim bu gün Azərbaycan xalqına verməyə qadirdir.

Azərbaycanın səsvermə hüququna malik bütün vətəndaşlarını layiqli həyat naminə CƏMİL HƏSƏNLİYƏ SƏS VERMƏYƏ ÇAĞIRIRAM!!!

Görkəmli dövlət xadimi

İbrahim İbrahimli, istiqlalçı-deputat

Anadolu türklərində kimisə tanıtmaq istəyəndə qısaca olaraq belə bir söz deyirlər: Filankəs keçmişi olan kişilərdəndir. Bu aspektdən yanaşsaq, Cəmil Həsənli çox zəngin ictimai-siyasi bioqrafiyaya malik bir şəxsiyyətdir. Cəmil müəllim özünü bir alim kimi elm aləmində təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə tanıdıb. Cəmil Həsənlinin əsərləri dünyanın birinci onluğuna düşən universitetlərdə tədris olunur.

Cəmil Həsənli Əbülfəz Elçibəyin prezidentliyi zamanı milli hakimiyyətdə özünü bir dövlət xadimi kimi təsdiq elədi. Cəmil Həsənli daha sonra bir millət vəkili kimi on il fəaliyyət göstərdi və bu müddətində gerçəkdən xalqın iradəsinin ifadəçisinə çevrildi.

Cəmil Həsənli Azərbaycana müstəqillik bəxş edən, ikinci dəfə Azərbaycanda istiqlalın bərpasında rol oynayan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini kimi siyasi fəaliyyət göstərib.

Son illərdə Cəmil müəllim Ziyalılar Forumunun yaranmasında və Azərbaycan cəmiyyətində ziyalı obrazının yenidən canlanmasında, bərpa olunmasında əhəmiyyətli rol oynadı. Həyatın bu və ya digər sahələrində uğur qazanmış Cəmil Həsənli Azərbaycan demokratik qüvvələrinin vahid bir namizədi kimi qəbul olundu və Milli Şuranın namizədi kimi xalqın sosial sifarişinin yerinə yetirmək üçün bir missiyanı çəkinmədən üzərinə götürdü. Qısa müddət ərzində bir namizəd kimi Cəmil Həsənli sübut etdi ki, o gerçəkdən avtoritarizmdən demokratiyaya keçidin lideri ola bilər. Debatlardakı çıxışlarda, özünün seçicilərlə görüşündə, mitinqlərdə böyük siyasi düşüncə və böyük siyasi cəsarət nümayiş etdirdi.

İnanıram ki, Cəmil müəllim demokratik qüvvələrin, bütövlükdə cəmiyyətin bütün təbəqələri qarşısında öz üzərinə götürdüyü missiyanı ləyaqətlə yerinə yetirəcək. Bu yolda Cəmil müəllimə, millətimizə uğurlar diləyirəm və onun qələbəsinin əminliyinə varlığım kimi inanıram.

Siyasi proseslərdən qorxmayan ziyalı

Vidadi Mirkamal, ədliyyə generalı

Birinci növbədə Cəmil müəllim bir insan kimi çox gözəl bir insandır və gözəl bir pedaqoqdur. O, Azərbaycan tarixinin ən qaranlıq məqamlarına aydınlıq gətirib. İşləməyi bacaran şəxsiyyətdir.

İkincisi, Cəmil müəllim siyasi xadim kimi böyük bir ziyalıdır. İndi Azərbaycanda ən çox defisit ondadır ki, bir çox ziyalılarımız siyasətdən qorxurlar, siyasi proseslərdən kənar gəzirlər. Cəmil müəllim siyasi proseslərə cəsarətlə daxil olub, siyasi prosesləri aparmağı və idarə etməyi bacaran şəxsdir.

Üçüncüsü, Cəmil müəllim insan kimi səmimi bir insandır. Şagird olmağı bacaran müəllimdir. Həm də həyatdan, ətrafdakılardan öyrənib, həyata tətbiq edir.

Cəmil müəllimin prezidentliyə namizədliyi çox uğurlu haldır və arzu edərdim ki, Cəmil müəllim prezident olsun və onun rəhbərliyi altında çox böyük demokratik dəyişikliklər baş versin.(azadlq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar