“Neftçi” klubu “Qəbələ” ilə oyunda hakim idarəçiliyinə etiraz edib

Dərc olunub: 20/11/2017 - 22:15

1d7fc5d0-7ebc-4241-919f-9c241d45284b_292“Neftçi” klubunun prezidenti Orxan Hüseynzadə Premyer Liqanın XII turunun “Qəbələ” ilə oyununda şübhəli hakim qərarlarına münasibət bildirib.

“Report”un məlumatına görə, klubun rəsmi saytına açıqlama verən O.Hüseynzadə FİFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi briqadanın səhvlərinin nəticəyə təsir etdiyini vurğulayıb.
Onun fikrincə, “Neftçi” məğlubiyyətə layiq deyildi:

“Ədalətli hakimlik olsaydı, qələbə qazana bilərdik. Bəli, hamı səhv edə bilər. Amma ölkənin ən yaxşı referisinin başçılıq etdiyi hakimlər briqadası bütün oyun ərzində bir komandanı “öldürürsə”, bu, şübhələr yaradır. Əliyar Ağayev və köməkçiləri 2 metr məsafədən bütün stadionda olan adamların gördüyünü görmədi? Hakimləri bilərəkdən komandamıza antipatiya bəsləməkdə ittiham etmək istəmirəm. Amma istənilən halda onların səhvləri nəticəyə təsir etdi”.

Hüseynzadə yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu kimi videotəkrarların tətbiqini göstərib:
“Burada söhbət bahalı avadanlıqdan getmir. Hər klub hakimlər briqadasını 4-cü hakimin mövqeyinin yaxınlığında sadə monitorla təmin edə bilər. Bu, hakim səhvi ehtimalını yox edəcək”.
Qeyd edək ki, “Neftçi” “Bakcell Arena”da keçirilmiş görüşdə “Qəbələ”yə 2:3 hesabı ilə uduzub.










loading...


Fikrinizi bildirin