5 nəfərin ölümündə təqsirləndirilən sürücüyə 8 il cəza verildi

Dərc olunub: 21/11/2017 - 15:00

court_171012_2Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında təqsirləndirilərək həbs olunan Lənkəran sakini Eldar Aslanovun işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxs E.Aslanova 10 il cəza istəyib.

İttihama görə, ötən il sentyabrın 10-da Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyevin idarə etdiyi “VAZ-2106″ markalı avtomobil rayonun Parakənd qəsəbə sakini E.Aslanovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Yol-nəqliyyat hadisəsi zamanı “VAZ-2106″ markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyev, sürücünün həyat yoldaşı Əzizə Quliyeva, Boladi kənd sakinləri Bahar Bağırova və Nazilə Seyfullayeva dünyasını dəyişiblər.

“Mercedes” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Parakənd qəsəbə sakinləri Eldar Aslanov, Elman Ağazadə, Akif Nuriyev, Murad Cəfərli, Elvin Mirzəzadə və rayonun Boladi kənd sakini Reyhan Mahmudova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan biri – Reyhan Mahmudova həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

İstintaq araşdırması zamanı yol-nəqliyyat hadisəsinin törədilməsində sürücü E.Aslanov təqsirli bilinərək həbs edilib.

E.Aslanov Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.


loading...




Fikrinizi bildirin