Filial müdiri məhkəmədə özünü qismən təqsirli bildi- 3 milyonluq iş

Külli miqdarda mənimsəmədə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama əsasən F.Rəşadətli "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə Əzizə Axundovaya məxsus 1 milyon 225 min manatını ələ keçirib.

Ə.Axundova həmin məbləği banka depozit kimi qoymaq istəyirmiş. İttihama görə, F.Rəşadətli həmin məbləği sənədləri saxtalaşdırma yolu ilə ələ keçirib.

İttihama görə, F.Rəşadətli eyni üsulla Bəhruz Axundovu da aldadıb. Belə ki, onun 800 min manatını ələ keçirib

İttiham aktında yazılır ki, F.Rəşadətli eyni dələduzluq əməlləri ilə Əliyeva Pərvanənin 400 min, Gülnur Axundovanın 300 min, Sevda Xəlilovanın 300 min, Firəngiz Məmmədlinin 150 min dollarını, Ruslan Qasımovun 100 min dollarını ələ keçirib.

F.Rəşadətli ittiham üzrə qismən təqsirli bildiyini söyləyib.

Digər təqsirləndirilən Fariz Qarayev və T.Xanlarova isə özünü qismən təqsirli bildiklərini söyləyiblər.

Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə), 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.

Təqsirləndirilən şəxslərdən F.Rəşadətli məhkəmənin hazırlıq iclasında həbs edilib. Digər şəxslər barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Cinayət işində 8 nəfər zərərçəkmiş var. İttihama görə həmin şəxslərin 3 milyon manata yaxın pulu ələ keçirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilmişdi. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. İş yenidən araşdırılaraq, məhkəməyə göndərilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar