"Yol polisi əməkdaşlarına cərimə yazmaq üçün heç bir plan qoyulmur"

“Bu gün bizim yollarda aşkar olunan qayda pozuntularının demək olar ki, 65-70 faizi elektron qaydada, xüsusi texniki vasitələrin köməyin ilə aşkarlanır və həmin sürücülər haqqında elektron protokol tərtib olunur. Yəni bunu inspektor istəsə də, istəməsə də avtomatik aşkarlanan və qeydiyyata alınan protokollardır”.

Bu sözləri Modern.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, yol polisi əməkdaşlarının cərimədən 25 faiz qazanmaq üçün sürücüləri saxlaması fikirləri əsassızdır.

“Cərimələrdən polis əməkdaşlarının maaşına 25 faiz əlavə olunması o demək deyil ki, yol patrul əməkdaşı daha çox qayda pozuntusu aşkar eləsin. Əgər sürücü hansısa qayda pozuntusu edirsə, o halda yol patrul əməkdaşı saxlayır və cərimə yazır. Yol polisi süni yollarla heçbir sürücünü cərimə etmir. Olmayan bir qayda pozuntusuna görə yol patrul əməkdaşı heç kimi cərimələmir. Sürücü yol patrul əməkdaşının gözü qarşısında qaydaları pozursa, ona gözünü yummalı deyil ki... Bu insanın vəzifəsi odur ki, hərəkəti nizamlamaqla yanaşı, qaydalarını pozan sürücüləri də aşkarlayıb, barələrində tədbir görsün. Ödənilən cərimə məbləğindən 25 faiz yol patrul əməkdaşının maaşına əlavə olursa, demək ki, bilərəkdən yazır?... Bu çox yanlış düşüncədir. Yol patrul əməkdaşı sürücünün qayda pozuntusuna göz yummalıdır? Protokol tərtib olunanda hər bir sürücü yol patrul əməkdaşının fəaliyyətində hansısa nöqsan aşkarlayırsa və protokolla razı deyilsə, öz fikirlərini yaza bilər. Bundan sonra protokola yenidən baxılır, əgər sürücünün şikayəti əsaslıdırsa, protokol ləğv olunur. Yol polisi əməkdaşlarına cərimə yazmaq üçün heç bir plan qoyulmur”.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə, fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavə olunur.

635x100

Şərhlər

t.ədalət 2017-11-21 19:07:16

Təəssüf edirəm ki,məmurlar çox vaxt xalqı savadsızlar yerinə qoyurlar.Cəriməyə görə 25 faiz mükafat verilməsi,plan deyil,bəs nədir?Əlbəttə,plandır.İş o həddə çatıb ki,cərimələr hesabına maddi ehtiyaclarını ödəmək istəyən digər sahə polisləri də tapşırıqla özlərini yollara nəzarət edən müfəttişlərin yanına ezam etdirirlər...

aicos 2017-11-21 19:07:16

Hörmətli,Kamran müəllim! 1.Yol polisi vəzifə borcunu yerinə yetirdiyinə görə,dövlət tərəfindən vəzifə maaşı ödənilir.Vəzifə borcunu yerinə yetirdiyinə görə 25% yazılmış cərimələr naminə əlavə pul vəsaitinin ödənilməsi hansı meyara uyğundur.Yol polisi özünü maliyələşdirən qurum deyil. 2.Belə alınır ki,bizi xarici aqresiyadan qoruyan və bizim sülh şəraitində yaşamağımızın qarantı olan hərbiçilərə,vəzifə borcunu yerinə yetirdiyinə görə,hər gün sülh şəraitində yaşadığmıza naminə əlavə 25% ödənilməlidir.

Son yazılar