ZİYA MƏMMƏDOVUN “KURTLAR VADİSİ”NDƏKİ BÖYÜK "PUSUSU" - Kəmaləddin obrazını kim sifariş edib?

Azərbaycan nazirinin məşhur serialda vurulmasının şok sirri; “Rusiyanın adamı Kəmaləddin” obrazının izlənmə rekordu qıran türk serialına salınması sifarişini nəqliyyat nazirinin oğlu veribmiş

Türkiyədə və Azərbaycanda böyük maraqla qarşılanan, illərdir izlənmə rekordu qıran “Kurtlar Vadisi Pusu” serialının 213-cü bölümündə Azərbaycanda Kəmaləddin adlı şəxsin öldürülməsi epizodu hələ də müzakirə mövzusu olaraq qalır. Aylar öncə yayımlanan bu bölümdə serialın qəhrəmanı Polat Ələmdar Kara adlı əməliyyatçını “İxtiyarlar”ın Azərbaycandakı nümayəndəsini öldürən şəxsi və bu qətlin sifarişçisini tapmaq üçün Bakıya göndərir.

Bakıda Karaya bildirirlər ki, “İxtiyarlar”ın nümayəndəsini Rusiya mafiyasına onların Azərbaycandakı adamı Kəmaləddin adlı şəxs satıb. Serialdakı bəzi əlamətlər və Kəmaləddin adlı şəxsin təsviri bu obrazın fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğuna dair mülahizələrə yol açdı.

Serialda Kəmaləddin obrazının təsvirindən və onunla bağlı verilən məlumatlardan sonra Kara həmin şəxsi öldürmək üçün hazırlıqlara başlayır və bundan sonra olayların baş verdiyi ərazinin K.Heydərovun kurasiyasında olduğu bildirilən Qəbələnin relyefinə bənzədiyi açıq-aşkar görünür. Karanın həyata keçirdiyi əməliyyat nəticəsində Kəmaləddin həmin ərazidə ona məxsus olan “Limonad su zavodu”nda öldürülür. Serialdakı bu epizoda da Kəmaləddin adlı şəxsin prototpinin əslində kim olduğuna açıq işarə vurulur.

Qeyd edək ki, hər dəfə “Kurtlar Vadisi Pusu”dakı hadisələrin uydurma, serial rəhbərliyinin təxəyyülünün məhsulu olduğu bildirilsə də, sirr deyil ki, bu serial vasitəsilə cəmiyyətə bir sıra siyasi mesajlar ötürülür, ola biləcək hadisələrin təxmini anonsu verilir.

Serialın sözügedən bu bölümlərində baş verən hadisələr, öldürülən Kəmaləddin adlı şəxsin K.Heydərovun prototipi olması və fövqəladə hallar nazirinin bu serialda vurulmasının səbəbləri ilə bağlı indiyədək çoxsaylı versiyalar səsləndirilib. Bu mövzu hələ də Azərbaycan cəmiyyəti üçün maraqlıdır və “Yeni Müsavat”a məsələni daha da aktual edəcək sensasion məlumatlar daxil olub.

Həmin məlumatda bildirilir ki, K.Heydərov “Kurtlar Vadisi Pusu”da sırf Azərbaycandan verilən sifariş əsasında vurulub. Çox mötəbər mənbələrdən gələn məlumatda sifarişi verən tərəf kimi K.Heydərovla münasibətləri gərgin olan nəqliyyat naziri Ziya Məmmədovun və oğlu Anar Məmmədovun adı çəkilir.

Məlumatda cidd-cəhdlə iddia olunur ki, “Kurdlar Vadisi Pusu”ya “Rusiyanın adamı Kəmaləddin” obrazını Anar Məmmədov saldırıb. Nəqliyyat nazirinin buna Türkiyənin sənət dünyasındakı dostlarının dəstəyi ilə nail olduğu və bunun üçün külli miqdarda para xərclədiyi bildirilir. A.Məmmədov illərdir böyük paralar xərclədiyi Türkiyənin sənət adamları vasitəsilə “Kurtlar Vadisi Pusu”nun baş qəhrəmanı olan Polat Alemdar obrazını canlandıran Necati Şaşmazla bu barədə anlaşma əldə edib. Kəmaləddin obrazı, onun Rusiyanın adamı kimi təqdim edilməsi və öldürülməsi epizodları da məhz bundan sonra seriala yol tapıb.

Onu da qeyd edək ki, əvvəllər Necati Şaşmazla K.Heydərov və oğlu Tale Heydərov arasında xoş münasibətlər olub. Hətta N.Şaşmaz başda olmaqla, “Kurtlar Vadisi Pusu”nun bəzi aktyorları Qəbələdəki “Qafqaz” hotelində istirahət ediblər.

Sonradan isə nə baş veribsə, N.Şaşmaz A.Məmmədovun K.Heydərovun vurulması sifarişini qəbul edərək bu epizodun “Kurtlar Vadisi Pusu”ya salınmasını reallaşdırıb.

Məmmədovların K.Heydərovu vurdurmaq üçün “Kurtlar Vadisi Pusu”nu seçməsi isə bu serialın Türkiyə ilə yanaşı Azərbaycanda da rekord sayda izlənilməsi, bu serialdakı epizodların geniş müzakirələrə səbəb olması, uzun müddət yaddaşlarda qalması və ən müxtəlif məqamların cəmiyyətə ötürülən ciddi siyasi mesajlar kimi qəbul edilməsidir.

Bu baxımdan bu hadisəni Z.Məmmədovun “Kurtlar Vadisi”ndə K.Heydərova qurduğu böyük “pusu” kimi də qiymətləndirmək olar.

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar