Deputatlar Milli Məclisə ayrılan vəsaitin artırılmasını istəyiblər

Milli Məclisinin bu gün keçirilən iclasında deputatlar büdcədən parlamentə ayrılan vəsaitin azlığından şikayətləniblər.

APA-nın məlumatına görə, Milli Məclisin 2018-ci il üzrə büdcə müzakirələri zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, parlamentdə 125 deputat var, onlar xarici ölkələrdə təşkilatlarda təmsil olunur. Deputat qeyd edib ki, buna baxmayaraq, Prezident Administrasiyasının saxlanılmasına Milli Məclisdən 4 dəfə artıq vəsait ayrılıb: “Milli Məclis hakimiyyətin müstəqil qoludur. İndi bilmək istəyirəm ki, fərq nə ilə bağlıdır? Onlar daha çox ezamiyyətə gedir, yoxsa necə? Bu qədər fərq çox təəccüblüdür”.

Deputat Zahid Oruc da parlamentə ayrılan vəsaitin azlığından şikayət edib. O qeyd edib ki, parlamentin iclas zalında avadanlıqların yeni texnologiyalarla əvəzlənməsi üçün maliyyə ayrılması lazımdır: “Nazirlər Kabinetinin, Prezident Administrasiyasının sürücüləri Milli Məclisin sürücülərindən çox maaş alır. Xahiş edirəm bizim sürücülər də nəzərə alınsın. Bu fərq aradan qaldırılsın”.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov büdcədən Milli Məclisə əlavə vəsaitin ayrılmasını istəyib.

S. Novruzov bildirib ki, parlamentin il ərzində görəcəyi iş adətən gözlənilməz hadisələrlə bağlı olur, ona görə də əvvəlcədən planlaşdırmaq mümkün deyil.

O qeyd edib ki, beynəlxalq fəaliyyət, parlamentlərarası dostluq qrupları ilə mütəmadi əlaqələr və digər məsələlər Milli Məclisin işini gözlənilmədən aktiv olmasını tələb edir: “Bu baxımdan Milli Məclisə əlavə vəsaitin nəzərdə tutulması lazımdır ki, bu işlər vaxtında həyata keçirilsin”.

S. Novruzov xüsusilə parlamentlərarası dostluq qrupunun fəaliyyətinə önəm verilməsini, ayrılacaq vəsaitdə bunun nəzərdə tutulmasını təklif edib.

Bundan başqa o, Milli Məclisin əməkdaşlarının əməkhaqlarının artırılmasını bir daha təklif edib.

Qeyd edək ki, büdcədən Milli Məclisə 2018-ci ildə 24 232 055 manat vəsait ayrılması nəzərdə tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar