Ramazan düşüncələri

Nurəddin İSMAYIL

Allahın böyük məhəbbətlə İslam nurunu ümmətimizin qəlbinə hakim kəsdirdiyi müsəlman bacı və qardaşlarımız! Hər birimizin səbrlə gözlədiyi və hər anının yaşantısı qəlbi imanla dolu musəlmanları ilahi paklığa səslədiyi müqəddəs Ramazan ayı onu candan sevənlərə mübarək üzünü yenə açmaqdadır.

On bir ayın sultanı Ramazan insanı pis əməllərdən çəkindirən, onu şeytani nəfsə qarşı mübarizəyə səfərbər edən, ruhi feyzin əzəmətini daim artıran, bədən mülkünü cismani çirkablardan təmizləyən, sübhün ruzi diləyi başlanan andan Allahın yetirdiyi ruzi ilə iftaraçma məqamınadək insanlara eyni ovqat içində yaşamağı vərdiş etdirən və daha neçə gözəllikləri bizə bəxş edən müqəddəs bir aydır.

Uca Tanrı yeri, göyü və bütün külli kainati məhəbbətlə, səxavətlə xəlq etdiyi kimi, ruhi rəvanlıq gətirən ilahi dəyərlərə cani könüldən bağlanmağın yollarını da insanlara göstərmiş və Allah dərgahına - o ilahi səadətə yenidən qovuşmağın yalnız mənəvi kamillik və nəfsinə qalib gəlməklə mümkün ola biləcəyini göndərdiyi elçilərin dili ilə onlara anlatmışdır.

Ramazan cahil qureyşin dinsizlik içində vurnuxduğu, haqq yolundan sapınıb bütlər dünyasına kölə səcdəyə durduğu, eyş-işrətin iman sədlərini aşıb keçdiyi bir vaxtda zülmət dolu bu qaranlıqları nur seli ilə yarıb gələn, ilahi vəhyin nazil olduğu ən şərəfli və görgülü bir aydır.

Qadağalar gəldi, vəyhin Allah qoxulu dili ilə yolunu azmış, yaradanına asi olan bədəvi ərəbə. Qadağalar gəldi, nəsli şəcərə üstünlüyünü ləyaqətlə yaşamaq haqqı olan insanlar üzərində qapaza çevirən bütpərəst müşriklərə.

Kəlamları süngü kimi deşib keçən Quranla üz-üzə qaldı imansızlar, şükürlər olsun, enildi cahillik, nicat tapdı əli haqqdan üzülən gümansızlar. Gəldi Ramazan, şəri yandıra-yandıra, gəldi, qoynunda müqəddəs kitab, bizi qandıra, qandıra.

Halallıqdan süfrələr açılıb nemətlərin hər kəsə çatdırılmasına ilahi çağırışdır Ramazan. Kimsəsizlərin, yoxsulların, sahibsiz qalanların himayə edilməsinə Allahın niyaz etdiyi aydır gözəl Ramazan. Kəm baxan gözlərə, yalan danışan dillərə, qəlbi şeytanla əlləşən nadürüstlərə paklanmaq, nəfsinə qalib gəlmək və pis əməllərdən çəkinmək üçün verilən ilahi şansdır Ramazan.

Dünya vəhdət halındadır. Biz ilahi bir məqamda yenidən vəhdətə qovuşmaq üçün vəhdətdən qopmuş hissələrik. Vəhdətə qovuşmağın yolu ilahi eşqidəndir. İlahi eşq insanın müvəqqəti yaşadığı fani dünyadan hər kəsin son mənzili olan əbədi dünyaya gedən yoluna işıq saçar. Ramazan insanı tamah dolu dünya malına meyl salmaqdan uzaqlaşdırıb, onu ilahi eşqin gücü ilə vəhdətə səsləyən ibrətamiz bir aydır.

Ramazan Allahın insana bəxş etdiyi ən böyük yadigardır, hər qula lütfünü yetirən öz pərvərdigarıdır. Vəfasına töhfə gəldiyi bu ay Məhəmməd Mustafanın, fəziləti var Allah yolunda çəkilən hər cəfanın. Ruh bədənin, bədən ruhun nazını çəkər, üzməz insanı həyacanlar, o, imanın güc aldığı Ramazandır ki, içimizdən qovular şeytani canlar. Olmamağın, imkansızlığın pəhrizliyi deyil, olurkən, hər cür imkan içində nəfsdən imtinadır, özünə nəzarətdir, dərrakə ilə Allah qarşısında imtahandır Ramazan.

Tamah dolu nəfslər yanıb külə dönür, ehtiraslar, şəhvani hisslər səngiyir, Allahın nişanəsi olan ruh bədən qəlibində öz rahatlığını tapır Ramazanda. Bir xalq, bir ümmət eyni ruhi nizama, eyni yaşam tərzinə və ən başlıcası eyni dərəcədə Allaha yaxın olmaq məqamına çatır Ramazanda.

Gözlər yolunu çəkər, ürəklər həsrətini, salehlər əminlik tapar, ehsanından hər kəsə yetdikcə ilahi qismətin. Silinər ürəklərin pası Ramazanda, qurular şeytanın məşhər günündən əvvəlki yası Ramazanda. İradəyə baş əyər tamah dolu istəklər, alçaq nəfslər cilovlandıqca, yeri insanın olar daim yuksəklər. Məkr, yalan, hiylə yol tapa bilməz təmiz ürəklərə, Tanrım qismətini yazsın xoş əməl sahiblərini ən gözəl diləklərə.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar