Rəsul Quliyev ACP-ni yarı yolda qoydu, partiya qərargahdan çıxarıldı - BÖHRAN

Eks-spiker seçkiyə 2 ay qalmış təslim oldu, tərəfdarları onu yenə tərk edirlər

Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) yerləşdiyi qərargahdan çıxarılıb. Bu barədə Modern.az saytına partiya sədri Sülhəddin Əkbər məlumat verib. Onun sözlərinə görə, ACP icarəyə götürdüyü qərargahdan bir neçə gün bundan qabaq – avqustun 25-də çıxarılıb.

S.Əkbər rəhbərlik etdiyi partiyanın hazırda KXCP-nin qərargahında yerləşdiyini bildirib.

“Bəli, ACP icarəyə götürdüyü qərargahdan avqustun 25-də çıxarılıb. Hazırda biz KXCP-nin qərargahında yerləşmişik. Sağ olsun Mirmahmud Mirəlioğlu bizə yer verdi”.

ACP sədrinin fikrincə, onların qərargahdan çıxarılması Milli Şura ilə bağlı olub.

“Bizim ofisdən çıxarılmağımız hesab edirəm ki, Milli Şura ilə bağlı oldu. Milli Şuranın bir neçə toplantısı orada keçirildiyindən belə bir addım atdılar. Hələlik icarəyə ofis götürməyə gəlincə özümüzə gələk, sonra bu haqda düşünəcəyik”-deyə S.Əkbər bildirib.

ACP-nin çıxarıldığı qərargahla bağlı saytımıza digər məlumat da daxil olub. Adının çəkilməsini istəməyən mənbə bildirir ki, iş adamı Azər Əsgərova məxsus ofis ACP-dən alınraq AXCP-yə veriləcək. Hazırda AXCP ilə bu istiqamətdə danışıqlar aparıldığı qeyd olunur.

ACP sədri Sülhəddin Əkbər bu haqda məlumata malik olmadığını deyib. Onun sözlərinə görə, bu barədə ofis sahibi qərar verə bilər. (modern.az)

AzPolitika.info-ya verilən məlumata görə isə, ACP-nin icarəyə götürdüyü qərargahdan çıxarılması maliyyə mübahisəsi ilə bağlı olub. Belə ki, 2 aydan çoxdur ACP-də maliyyə böhranı yaşandığından qərargahın icarə haqqını da vaxtında ödəmək mümkün olmur. Mülkün sahibi Azər Əsgərov isə belə bir vaxtda icarə pulunun iki ayını əvvəldən tələb edib. Deyib ki, ailəsində xeyir iş olacaq, ona görə 2 ayı əvvəldən istəyir.

Lakin onun tələbi yerinə yetirilməyəndə aralarında mübahisə düşüb. Mənbə deyir ki, ACP qərargahının son 2 ayda icarə haqqını Eldar Namazov ödəyib. Yəni R.Quliyev artıq 2 aydır ki, qərargaha da pul vermir. Mülk sahibinin əlavə pul tələb etməsi isə ACP liderini özündən çıxarıb. Məlumata görə, Azər Əsgərovla Rəsul Quliyev skaypla güclü mübahisə ediblər. ACP lideri mülk sahibini hətta ağır sözlərlə təhqir də edib. Bundan sonra A.Əsgərov avqustun 25-nə kimi ACP-yə vaxt verib və həmin gün partiyanı öz mülkündən çıxarıb.

Seçkiyə 40 gün qaldığı bir vaxtda ACP-nin belə acınacaqlı vəziyyətlə üzləşməsi – maliyyə böhranı, qərargahsızlıq, ən əsası isə, Rəsul Quliyevin müəmmalı şəkildə Milli Şuranın vahid namizədi Cəmil Həsənlini hədəfə götürməsi isə, bizə verilən məlumata görə, partiya üzvləri və rəhbərliyi arasında dərin məyusluq yaradıb. Son günlər xeyli fəal partiya ilə əlaqələrini kəsib.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar