“MONOPOLİYANI YARMAQ ÜÇÜN 1.5 MİLYON VERİLMƏLİDİR...” - Bakıda "yuxarıların" adından aldadılan qadının müraciəti 

Son illər qeyri-neft sektorunun inkişafına xüsusi önəm verən ölkə rəhbərliyi yerli və xarici investorları Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə kapital yatırmağa təşviq etmək istiqamətində ciddi işlər aparır. Bununla bağlı həm Bakıda, həm də xaricdə tez-tez biznes forumlar keçirilir, iş adamlarına Azərbaycanda hər cür şəraitin yaradılacağına dair vədlər verilir. Bu prosesin əsas təşəbbüskarı kimi isə Prezident İlham Əliyev çıxış edir. Prezident Azərbaycan diasporunun nümayəndələriylə görüşlərində də ölkədən kənarda yaşayan biznesmen soydaşlarımızı, həmvətənlərimizı qeyri-neft sektoruna vəsait yatırmaqda fəal olmağa çağırıb. Elə Ukraynada yaşayan iş adamı Məmmədova Almaz Hüseyn qızı da bu çağırışa səs verərək, Azərbaycanda biznes qurmaq üçün ona edilən təkliflə razılaşıb. Ancaq fırıldaqla qarşılaşıb.

Belə ki, Məmmədova Almaz Hüseyn qızı bir nüsxəsini də saytımıza göndərdiyi müraciətdə bildirir ki, Rostov şəhərində Azərbaycan diasporasına rəhbərlik edən Allahverdiyev Şakir Allahverdi oğlu onu aldadıb. Və bu zaman ölkənin rəhbər şəxslərinin adından istifadə edib.

Baki şəhəri, Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi ev 246 ünvanında qeydiyyatda olan Məmmədova Almaz Hüseyn qızının başına gətirilənlərlə bağlı Prezident İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Zakir Qaralova və Daxili işlər naziri Ramil Usubova göndərdiyi şikayət ərizəsini qısa ixtisar və zəruri redaktə ilə dərc edirik:

“Deyirdi ki, arxamızda Nazim İbrahimov və çox nüfuzlu bir nazir dayanır”

“Mən, Məmmədova Almaz Hüseyn qızı Azərbaycan Respublikasının vətəndaşıyam və uzun illərdir Ukrayna Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğulam. Təxminən dörd ilə yaxındır ki, həmyerlimiz Allahverdiyev Şakir Allahverdi oğlu ilə ailəliklə tanış olmuşduq. Həmin vaxt mənim yoldaşım Məmmədov Fuad ona bir neçə dəfə işlərində köməklik etmişdi. Sonradan bu münasibətlər iş ortaqlığı həddinə gəldi.

Təxminən 2015-ci ilin sonlarında o, bizimlə görüşərkən söhbət əsnasında bildirdi ki, Azərbaycanda bir çox vəzifəli şəxslərlə iş ortağıdır və hazırda Samux rayon Polis Şöbəsinin rəisi Akif Nəbiyevlə birlikdə şərab zavodu tikirlər. Guya bu işdə onları rayonun icra başçısı Alı Qocayev dəstəkləyir və onlar işə başlamazdan əvvəl Akif Nəbiyevlə birlikdə qəbula gedərək başçıdan xeyir-dua alıblar. Onların arxalarında daha böyük vəzifəli şəxslər, o cümlədən komitə sədri Nazim İbrahimov və çox nüfuzlu bir nazir dayanır”.

nazim_ibrahimov_270215

“Samux rayonuna icra başçısı vəzifəsinə təyin olunacağını bildirirdi”

Almaz Məmmədova daha sonra yazır ki, dəfələrlə kürəkəninin ölkə rəhbərliyinə yaxın dairələrlə əlaqəsindən danışan Şakir Allahverdiyev, hətta bir neçə dəfə Birinci xanım Mehriban Əliyeva ilə görüşdüyünü də iddia edib. Üstəlik, yaxın vaxtlarda başçıların yerdəyişməsi olacağını və Samux rayonuna icra başçısı vəzifəsinə təyin olunacağını da bildirib: “Şakir Allahverdiyev inam yaratmaq məqsədi ilə, onun imkanlarını görmək üçün israrla bizi Azərbaycana dəvət etdi. Bildirdi ki, bütün biznes işlərində ona şərik ola bilərik. Biz onun dəvəti ilə Azərbaycana gəldik. Samux rayonunda o bizə üzümçülük sahələrini, tikilməkdə olan şərab zavodunu, dolu spirt çənlərini və digər obyektlərini göstərdi. Hətta yanımızda kiməsə zəng vurdu və bizi nəzərdə tutaraq, qonaqların gəldiyini bildirdi. Telefon danışığını bitirdikdən sonra isə bizə dedi ki, rəisin nazirlikdən qonaqları var, yoxsa sizinlə görüşməyə gələrdi.

Ümumi tanışlıqdan sonra biz belə qərara gəldik ki, həm Rusiyada, həm Azərbaycanda şərikli şirkətlər quraq və biznes fəaliyyətimizi genişləndirək. Bu qərarımızdan sonra biz 2016-cı ilin iyun ayında Rostov vilayətində “DONTREYD-YUQ” şirkətini yaratdıq”.

“Xüsusi avadanlıqların alınmasına 570.000 dollar pul xərclədik”

Almaz Məmmədovanın yazdığına görə, şirkətin yerləşdiyi torpaq sahəsi Allahverdiyev Şakir Allahverdi oğluna məxsus olub: “Bütün tikinti işlərini və avadanlıqların alınmasını isə mənim yoldaşım Məmmədov Fuad və digər yaxın qohumumuz Əhmədov Cəlal Maarif oğlu həyata keçirdilər. Ümumilikdə həm şirkətin fəaliyyətə başlaması üçün, həm tikinti işlərinə, həm də xüsusi avadanlıqların alınmasına 570.000 (beş yüz yetmiş min) ABŞ dolları pul xərclədik. Bundan bir müddət sonra Ş.Allahverdiyev Azərbaycanda qurmağı nəzərdə tutduğumuz şirkətlə əlaqədar olaraq bəzi məsələləri “araşdıracağını” deyərək, Azərbaycana qayıtdı. Bir neçə gündən sonra zəng vurub bizi də Azərbaycana çağırdı.

“Azərbaycanda "yuxarı"nın “şapka”sını vermək üçün 1.500.000 istədi”

Azərbaycana gəldik və görüş zamanı bildirdi ki, Azərbaycan Rusiya kimi deyil, burada gərək hamıya hörmət olunsun. Akif müəllim (Samux rayon Polis Şöbəsinin rəisi Akif Nəbiyev-red.) özü "yuxarılarnan" danışıb. Bizə dedilər ki, Azərbaycanda böyük bir şirkət qurmaq üçün mütləq monopoliyanı yarmaq lazımdır”.

Almaz Məmmədova yazır ki, bunun üçün Şakir Allahverdiyev ondan ölkənin rəhbər şəxslərinə çatdırmaq üçün ən azı 1.500.000 (bir milyon beş yüz min) manat istəyib: “Dedi ki, bu pulu mütləq ödəmək lazımdır. Pul ödənildikdən sonra şirkəti qurub spirt işini biz işləyəcəyik. Mən soruşdum ki, bu işin qanuni yolu varsa və nədirsə, onu edək. Bu zaman Şakir Allahverdiyev bildirdi ki, Azərbaycanda "yuxarının" “şapka”sını verməsək, bizə imkan verməyəcəklər”.

Almaz Məmmədova bununla razılaşmadıqda Şakir Allahverdiyev iki variant olduğunu bildirib. Deyib ki, ya qeyd olunan məbləği verməliyik, ya da ölkə rəhbərliyinə yaxın şəxsin nəzarətində olan şirkətdən həmin məbləğdə avadanlıq almalıyıq: “Mən ikinci variantı uyğun gördüm. Çünki bir tərəfdən adını hallandırdığı vəzifəli şəxslərə və imkanlarına görə ona inansam da, “yuxarının” belə bir tələbinin olduğuna inanmırdım. Bütün dünya bunu bilir ki, cənab Prezidentimiz yalnız ölkəmizin və ölkəmizdə qeyri-neft sektorunun inkişafında maraqlıdır”.

“170.000 dolları və 200.000 manat pulu Şakir Allahverdiyevə verdik”

Almaz Məmmədovanın sözlərinə görə, ikinci varianta razılaşdıqdan sonra, Bakı şəhərində görüş təyin ediblər: “Bir gün sonra biz evimizdə olan 120.000 (yüz iyirmi min) manat və 20.000 (iyirmi min) ABŞ dolları pulları götürdük və digər yaxın tanışlarımızdan borc alaraq, ümumilikdə 170.000 (yüz yetmiş min) ABŞ dolları və 200.000 (iki yüz min) manat pulu avadanlıqlar alması üçün Nərimanov rayonu ərazisindəki "Məxməri" restoranında Allahverdiyev Şakir Allahverdi oğluna verdik. Qalan 1.000.000 (bir milyon) manat məbləği isə, şərik kimi polis rəisi Akif Nəbiyevlə özünün aralarında həll etməsini istədik.

Bir neçə gündən sonra, Allahverdiyev Şakir mənə bildirdi ki, “yuxarının” razılığı alındı və bütün avadanlıqlar sifariş verildi. Ən uzağı bir aya şirkəti qura bilərik. Mən ona inandığım üçün təşəkkürümü bildirdim. Qeyd etdiyim kimi, Rostov vilayətində artıq şirkət qurmuşduq və bir ortaqlığımız yaranmışdı. Ona görə də, inanırdım. Həmçinin, Azərbaycanda şirkətimizin olmasını istəyirdim. Bundan sonra mən Ukraynaya getdim və deyilən vaxtı gözlədim. Deyilən vaxtdan bir qədər keçsə də, mənə heç bir cavab demədiyi üçün mən Şakir Allahverdiyevə zəng vurdum. Bu zaman o mənə bildirdi ki, guya bir-iki günə cavab deyiləcək”.

“Bildirib ki, “yuxarılar” bütün pulu tələb etdi, biz də polis rəisi ilə aparıb verdik...”

Almaz Məmmədovanın sözlərinə görə, təxminən bir həftə sonra Şakir Allahverdiyev ona bildirib ki, “yuxarılar” qərarı dəyişib, bütün pulu tələb edir:Rəislə aparıb verdik... Mən aparatları soruşduqda isə bildirdi ki, yaxın vaxtlarda həll edəcəm, indi bütün pulları verdim “yuxarıya”. Mən ona yenə inandım. Aradan bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onun ortaq şirkət qurmaması və avadanlıqları almaması bizi narahat etdi. Vaxt uzandıqca bizdə şübhələr yaranırdı”.

Almaz Məmmədova iş uzandığından, bu il bir neçə dəfə Azərbaycana gəlib: “Hər dəfə görüşdükdə bəhanələrlə vaxtı uzadırdı. Bildirirdi ki, rayonun polis rəisi Akif Nəbiyev bu işə pul ayıracaq və şirkətin qurulması üçün nə lazımdı alınacaq. Belə olduqda ona qəti şəkildə bildirdim ki, “yuxarıya”pul verməsinə inanmıram. bu səbəbdən də, avadanlıqların alınması üçün verdiyim pulları geri qaytarmasını tələb etdim. Allahverdiyev Şakir məndən yenə vaxt istədi və avadanlıqları alacağını bildirdi. Mən ona daha heç bir avadanlıq istəmədiyimi dedim və pullarımı tam şəkildə qaytarması üçün üç ay vaxt verdim”.

“Bağıraraq məni güllələyəcəyini dedi...”

Almaz Məmmədovanın yazdığına görə, 02 noyabr 2017-ci il tarixində verdiyi pulları almaq üçün Bakıdan Samux rayonuna gediblər: “Biz onunla şirkət quracağımız obyektdə görüşməli idik. Həmin yerə çatdıqda, o sərxoş idi, spirtli içki qəbul etmişdi. Bizi görüncə başladı küçə söyüşləri ilə təhqir etməyə. Mən onu sakitləşdirməyə çalışdıqda isə, yanındakı araq şüşələrini üstümə atmağa başladı. Bağıraraq məni güllələyəcəyini dedi. Mən nə baş verdiyini başa düşməyə çalışırdım. Onu sakitləşdirmək istədikdə daha da, üstümə şığıyaraq bildirdi ki, çox başlar kəsmişəm, pulumu verib qanını yumuşam. İndi növbə sənindi. Vəziyyəti belə gördükdə mən qapıdan çölə çıxdım və 102 xidmətinə zəng vuraraq məlumat verdim. Həmin vaxt mənim yanımda bacım oğlu Elnur və yaxın tanışım Əminə var idi. Mənə ən çox təsir edən o oldu ki, bu adam bizim ölkəmizin rəhbər şəxslərinin adından öz oyunlarında istifadə edirdi. Hətta mənə bildirdi ki, get pulunu onlardan al, mən onlara vermişəm”.

"Dövlətimizin ədalətinə və Sizin prinsipial mövqeyinizə ehtiyacımız var"

Almaz Məmmədova sonda ölkə rəhbərliyindən kömək istəyir: “Hörmətli Cənablar! Bilidirirəm ki, hal-hazırda ailə vəziyyətimiz çox ağırdır. Yoldaşım ağır xəstə olub. Mən özüm son bir neçə gündür stresdəyəm. Az qala hər gün iynə-dərman qəbul edirəm. Dövlətimizin ədalətinə və Sizin prinsipial mövqeyinizə ehtiyacımız var. Odur ki, yuxarıda göstərdiklərimi nəzərə alaraq, əzizimiz Mehriban xanımın, hörmətli nazirimiz Ramil Usubovun və polis rəisinin adından sui-istifadə edən Allahverdiyev Şakir Allahverdi oğlu barəsində ciddi ölçü götürməyinizi və mənə dəymiş zərərin tam şəkildə ondan alınaraq özümə qaytarılmasını təmin etməyinizi Sizdən ailəmiz adından xahiş edirəm.”

P. S. Müraciətdə səslənən ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

635x100

Şərhlər

Vəkil Mustafa 2017-11-25 08:19:47

Azərbaycanda korrupsiya yoxdur, amma, "şirinlik" qaydadır. Xanım onu Şakir Allahverdiyevin təyinatı üzrə verib. O, isə onun yer üçün (Alı Qocayevə) və dövlət həlli kimə verəcəyini bildirib. Anlaşılmaz heç nə yoxdur. Qalıb Almaz xanımdan şirinliyi alan Şakirin kişi kimi doğru izahatı. Bu hakimiyyətdə Qarabağın qaytarılması şüarları ilə de fakto Azərbaycanı satan mütəşəkkil fəaliyyətdən bircə epizoddur.

İLQAR CƏFƏROV 2017-11-25 08:19:47

NƏYİ VAR ATİBLAR. GUYA OLKƏDƏ SİKAYƏTƏ BAXAN VAR. ALMAZ XANM.ROKURORA GETSEN POLİS RƏİİNƏ SUKUR OXUMALİ OLACAQSAN. BİR İLDƏN COXDUR OZUNU VƏKİL KİMİ TƏQDİM EDİB 4000 MANAT PULUMUZU ALDADİB ALAN İMRAN TURABOV BARƏSİNDƏ OLKƏNİN ELƏ BİR ORQANİ YOXDU SİKAYƏT ETMƏYƏK ANCAQ VƏ ANCAQ TƏHQİR VƏ HƏDƏ İLƏ QARSİLASİRİQ. OKƏDƏ NƏ VARSA QANUN YOXDUR. VƏSSALAM.AZPOLİTİKA MƏNƏ DƏ YARDİMCİ OLUN XAHİS EDİRƏM 077 596 22 30 İLQAR

Zabil 2017-11-25 08:19:47

Hər şey "qanuni" şəkildə baş verib.Qalıb verdiyin pulun fatihəsini vermək.

vəkil 2017-11-25 08:19:47

rəhmətlik nənəm deyirdi ki allahin könlu olsa pulu adama qalagin dibindən yetirər o zaman nənəmə inanmirdim çox təssuff ; arvad uzaq ğörənimiş...

Mustafa 2017-11-25 08:19:47

Uzun illərdir diasporulardan şikayətlər bitmir. Ümumiyyətlə bu komitənin işinin nəticəsi varmı? Nazim bəy üçün isti yer yaradıb birneçə yaramazı da başqa ölkələrdə,miləti biabır edirlər. Konkret adamların ismi.verilən pulların miqdarı göstərildiyi halda bu məsələnin davamı diqqət çəkir. Bir də ki,niyə məsələ məhkəməyə verilməyib,bu miqdarda pulun talei müraciətlə bitir? Maraqlı deyilmi?

Mahir 2017-11-25 08:19:47

Almaz xanım ,sənə bu da azdır.Bir o qədər əlində pul var idi.Tamahını saxlayıb oturub yaşayardın də.

kohne 2017-11-25 08:19:47

Beyem bu Shakir birdi,ikidi?Azerbaycanda bu cur adamlarin hedden artiq cox olmasina,at oynamasina sebeb sizce kimdir?

Son yazılar