Azərbaycan antaqonizmi - Hökumət və hakimiyyətin «mənbəyi»

«Çiynini aşağı endir... küsdərəcik»

mirzeMirzə AĞ

Biri var idi, biri yox idi - bir Əli Həsənov adlı-soyadlı «qaçqınkom naziri» var idi... və o, yenə gündəmə gəldi - nəvəsinin sayəsində...

Nəvəsi harınlamasaydı, bahalı maşını ilə vurub adam öldürməsəydi və bu olay faş olmasaydı, faş olduğu qədər də onu tutub mühakimə etməsəydilər, nəvə də məhkəmədə «işləməmişəm, hərbi xidmətdə olmamışam...» - deyə, etiraf yapmasaydı, Əli Həsənov (bundan sonra onu obrazlı olaraq, «Əlhəsən» adlandıracam) heç kimin yadına düşəsi deyildi - dözümlü xalq artıq onu unutmuşdu...

Əlhəsən gündəmə gələn kimi, onun məşhur «nəsihət»ləri də yada düşdü. Məsələn, «adambasma» olayından bir müddət əvvəl Əlhəsən belə bir ağzıgöyçəklik yapmışdı:

“Bu gün elə dövrə gəlib çatmışıq ki, yalnız milli ruhda böyümək kifayət etmir. 2014-cü ildə məcburi köçkün uşaqlarının hərbi təhsil alması ilə bağlı araşdırma apardıq və nəticədə xoşagəlməz mənzərə ilə qarşılaşdıq. Bütün işğal olunmuş rayonlardan hərbi ali məktəblərdə cəmi 30 gənc təhsil alırdı. Bu barədə prezidentə məruzə edərək nəticələrin aradan qaldırmaq üçün icazə istədik. Təhsil Nazirliyi ilə birlikdə görüş keçirildi. Hətta məcburi köçkün ailələrinə müraciət etdim ki, hərbi xidmətdə olmayan və fərarilik edənlərə qız verməyin. Sənin torpaqların işğal olunubsa və sən hərbi təhsil almaq istəməyib fərarilik edirsənsə, bu, yolverilməzdir. Türkiyədə vətənpərvərlik sevgisi çox böyükdür. Odur ki, gözəl nümunə yanımızdadır. Bu gün ölkədə fərariliyin səviyyəsi aşağı düşüb. Ən qeyrətli və vicdanlı oğullarımız şəhid olur”.

«Adambasan» nəvənin məhkəməyə verdiyi ifadə açıb göstərdi ki, cənab Əlhəsən yuxarıdakı fikirləri səsləndirərkən, yumşaq desək, bir balaca riyakarlıq edib. Məsələn, fərari elə onun öz ocağının başında oturubmuş, canım sənə desin, müharibədə də bu «rəsul»un heç bir qohumu-əqrəbası şəhid olmayıb, üstəlik də nəinki sıravi bəndə, hətta Azərbaycan generalı öz qızının «həri»sini bu fərariyə bircə kəlməyə, «qurbanlıq» edib.

Məhkəmə göstərdi ki, «adambasan nəvə» həm də qəza törədənə qədər heç yerdə işləməyib. Bəs, 3 milyonluq maşınları hansı pullarla alıb? Şübhəsiz ki, babasının pulları ilə. İndi Allahqulu soruşur: Bəs, baba 3 milyonu haradan alıb? Şahqulu da cavab verir ki, baba pulları sadəcə, oğurlayıb! Deməli, «qaçqınkom naziri» OĞRUDUR!..

Əlhəsən elə demişdi, mən də belə deyirəm: «Artur hökuməti» idarəçiliyinin elə bir mərhələsinə gəlib çatmışıq ki, hakimiyyət adından çıxış edən nazirlər, harın məmurlar və oğru oliqarxlar xalqı, obrazlı desək, «hakimiyyətin mənbəyi»ni minib çapırlar, ölkənin sərvətini amansızcasına talan edirlər, kasıb-kusuba divan tuturlar!

Əlhəsən də onlardan biri... Fəqət, onu dəyişməklə, vəziyət düzələsi deyil. Çünki hakimiyyətin mənbəyinə hakimiyyətin belə yad münasibəti «Artur hökuməti»nin mahiyyətindən qaynaqlanır. Məhz bu səbəbdən dolayı «Artur hökuməti»nin iki anlayışdan heç xoşu gəlmir: biri «vətəndaş», digəri isə «istehlakçı» kəlməsidir. Nədən ki, bu kəlmələr hakimiyyətin mahiyyəti ilə antaqonizm təşkil etdiyi qədər də «Artur hökuməti» bu kəlmələrdən QORXUR!

Bu hökumət Azərbaycan əhalisinin şəxsində «təbəə»ni, istehlakçının şəxsində isə «passiv alıcı»nı görür...

Heç təsadüfi deyil ki, hələ 2008-ci ildə «Atur hökuməti»nin baş ideoloqu yazmışdı ki, çağdaş Azərbaycan cəmiyyəti iki zümrəyə bölünüb və onların arasında mübarizə gedir. Onlardan biri - «irodçu»lardır, digəri isə «zelotlardır». Açması belədir: hakimiyyət başında olanlar irodçular, zülmə düçar edilənlər, haqqı yeyilənlər, hakimiyyət yaratmaq haqqı «zorlananlar» isə «zelot»lardır (İrod - öz xalqına qənim kəsilmiş qədim yəhudi çarıdır).

Belədə, Əlhəsəni və ya ayrı-ayrılıqda bəzi yabançı-səbatsız (vicdansız!) nazir-məmurları şaqqalasan da ölkədə vəziyyət yaxşıya doğru dəyişməyəcək...

Bütün bunların davam etməsində «hakimiyyətin mənbəyi»nin də öz günah payı var - sonsuz passiv və ifrat «dözümlü»dür. 

Bu kütlə hadisədən-hadisəyə coşur, elə o saat da «buza dönüb» boş kafasını aşağı salır - necə deyərlər, «başını aşağı salıb, işini görür»...

Nə qədər ki, Azərbaycan insanı Azərbaycan vətəndaşına, müştəri (alıcı) istehlakçıya çevrilməyib, o qədər də Artur, «Əlhəsən» və sairə kimilər nazir-məmur olub da Şərq nağıllarındakı Sindbad kimi toplumun çiynindən düşməyəcək və «çiynini aşağı endir, minim səni, küsdərəcik» - deyərək, bizlərlə məzə qılacaqlar...

Mən isə deyirəm: Ya çiynini aşağı endir, ya da səsini qaldır, küsdərəcik...

635x100

Şərhlər

AAgahuseyn 2017-11-25 00:16:01

Hörmətli G.M.Əli müəllim o sözləri Sizə-Bizə demişdi özlərinə aid deyil vətən.Onların harda evi var vətən oranı bilirlər.

SSRİ DÖVLƏTİ NİYƏ ÇÖKDÜ? 2017-11-25 00:16:01

SSRİ UĞRUNDA VURUŞANLAR, SSRİ ÜZRƏ ACLIQ SƏFALƏT İÇƏRSİNDƏ YAŞADI. LAKİN QULDURLAR KOLXOZ SƏDRİ VƏZİFƏSİNƏ TƏYİN OLUNDULAR.KOLXOZLAR TALAN OLUNDU, SSRİ DAXİLİ MAFİOZ QRUPLAŞMALAR ÖZ ADAMLARINI VƏZİFƏYƏ GƏTİRİB SSSRİ-NİN İQTİSADİYYATINI ŞƏXS MƏQSƏDLƏRİ ÜÇÜN İSTİFADƏ ETDİLƏR, ÖZLƏRİNİ VƏ YAXIN QOHUMLARININ ŞƏXSİ AMBİÇİYALARINI DÖVLƏTİN VƏ XALQIN AMBİÇİYALARINDAN ÜSTÜN TUTDULAR VƏ NƏTİCƏDƏ ƏHALİNİN MƏRKƏZİ HÖKÜMƏTƏ OLAN İNAMI-GÜVƏNİ-SEVGİSİ SARSILDI,SSSRİ 1991 İL TOPSUZ-TÜFƏNGSİZ KAPİTULYASİYA OLDU-ÇÖKDÜ!!!

Qnunpərəst 2017-11-25 00:16:01

Elə elçin quliyevdə əlhəsənin tayıdır..... və lap yuxarıdan xalqa ünsür deyə-deyə xalqın çiynini əyib küsdərəcikə döndərmişdir ki,birdəfəlik səsini qaldıra bilməsin.Mən inanıram ki,bu xalq bu yazını oxuyub çiynini yox belini əyəcək.

Son yazılar