Əsədin "yada düşmədiyi" sammit: “Üçlük” Soçidə hansı razılığa gəlib? - TƏHLİL

Aleksandr Atasuntsev

RBC

Rusiya, Türkiyə və İran prezidentləri Soçidə Suriyanın gələcəyini müzakirə ediblər. Soçidə Suriya münaqişəsinin bütün tərəflərinin iştirakı ilə konqres keçirildikdən, ölkənin yeni Konstitutsiyası müzakirə edildikdən sonra Suriyada BMT nəzarəti altında seçkilər keçirilməlidir

Atəşkəsə rejiminə keçid

Noyabrın 22-i Rusiya, İran və Türkiyə prezidentlərinin Soçidə danışıqları keçirilib. Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan və Həsən Ruhani bu formatda ilk dəfə görüşüb. Hərçənd “üçlük” formatının özü ötən ilin sonu Suriyada atəşkəsin parametləri tərəflər arasında razılaşdırıldıqdan sonra işə düşüb.

Fasilə zamanı mətbuat qarşısına çıxan Putin “Rus” sanatoriyasında keçirilən və təxminən 2 saat davam edən danışıqları məzmunlu və məhsuldar adlandırıb. Suriyada terrorizmlə mübarizədə əldə olunan mühüm nailiyyətləri vurğulayan Rusiya prezidenti siyasi nizamlanmanın zərurətini qeyd edib: “Döyüş meydanında əldə olunan və Suriyanın bütün ərazilərini üsyançılardan azad edəcək uğurlar, ümumiyyətlə böhranın nizamlanmasında keyfiyyət baxımından yeni mərhələ açır”. Bu barədə İran və Türkiyə prezidentləri də açıqlama verib.

Putin məlumat verib ki, yeni Konstitutsiyanın yazılması və o qəbul edildikdən sonra BMT nəzarəti altında seçkilərin keçirilməsi üçün şərait yaratmalı olan “Suriya milli dialoqu” konqresinin keçirilməsini üç ölkə dəstəkləyib. Prezident qeyd edib ki, konqresin keçirilməsi Cenevrə danışıqları zamanı beynəlxalq səviyyədə qəbul edilən bütün razılaşmalar və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğundur.

Rusiya prezidentinin sözlərinə görə, konqresdə Suriyanın müxtəlif siyasi partiyalarının, daxili və xarici müxalifətin nümayəndələri, müxtəlif etnik və konfessional qruplar iştirak etməlidir. Soçidə keçirilməsi nəzərdə tutulan konqresin tarixi və tərkibi üç ölkənin xarici işlər, müdafiə nazirlikləri, habelə xüsusi xidmət orqanları tərəfindən razılaşdırılacaq.

Putin, həmçinin Suriya prezidenti Bəşər Əsədlə noyabrın 20-i Soçidə baş tutan görüşünün təfərrüatları barədə məlumat verib. Rusiya başçısının sözlərinə görə, Suriya tərəfi konstitusiya islahatları keçirməyə və BMT nəzarəti altında azad seçkilər təşkil etməyə hazırdır.

Soçi görüşündən əvvəl Türkiyə prezidenti konqresdə kürdlərin iştirakına qarşı çıxış edib. Ankara Suriya kürdlərinin hərbiləşdirilmiş dəstələrinə ölkə sərhədlərinə təhlükə yaradan terror təşkilatı kimi baxır. Jurnalistlər qarşısında çıxış edən Ərdoğan dəfələrlə Suriyada terrorçularla mübarizənin davam etdiriləcəyini təkrarlasa da, terror təşkilatlarının adını çəkməyib. Soçidə jurnalistlərin kürdlərin konqresdə iştirakı ilə bağlı sualını cavablayan Rusiya prezidentinin mətbuat katibi Dmirti Peskov məsələnin müzakirə olunduğunu bildirib. “O, inklüziv olmalıdır”, – deyə Peskov qeyd edib.

Danışıqların yekunları üzrə prezidentlər, həmçinin Suriyada atəşkəsin dəstəklənməsi ilə bağlı üçtərəfli fəaliyyətin davam etdirilməsinə dair öhdəlik götürdüklərini bildiriblər və gələcəkdə də bu formatda görüş keçirməyə hazır olduqlarını qeyd ediblər.

Qaliblər forumu

“Bloomberg” qeyd edir ki, Rusiya, İran və Türkiyə Soçi sammitinə Suriya münaqişəsinin qalibləri rolunda yanaşıblar. “Suriyanın gələcəyi əhəmiyyətli dərəcədə döyüş meydanı və diplomatiyada dominantlıq edən bu triumviratın əlindədir”, – agentlik Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) baş elmi əməkdaşı Emilya Hokayemadan sitat gətirir.

Üçtərəfli görüş ərəfəsində Ruhani milli televiziyanın efirində Suriya və İraqda İŞİD terrorçularının məğlubiyyətini elan edib. Onun sözlərinə görə, hər iki tərəfin ordusu və onların müttəfiqləri bütün dayaq məntəqələrindən döyüşçüləri çıxarıb. Əsəd ilə görüşündə Putin İŞİD-in məhv edilməsi məsələsinə daha ehtiyatlı davranıb. Putin “terrorçuların birdəfəlik və qaçılmaz darmadağın edilməsinə doğru tədricən yaxınlaşıldığı”nı qeyd etdiyi halda Əsəd İŞİD üzərində bir neçə qələbəni və ərazinin böyük bir hissəsinin azad edilməsinə səbəb olan “terrorçularla mübarizədə əldə olunan uğurlar”ı vurğulayıb.

Soçidə çıxış edən liderlərdən heç biri Bəşər Əsədin Suriya prezidenti olaraq qalmasına toxunmayıb. “RBC”-nın sorğusunda iştirak edən ekspertlər əmindirlər ki, müttəfiqlərin dəstəyi ilə Əsəd ordusunun uğurları onun hakimiyyətdə qalmasını praktiki olaraq təmin edir: o, seçkilərdə iştirak edə bilər, çünki ölkə daxilində səs çoxluğuna malikdir. Karnegi Mərkəzinin Yaxın Şərq Məsələləri üzrə baş elmi əməkdaşı Yezid Saiqh bildirib ki, Suriyada terrorçularla son döyüşlər 2015-ci ilədək keçirilən beynəlxalq danışıqların yekunlarına əsasən proqnoz olunan nəticələrdən tamamilə fərqli nəticələrə gətirib çıxara bilər. “Əvvəlki razılaşmalar beynəlxalq himayə altında hakimiyyətin Suriya hökuməti və müxalifəti arasında formal olaraq bölünməsinə gətirib çıxaran diplomatik prosesi nəzərdə tuturdu”, – ekspert əmindir.

“Əsədin “geri çəkilməsi” bəlkə də Rusiya kampaniyası başlamadan öncə hansısa perspektivə malik olub. O, faktiki olaraq müharibədə qalib gəldiyi halda, indi bunu etmək nəyə lazımdır? Əsəd “can üstə olanda” buna nail ola bilməyən şəxslərin indi bunu tələb etməsinə nə kimi əsaslar var?”, – deyə Xarici və Müdafiə Siyasəti Şurasının prezidiumunun sədri Fedor Lukyanov bildirib.

Ali İqtisadiyyat Məktəbinin Ümumi Politologiya kafedrasının baş müəllimi Leonid İsayev deyir ki, Əsəd və müttəfiqlərinin Suriyada üstünlüyə malik olması ölkəni vətəndaş müharibəsinə gətirib çıxaran ziddiyyətlərdən xilas etməyəcək. “Əsədin kimin köməkliyi ilə qələbə qazanmasının əhəmiyyəti yoxdur. Fərqi yoxdur, bu işdə ona biz kömək etmişik, ya İran. Fərqi yoxdur, o bunu beynəlxalq normaları pozaraq edib, ya yox. Əsas odur ki, o, qalibdir. Və indi onu güzəştə getməyə məcbur etmək çox çətindir, milli dialoq isə kompromis nəzərdə tutur”, – deyə ekspert izah edib. BMT qətnamələrinin şərtləri yerinə yetirilsə də, bu yalnız formal şəkildə olacaq: “Hələlik Suriya hökumətini güzəştə getməyə məcbur edə biləcək qüvvə yoxdur”. İsayev hesab edir ki, Moskvanın Əsədə təsiri də məhdud xarakter daşıyır, axı Əsəd öhdəliklərini yerinə yetirməkdən imtina etsə, Rusiya onsuz da onu dəstəkləməkdən vaz keçməyəcək.

Diplomatik marafon

“Üçlük” görüşünə Rusiya ciddi hazırlaşıb. Noyabrın 20-i Bəşər Əsədin Soçiyə səfər etməsindən (buna qədər Əsəd Rusiyada 2015-ci ilin payızında, Suriyada hərbi əməliyyatlar başlayan vaxt olub) əlavə, prezident Putin Suriya münaqişəsinə cəlb olunan əsas ölkələrlə telefon danışığı aparıb.

Noyabrın 21-i Putin Əsədlə görüşünü Misir, Səudiyyə Ərəbistanı, İsrail və ABŞ liderləri ilə müzakirə edib. Bundan bir gün əvvəl Qətər əmiri ilə telefon danışığı aparıb. “Putinin Əsədlə söhbətindən sonra iranlı və türk həmkarları ilə görüşü ərəfəsində ABŞ da daxil olmaqla digər region ölkələrinə zəng etməsi onun səylərinin ciddiliyindən xəbər verir”, – deyə Lukyanov bildirib. Ekspertin sözlərinə görə, ABŞ-ın hazırda sülh prosesində məhsuldar rol oynaması çətin olsa da, neytraliteti qoruyub saxlaya bilər. Saiqh ilə Hokayemo da ABŞ-ın hazırda dəqiq strategiyasının olmadığını və Suriyadakı vəziyyətə əsaslı şəkildə təsir göstərmək imkanlarına malik olmadığını qeyd edirlər. Ancaq “Bloomberg”-in məlumatına əsasən, Vaşinqtonun başçılıq etdiyi koalisiyanın Suriyada terrorçulara qarşı hərbi əməliyyatları davam etdirdiyini və Pentaqon rəsmilərinin Suriyadan getməyə hazırlaşmadıqlarını bəyan etdiyini nəzərə alsaq, ABŞ vacib oyunçu olaraq qalır.

Soçi sammitinin iştirakçıları qeyd edib ki, Suriyanın gələcəyi ilə bağlı bütün məsələlər BMT çərçivəsi və Cenevrə danışıqlarına müvafiq şəkildə həyata keçiriləcək. “BMT kimi sülh prosesinə lazımi nüfuz bəxş edən başqa təşkilat yoxdur”, – deyə Lukyanov bildirib. Ekspertin fikrincə, Moskva sülh prosesinin qarantı olaraq qalmaq istəsə də, onun dəstəklənməsi ilə bağlı əsas məsuliyyəti Dəməşqə vermək istəyir. “Çox güman, Putinlə Əsəd məhz bu barədə danışıblar. İndi Suriya prezidentinin məsuliyyətli xeyli artıb”, – ekspert qeyd edib.

 

Strateq.az

635x100

Şərhlər

Habil 2017-11-24 22:28:55

Veysal lap düz yazıb esed bir peşqadı onu rus ve irandı saxlayan

Veysal 2017-11-24 22:28:55

Esed kimdiki esedin atasl ruhani iran anası putin rus vessalam cüt tamam

Son yazılar