UNEC MƏZUNLARINA UNİKAL İMKANLAR YARADIR! – Ekspertlərin dəyərləndirmələri

Mütəxəssislər “UNEC2B” Platformasının ölkənin əmək bazarında yüksək ixtisaslı kadrlara olan tələbatın ödənilməsində önəmli rol  oynayacağı qənaətindədirlər

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) iş dünyası ilə birlikdə yeni strateji əməkdaşlığa start verib. Universitet tərəfindən Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən “UNEC2B” Platforması çərçivəsində tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və UNEC məzunlarının işlə təmin olunmasında birgə fəaliyyət təmin ediləcək. “UNEC2B” Platformasının əsas istiqamətləri aşağıdakılar olacaq:

1. UNEC məzunlarını işə götürdüyü halda 3 il ərzində işə götürənlərin sifarişi əsasında “servis xidməti”, yəni onlar üçün UNEC tərəfindən ödənişsiz ixtisasartırma kursları təşkil edilir;

2.İşə qəbulla bağlı mühasibə zamanı UNEC tələbələrinin zəif cəhətlərini bildirdikləri təqdirdə, məzun olana qədər həmin tələbələrin həmin zəifliyinin aradan qaldırılması üçün işə götürənin verdiyi proqram əsasında UNEC tərəfindən pulsuz kurs təşkil edilir;

3. İşə götürənlərin təklifi əsasında müxtəlif ixtisasları təmsil edən tələbələrdən ibarət komanda şəklində mütəxəssis hazırlığı həyata keçirilir;

4. UNEC məzunlarını işə götürmək istədikləri halda işə götürənlərə yardım etmək üçün onların bilik və bacarıqlarını diaqnostika etmək məqsədilə beynəlxalq praktikada qəbul edilmiş UNEC Neyrolinqvistik Test Laboratoriyası yaradılır və onun xidməti təşkil edilir;

5. Yerli sahibkarların istehsal etdiyi məhsulların ixracının təşviqi və dünya bazarında onlayn marketinq araşdırmasının aparılması məqsədilə UNEC Digital Marketinq Mərkəzinin xidmətləri təklif edilir;

6.UNEC məzunlarının iş və işəgötürənlərin tələb olunan peşəkarları tapmasına yardım etmək məqsədilə daimi əsasda fəaliyyət göstərən job.unec.edu.az virtual əmək birjası təşkil edilir;

7. “UNEC2B” Koordinasiya Şurası yaradılır. Şuraya Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşə götürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Auditorlar Palatası və Bank Tədris Mərkəzi daxil edilir. Şuraya ilk sədrlik UNEC-in rektoruna həvalə edilir və rotasiya əsasında hər il dəyişdirilir;

8. İstədikləri halda işəgötürənlərin universitet və fakültə rəhbərliyində təmsil olunmasına şərait yaradılır.

Eyni zamanda işin UNEC məzununa və UNEC məzununun işə uyğunluğunu müəyyən edən UNEC Neyrolinqvistik Test Laboratoriyası yaradılmaqla, yerli məhsulların xarici bazarlarda rəqəmsal marketinqini həyata keçirmək üçün Digital Marketinq xidməti təşkil edilməklə və job.unec.edu.az virtual əmək birjası yaradılmaqla UNEC ekspertləri tərəfindən işə götürənlərə yardım ediləcək.

Bu layihə ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. “UNEC2B” Platformasında nəzərdə tutulan işlərin həyata keçirilməsinin Azərbaycanda hazırda çox böyük ehtiyac duyulan ixtisaslı kadr bazasının formalaşmasına ciddi töhfələr verəcəyi proqnozlaşdırılır.

Millət vəkili, iqtisad elmləri üzrə fəlsəfə doktoru Tahir Mirkişili də “UNEC2B” Platformasının kadr hazırlığı sahəsində atılan önəmli addımlardan biri kimi dəyərləndirib: “ Bu gün ölkə iqtisadiyyatında və idarəetmə aparılan dərin islahatlar bacarıqlı kadr hazırlığı məsələsini önə çəkməkdədir. Eyni zamanda dünyada baş verən 4-cü sənaye inqilabı və əmək münasibətlərindəki keyfiyyət dəyişiklikləri kadr hazırlığı prosesində də daim innovasiyaların tətbiqini və bazarın tələblərinin nəzərə alınmasınnı ən vacib məqsədə çevirir. UNEC hazırda yalnız Azərbaycanın deyil, regionun iqtisadiyyat sahəsində kadr hazırlığı həyata keçirən ən böyük mərkəzlərindən biri və mən deyərdim ki, birincisidir. Universitetin əsas uğuru isə onun son "məhsulu"nun rəqabət qabiliyyətli və tələb olunan səviyyədə olmasıdır. Sevindirici haldır ki, UNEC-də qurulan tədris prosesi və idaretmə modeli nəticədə "son məhsulun"- yəni ixtisaslı məzunların iqtisadiyyatın tələblərin cavab verməsini şərtləndirir. UNEC-in bizneslə əlaqələrini intensivləşdirilməsi, müəllim heyətində biznes nümayəndələrinin mövcudluğu, biznes tələbatlarının universitet tərəfindən araşdırılması və buna uyğun tədris prosesində korrektlərin edilməsi müasir tədris metodlarının qavranılması istiqamətində mühüm addımlardır. Şübhə etmirəm ki, “UNEC2B” platforması UNEC-ə öz keyfiyyətli "məhsul"larını reallışdırmasında mühüm vasitə olacaqdır”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İctimai Birliyinin İcraiyyə Komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov da “AzPolitika.info”- ya açıqlamasımnda “UNEC2B” Platformasını Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və eləcə də əmək bazarının iştirakçılarının tələblərinin ödənilməsi baxımından çox əhəmiyyətli bir layihə kimi səciyyələndirdi: “ Uzun illər ərzində Azərbaycanda ali məktəblərin, universitetlərin hazırladığı məzunlar müasir səviyyədə qurulan iş yerinin və işə götürənin tələblərinə cavab verməyib. Bu gün də bu problem aktualdır. Bunun səbəbləri, əlbətttə, çoxdur. Ancaq əsas səbəb, təhsillə istehsal arasında əlaqənin ya olmaması, ya da çox zəif olmasıdır. Hətta bir çox ali məktəblərdə, universitetlərdə tələbələrə öyrədilən nəzəri biliklər belə tələbatı ödəmir. Ölkədə iqtisadiyyətın inkişafı üçün bu problemin aradan qaldırılması istiqamətində ciddi addımların atılmasına ehtiyac var. Bu baxımdan UNEC-in təşəbbüsünü əhəmiyyətli və zəruri bir addım kimi dəyərləndirirəm. Düşünürəm ki, tədris proqramından əlavə biznesin təklifləri əsasında fakultativ kursların təşkili, paralel olaraq potensial iş yerində praktikanın keçirilməsi bu problemi qismən həll edə bilər. Yəni, bəzi ixtisaslar üzrə məzunların UNEC-in müəllimləri tərəfindən bilavasitə iş yerlərində hazırlanması daha səmərəli olar. Mühazirələr ənənəvi şəkildə auditoriyalarda deyil, yaxşı olar ki, bilavasitə iş yerində, yəni sexdə, ofisdə, dəniz platformasında və sair yerlərdə keçilsin. Bu həm də işə götürənlərin məzunlara yox, iş stajı olan təcrübəli şəxslərə üstünlük verməsi praktikasını azaldar” .

Sahib Məmmədovun fikrincə “UNEC2B” Platforması səmərəli həyata keçirilərsə, bir neçə ilə nəticəsi görünəcəkdir: “ Əlbəttə bunun üçün işə götürənlərin - müəssisə və şirkətlərin, dövlət təşkilatlarının da bu prosesdə aktiv iştirakı vacibdir. Bunun üçün təşəbbüsünün daha geniş təbliğ olunmasına, işə götürənlərə layihənin bütün detallarının aydın şəkildə izah olunmasına ehtiyac var. Kursların, tədris proqramının hazırlanmasına, eləcə də tədrisin həyata keçirilməsinə nəzarətdə işə götürənlərin də iştirakı təmin olunmalıdır. Bütün tərəflər üzərinə düşən vəzifələri yerinə yetirərsə, UNEC-in bu müsbət təşəbbüsünün ölkədə ixtisaslı kadr çatışmamazlığının aradan qaldırılmasına önəmli töhfələr verəcəyi qənaətindəyəm.”

İqtisad elmləri üzrə fəlsəfə doktoru , UNEC-in “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının baş müəllimi İsmayıl İsmayılov da “UNEC2B” Platformasını son illər Azərbaycan iqtisadiyyatının inkişafında əsas maneələrdən biri olan yüksək ixtisaslı kadr çatışmazlığı probleminin həlli istiqamətində önəmli layihələrdən biri kimi dəyərləndirdi: “Uzun illərdir ki, Azərbaycanın əmək bazarında paradoksal bir vəziyyət hökm sürür. Bir tərəfdə müxtəlif ixtisaslar, sahələr üzrə çoxlu sayda işsiz diplomlu mütəxəssis var, digər tərəfdə isə bilavasitə həmin ixtisaslar üzrə kifayət qədər vakant iş yerləri mövcuddur. Bunun da başlıca səbəbi uzun illər boyu Azərbaycan universitetlərinin əmək bazarının tələblərini, iqtisadiyyatın inkişaf istiqamətlərini nəzərə almadan, köhnə proqramlarla ənənəvi ixtisaslar üzrə “kadr” hazırlığı həyata keçirməsi olub. Təsadüfi deyil ki, bu yaxınlarda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirdi ki, bu gün ölkədə ali təhsilli gənclərin 40 faizinə əmək bazarında yer yoxdur. Bu da onların əldə etdiyi biliklərin əmək bazarının tələbinə uyğun gəlməməsi ilə bağlıdır. Əgər ali məktəbləri yeni bitirmiş gənclərin ən azı 40 faizinin bilikləri əmək bazarının tələbinə cavab vermirsə, nisbətən yaşlı əhali içərisində bu göstəricinin daha yüksək olduğu şübhə doğurmur. Buna görə də UNEC tərəfindən həyata keçirilən Platformanı çox ciddi bir problemin həllinə yönəlmiş mühüm bir addım kimi dəyərləndirə bilərik.

2016-cı ilin sonunda ölkə Prezidenti tərəfindən təsdiqlənmiş “Milli iqtisadiyyat prespektivi üzrə Strateji Yol Xəritəsin”də müəyyən edilmiş hədəflərin reallaşdırılmasının xeyli dərəcə də, əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrlardan asılı olduğunu nəzərə alsaq, bu Platformanın əhəmiyyətini daha aydın görərik”.

İ.İsmayılovun fikrincə, “UNEC2B” Platforması həm karyerasını inkişaf etdirmək istəyən UNEC məzunları, həm də işə götürənlər üçün əhəmiyyətlidir: “Əvvəla, ölkə iqtisadiyyatında həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan islahatlar, idarəetmədəki köklü dəyişikliklər, müasir texnologiyalarla qurulan yeni müəssisələr, şirkətlər, ixtisaslı kadrlara olan tələbləri də dəyişir. Kadrlar ya bu dəyişikliklərə hazırlanmalı, ya da işsizə çevrilməlidirlər. Tələblərə cavab vermədikdə, onların yerini ölkəmizdə sayları getdikcə artan yüksək ixtisaslı xarici işçi qüvvəsi tuta bilər. UNEC məzunları “UNEC2B” Platformasında iştirak edərək, müasir biliklərə yiyələnməklə həm bu təhlükədən qoruna, həm də rəqabətdə əlavə üstünlüklər əldə etməklə karyeralarını inkişaf etdirə bilərlər. Bu baxımdan UNEC məzunlarına unikal imkanlar yaradır.

İkinci bir tərəfdən ölkə iqtisadiyyatının dinamik inkişafı əmək bazarının ixtisaslı kadrlara olan ehtiyaclarını artırmışdır. İşçi qüvvəsinin kifayət qədər olmasına baxmayaraq iqtisadiyyatın bir çox sahələrində müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrların çatışmamazlığı hiss olunur. Buna görə də işəgötürənlərin əmək bazarından onlar üçün lazımlı kadrları əldə etmək imkanları getdikcə çətinləşməkdədir. Xarici işçi qüvvəsindən istifadə isə baha başa gəlir və etibarlı deyil. Buna görə də işəgötürənlər kadrlara olan cari və prespektiv ehtiyaclarını təmin etmək üçün, özləri bilavasitə ixtisaslı kadr hazırlığında iştirak etməli,  işçilərinin şirkətin ehtiyac duyduğu yeni biliklərə yiyələnməsinin qayğısına qalmalıdırlar. Bu baxımdan “UNEC2B” Platforması çərçəvəsində UNEC-in öz məzunlarının şirkətlərin sifarişi əsasında yenidən hazırlığını həyata keçirməsi işəgötürənlər üçün də əhəmiyətli imkanlar açır. Bu həm də seçim zamanı onların UNEC-in məzunlrına üstünlük verməsinə şərait yaradır."

Üçüncüsü, ali məktəbləri bitirdikdən sonra Məşğulluq Mərkəzlərində işsiz kimi qeydiyyatdan keçən, ancaq blikləri müasir tələblərə cavab verməyən kifayət qədər diplomlu mütəxəssis var.  Onlara uzun müddət işsizlik müavinəti vermək əvəzinə, şirkətlərdə tələb olunan ixtisaslar üzrə “UNEC2B” Platforması və buna oxşar layihələr çərçivəsində yenidən hazırlamaqla əmək bazarında rəqabətədavamlı kadrlara çevirmək olar. Bu həm müəyyən qədər dövlətin üzərindəki yükü azaldar, həm də ölkəyə müasir tələblərə cavab verən ixtisaslı kadrlar qazandırar.

unec_unec2b_301117Ümumiyyətlə, Azərbaycanda son illərə qədər kadr hazırlığı əsasən planlı iqtisadiyyat dövrü mövcud olmuş ixtisaslar üzrə həyata keçirilib. Bu problemin həlli üçün, əlbəttə, ali təhsil müəssisələrinin ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğun yenidən qurulmasına, universitetlərin təhsil - tədqiqat - innovasiya mərkəzlərinə çevrilməsinə şərait yaradan standartlar hazırlanıb tətbiq olunmasına ehtiyac var. UNEC- də bu sahədə də çox böyük işlər görülüb və görülməkdədir. Ancaq əvvəlki dövrlərdə hazırlanmış kadrlardan istifadə olunmalıdır. Buna görə də onlar tərəfindən qazanılmış ixtisasların və əldə edilmiş peşə vərdişlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına ciddi ehtiyac var. “UNEC2B” Platforması bu ehtiyacı ödəmək baxımından önəmli bir imkandır. Fikrimcə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də “UNEC2B” Platformasının həyata keçirilməsində yaxından iştirak etməli, bu təşşəbbüs geniş təbliğ olunmalı, işəgötürənlər bu layihədə iştiraka təşviq edilməli, digər universitetlərdə də anoloji layihələrin həyata keçirilməsi istiqamətində addımlar atmalıdır”.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Fazil 2017-12-21 14:36:50

Məncə bütün tədris müəssələrini bağlayıb, yalnız Azərbaycan Dövlət İqtisad Universitetini saxlamaq lazımdır. Baxın bütün postlarda profilindən asılı olmayaraq UNEC-in məzunlarıdır. Sanki onlar universal məzunlardır. Səhiyyə naziri də iqtisadçı olsa siyahı tamamlanar

Son yazılar