RUSİYANIN “İKİ NÖMRƏLİ ADAMI” - Putin İqor Seçinə də yerini göstərir 

Prezident Vladimir Putinin rejimi Rusiyanı idarə edən istənilən sfinksin bənzəridir və indi yeni bir tapmaca var: İqor Seçin – 18 il əvvəl Putin rejiminin qurulmasına kömək edən sankt-peterburqlu zorbanın sonu çatıbmı?

Zorbalar – (rusca “silovik”, yəni güc nazirliyi əməkdaşı, yaxud sabiq işçisitərc.) təhlükəsizlik və hərbi aparatdan çıxan, son illərdə Rusiyanı idarə edən boz adamlardır. Seçin Putinin özündən daha ciddi KQB karyerasına malikdir və patronunun rəhbərliyi illərində bir çox mühüm vəzifələr tutub. 2012-ci ildən etibarən, o, ("Qazprom" və "Lukoyl" şirkətlərindən sonra) Rusiyanın üçüncü böyük şirkəti olan "Rosneft"in baş icraçı direktorudur. Sentyabr ayından etibarən isə idarə heyətinin sədri keçmiş Almaniya kansleri Gerxard Şröderdir.

Seçin rəhbərliyi altında “Rosneft” dövlət içərisində dövlətə çevrilib: 250 min işçisi, 65 milyard dollar gəlir, "Qazprom" kimi, ölkədə və xaricdə 50 törəmə şirkət. "Rosneft", "Qazprom"dan daha çox səy göstərib, 2004-cü ildən başlayaraq Putin sisteminin həyat qabiliyyətliyində pioner olub; Putinin müxalifi Mixail Xodorkovskinin fırıldaqçılıq və oğurluq ittihamı ilə həbsindən sonra YUKOS-un aktivlərini “öhdəsinə götürüb”.

Seçinin həmişə Putinə birbaşa xətt olub. Bir çox rusiyalılar uzun müddət güman edir ki, o, Rusiya iqtisadiyyatının əsasını təşkil edən və ölkənin korrupsiyaya uğramış elektrik şəbəkələrinin mərkəzi olan təbii resurs sektorunda KQB-in varisi – Federal Təhlükəsizlik Xidmətinin (FSB) gözü və qulaqlarıdır.

ulyuk

Lakin bu gün Seçin çox ictimai və rəmzi cəhətdən əhəmiyyətli məhkəmə mübarizəsində iştirak edir. O, keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı iddiada ifadə vermək üçün Moskva məhkəməsinə üç dəfə çağırılıb. Ancaq Seçin ortaya çıxmayıb, bu yaxınlarda ofisi bildirib ki, Seçin gələn il qədər əlçatmaz olacaq.

Seçinin məhkəmə zalında görünməməsi üçün bəhanələri olduqca standart idi: çağırışlar itirilib və ya onun iş cədvəli – Vyetnam və Türkiyəyə böyük rəsmi səfərləri daxil olmaqla, – buna imkan vermir. Ancaq Rusiya məhkəməsinin Seçinin şəxsiyyətini ictimai diqqətə çıxarmasında qeyri-adi heç nə yoxdur. Əksinə, Kremlin siyasətində bu hərəkət onun özü qədər qəribədir.

Bir il əvvəl Ulyukayev "Rosneft"in Moskva qərargahında saxlanılıb. Guya Ulyukayev “Rosneft”in regional neft şirkəti "Başneft"in dövlət səhmlərinin əksəriyyətinin satın almasına şərait yaratmaq üçün Seçindən 2 milyon dollar rüşvət almağa cəhd göstərib. İlkin razılaşmadan sonra Seçin FSB-yə məlumat verib və güc strukturu Ulyukayevi nəzarətə alıb.

Rusiyada güclü bir oyunçuya qarşı rüşvət iddiası əsla qanunun aliliyi ilə bağlı deyil, çünki bu, ölkədə normadır. Buna görə də, Seçinin Ulyukayevə qarşı gedişi qərarının arxasında əsl motivasiya qeyri-müəyyəndir. Yəqin ki, o, nazirə Kremlin sərt iyerarxiyasında yerini xatırlatmaq lazım olduğunu düşünüb. Ya da, şayiələrə görə, Ulyukayev digər məmurlarla işləyirmiş, “Rosneft”in “Başneft” səhmlərini əldə etməsini dayandırmaqla Seçinə həddini bildirmək istəyib.

Hər halda, Seçinin planı – Putinin heç nə bilməməsi – öz başında çatladı və məhkəmə prosesi ictimaiyyətə açıq keçirildi. O cümlədən sentyabr ayında Seçinin aparıcı rol oynadığı əməliyyatının bir hissəsi – Seçinin Ulyukayevlə söhbətinin gizli stenoqramı açıqlandı.

Seçin məhkəmənin qərarının ictimaiyyətə açıqlanmasını "peşəkar kəmağıllıq” adlandırıb. O deyir ki, "bu kimi hallar hər tərəfdən bağlanmalıdır", çünki onlarda "dövlət sirri var". Lakin həqiqət Seçinin həm təkəbbürlü olması, işə sürüklənməsini səfeh addım saymasıdır.

Əlbəttə ki, Ulyukayevin həbsində Seçinin rolu nəzərə alındıqda, məntiq diktə edir ki, o, ilk şahid olmalı idi. Lakin Rusiyada güclü və ya məşhur şəxslər, məsələn, Xodorkovski işindəki kimi, Kremlin açıq razılığı olmadan məhkəmə proseslərində iştirak etmirlər. Moskvanın aşağı instansiyalı heç bir məhkəməsinin hakimi və ya prokuroru Seçini prosesə və kabinetinə çağırmazdı.

Buna görə də, Seçin son şahid kimi məhkəməyə çağırıldığı zaman – nəhs saylı – 13-cü şahid kimi – yalnız bir məntiqi nəticə vardı: onu hakimiyyətə gətirən bir sıra nüfuzlu zorbaları çıx-daş edən Putin Seçini də paza keçirmək və ya yerdən-yerə çırpmaq qərarına gəlib. Yəni “Rosneft”in boz kardinali həddini aşıb.

Xodorkovskinin işində olduğu kimi, Kreml məhkəmə salonundan rus elitasının mövqelərini aydınlaşdırmaq üçün bir platforma olaraq istifadə edir. 2018-ci il prezident seçkiləri ərəfəsində bu, xüsusilə vacibdir, çünki Putinin vəzifəsini müvəqqəti olaraq yerinə yetirmək üçün etibarlı adam axtarmağa məcbur olduğu məlumdur.

Putin yenə də prezidentlik yarışına qoşulsa belə, hakimiyyətə tam nəzarət meyli nəzərə alınmaqla, özünə itaətkar baş nazir axtaracaq. Dmitri Medvedev səmərəsiz sayılır və ictimaiyyətə açıqlanan korrupsiya faktlarından sonra ona siyasi piqman (ovuca yerləşən adam, cırtdan tərc.) kimi baxılır.

Putinin nazirlərindən birinin ovuna çıxaraq Seçin əzələ nümayiş etdirib, bəlkə də güman edib ki, bu, baş nazir roluna siyasi oyunçu olmağa hazırlığını sübut edəcək. Bunun əvəzinə, epizod bir daha göstərdi ki, Rusiyada heç bir "iki nömrəli adam" yoxdur; FSB, məhkəmələr və iqtisadiyyatın komanda yüksəkliklərini idarə edən yalnız Putin var.

Putin prezident vəzifəsində qalmaq qərarı verərsə, yaxud 2008-ci ildə Medvedevlə etdiyi kimi, postunu müvəqqəti olaraq müqəvva ilə əvəz etmək istəsə, onun mesajı bundan daha aydın ola bilməz: mən və yalnız mən mütləq hakiməm.

Nina Xruşşova

“Project Syndicate” (Çexiya)

Tərcümə: Strateq.az

635x100

Şərhlər

Letif 2017-11-29 13:38:26

Az qalıd növbe medvedyev lavrov sonra putini torbasını tikecekler pulunuda elinden alacaq o gizli qüvveler lap az qalıb allah öldürsün düktatura rejimlerni

seymur 2017-11-29 13:38:26

avaz olmayan yalniz Allah

Son yazılar