METRODA GEDİŞ HAQQI ARTIRILACAQ -  "30 qəpiyə qalxa bilər"

metropHesablama Palatası 2018-ci ildə “Bakı Metropoliteni”nə ayrılmış 45 milyon manat subsidiyaya qarşı çıxdı

Bu il Nazirlər Kabineti Bakı Metropoliteninin subsidiyalaşdırılmasını dövlət büdcəsində nəzərdə tutulduğu kimi, 50 faiz artırıb. Növbəti 2018-ci ildə subsidiyanın həcmi 45 milyon manat səviyyəsində qalacaq. Hesablama Palatası (HP) dövlət büdcəsi layihəsinə rəyində buna qarşı çıxıb. Palata nəzarət tədbirlərinin nəticələrinə istinadən hesab edir ki, sərnişindaşıma xidmətlərinin maya dəyərini, cəmiyyətin strukturunda olan qeyri-kommersiya təyinatlı obyektlərin fəaliyyəti ilə bağlı müxtəlif xərcləri azaltmaq olar. HP hesab edir ki, maliyyə-uçot intizamının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi ilə Bakı Metropoliteninə ayrılan subsidiyaları optimallaşdırmaq olar.

2017-ci ildə «Bakı Metropoliteni» QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsindən ötrü 30 milyon manat vəsait (subsidiya) proqnozlaşdırılmışdı. Bu, 2015-2016-cı illərin göstəricilərindən 7 milyon 998.2 min manat və ya 21 faiz az idi. Ancaq bu ilin mart və aprelində hökumət kommunal tariflərin artması ilə bağlı xərcləri maliyyələşdirməkdən ötrü Bakı Metropoliteninə əlavə 15 milyon manat subsidiya ayırıb. Bəzi ekspertlər də hesab edirlər ki, müxtəlif dövlət qurumlarına ayrılan subsidiyalar sonradan korrupsiya əməllərinə yol açır.

Bəs görəsən, əgər hökumət büdcədəki bu yükü azaltmaq istəsə və metropolitenə ayrılan subsidiyaları azaltsa, bu qurum yaranan zərərin qarşılanması üçün metroda gedişhaqlarının artırılması məsələsini qaldıra bilərmi?

Image result for Natiq Cəfərli

“Yeni Müsavat” bu sualı iqtisadçı ekspert Natiq Cəfərli ilə müzakirə edib. İqtisadçı bildirdi ki, metroda gedişhaqqının artırılması ilə bağlı uzun illərdir söhbətlər gəzir və metropolitenin istər köhnə, istərsə də yeni rəhbərliyi dəfələrlə sərnişindaşımada subsidiyalar hesabına indiki qiymətləri bu səviyyədə saxladıqlarını bəyan ediblər: “Burada maraqlı cəhət ondan ibarətdir ki, hesablamanın strukturunu açıqlamayıblar. Bu rəqəmi necə hesablayıblar? Sərnişindaşımada maya dəyərinin nə qədər olmasını hansı parametrlərə görə hesabladıqlarını açıqlamayıblar. Bəyanatın məğzi, sadəcə, ondan ibarət olub ki, maya dəyəri yüksəkdir, xərclər çoxdur. Ancaq xərclərin nədən ibarət olduğunu və bir sərnişin üçün genişhaqqının neçəyə başa gəldiyinin hesablanması ilə bağlı parametrlər cəmiyyətə açıqlanmayıb. Hesablama  Palatasının bu rəyi də gələcəkdə metroda gedişhaqqının artırılması üçün zəmin hazırlanmasının növbəti addımıdır. Çox böyük ehtimalla metroda da gedişhaqqının yaxın zamanlarda artırılması ilə bağlı  qərar qəbul olunacaq”.

İqtisadçı vurğuladı ki, gediş haqqının indiki qiymətdən ən azı 10 qəpik artacağı ehtimalı var: “Hazırda qiymət 20 qəpikdir, 30 qəpiyə qədər qalxa bilər. Əvvəllər də belə bir rəqəm səsləndirilmişdi. Çünki qurum hesablamalar nəticəsində belə bir qənaətə gəlmişdi ki, bir sərnişinin daşınması üçün metropoliten 50-55 qəpik xərcləyir. Qiymətin birdən-birə o dərəcədə artacağını düşünmürəm. Ancaq ən azından indiki qiymətlərin üzərinə 10 qəpik gəlməklə gedişhaqqının artırılması ehtimalı var. Vətəndaşların nəqliyyat xərcləri artdıqca, digər xərclərə qənaət etməyə məcbur olacaqlar. Xərclərin digər istiqamətlərində dəyişiklik etməyə məcbur olacaqlar. Ən azından 10 qəpik artsa və vətəndaş gediş-gəliş üçün ən azı iki dəfə metrodan istifadə etsə, həftədə təxminən 1.4 manat, ayda isə 6 manata yaxın əlavə vəsait ödəyəcək”.

Image result for Nəsimi Paşayev

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə “Yeni Müsavat”a açıqlamasında qiymətlərlə bağlı qərarın Nazirlər Kabineti tərəfindən verildiyini qeyd etdi: “Qiymətin nə qədər artırılıb-artırılmaması ilə bağlı mən hər hansı açıqlama verə bilmərəm. Bu çox mürəkkəb  məsələdir. Bildiyiniz  kimi, metropolitendə bir sərnişinin daşınma xərci onun ödədiyi genişhaqqından bahadır. Bu rəqəm də illər üzrə  dəyişir. Məsələn, ötən il üçün  bir nəfərin metrodan istifadəsi 54 qəpiyə başa gəlmişdi. Onun 20 qəpiyini sərnişin ödəyir, qalan hissəsi isə subsidiya olaraq nəzərdə tutulur və dövlət tərəfindən ödənilir. Dövlət sosial layihələr həyata keçirərkən, qiymətin artırılmasını məqsədəuyğun hesab etmədiyi bu kimi  sahələrə subsidiya verir.  İndi hansısa təşkilat belə bir təklif irəli sürür. ”Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətdir  və Nazirlər Kabinetinin nəzdindəyik. Hansı qərar verilərsə, o qərarı da icra etməyə hazırıq. Əgər subsidiya ayrılmasa, biz ziyanla necə işləyəcəyik, onu bilmirəm. Çünki bizim başqa gəlir yerimiz yoxdur. Bir sərnişindən topladığımız geniş haqlarıdır, bir də dövlətin ayırdığı subsidiyalardır. O subsidiya  ayrılmasa, biz elektrik xərclərini necə ödəyəcəyik, insanların maaşlarını necə verəcəyik? Bu gün gördüyümüz işləri necə həyata keçirəcəyik? Metropolitenə hər il təxminən 38 milyon manat civarında subsidiya ayrılır. Bu  da zərərin qarşılanması  və dövlət hesabına görülən işlərin həyata keçirilməsi üçündür".

635x100

Şərhlər

t.ədalət 2017-12-01 10:46:07

Metro gəlirli sahədir.Sadəcə olaraq,qazanılmış pullar alınmış ehtiyat hissələri və zəruri ehtiyac mallarının şişirdilmiş qiymətlə sənədləşdirilməsi yolu ilə çırpışdırılır.Adi süpürgə metro rəhbərliyi tərəfindən 15-20 dəfə "bahalaşdırılmış" şəkildə sənədləşdirilir.Amma heç kəs burda baş verən oğurluğa diqqət ayırmır.Dövlət məmurların oğurluq yolu ilə çırpışdırdıqları pulun bədəlini əhaliyə ödətdirir.

G.M 2017-12-01 10:46:07

Metro kasıbın son ümidgahıdır.Onu da bahalaşdırsalar maraqlı vəziyət yaranacaq.Ğzü də ki,danışılanları analiz etsək görərik ki,30 qəpik yox,qiymət 45-55 qəpik arası qalxa bilər.Bir sözlə Metronun ``gülünü`` Tağı vurdu.

Bashirov Qarib 2017-12-01 10:46:07

dordden bir jeton menimsenilmese,kechidlerdeki satishlardan elde olunan icare pullari qamarlanmasa,rehberliyin 40 illik maashi 3 milyon kimi deyilmese, t.ehmedovun varidatı 100 milyonlarla qiymetlenmese , hesab edirem ki, qiymet artirilmadan da , subsidiyadan imtina etmek olar.

Vətən OĞLU 2017-12-01 10:46:07

həqiqətən abır bdeyilən şey daha qalmayıb ,adamın üzünə baxa-baxa nə qədər yalan demək olar.Dövlət metronu yaxşı yoxlasa onda büdcənin 10%-ni ordan yığa bilər.ALLAHın lənəti olsun oğrulara

Sadig 2017-12-01 10:46:07

Metro ve avtobus 20 gepik?Cox asagi giymetdi.Zaman deyisir,her seyde giymet artimi var.Mence kasib Bakida yox seviyesindedi.Avtomobillerden terpenmek olmur.Hamida bahali telefonlar....Cetin de olsa subsidiya legv olmalidi.Ayri yol Ola bilmez.Umumi subsidiyalar ayri sahelerde yigistirilmalidi.

Əlosət Ağayev 2017-12-01 10:46:07

Son üç ildə hələ bir dəfə də olsa şad xəbər eşitmədik Bu bəd xəbəri də, eşitdik. Bəs aztəminatlı ağlar günə qalmış bu yazıq millətin pensiyaını və əmək haqqını düşünən olacaq?

Mühəndis S. 2017-12-01 10:46:07

Əlbəttə, metro üstü binalara torpaq pulu, İH haqqı, kəsilmiş ağacların Eko haqqı, motor-linolium təmir-bərpası əvəzinə 10 milyonluq qatarlar necə alınsın. Metro ASC sədri və Stansıya rəislərinin xərcləri ilə açıq iqtisadi müsabiqəsi keçirilsin. 20 qəpiyə idarə edə bilənlər vəzifəyə təyin edilsin. Azərsu Prezidentdən dotasiya aldı və hər gün "Kristal Abşeron"un metro üstü tikintisinə də çalışır?

doktor 2017-12-01 10:46:07

Vay millәtin halına

Son yazılar