PUTİNİN YAXIN ŞƏRQ ZƏFƏRİ – Suriyanın gələcəyini Rusiya planlaşdırır

Dərc olunub: 01/12/2017 - 18:57

maxresdefault

Əksər Qərb ekspertləri Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın dünya liderliyini zəiflətməyə can atmasından danışırlar. Sakit okean əməkdaşlığı və Paris İqlim Müqaviləsindən ABŞ-ın çıxması ekoloji sektorda Çinə lider rolu oynamağa imkan yaratdı. Siyası icmalçılar həmçinin hesab edirlər ki, Suriyanın gələcəyi ilə bağlı Soçidə aparılan müzakirələr ABŞ-ı ikinci plana itələyir.

Fransanın “AgoraVox” nəşri diqqəti ona yönəldir ki, son illər Vladimir Putin Suriya böhranının siyasi yolla həll olunması üçün diplomatik aktivlik göstərib. Putin Suriyadakı terrorizmin məğlubiyyətə uğradığını və ölkənin 98% ərazisinin İŞİD-dən azad olunduğunu elan edib.

Putin Suriya məsələsini ABŞ prezidenti Donald Tramp, Səudiyyə kralı Salman Abdül Əziz, Misir prezidenti Abdül Fəttah As Sisi, İsrailin baş naziri Benyamin Netanyahu daxil olmaqla, bir çox liderlə müzakirə edib. Sonra o, Bəşər Əsədi qəbul edərək, onunla birlikdə İŞİD və digər terror təşkilatları üzərində çalınmış ümumi qələbəni bayram ediblər. Hər iki tərəf böhranın siyası həlli prosesinin təşkilinin əsas prinsipləri üzərində razılığa gəliblər.

Görüş zamanı Əsəd, böhranın siyasi həlli üçün maraqlı olan bütün tərəflərlə qarşılıqlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Müxalifətə qarşı olan əvvəlki münasibətini nəzərə alsaq, onda Əsədin bu bəyanatı xüsusən əhəmiyyətli sayılmalıdır. Rusiya Suriya böhranının kompromis həllinin axtarılmasında israr edib.

Putin Soçidə Suriya prezidentinin Rusiya Müdafiə Nazirliyi və Rusiya Silahlı Qüvvələrinin hərbi qərargah üzvləri ilə görüşünü təşkil etdi. Onun məqsədi Suriyanı terrorçulardan xilas edən general və zabitləri Bəşər Əsədə təqdim etmək olub. Rusiyanın rəhbərliyi ilə keçən ən mühüm görüş isə, Rusiya, Türkiyə və İran prezidentlərinin Soçi sammiti oldu. Türkiyə prezidenti bu sammiti Suriyanın gələcəyi üçün həlledici dönüş nöqtəsi adlandırıb. Bəziləri isə hətta Soçi sammitini Yalta konfransı ilə müqayisə edirlər.

Rusiyanın Yaxın Şərqdəki təsirinin genişlənməsinin təzahürlərindən biri də Sudan prezidenti Ömar əl Bəşərin Moskvaya ilk dəfə rəsmi səfərə gəlməsidir. Görüş zamanı Sudandakı yeni neft və qızıl yataqlarında kəşfiyyat işlərinin görülməsi üçün Rusiya şirkətləri ilə müqavilənin imzalanması da daxil olmaqla, bir çox məsələlər müzakirə olunub.
ABŞ-ın zəifləyən xarici siyasəti fonunda Rusiyanın xarici siyasəti daha çox təsir imkanları əldə etməyə başlayıb. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura Rusiyanın müdafiə naziri ilə görüşündən sonra Rusiyanın Suriyadakı uğurlarını etiraf edərək deyib: ”Moskva həlledici rol oynayıb və bunu əsl irəliləyiş hesab etmək gərəkdir”.

Bundan sonrakı mərhələdə Suriyada Rusiya-İran hökmranlığından danışılmalıdır. Suriyanın gələcəyi ilə bağlı məsələlərdəkı növbəti mərhələlərdə hansı ölkələrin iştirak edəcəyini indi Rusiya müəyyənləşdirir.

Suriyadakı bərpa işlərində Avropa ölkələrinin iştirakı istisna edilir. Belə ki, BMT-nın Baş Assambleyasının 14 sentyabr yığıncağında Əsədə qarşı çıxan Qərbin əksər ölkələri bildiriblər ki, Əsədin hakimiyyəti tərk etməsi ilə nəticələnəcək siyasi proseslər başlamayana qədər, onlar Suriyanın yenidənqurulma prosesində iştirak etməyəcəklər. ABŞ da bu cür mövqe tutub. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster deyib ki, ABŞ elə etməlidir ki, qanlı rejimin nəzarəti altında olan heç bir obyektin bərpasına bir dollar da getməsin.

Belə görünür ki, Suriyanın bərpası üçün müqavilələr ən əvvəl Rusiya və İrana veriləcək. Əsəd Kremlə vəd edib ki, müqavilələrin təqdimatında üstünlük Rusiyaya veriləcək. İslam İnqlabı Keşikçiləri korpusu ilə bağlı olan şirkətlər Suriyanın telefon şəbəkəsinin bərpası işlərinin görülməsi ilə əlaqədər bir sıra müqavilələr imzalayıblar. Rəsmi şəxslər həmçinin bəyan ediblər ki, İran Suriyada neftayırma zavodu tikəcək. İndi hərbi bazaların yerləşdirilməsi barəsində danışıqlar aparılır.

Ekspertlər hesab edirlər ki, Rusiya və İran Suriyanın yenidən qurulmasını özlərindən maliyyələşdirə bilməzlər, çünki bu, demək olar ki, 200 milyard dollar tələb edir.

Rusiya yeni Suriyanın mühafizəçisi kimi “buraxılış məntəqəsi” rolunda çıxış edə bilər. Amma Suriya Rusiyanın Yaxın Şərqdəki siyasi və hərbi iştirakına və ABŞ-la oynanılan böyük oyuna necə təsir göstərəcək?

Rusiyanın İran və Türkiyə ilə münasibətləri və o cümlədən də İraqa və regionun digər ölkələrinə toxunan “pakt”ın taleyi necə olacaq? Buna ABŞ və onun regional müttəfiqləri necə baxırlar? Hal-hazırda Rusiya İranla strateji münasibətlər naminə özünün Fars körfəzindəki tərəfdaşlarından imtina edib. Bəlkə bundan sonra Rusiya hansısa balans tapacaq?

V.Nəsibov


loading...




Fikrinizi bildirin