“TORNAÇILIQDAN ZURNAÇILIĞA…” – Sosial şəbəkənin məşhurlaşdırdığı Aslan İsmayılov (Yeniləndi)

Dərc olunub: 17/12/2017 - 13:10

“AzPolitika.info” jurnalist Taleh Şahsuvarlının “Sosial şəbəkənin məşhurlaşdırdığı Aslan İsmayılov” adlı yazısını təqdim edir:

5-Cİ HİSSƏ

(Yazının əvvəli aşağıda təqdim olunur)

talehRasim Musabəyovun canfəşanlıq etməsi insanda ürəkbulandırması qaldırır” – 2013-cü ilin prezident seçkiləri ərəfəsində belə bir cümlə ilə sözə başlayaraq, Aslan İsmayılov deputat Rasim Musabəyovu hədəfə alır. O, açıqlamasında Rasim Musabəyovun vaxtilə “KQB”-nin sədri olmuş Vaqif Hüseynova qulluq etdiyini və onun ən fəal köməkçisi olduğunu iddia edir, ardınca millət vəkilinə qarşı bir sıra ittihamlar sadalayır. Tanıyanlar bilir ki, Rasim Musabəyov kifayət qədər aristokrat insandır, Aslan İsmayılovun istifadə etdiyi lüğət tərkibi isə alicənablığa tamamilə zidd olan keyfiyyət göstəriciləridir. Lakin Rasim Musabəyov Aslan İsmayılova öz kübarlığını qoruyaraq ağayana cavab verir: “Sənin məndən xoşun gəlməyə bilər (bu qarşılıqlıdır), lakin bu əsas vermir ki, mənim barəmdə üç cümlədə dörd yalan yayasan”.

Rasim Musabəyovun açıqlaması hazırda da xəbər portallarında qalmaqdadır və bu məsələ ilə bağlı xüsusi maraqlananlar həmin deməci özləri də tapıb oxuya bilərlər. Lakin hörmətli deputatın açıqlamasının bu məqamı xüsusi ilə maraqlıdır: “Mən heç vaxt Vaqif Hüseynovun köməkçisi olmamışam. Uzaq 1974-76 illərdə, Vaqif Hüseynov Azərbaycan komsomolunun 1-ci katibi olanda mən tələbə-gənclər şöbəsinə rəhbərlik etmişəm. Moskvada Mərkəzi Komitənin aparatında çalışdığım dövrdə də onun tabeçiliyində olmamışam. 1981-ci ildə Vaqif Hüseynov Bakıda şəhər Partiya Komitəsinin 1-ci katibi təyin olunanda məni yanına işə dəvət etsə də, onun təklifini qəbul etmədim və Moskvada qaldım. 1990-cı illərdə vətənə dönəndən sonra mənim Vaqif Hüseynovla nə xidməti, nə də ki şəxsi münasibətim olmayıb. O, öz memuarlarında bizim heç də yaxşı münasibətlərimiz olmadığı barədə yazıb. Dediklərimə əmin olmaq istəsən “Wikipedia”da olan bioqrafiyalarımıza və Vaqif Hüseynovun memuarlarına müraciət edə bilərsən”.

Modern.az saytında yayınlanan həmin açıqlamada Rasim Musabəyov Aslan İsmayılova şayiələrə deyil, faktlara söykənməsini məsləhət görüb: “Axı sən özünü az qala Azərbaycanın bir nömrəli hüquqşünası hesab edirsən. Belədirsə, şayiələrə yox, faktlara söykənməlisən. Hər halda, nəyisə iddia etməmişdən əvvəl bu və ya digər məlumatların gerçək olduğunu yoxlamaq lazımdır. Ona görə də, zəhmət çək, söylədiklərini mənim qeydlərimlə müqayisə et – mənbələr üzrə yoxlama da apara bilərsən. Əgər peşəkarlığın qalıbsa, onda cəsarət tapıb təkzib verərsən. Ölkədə gedən siyasi proseslər və onun iştirakçıları olan siyasətçilər haqqında fikir bildirmək mənim öz işimdir. Səndən fərqli olaraq mən heç vaxt kiminsə haqqında yalan və şayiə yaymamışam, birbaşa və əsaslandırılmış fikir səsləndirmişəm”.

Elə həmin ilin sonlarında Azərbaycanda dəhşətli bir hadisə baş verdi. II qrup Qarabağ əlili Zaur Həsənov özünü yandırdı. İşin içindən isə yenə Aslan İsmayılov çıxdı. Onun var-dövlət hərisliyi uzun müddət gündəmdən düşməyən faciəvi bir olaya rəvac vermişdi. Gəlin, olayın təfərrüatını Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin dilindən eşidək: “Kurort” Səhmdar Cəmiyyəti bizə müraciət etmişdi. Onların bildirdiyinə görə, Zaur Həsənov da daxil olmaqla, 7-8 nəfər həmin ərazidə müəyyən yerləri zəbt edib. Bələdiyyənin qeyri-qanuni razılığı ilə həmin adamlar Konfederasiyaya məxsus olan ərazilərdə qanunsuz evlər və sahil kənarında yeməkxanalar tikiblər. Konfederasiya da məsələni qanun çərçivəsində həll etməyə qərar verdi. Biz həmin torpaqları qanunsuz olaraq ayrı-ayrı şəxslərə payladığına görə, bələdiyyəni məhkəməyə verdik. Məhkəmədə o əraziləri tutmuş şəxslər üçüncü tərəf kimi tanındılar. Məhkəmə prosesi müddətində həmin adamların bir çoxu qanunsuz iş tutduqlarını anladılar və mal-mülklərini söküb apardılar. Amma Zaur Həsənov israr elədi və prosesin sonunda məhkəmə onun tikdiyi obyektin sökülməsinə qərar verdi. Məhkəmə icraçıları da həmin qərarı icra etdilər. Burda Konfederasiya ilə bağlı hər hansı müdaxilə yoxdur”.

Səttar Mehbalıyev Zaur Həsənovun radikal davranmasında hüquqşünas Aslan İsmayılovu ittiham edib: “Çünki Aslan İsmayılovun özü də həmin ərazidə müəyyən sahəni zəbt edib. Aslan İsmayılov elə dünən mənim yanıma gələrək, özünün məsələsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan xahiş etməyimi istədi. Mən də ona dedim ki, belə işlərlə məşğul olmuram, bu məsələlər mənim səlahiyyətimə aid deyil. O da mənə dedi ki, məsələni onun xeyrinə həll etməsəm, gedib qəzetlərə mənim əleyhimə müsahibə verəcək. Bu gün baxıram ki, doğrudan da mənim əleyhimə müsahibə verib. Bu adamlar şəxsi məqsədləri üçün çalışırlar. Elə Zaur Həsənovu da radikallaşdıran məhz Aslan İsmayılov olub. Dünən də gəlib məni şantaj etmək istədi, lakin alınmadı”.

Aslan İsmayılov APA-ya açıqlamasında S.Mehbalıyevlə görüşdüyünü təsdiqləmişdi: “Həmkarlar Konfederasiyası ilə aramda məhkəmə çəkişməsi olub və bu işi onlar qazanıb. Buna baxmayaraq, Səttar Mehbalıyev əlində məhkəmə qərarı olsa da, mənimlə barışıq elədi, hətta sökdürdüyü hasarımı da bərpa etməyimə mane olmadı”.

Zira, elə həmin gün Aslan İsmayılov öz minnətdarlıq üslubunu kəskin şəkildə dəyişir və özünə haqq qazandırmaq üçün “od püskürməyə” başlayır, onunla bağlı bütün məhkəmələri Səttar Mehbalıyevin Ali məhkəmənin sədri Ramiz Rzayevin köməkliyi ilə udduğunu bəyan edir. Sözlərinin sonunda Aslan İsmayılov Ramiz Rzayevin və Səttar Mehbaliyevin vəzifəsindən azad edilməsi üçün prezidentə çağırış da edir. Lakin qəzəbi zilə qalxmış hüquqşünas unudur ki, Həmkarlar İttifaqı Konfederasiyasının sədri dövlət başçısı tərəfindən təyin olunmur, seçkili vəzifədir.

Məlum olduğu kimi, bu ilin oktyab ayında Aslan İsmayılova qarşı cinayət işi açılıb. Bu barədə ilk məlumatı “Azpolitika.info” saytı yaymış, Aslan İsmayılov isə portalı böhtançılıqda suçlamışdı. Bir neçə gün sonra isə əvvəlcə Aslan İsmayılov, ardınca da Bakı şəhər Baş Polis İdarəsi açıqlama yaymışdı. BŞBPİ-nin açıqlamasında deyilirdi: “Bu il oktyabrın 2-də səhər saatlarında Binəqədi rayon Məhkəməsinin inzibati binasında Bakı şəhər sakini H.Hacıyevə qarşı təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsindən imtina olunması barədə hakim Rəşad Əliyevin qərarına vəkil Aslan İsmayılov iclas zalında yüksək tonla etiraz edib, yalnız hakimlər üçün nəzərdə tutulmuş qapıdan inzibati binaya keçməyə cəhd göstərib, bu da alınmadıqda üzünə bağlanmış qapıya əli ilə zərbələr endirib”.
“Başqa vaxt qanunların aliliyindən danışan, hüquqlarını qoruduğu vətəndaşlara örnək olmalı olan bu şəxs qanunsuz hərəkətlərini məhkəmənin həyətində də davam etdirib, işə baxan hakimin və məhkəmə rəhbərliyinin ünvanına təhqiramiz ifadələr söyləyib”, – deyə məlumatda bildirilirdi.

Məlumatda həmçinin qeyd olunurdu ki, Aslan İsmayılovun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, məhkəmənin iş rejimini pozan xuliqanlıq hərəkətləri barədə Binəqədi rayon Məhkəməsinin işçiləri tərəfindən müvafiq akt tərtib olunaraq, hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilib. Toplanmış materiallar əsasında prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaqın aparılması Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə həvalə edilib. İstintaq zamanı A.İsmayılov və şahidlər dindirilib, hadisə yerinə baxış keçirilib, ekspertizalar təyin olunmaqla müvafiq rəylər alınıb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”.
Bu olaydan sonra Aslan İsmayılov Ədliyyə naziri Fikrət Məmmədova qarşı qaralama kampaniyasını genişləndirir. O, haqqında cinayət işi açılmasını Ədliyyə nazirinin sifarişi adlandırır. Ədliyyə nazirinin əleyhinə başladığı müsahibədə isə sözü hərləyib-fırlayıb prezidentliyə iddiaçı olmadığına gətirir və söz arası eşitdirir ki, əgər o prezidentliyə namizəd olarsa, heç kim onun qarşısında dayana bilməz. Bu mövqeyini o, belə əsaslandırır: “İNDİYƏ QƏDƏR NƏ İQTİDAR, NƏ DƏ MÜXALİFƏT ƏSL SİYASİ LİDERİN NECƏ OLMAĞINI GÖSTƏRƏ BİLMƏYİB”.

Aslan İsmayılovun “qara PR” makinasının hədəfi təkcə siyasətçilər, məmurlar, deputatlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər deyil, həm də akademiklər, intelligentsiyanın tanınmış simalarıdır. Onun Milli Onkologiya Mərkəzi və həmin mərkəzin direktoru, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Cəmil Əliyevə qarşı “xüsusi cəbhə” açmasının arxasında da həmişə olduğu kimi öz maddi maraqlarını şantajla təmin etmək və populizm elementləri dayanır. Budur, Aslan İsmayılovun Milli Onkologiya Mərkəzini necə və niyə gündəmə gətirməsini tanınmış jurnalist Eynulla Fətullayev belə təsvir edir: “Bizim son zamanlar daha çox köməksiz onkoloji xəstəni xatırladan cəmiyyətimizdə Aslan İsmaylov adlı tənqidçi-hüquqşünas yaşayıb çiçəklənməkdədir. Bu dəfə onun soyadında bilərəkdən səhv etdim. Əlbəttə, o yenə zəng edərək “y” hərfindən sonra ı“ hərfinin yazılmalı olduğunu bildirəcək. Bu insanda məni hər zaman həddini aşan eqosentrikliyə qədər gəlib çıxan xəstə özünəvurğunluq heyran edib. Dünyamıza hələ də özünün fövqəltəbiiliyinə inanan insanlar gəlməkdədir. Onlar təbiətin cazibə qüvvəsinin tam mərkəzidir. Bu mərəzi Anton Çexov özünün unudulmaz “Qara rahib” əsərində qələmə alıb”.

Bəli, Eynulla Fətullayev akademik Cəmil Əliyevlə müsahibəsinin girişində Aslan İsmayılovu “qara rahib” adlandırır və onun Milli Onkologiya Mərkəzindən daha çox həmin səhiyyə ocağının direktoruna püskürdüyü nifrətin pul qoxusu yaydığına işarə vururdu. Akademik Cəmil Əliyevin müsahibəsinin yayınlanmasından dərhal sonra Aslan İsmayılov əlüstü bir video-müraciət hazırlayır və bu çıxışında bəzən açıq, bəzən də dolayı yollarla hakim elitaya, hüquq-mühafizə orqanlarına, səhiyyə sisteminin inkişafına yönəlmiş önəmli layihələrə hədyanlar yağdırır, özü haqqında miflər uydurmağa davam edir: “Bilirsiniz ki, Milli Onkologiya Mərkəzilə (MOM) bağlı çoxsaylı yazılarımda, video müraciətlərimdə bir dəfə də olsun akademik Cəmil Əliyevin adını çəkməmişəm. Birinci növbədə ona görə ki, MOM-da baş verən biabırçılıqların hamısından onun məlumatlı olduğunu dəqiq bilməmişəm. İkincisi, akademik Cəmil Əliyevin kim olduğunu bildiyimdən ehtiyatlı davranmışam”- deyən hüquqşunas qorxusunun səbəbinə isə belə aydınlıq gətirir: “Əminəm ki, bütün varlıqları ilə həbsimi arzulayanlar bu yazını Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin stolunun üstünə qoyub bunları deyəcəklər: “Cənab Prezident, Aslan İsmayılov ünvanımıza şər-böhtan yağdırmaqla kifayətlənməyib artıq Sizin qohumunuz, hörmətli akademik Cəmil Əliyevə də şər-böhtan atır. Bu, artıq bütün hədləri aşıb, icazə verin onun həbsini reallaşdıraq”.

Fikir verin: bir nəfər ölkədə səhiyyə sisteminin yenidən qurulması, tibb ocaqlarının müasirləşməsi, dünya standartlarına çatdırılması üçün çəkilən zəhmətə və xərclərə kölgə salmaq üçün aylarla “qara PR” kampaniyası aparır, əleyhinə kampaniya aparan qurumun rəhbəri kütləvi informasiya vasitələrinə müsahibə verərək həmin bir nəfərin heç adını da çəkmədən, onunla polemikaya girmədən Milli Onkologiya Mərkəzində yaradılmış nümunəvi maddi-texniki və xidmət şəraitindən bəhs edir, jurnalistə çəkiliş aparması, xəstələrlə sərbəst ünsiyyət qura bilməsi üçün bütün imkanları yaradır, lakin Aslan İsmayılov akademik Cəmil Əliyevin müsahibə verməsini “onun həbs edilməsi üçün əsaslar yaratmaq cəhdi” kimi təqdim edir. Bu, təkcə yüksək elmi titullara, vətən qarşısındakı xidmətlərə və milli-mənəvi dəyərlərimizdən qaynaqlanan ağsaqqallıq anlayışına sayğısızlıq göstərilməsi ilə ifadə olunan əxlaq pozğunluğu deyil, həm də şəxsiyyət naqisliyidir.

Türkiyənin Yedikule Neyro-Psixiatrik Mərkəzinin saytında yazılır: “Rastınıza narsisist bir xarakter çıxıbsa, həyatınızın ən çətin təcrübələrindən birini yaşamaqla üz-üzəsiniz. Böyüklük duyğuları içərisində, empatiyadan uzaq, özünə yönəlmiş dəyərləndirmə və tənqidləri əndazəni aşan həssaslıqla qarşılayan narsistlə mükalimə səbrinizi əməlli-başlı daşıracaq. Qarşısındakı adamlardan istifadə etməyə və öz mənfəətlərı üçün çalışmağa meyilli olan narsisist fərdlərlə üz-üzə gəlmisinizsə, nə istədiyinizi bilməniz, qərarlı və ardıcıl olmağınız, onun sizin sərhədlərinizi keçməsinə imkan verməməyiniz gərəkdir. Mənfəətlərini təmin etmək üçün hər cür hiyləyə və yalana əl atırlar”.

Bildiyim qədər, “Xəmsə” restoranlar şəbəkəsinin sahibi, iş adamı Mürvət Həsənli ixtisasca psixiatr, ümumiyyətlə həkim deyil, ancaq obrazlı desək, Aslan İsmayılovun iynəsini son dərəcə peşəkarlıqla vurdu. Uğurlu bir iş adamı olmağın yolu həyatı, insanları tanımaqdan keçir və Mürvət Həsənli Aslan İsmayılovun təhdid, böhtan və şantajları qarşısında ona görə təpərlə dayana, üstəlik onun özünü ifşa edə bildi ki, qarşısındakının narsisist mahiyyətinin fərqinə vaxtında vardı. Çünki psixiatrlar da məsləhət görür ki, bir insanın hər hansı narsisisti özünün haqlı olduğuna inandırmağa çalışması bataqlıqdan qurtulmaq istəyən birinin çabalaması kimi yararsızdır. Onun əvəzinə, qarşısına narsisist çıxmış fərdin haqlı olduğu mövzularda düşüncələrini ifadə etməsi və ruhdan düşməməsi, qərarlı olması vacibdir. Mürvət Həsənli də məhz bu üsulu seçdi. Aslan İsmaylovun illərlə məhkəmə salonlarından daha çox cəmiyyət önündə və ya ofislərdə, restoranlarda şantaj edərək pullarını ələ keçirdiyi iş adamlardan fərqli olaraq Mürvət Həsənli haqlı olduğunu cəmiyyətə açıq mesajlar verərək nümayiş etdirməyi üstün tutdu, şərəf və ləyaqətini hakim qarşısında da müdafiə edərək Aslan İsmayılovun ona böhtan atdığını məhkəmə qətnaməsi ilə təsdiqlətdirdi. Məhkəmə həmçinin Mürvət Həsənliyə şər və böhtan atdığı üçün Aslan İsmayılovun simvolik məbləğdə təzminat ödəməsini də qət edib.

Mürvət Həsənliyə qarşı Aslan İsmayılovun şantaj və böhtan makinasını işə salmasının səbəbləri hamıya məlum olduğundan bunun üzərində çox dayanmağa lüzum yoxdur. Lakin məsələnin məğzinə qısaca bir nəzər salmaqda fayda var. Türkiyədə hələ 1996-cı ildə qeydiyyatdan keçmiş “Emre Piliç” adlı şirkət uzun müddət Azərbaycandakı quşçuluq müəssisələrinə damazlıq yumurta və cücə satıb. “Emre Piliç”in Azərbaycandakı nümayəndəsi Mürvət Həsənliyə məxsus “Xəmsə-M” MMC şirkəti olub. İki il öncə Mürvət Həsənli Virtualaz.org və digər saytlarda yayınlanan jurnalist araşdırmalarından sonra “Emre Piliç”in sahibləri arasında Arto Sevan Oksayan və Andranik Raffi Bozaçıyan adlı iki erməninin olmasından xəbər tutub, bu barədə dəqiqləşdirmə aparıb, adı çəkilən ermənilərin Türkiyədəki şirkətdə 30 faiz paya sahib olmasına şübhəsi qalmayıb. Məhz bu araşdırmalar kütləvi informasiya vasitələrində tirajlanandan sonra həm o, həm də bir çox quşçuluq təsərrüfatlarının rəhbərləri “Emre Piliç”lə əməkdaşlıqlarını dayandırıblar.

“Emre Piliç”in Azərbaycandakı müştəriləri arasında “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyəti olub və bu şirkət də səhmdarları arasında ermənilərin üzə çıxmasından sonra onlarla əməkdaşlığı dayandırıb. Bundan sonra “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi” “Siyəzən Broyler” ASC-nə qarşı borc iddiası qaldırıb və məhkəmədə məlum olub ki, Azərbaycan broylerləri heç də ermənilərin 30 faiz səhmə sahib olduğu Türkiyə şirkətinə borclu deyillər. “Emre Piliç” şirkəti “Siyəzən Broyler” ASC-yə satdığı damazlıq yumurtaların pulları alıcı tərəfindən Mürvət Həsənliyə verilib. Aslan İsmayılovun sözlərinə görə, “Siyəzən Broyler” ASC tərəfindən Mürvət Həsənliyə verilən 3,8 milyon ABŞ dollarından 2,1 milyon ABŞ dolları məbləğində vəsait Mürvət Həsənli tərəfindən “Emre Piliç”ə ödənilib, yerdə qalan 1,7 milyon ABŞ dolları isə verilməyib.

azpolitika.info yumurta ermeni ÖMER ORAL ARTO SEVEN OKSAYAN ANTRANİK BOZACIYAN emre pilic piliç bozaçıyan aslan ismayilov azpolitika info

Aslan İsmayılov bu məbləği gah sürəkli endirimlər edərək azaltdığından, gah da üstünə qoyub şişirtdiyindən, başqa sözlə, müxtəlif xəbər portallarına müxtəlif rəqəmlər söylədiyindən vəsaitin dəqiq həcmini müəyyənləşdirmək mümkün deyil. Bütün hallarda fakt budur ki, bir milyon ABŞ dollarından çox paranın Mürvət Həsənlidən alınıb ermənilərin ortaq olduğu şirkətə ödənilməsi üçün Aslan İsmayılova məxsus “Viza” Hüquq Firması hərəkətə keçib, soydaşımıza qarşı məhkəmə və hüquq-mühafizə orqanları qarşısında iddialar qaldırıb, şikayətlər verib. Mediada yer alan xəbərlərə görə, Aslan İsmayılovun bu iş üçün yarımerməni şirkətindən ən azı 200 min dollar muzd alıb. Aldığı muzdun qarşısında şirkətə verdiyi vədləri hüquq müstəvisində gerçəkləşdirə bilmədiyindən də Mürvət Həsənliyə qarşı ənənəvi və yeni media hücuma keçib. Lakin Aslan İsmayılovun təhqirlərinin çərçivəsi təkcə Mürvət Həsənlinin şəxsiyyətini əhatə etməyib, bütün Qərbi Azərbaycan torpaqlarında doğulmuş soydaşlarımızın hissiyatına toxunacaq dərəcədə genişləndirilib. “Mən indi sual vermək istəyirəm: Ermənistanda doğulanmı ermənidir, İstanbulda doğulanmı ermənidir?”- bu sual Aslan İsmayılovun təşkil etdiyi mətbuat konfransında nə az-nə çox, düz üç dəfə, dönə-dönə səsləndirilib.

Mürvət Həsənli isə ilk başdan bu mübahisənin məhkəmədə həll olunmasında maraqlı olduğunu vurğulayıb. Onun müsahibəsindən: “Mən əvvəldən istəmişəm ki, bizim məsələ məhkəmə müstəvisində öz həllini tapsın. Prinsipcə, hüquqşunas Aslan bəy də bu məsələdə maraqlı olmalıdır. Nə yazıq ki, bu adam vəkillik etdiyi bütün işləri mətbuata çıxarmaqdan xoşlanır. Bununla bir növ, məhkəməyə təzyiq edir. Əslində məhkəməni ədalətli qərar çıxarmaqdan çəkindirən bu addım hüquqən də qadağandır. Aslan İsmayılov isə hüquqa hörmət eləmir. Yadınızdadırsa, o, müsahibələrinin birində “məni, cəhənnəmə məhkəməyə versinlər” demişdi. Bu fakt da Aslan İsmayılovun hüquqa, məhkəməyə verdiyi qiyməti təzahür etdirir. İndi belə bir vəkilin qanunların ruhuna hörmətsizlik edərək, məhkəməyə təzyiqlə istədiyinə nail olmağa çalışması gözlənilməz deyil. O, ümumiyyətlə bu metodlardan vaxtaşırı istifadə edir”.

Aslan İsmayılovun Mürvət Həsənliyə qarşı istifadə etdiyi metodlardan biri də video-montaj olub. Ömür Oralla birgə keçirdiyi mətbuat konfransında o, Mürvət Həsənlinin əleyhinə “video süjet” nümayiş etdirib və eynilə bir zamanlar qahmar çıxdığı Elşad Abdullayev kimi kadrları montaj etməyi, qayçılamağı da unutmayıb. Mürvət Həsənli bu barədə deyir: “O videonu Aslan İsmayılov “qayçılayıb”, özünə və müvəkkilinə sərf edən kadrları saxlayıb. Həmin videonun əvvəlində mən Ömür Oralın mənə, mənim Ömür Orala qarşılıqlı borcumuzun olduğunu demişəm. Aslan İsmayılov isə Oraldan alacağı 200 min dollara görə çəkilişin əvvəlini montaj etdiyindən, həmin hissə görünmür”.

Mürvət Həsənli hesab edir ki, “Emre Piliç” adlı yarımerməni şirkətinə heç bir borcu yoxdur, əksinə həmin şirkətin ona külli miqdarda verəcəyi var. Bununla bağlı Mürvət Həsənli məhkəmə qarşısında məsələ qaldırıb: “Ömür Oral müqavilədəki boşluqdan istifadə edib məndən almadığım yumurtaların pulunu istəyir. Mən isə ondan aramızdakı razılaşmaya əsaslanan alış-verişin bütün hesabatını tələb edirəm”.

Mən nə müstəntiq, nə də hakim olmadığımdan qarşılıqlı borc iddiaları ilə bağlı məsələni yazımda bundan artıq uzatmaq istəmirəm. Ümid edirəm ki, bu məsələyə Azərbaycan Respublikası adından məhkəmə aydınlıq gətirəcək, çıxarılan qətnamə isə mütləq yerinə yetiriləcək. Hüquq bunu tələb edir. Hüquqşünas olmadığımdan bir sualın da cavabını dəqiq bilmirəm: Azərbaycanda qanunvericiliyin dəyişməsindən sonra məhkəmələrdə nümayəndələr vasitəsi ilə müdafiə olunmaq yasaqlanıb. Aslan İsmayılova məxsus hüquq firmasının saytında isə onun komandasına daxil olan hüquqşünaslar olaraq göstərilənlər arasında Vəkillər Kollegiyasına üzv olan heç bir nəfər də yoxdur. Hər halda təqdim olunan komandanın üzvlərinin anket məlumatlarında bu barədə qeydə rast gəlmək olmur. Belədə, görəsən bundan sonra Aslan İsmayılov yarımerməni şirkətini necə müdafiə edəcək? Əgər həmin şirkət tamamlanmayan müdafiə qarşısında “Viza” hüquq şirkətinə verdiyi paraları geri istəyərsə, Aslan İsmayılov onu qəpiyinəcən qaytaracaqmı? Zənn etmirəm! Çünki Aslan İsmayılov tornaçılıqdan zurnaçılığa uzanan ömür yolunda hamıdan və hər şeydən keçər, amma paradan əsla!!!

İndi isə bu kontent-analiz silsiləsi “Azpolitika” saytında yayınlandıqdan sonra rəy bölümündə müxtəlif adlarla özünü “xalqın qeyrətli oğlu” kimi təqdim edən Aslan İsmayılova, onu müdafiə edən Ermənistan kəşfiyyatının trollarına inananlara (əgər varsa) bir foto-sübut təqdim edirəm. Bu, Aslan İsmayılovun erməni Arto Sevan Oksayandan onun hüquqlarını müdafiə etmək üçün aldığı etibarnamədir. Sumqayıt hadisələrində azərbaycanlılara ölüm hökmü çıxarmış Aslan İsmayılovun oksayanlardan etibarnamə alması şəxsən mənim üçün təəccüblü deyil. Bu onun xisləti və öhdəliyidir. Oksayana xidmət edən Aslan İsmayılovu “xalqın qeyrətli oğlu” ancaq və ancaq elə Oskayanla eyni millətə mənsub adamlar – yəni Ermənistan kəşfiyyatının trolları adlandıra bilər. Buna da əminəm. Əgər aranızda az da olsa həmin trolların küyünə gedənlər varsa, bu fotoya diqqətlə baxın və özünüzə bircə sual verin: Sizin qeyrətiniz bir ermənidən etibarnamə almağı götürürmi?

emre

(Yazının əvvəli)

Sosial şəbəkələrin Azərbaycan seqmenti onun adına tez-tez rast gəlir. Xüsusən də “Facebook” istifadəçilərinin sözünü edəcəyimiz şəxsin özəl profilinin və rəsmi səhifəsinin izləyicisi olub-olmamağı bu məsələdə heç bir önəm daşımır.

Heç kimə sirr deyil ki, “Facebook” hazırda dünyanın ən çox gəlir gətirən şirkətlərindən biridir və fantastik rəqəmləri əhatə edən həmin pullar adıçəkilən sosial şəbəkədə aparılan reklamlar sayəsində formalaşır. Əlbəttə, hər hansı bir qurumun və ya fərdin mənsub olduğu ölkənin qanunları və beynəlxalq hüquq çərçivəsində özünü təbliğ etməsi, bu məqsədlə müasir informasiya texnologiyalarından yararlanması qəbahət deyil. Üstəlik, hər bir vətəndaşın öz düşüncülərini istənilən platformada sərbəst şəkildə ifadə etmək və öz həmfikirlərini başına toplamaq haqqı var. Fəqət bu da bir gerçəklikdir ki, hər bir yenilik ondan sui-istifadə edənləri də meydana çıxarır. Nəticədə elmi-texniki tərəqqinin nailiyyətlərini tam mənimsəməmiş insanlar müxtəlif fırıldaqçıların qurbanına çevrilir. Yada salaq: dəmir yol nəqliyyatının yeni meydana çıxdığı günlərdə vağzallarda saxta bilet alverçiləri dolaşar, şəhərlərarası telefon xəttlərinin quraşdırıldığı ilk zamanlarda rabitə dirəklərinə hansısa abunəçinin hesabına saatlarla danışan dələduzlar dırmaşar, mobil telefonların təzə-təzə populyarlaşdığı dönəmlərdə isə eskort qız qılığına girənlər kontur çırpışdırardılar.
Hazırda manyaklar, oğrular və dələduzlar “Facebook”, “Twitter”, “VK” kimi sosial platformalardan öz qurbanlarını tələyə salmaq üçün istifadə edirlər və bu barədə dünyanın bütün ölkələrində minlərlə cinayət işi mövcuddur. Odur ki, informasiya texnologiyalarının və sosial şəbəkələrin inkişafı bütün dünyada bir çox suallar doğurur. Qərb ölkələrində bu suallar təkcə etik xarakter daşımır, həm də vətəndaşların azadlıq və hüquqlarını əhatə edən müstəviyə keçib. Saysız-hesabsız qeyri-kommersiya təşkilatları müxtəlif ictimai müzakirələr, maarifləndirmə və advokasiya kampaniyaları təşkil edərək qanunvericilərin diqqətini yeni kommunikasiya vasitələrinin təşəkkülündən doğan problemlərə cəlb edirlər. Belə qəbildən olan problemlər dünyanın aparıcı elmi mərkəzləri də daxil olmaqla hazırda çox ciddi institutlar tərəfindən araşdırılır, səslənən təkliflər çeşidlənərək qanunların qəbulu prosesində nəzərə alınır. Bununla belə, hələ heç bir dövlət və cəmiyyət müasir informasiya-kommunikasiya sistemlərinə adekvat şəkildə öz kiber təhlükəsizliyini təmin etmiş deyil. Kiber-texnologiyaların vətəni sayılan Amerika Birləşmiş Ştatlarında son prezident Donald Trampın qələbəsi üçün edilmiş xarici təsirlər müzakirə mövzusudursa, Azərbaycan kimi müstəqilliyini yenicə qazanan ölkələrdə ictimai rəyə basqılar təşkil etmək heç şübhəsiz daha asandır.

Son illər sosial şəbəkələrin Azərbaycan seqmentində öz ictimai çəkisinə, intellektinə və peşəkarlığına uyğun olmayan şəkildə məşhurlaşan, daha doğrusu məşhurlaşdırılan bir çox isimlər var. Həmin şəxslərin bioqrafiyası, intellekti və peşəkar imkanları yüngülvari təhlil edildikdə məlum olur ki, məsələn, Mehman Hüseynov kimi üç-dörd cümləni imla xətasına yol vermədən yaza bilməyəcək adamların yüzminlərlə izləyici kütləsinin formalaşmasında təkcə süni “tərəfdar toplama proqramları”ndan istifadə edilməyib, eyni zamanda ortada Azərbaycana qarşı təzyiq rıçaqları formalaşdırmaqda maraqlı olan qüvvələr mövcuddur. O da bir gerçəklikdir ki, bu qüvvələr arasında kimin əsas, kimin ikinci dərəcəli olmasına baxmayaraq, işin içində həmişə Ermənistan xüsusi xidmət orqanlarının trolları mövcuddur. Elə buna görə də sosial şəbəkələrin orta statistik Azərbaycan istifadəçisi hər hansı bir informasiya ilə, xüsusən də ödənişli şərtlərlə yayınlanan məlumat və çarxlarla rastlaşdıqda özünə sual etməlidir: bu məlumatın yayılması üçün edilən ödənişin məqsədi nədir?

aslan

Aslan Ziyəddin oğlu İsmayılov adlı keçmiş vəkilin ümumi məlumatları yeni media qurumları təşəkkül edənə qədər Azərbaycan cəmiyyətinə demək olar ki, xüsusi heç nə demirdi. Yazılı və elektron media orqanları onun personasına ciddi maraq göstərmirdilər. O, aparıcı nəşrlərin səhifələrinə yalnızca aradabir, böyük xahiş-minnətdən sonra çıxa bilirdi. Ölkədəki qeyri-hökümət təşkilatlarının qurucuları, vətəndaş cəmiyyəti liderləri üçün də Aslan İsmayılov ictimai maraqlar baxımından xüsusi əhəmiyyət kəsb edən fiqur deyildi. Onun adı gələndə III sektorun fəal nümayəndələrinin gözləri önündə öz merkantil maraqları uğruna hər şeyi və hər kəsi ayaqlar altına almağa hazır olan bir tip canlanırdı. Azərbaycan siyasətinin aparıcı liderlərinin heç biri - Heydər Əliyev, Əbülfəz Elçibəy, İsa Qəmbər, Etibar Məmmədov, Rəsul Quliyev və başqaları - onu yaxına buraxmır, necə deyərlər, ipinin üstünə odun sərmirdilər. Bu da səbəbsiz deyildi. İstər milli-azadlıq hərəkatının şinelindən çıxmış siyasi partiya liderləri, istərsə də vaxtilə SSRİ kimi nəhəng bir imperiyanın idarəçiləri sırasına yüksəlmiş və Azərbaycanın müstəqilliyi uğrunda qətiyyətli addımlar atmış Heydər Əliyev kimi təcrübəli siyasətçi Aslan İsmayılovun Azərbaycana kimlər tərəfindən, hansı tapşırıqlarla göndərildiyini yaxşı bilirdilər. O, 1988-ci ilin fevral ayının son günlərində baş vermiş məşhur “Sumqayıt hadisələri” üzrə SSRİ tərəfindən açılmış cinayət işi üzrə məhkəmədə “dövlət ittihamçısı” statusunda çıxış etmişdi və hətta özünə bəraət qazandırmaq məqsədi ilə 2010-cu ildə çap etdirdiyi kitabında da qeyd etdiyi kimi, bu vəzifə ona təsadüfən tapşırılmamışdı. Aslan İsmayılovun özünün müxtəlif çap və elektron resurslarda açıqladığı kimi, o, Rusiyanın Krasnodar şəhərində iki il tornaçılıq etdikdən sonra həmin şəhərdə qəbul olunduğu Kuban Dövlət Universietinin hüquq fakültəsini 1983-cü ildə bitirib.

Onun bioqrafiyasındakı bu məqam Siyavuş Novruzovun timsalında Yeni Azərbaycan Partiyasının funksionerlərinin də diqqətindən yayınmayıb. YAP funksioneri 2012-ci ilin əvvəllərində jurnalistlərə verdiyi açıqlamasında Aslan İsmayılovun hərbi xidmətdə olmamasına diqqət çəkərək Ziyalılar Forumu adlanan illeqal qurumu “fərarilər klubu” adlandırmış və demişdi: “Axı sən nə həyat keçmisən? Yaxşı hüquqşünas olsaydın, Moskva Dövlət Universitetində, yaxud Leninqradda oxuyardın. Ən azından Tiflis Dövlət Universitetini bitirərdin. Hansısa bir institut qurtarıb deyirsən ki, həyat yolu keçmişəm. Sən Azərbaycanda 20 ildir özünə yer tapa bilmirsən, nə həyat yolu keçəcəksən?” Millət vəkilinin bu sözləri Aslan İsmayılov tərəfindən süngü-bıçaqla qarşılanmış və o, məzunu olduğu fakültəni keçmiş SSRİ-nin “ən güclü hüquq məktəbi” adlandırmışdı. Siyavuş Novruzov haqlıydı. Universitetin rəsmi saytında qeyd olunur ki, daha əvvəllər aqronomluq üzrə ixtisaslaşmış və Pedoqoji İnstitut kimi fəaliyyət göstərmiş həmin ali məktəb 18 fevral 1970-ci ildə Kuban Dövlət Universiteti statusu alıb. Lakin 1982-ci ildə aparılmış xüsusi yoxlamaların nəticəsinə görə, məzunların bilik səviyyəsi “universitet” adına layiq olmayıb. Həmin il rektor təyin edilən Vladimir Andreyeviç Babeşko KDU-nu ortabab bir ali məktəb səviyyəsinə qaldırmaq üçün təxminən 10 il vaxt sərf edib. Bu faktlardan da açıq göründüyü kimi, baza hüquq təhsili olduqca aşağı səviyyədə olan Aslan İsmayılov isə artıq həmin vaxt Krasnodarda məhkəmə orqanlarında çalışırdı. Yenə öz imzası ilə təsdiq etdiyi məlumata əsasən, 1988-ci ilin fevralından sonra Krasnodara erməni axını başlamış, ermənilər onu dəfələrlə təhdid etmiş və o, işlədiyi rayonun Dövlət Təhlükəsizlik Komitəsinin Litvenko adlı sədrinin himayəsinə sığınmışdı. Görünür, yerli DTK-nın sədri Litvenko Aslan İsmayılovun qayğısına xüsusi qaldığı üçün evinin qarşısına mühafizəçilər qoymuş, hətta onu “hədələyən” erməniləri günlərlə DTK-nın zirzəmisində saxlamışdı. Belə bir xüsusi himayənin məğzində dayanan münasibətlər barədə fikir yürütməyi oxucuların öhdəsinə buraxıb Aslan İsmayılovun Azərbaycana qayıdış tarixçəsinə nəzər salaq.

Aslan İsmayılov bu barədə yazır: “1988-ci ilin sentyabr ayında növbəti məzuniyyət ərəfəsində Bakıda olarkən o zamankı Respublika Prokuroru İlyas İsmayılovun qəbuluna getdim. İlyas İsmayılov məni qəbul edib dinlədikdən sonra dərhal Respublika Prokurorluğunun Mərkəzi Aparatına işə qəbul olunmağım barədə razılıq verdi”. Yenə Aslan İsmayılovun öz dilindən səslənən fakta görə, o, İlyas İsmayılovun əmri ilə 1989-cu ilin aprel ayının 3-də Azərbaycan SSR prokurorluğunun Məhkəmələrə nəzarət şöbəsində prokuror təyin edilir. Bir müddət sonra isə Cavanşir İsmayılovun əvəzinə artıq məhkəməyə göndərilmiş “Sumqayıt hadisələri” işi üzrə dövlət ittihamçısı təyin edilir. Həmin işin yekununda dövlət ittihamçısı kimi etdiyi çıxışda isə soydaşlarımıza qarşı ölüm hökmü də daxil olmaqla ağır cəzalar istəyir. Aslan İsmayılov 1993-cü ilin may ayının 28-də Prezident Aparatının Hüquq şöbəsində işə düzəlir. 1992-ci ildə hakimiyyətə gəlmiş AXC-Müsavat ittifaqının Baş prokuroru İxtiyar Şirinov və ö dövrdə Bakı şəhər prokuroru işləmiş Çingiz Qənizadəyə qarşı apardığı kampaniyanı uduzduğundan özünə yeni iş tapmalı olur. Lakin cəmi bir neçə gün sonra Gəncədə hərbi qiyam baş verir və İsmayılov iyun ayının birinci yarısında Prezident Aparatının Hüquq şöbəsinin o zamankı müdiri Fazil Mustafayevin göstərişi ilə Gəncəyə yollanan deputat istintaq komissiyasının tərkibinə “ekspert” qismində daxil edilir. O, bu tərkibdə “Prezident Elçibəyin nümayəndəsi” olduğunu iddia etsə, Fazil Mustafayev həmin iddianı təkzib edərək Aslan İsmayılovun yalnızca “Prezident Aparatında məsləhətçi vəzifəsində çalışan nümayəndə” olaraq komissiyaya qatıldığını vurğulayır. 4 iyun qiyamından sonra Prezident Aparatının Hüquq şöbəsinin müdiri Fazil Mustafayev və onun müavini, Aslan İsmaylovu yeni işə düzəltmiş Həmid Əliyev vəzifələrini tərk edir. Lakin bütün əxlaq və siyasi etiket qaydalarının ziddinə olaraq Aslan İsmayılov vəzifəsindən möhkəm yapışır.

O, Prezident Aparatından 1994-cü ilin mayında qovulur. Səbəb isə bu olur ki, Prezdent Aparatının yüksək ranqlı şəxslərinə Aslan İsmayılovun mətbuat konfransı keçirərək Heydər Əliyevə qarşı açıqlamalar verəcəyi barədə məlumatlar daxil olur. İfşa olunmuş Aslan İsmayılov 10 dəqiqə ərzində vəsiqəsi əlindən alınaraq binadan çıxarılır. Aslan İsmayılov özü də danmır ki, Azərbaycanın hüquq-mühafizə orqanlarında vəzifə tutmasında, irəli çəkilməsində, hətta 1993-cü ilin avqustunda Prezident Aparatının əməkdaşı kimi Milli Məclisdə Heydər Əliyevin ona söz verməsində keçmiş Baş prokuror və Ədliyyə Naziri İlyas İsmayılovun həlledici dəstəyi olub. Məlum olduğu kimi, İlyas İsmaylov 1995-ci ilin yanvarında Ədliyyə naziri postundan uzaqlaşdıqdan sonra “Ədalət” partiyasının quruculuğuna başlayıb və bu partiyaya Aslan İsmayılov da qoşulub. 1990-cı illərin ikinci yarısındakı ictimai-siyasi proseslərdən bixəbər yeni nəsil nümayəndələrini aldatmaq üçün “mən heç vaxt heç bir partiyanın üzvü olmamışam” desə də, onun təkcə “Ədalət” yox, İlyas İsmaylovun yaratdığı partiya ilə birləşmiş ADP- nin sıralarında fəaliyyət göstərməsi bəllidir.

Aslan İsmayılovla “Ədalət” liderinin münasibətlərinin sərinləməsi isə olduqca ilginc bir hadisəyə bağlıdır. Aslan İsmayılov günlərin birində öz sədrinə zəng edib və danışıq bitdikdən sonra telefon açıq qaldığından İlyas İsmayılovun yanındakı adama onun haqqında dediyi bu sözləri eşidib: “Bunun məzhəbi bəlli deyil”. Bəli, təxminən 20 ili əhatə edən uzun bir zaman dilimində İlyas İsmayılov kimi təcrübəli fiqur Aslan İsmayılovun “məzhəb”ini müəyyən edə bilməmiş, daha dəqiqi, onun mahiyyətini yaxşı açmışdı- onu yaxın adamlarına məzhəbi bəlli olmayan, fürsətcil və dəngəsiz adam kimi xarakterizə etmişdi. Bu barədə İlyas İsmayılovun oğlu Etimad İsmayılov tərəfindən mətbuata geniş açıqlama verilib. Ölkənin əksər aparıcı xəbər portalllarında yayınlanan həmin açıqlamada Aslan İsmayılov haqqında Etimad İsmayılov bunları deyir: “Aslan İsmayılov yenə də İlyas İsmayılovu hədəfə alıb. Özü də hörmətsiz şəkildə. Atası yaşında adama “İlyas” deyir. Nəyə görə edir bu “qoçuluğu”, hansı namussuz biqeyrətə xoş gəlmək istəyir, mənə bəllidir…”

Zaman-zaman Ədalət Partiyasından və İlyas İsmayılovdan öz əxlaqına uyğun bir şəkildə aralanan Aslan İsmayılovun növbəti dayanacaqlarından biri Rüstəm İbrahimbəyovun çətirinin altı olur. Azərbaycan hakimiyyətindən incik düşmüş və 2013-cü il seçkilərində Rusiyanın əlaltısı kimi prezidentliyə namizəd olmağa hazırlaşan Rüstəm İbrahimbəyov 2009-cu ildə Ziyalılar Forumu adlı bir qurum yaratmışdı. Aslan İsmayılov həmin qurumun yaradıcılarından olmaqla özünü Rüstəm İbrahimbəyovun əsas dayaqlarından biri kimi göstərirdi. Ancaq bir müddət sonra- 2012-ci ilin yanvarında Ziyalılar Forumunu tərk etdi. O dövrdə mətbuata sızan məlumata görə, Ziyalılar Forumunda Eldar Namazovla yola getməmiş və ona qarşı bir sıra ittihamlar irəli sürmüşdü. Həmin qurumdan istefası barədə isə “Trend” İnformasiya Agentliyinə belə bir açıqlama vermişdi: “Necə ki, 23 il heç bir təşkilatda olmamışdım, yenə də təkbaşına fəaliyyətimi davam etdirəcəm”. Əlbəttə, onun 23 il ərzində guya heç bir təşkilatda təmsil olunmaması barədə danışdıqları- artıq yuxarıda qeyd etdiyimiz kimi- ağ yalan idi, lakin öz fəaliyyətini təkbaşına davam etdirmək barədə bəyanatının üstündən də tezliklə qara xətt çəkdi. 2013-cü ilin sentyabrında Rusiyanın siyasi layihəsi olması heç kimdə şübhə doğurmayan Milli Şura adlı qurumun mitinqlərində çıxış edir, prezidentliyə namizəd Cəmil Həsənli üçün səs istəyir, müxalif namizədi Azərbaycanın xilaskarı kimi təbliğ edirdi. O zaman bütün ciddi ekspertlər Cəmil Həsənlini namizəd göstərmiş müxalifətin ağır uğursuzluğa düçar olacağını proqnozlaşdırırdılar. Bu proqnoz özünü doğrultdu. Aslan İsmayılov isə öz mövqeyində daha bir dəfə kəskin dönüş edərək cəmiyyətin gözünə daha bir dəfə kül üfürdü: “Çoxlarından fərqli olaraq Milli Şura yarananda onu xilaskar kimi görməmişdim”.

II HİSSƏ

aslan05

Aslan İsmayılovun ömür yolunda ən diqqətçəkən hadisə heç şübhəsiz onun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2005-ci ildə qəbul olunmasıdır. Bu görüş barədə Aslan İsmaylov dəfələrlə açıqlama verib və hər açıqlamasında dövlət başçısının diqqət və jestinə layiq olmayan psixologiya daşıdığını bütün çılpaqlığı ilə ortaya qoyub. Öz sözlərini əsas götürsək, Aslan İsmayılov Prezident Aparatından qovularkən özü ilə götürdüyü, başqa sözlə, oğurladığı məlumat kitabçasındakı telefon nömrələrinə göz gəzdirərək dövlət başçısının köməkçisinə zəng edir, köməkçiyə prezident İlham Əliyevə çatdırılacaq çox önəmli məlumatları olduğunu söyləyir. Təbii ki, onun zəngi barədə Prezidentə məlumat verilir və qəbula razılıq alınır. Lakin bundan sonra prezidentin köməkçiləri və xüsusi mühafizə qurumunun əməkdaşları Aslan İsmayılovu heç cür tapa bilmirlər. Əlaqə yaranan zaman isə ona dərhal nə qədər qeyri-ciddi bir tip olduğu xatırladılır: “Bu qədər məsuliyyətsizlik olmaz! Həm Prezidentə zəng edib təcili qəbul olunmağını istəyirsən, həm də telefonu söndürürsən”. Özünün dediyinə görə, Prezidentin köməkçiləri və xüsusi mühafizə qurumunun əməkdaşları onu əliçıraqlı axtaran zaman Aslan İsmayılov ANS telekanalının rəhbərliyinə “ayı xidməti” göstərmək və at çapmaqla məşğul imiş, Novxanı bağlarında yeyib-içməyə hazırlaşırmış. Elə bu səbəbdən o, dövlət başçısının qəbuluna təxminən 20 dəqiqə gecikir və gecikməyi azmış kimi Prezidentə qəzəblənir: “Qəbul otağına keçən kimi köməkçi artıq 20 dəqiqədir Sizin gözlədiyinizi dedi. Dərhal məndən nə üçün gecikdiyimi soruşacağınızı, bu görüşün yazılacağını və hər halda sonuncu görüş olacağını zənn etdiyimdən otağınıza daxil olarkən artıq qərəzli idim”.

Sözün bütün mənalarında rəsmi ədəb-ərkana və vətəndaşlıq ləyaqətinə zidd olan bu açıqlaması ilə Aslan İsmayılov əslində öz müştəbehliyini və xislətinin bütün neqativ mahiyyətini ortaya qoyur. Bütün bunlara rəğmən Azərbaycan Prezidenti İlham Əliyev öz yüksək mədəniyyətinə və dövlətçilik fəlsəfəsinə uyğun bir şəkildə qəbul etdiyi vətəndaşı diqqətlə dinləyir, hətta qapıya qədər yola salır. Sonradan özünün verdiyi açıqlamada isə “bu görüşün sonuncu görüş olduğunu zənn etdiyindən” Aslan İsmayılov fürsətdən maksimum yararlanmağa çalışdığını və söhbətin bir bölümündə Ali Məhkəmənin o zamankı sədri Südabə Həsənova ilə Apellyasiya Məhkəməsinin sədri Gülzar Rzayevaya qarşı danışdığını boynuna alır. 31 may 2016-cı ildə “Kanal 13” internet televiziyasına verdiyi müsahibədə isə Südabə Həsənova və Gülzar Rzayeva haqqında dövlət başçısının qarşısında etdiyi söhbətə görə peşiman olduğunu ifadə edir. Aslan İsmayılovu tanıyanlar vaxtılə onun adı çəkilən xanımların yerinə ya Ali Məhkəməyə, ya da Apellyasiya Məhkəməsinə sədr təyin olunmaq arzusunda olduğunu istisna etmirlər.

Aslan İsmayılovun açıqlamalarında tez-tez vurğuladığı bir məqam var. Guya Azərbaycanda iqtidarda olmuş müxtəlif qüvvələr tərəfindən ona az qala hər ay yüksək vəzifə tutmaq təklifi edib, ancaq “təvazökar və iddiasız” hüquqşünas məqsədli şəkildə həmin “israrlı rica”ları geri çevirib. Əvvəla, Aslan İsmayılov özü də etiraf edir ki, Azərbaycana qayıtmaq və münasib bir işlə təmin olunmaq üçün Azərbaycan SSR-nin Baş prokuroru İlyas İsmayılovun qəbuluna gedib. O da bəllidir ki, AXC-Müsavat hakimiyyəti dövründə Aslan İsmayılov Baş prokuror İxtiyar Şirinova və Bakı şəhər prokuroru Çingiz Qənizadəyə qarşı kampaniya başlayıb- görünür, onların da postunda gözü varmış- və hakimiyyətdaxili intiriqalarda istifadə olunmaq üçün “Yurd” tərəfindən Prezident Aparatına gətirilib. Prezident Aparatından 10 dəqiqə ərzində qovulduqdan sonra isə Aslan İsmayılova cəmi bircə dəfə vəzifə təklif edilib. Sabiq Baş prokuror Eldar Həsənov sözügedən postda olduğu dövrdə müəyyən publik çıxış və dəstəyinin əvəzi olaraq Aslan İsmayılova Gəncə hərbi qarnizonunda müstəntiq vəzifəsində işləməyi tövsiyyə edir. İddiası potensialından çox-çox böyük olan KDU məzunu əyalətə və sıradan bir vəzifəyə getməyə razılaşmır. Bu təklif müqabilində Aslan İsmayılov Eldar Həsənovdan narazı düşsə də, arada-sırada onu tərifləməkdən qalmır və xüsusən də Eldar Həsənovun Azərbaycandan kənardakı nüfuzundan faydalanmaq üçün hələ də ona kütləvi informasiya vasitələrində bu və ya digər şəkildə jestlər edir.

1995- ci parlament seçkilərində Aslan İsmayılov indi hüdudları dəyişdirilmiş 25 saylı Nərimanov seçki dairəsindən namizədliyini irəli sürür və hakim Yeni Azərbaycan Partiyasının adayı Rəfael Allahverdiyevə uduzur. Həmin vaxt deputatlığa namizəd kimi hazırladığı və sonralar onun özü tərəfindən “Youtube” kanalına video müraciətdə Aslan İsmayılovun 1958-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olduğu deyilir. “Wikipedia” açıq internet ensiklopediyasında isə onun Qazax rayonunda doğulduğu qeyd olunur. Konyukturadan asılı olaraq gah Qazaxda, gah da Qardabanidə doğulduğu qeyd olunan İsmayılovun 2000-ci ildəki seçki macərası da uğursuzluqla sonunclanır. 2005-ci ilin parlament seçkilərindən öncə isə Azərbaycanda siyasi atmosfer heç də mülayim deyildi. Gürcüstan və Ukraynada gerçəkləmiş məxməri inqilablar Azərbaycan müxalifətinin də iştahını qabartmış, bu düşərgə narıncı libasa bürünmüşdü. Nərimanov rayonundakı 20 saylı seçki dairəsində hakim partiya faktiki olaraq seçki yarışından məqsədli şəkildə kənarda dayanmışdı. Həmin dairədən müxalifətin namizədi Müsavat partiyasının başqanı İsa Qəmbər olduğundan digər namizəd Aslan İsmayılov hakimiyyətdən mandat qoparmaq üçün əlindən gələni əsirgəmir, bütün kanallarla iqtidara öz xidmətlərini təklif edirdi. Lakin o yenə məyus oldu və həmin vaxta qədər açıq siyasət meydanında görünməmiş bitərəf namizəd- polis zabiti Adil Əliyev uğurlu bir seçki kampaniyası apararaq səsverməni uddu.

Adil Əliyevlə Aslan İsmayılov seçki yarışında 2010-cu ildə də qarşılaşdılar. 2010-ci ilin parlament seçkilərində 20 saylı Nərimanov seçki dairəsi üzrə yaddaşlarda qalan faktlardan biri də o oldi ki Aslan İsmayılov İctimai Televiziyada tərtib olunan debatlarda iştirak etməyə özündə mənəvi güc tapmayaraq ABŞ-a yollandı. Aslan İsmayılovun Adil Əliyevlə sonacan rəqabət aparmağa 2015-ci ilin parlament seçkilərində də təpəri çatmadı və o, marafonu yarıda buraxdı. Bu barədə deputat kimi fəaliyyət göstərdiyi üç çağırış müddətində cəmiyyətin rəğbətini qazanmış Adil Əliyev belə deyir: “Yenə televiziyadan danışır. Guya İctimai Televiziyada debata imkan verilsəydi, seçicilərə nəsə “yeni fikir” çatdıracaqmış. Bir daha təkrar edirəm, İctimai Televiziyada debata qatılmaq istəyən şəxs bunu 2010-cu ildə edərdi. Mən həmin debata qatıldım, o isə həmin vaxt Amerikaya getməyə üstünlük verdi. Deməli, onun İctimai Televiziya ilə bağlı debat fikri də blefdən başqa bir şey deyil. Bu dəfə İctimai Televiziyada debatın olmayacağı seçki günündən bəlli idi. Bu, hamıya məlum idisə, onun “mən seçkiyə İctimai Televiziyada çıxışa görə qatıldım” fikri başdan-ayağa yalandır. Aslan İsmayılovun seçkidə namizədliyini geri götürməsinin bir səbəbi var: o budəfəki seçkidə də Adil Əliyevə böyük hesabla məğlub olacağını anladığından üçüncü dəfə bu biabırçılığı yaşamaq istəməyib”.

Seçkilər bitsə də, Aslan İsmayılovun Adil Əliyev qarşısındakı məğlubiyyətdən qaynaqlanan aqressiyası səngimir. O, hər vəchlə Adil Əliyevin dürüst qələbəsinə kölgə salmaq üçün onun şəxsiyyətini hədəfə almağa çalışır. Bu cəhdlər Adil Əliyevin nüfuzuna xələl gətirməyə müvəffəq olmasa da, Aslan İsmayılovun cığal obrazını yaradır. “Cığallıq etmək Aslan İsmayılovun xarakteridir” – Adil Əliyev keçmiş rəqibinin növbəti həmlələrindən birinə məhz bu cümlə sözə başlayaraq cavab verir: “Aslan İsmayılov deyir ki, Adil Əliyev hansı gücünə səs yığmışdı. Ona demək istəyirəm ki, bizim səsimiz gecə-gündüz çalışdığımız əməyin, zəhmətin və düzgün təbliğatın gücünə yığılmışdı. Onun nəzərinə çatdırım ki, mən təbliğat aparanda, Aslan İsmayılov Amerikaya səfər etməyi vacib bildi və ora getdi. Təbii ki, seçicilərə onları yarı yolda buraxıb qaçan namizəd, millət vəkili lazım deyil.
… Sonra müsahibəsində parlamentdə “otura bilərdim” fikrini bildirir. Adamdan soruşarlar ki, istəmirdinsə, o zaman nəyə görə cənab İlham Əliyevin qəbuluna getmişdin? Yaxşı getdin və qəbulda oldun. Sənə şərt qoydular, sən də qəbul etmədin. Bəs bilə-bilə ki, şərtləri qəbul etməmisən və sən seçilməyəcəksən, o zaman niyə namizədliyini irəli sürdün? Maraqlısı odur ki, hər yerdə də deyirdin ki, qəbulda olmuşam, mən seçilmişəm. Mən belə daşa düşürəm ki, sən gedib demisən ki, mən deputat olmaq istəyirəm, orada da sənə deyiblər ki, namizədliyini ver, seçicilərin etimadını qazan, seçkini ud, deputat seçil. Sən də namizədliyini verib, qaçdın Amerikaya şad xəbər verməyə ki, “dobro” almışam və təbliğat üçün pul verin.
… Sonda Aslan İsmayılov 5 deputat seçkilərində iştirak etdiyini söyləyir. Təkcə, üç seçkini mənə məğlub olub və ya qaçıb. Aslan İsmayılov sinəsini döyür ki, böyük vəzifələrdə işləyib. Soruşuruq ki, niyə axıra qədər həmin vəzifələrdə işləməmisən? Prokurorluqdan və Prezident Administrasiyasından qovulmusan. Vəkillər Kollegiyasından da qovulmusan”.

Tanınmış hüquqşunas və vaxtilə ADP-nin qurucularından olmuş Qurban Məmmədovun rəsmi saytında Aslan İsmayılovun öz məğlubiyyətini etiraf etməsi haqqında olduqca maraqlı bir yazışma var. Həmin yazışmadan bəlli olur ki, Qurban Məmmədov 2010-cu ilin parlament seçkilərində Aslan İsmayılovun vəkili olub və namizəd öz vəkilinə məğlubiyyətini etiraf edib. Yazışma belədir:
Aslan İsmayilov: Qurban bəy, … həqiqətənmi Sizin Adil dediyi kimi fikriniz olub, yaxud o yalan deyir?

Qurban Məmmədov: Adil Əliyev düz deyir. Mənim belə bir fikrim olub. Mənim fikrim isə Sizin özünüzün dediyiniz fikrə əsaslanıb. 2005-ci il seçkilərindən sonra Siz özünüz etiraf etdiniz ki, Adil Əliyev İsa Qımbərə və Sizə qalib gəlmişdi. 2005-ci ildə İsa Qəmbərə və Sizə qalib gələn bir adam 5 illik reklam və seçicilərlə işdən sonra, 2010-cu ildə tək Aslan İsmayılova qalib gəlməyə bilərdimi?

Aslan İsmayilov: Qurban Məmmədov, axı 2010-cu ildə Siz mənə vəkil idiniz və hər şeyi gözünüzlə gördünüz. Doğrudanmı o qalib gəldi?

Qurban Məmmədov: Mən Sizin etirafınızı nəzərə alaraq bu fikri demişəm. İsa Qəmbər kimi bir siyasətçiyə və Aslan İsmayılov kimi məşhur bir hüquqşünas-vəkilə birlikdə qalib gələn Adil Əliyev təklikdə Sizə qalib gəlməyə bilərdimi?

Qurban Məmmədovun sualı olduqca sərrastdır. Üstəlik, bu yazışmanın ictimailəşdirilməsindən o da məlum olur ki, Aslan İsmayılov 2005 və 2010-cu ildəki seçkilərdə ağır yenilgiyə uğradığını qapalı çevrədə etiraf edibmiş. Siyasi nəzakət və ictimai məsuliyyət seçkidə uduzmuş namizəddən belə bir etirafı bütün cəmiyyət qarşısında etməsini vacib sayır. Lakin belə bir addım atmaq üçün gərəkən keyfiyyətlər Aslan İsmayılovda olmadığından yazışmanın sonunda Qurban Məmmədov öz kolleqasına belə bir məsləhət verməkdən çəkinmir: “Əziz dost, başqalarının yolunun səhv olduğunu sübut etməyin ən sınanılmış üsulu öz yolunu düz getməkdir. Milli Şuranın, müxalifətin ünvanına tənqidi fikirlər söyləməklə tutduğunuz mövqenin düzlüyünə kimlərisə inandırmağa çalışmayın. Yolunuzu düz gedin, yetər!”

Fəqət Şah İsmayıl Xətai demiş, “özün əyridirsə, yola zərərsən”! 2013-cü ildə Milli Şuranın namizədinə mitinqlərdə səs toplayan Aslan İsmayılov 2015-ci ildə mandat qazanmaq ümidi ilə müxalifət partiyalarını və liderlərini hədəfə almaqla iqtidarın diqqətini cəlb etmək istəyirdi. Onun bu cür təngənəfəs çıxışları AXCP üzvlərinin etirazına səbəb olmuşdu və onlar sosial şəbəkələrdə Aslan İsmayılova qarşı kampaniyaya başlamışdılar. Zira Aslan İsmayılov bir budaqda oturub min budaq silkələməkdən zövq alanlardandır və o hər zaman çox müxtəlif cinahları ittiham etməyə meyil göstərir. Bu cür söz atışmalarının birində o, ASDP həmsədri, deputat Araz Əlizadəni hədəfə almış, sosial demokrat siyasətçinin ona cavabı isə tam bu cür olmuşdu:
“Bu həmin Aslan İsmayılovdur ki, Krasnodarda ermənilərlə birgə işləyib. Ondan sonra İlyas İsmayılov onu Respublika Prokurorluğuna gətirdi. Aslan İsmayılov Sumqayıt hadisələrinə görə azərbaycanlılara qarşı qəddarcasına hökmlər tələb edirdi. Bir neçə il bundan qabaq o, İlham Əliyevlə görüşəndən sonra prezidentə məddahlıq etməyə başladı. Sonra gördü ki, deputat seçilmir, başladı dövlət başçısını tənqid etməyə. Bunlar ikiüzlü, simasız insanlardırlar”.

Aslan İsmayılovun öz bitib-tükənməyən aqressiyası ilə kin püskürdüyü siyasi liderlərdən biri- Etibar Məmmədov isə onun sözlərinə əhəmiyyət verməmiş, səviyyəsinə enməmişdi. Cavab AMİP Siyasi Şurasının üzvü Əli Orucovdan gəlmişdi:
“Aslan İsmayılovun AMİP və onun lideri Etibar Məmmədova olan kini-küdurəti, nifrəti sonda onun özünü boğacaq. Mən onun bu sərsəm, axmaq fikirlərinə cavab verməyə də bilərdim, çünki hər yoldan ötənə daş atmazlar. Lakin belələrinin ağzına vurmasan azğınlaşır. Bu adam Rusiya tərəfindən Azərbaycana xüsusi tapşırıqla göndərilən adamdır və indiyədək də ölkəmizə və millətimizə qarşı işlədilməkdədir. Başqalarını Rusiyapərəstlikdə ittiham edən şəxs Sumqayıt hadisələri zamanı Moskva tərəfindən Azərbaycana ona görə göndərilmişdi ki, dövlət ittihamçısı sifətində günahsız azərbaycanlılara qarşı divan tutsun. Onun xüsusi cənfəşanlığı və səyi nəticəsində hadisələrin baiskarları, cinayətkar ermənilər qaldı qıraqda, suçsuz azərbaycanlılar ən ağır cəzaya, hətta ölümə məhkum edildilər”.

Əli Orucov həmin açıqlamasında həmçinin onu da bildirmişdi ki, Aslan İsmayılovun cəsarəti çatırsa, Sumqayıt hadisələri zamanı qurulan məhkəmədəki çıxışlarını, o cümlədən ittiham çıxışını mətbuata versin: “O zaman onun maskası, əsil eybəcər və məkrli sifəti bir daha görünəcək. O, bu gün də erməniləri müdafiə etməkdədir”.

III HİSSƏ

2016-cı ilin sentyabrında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev APA agentliyinə və “Yeni Müsavat” qəzetinə silsilə müsahibələr vermişdi. Yadımdadır, “Yeni Müsavat”ın və qəzetin elektron versiyasında üç gün boyunca yayınlanmış intervyüdə Qüdrət Həsənquliyev intelektual və peşəkar bir siyasətçi kimi sanballı mövqe sərgiləmiş, hətta BAXCP sədrinin ənənəvi tənqidçiləri də müsahibin yüksək səviyyəsini etiraf etməli olmuşdular. Həmin müsahibələrində BAXCP lideri Azərbaycanda “Putinin dostu” kimi məşhur olan hüquqşünas, iş adamı İlham Rəhimova Rüstəm İbrahimbəyovun missiyasının həvalə edildiyini vurğulayırdı. Bu durumdan özünə görəv çıxaran və ya bu durumda Qüdrət Həsənquliyevə cavab vermək üçün görəvləndirilən Aslan İsmayılov isə İlham Rəhimova sırf siyasi etiket qaydaları çərçivəsində ünvanlanan ittihamlara təhqiramiz bir formada reaksiya vermişdi. Heç şübhəsiz, onun etika sərhədlərini kobud şəkildə aşması BAXCP üzvlərinin hiddətinə səbəb oldu, partiyanın funksioneri Niyaməddin Orduxanlı Aslan İsmayılova öz üslubunda cavab verdi. “Üslub toqquşması” hakim önündə də dartışıldı və kütləvi informasiya vasitələrində yer alan xəbərə görə, prosesdə BAXCP funksioneri Aslan İsmayılova belə bir sual verib: “Qüdrət Həsənquliyev mənim liderimdir və mən öz liderimi müdafiə edirəm. Bunu özümə mənəvi və siyasi borc bilirəm. Sən kimi və niyə müdafiə edirsən?”.

Aralarında bu sətirlərin müəllifi də olmaqla Qüdrət Həsənquliyevə simpatiyası olan qələm sahibləri isə sırf öz imzalarına hörmətdən dolayı Aslan İsmayılova kimliyini maksimum nəzakətli bir şəkildə xatırlatmışdılar. “Elçi” qəzetinin Baş redaktoru Əli Həziquliyevin və “Xalq Cəbhəsi” qəzetinin Baş yazarı Elçin Mirzəbəylinin məqalələrini Aslan İsmayılov, yumşaq desək, qabaqdangəlmişlik edib məhkəməyə daşımışdı. Bu səpkidən olan yazıların birində Elçin Mirzəbəyli Aslan İsmayılovun İlham Rəhimova “ayı xidməti” göstərdiyini qeyd edirdi: “Aslan İsmayılovun “ayı xidməti” sonuncu müsahibəsində daha qabarıq şəkildə nəzərə çarpır. Beləliklə, Aslan İsmayılov deyir: “Qarabağın açarı olan Rusiya ilə münasibətləri bu şəklə salmaq olmaz. Putinə söz deyə bilən və bununla bizim ən böyük problemimizin həllinə yardımçı ola biləcək adamı ittiham etməyin, əksinə, ondan istifadə edin. Bir baxın da ermənilərə. Nümunə götürün də. Öz təbliğləri üçün bütün vasitələrdən, bütün imkanlardan istifadə edirlər. Gedib Kim Kardaşyanı gətirirlər. Fahişə gəlib Ermənistanın prezidenti ilə görüşdü və milli qəhrəman oldu. Niyə belə etdilər? Ona görə ki, ondan müəyyən məsələlərin təbliği üçün istifadə də bilsinlər. Onlar fahişəni milli qəhrəmana çevirirlər, biz isə İlham Rəhimov, Vahid Ələkbərov kimi adamları özümüzdən incidirik…”.

Zənnimcə, şərhə ehtiyac yoxdur. İqtibas gətirdiyim bir neçə cümlə Aslan İsmayılovun bütün mənəvi keyfiyyətlərini, leksikonundakı ifadələri, müqayisə etmək, arqumentləşdirmək “bacarığını” ortaya qoyur. Mənə görə, bir azərbaycanlı, yaxud azərbaycanlılar haqqında fikri əsaslandırmaq üçün nəinki əxlaqsız erməni qadınının, hətta erməni aliminin nümunə gətirilməsi, müqayisəyə yol verilməsi qədər aşağılayıcı yanaşma ola bilməz”.

Bütün bunlar professor İlham Rəhimov tərəfindən də görülməyə və fərq edilməyə bilməzdi. Odur ki, İlham Rəhimov Aslan İsmayılovun təklif etdiyi xidmətdən imtina etdi və onun bu mövqeyi Qüdrət Həsənquliyev açısından da münasib sayılan adamlar tərəfindən çevik bir şəkildə həm BAXCP rəhbərliyinə çatdırıldı, həm də kütləvi informasiya vasitələrinə sızdırıldı. Aslan İsmayılov öncə məzlum və məğdur, amma hər zamankı kimi “prinsipial” bir görkəm alaraq İlham Rəhimova onu “tək qoyduğu üçün” sitəm etdi, ardınca az əvvəl öydüyü və Azərbaycanda təyin edilməsi gözlənilən vitse-prezidentlərdən biri kimi görmək istədiyi şəxsi toplum içində aşağıladı:
“Açığı deyim ki, mən bu gün içimdə İlham Rəhimovdan narazıyam. Ona görə ki, məndən çox onu söyürlər və o susur. Onun imkanı da mənimkindən dəfələrlə çoxdu. Bəs niyə çıxıb birinə cavab vermir?! Ortalıqda mən qalmışam. Bilirsən ki, mən prinsiplərimlə bir yerdə səni də sən demədən, kişiyana müdafiə etmişəm! Bir reaksiyan olsun da!”

Aslan İsmayılov “Bakupost” xəbər portalına verdiyi müsahibədə özünü İlham Rəhimovdan qat-qat üstün şəxsiyyət saydığını elan etdi və bu bəyanat Anadolu türklərinin “şeytan detaylarda gizlidir” deyiminə uyğun olaraq deduktiv bir sual ortaya çıxardı: əgər Aslan İsmayılov özündən qat-qat aşağı saydığı İlham Rəhimovu vitse-prezident postunda görürsə, özünü hansı məqama layiq bilir? Aslan İsmayılovun iqtidardan umduğu vəzifə adlarını və mandat şəkillərini qatlayıb palazın altına qoymuş kimi görsəndiyini və qarşıdan prezident seçkilərinin gəldiyini nəzərə alanda onun iqtidarın və müxalifətin bütün cinahlarına etdiyi həmlələrin motivasiyasını anlamaq çətinlik törətmir. Üstəlik, bu günlərdə “Obyektiv TV”adlı internet kanalına çıxan Aslan İsmayılov “seçmək və seçilmək haqqından” da hər zaman olduğu kimi qeyri-ciddi bir şəkildə söz etdi. Bəli, onun siyasi iddialarının olmaması haqqında dedikləri son dərəcə qeyri-ciddidir. Hər halda 1995-ci ildən bəri ölkədə keçirilən bütün parlament seçkilərində iştirak etmiş bir adamın heç bir siyasi iddiasının olmadığını bəyan etməsi, necə deyərlər bişmiş toyuğu da güldürəcək qədər qeyri-ciddi söhbətdir. Əlbəttə, əgər Aslan İsmayılov prosedurlardan keçə bilərsə, növbəti səsvermədə uzaqbaşı Müasir Müsavat Partiyasının sədrinə rəqib olacaq. Görünür, sabiq Baş nazir Pənah Hüseynin təbirincə desək, “elə-belə adam olmayan” Hafiz Hacıyevin gözünü nə elə, nə də belə cəmiyyətə faydalı adam olmağı bacarmamış Aslan İsmayılovun teledebatlara qədər qırmaq taktikası da məhz bu ehtimalı önləməyə hesablanıb. Əks halda, Hafiz Hacıyevlə məhkəmələrdə çəkişmək siyasi anormallıq sayıla bilər. Hərçənd Aslan İsmayılov mətbuata verdiyi bir açıqlamada vaxtilə tələbə yoldaşlarının onun davranışlarında anormallıq müşahidə etdiklərini də gizlətməyib.

Psixiatrlar insanda özünütənqid hissinin itməsini şizofreniyanın bariz əlaməti hesab edirlər və sovet sisteminin dağılması ilə aqoniya yaşamış cəmiyyətlərdə şizofreniyadan əziyyət çəkən fərdlərin özlərini prezident postunda görməsi faktlarına sıx-sıx rastlaşılır. Bu barədə psixiatrlar təhlil aparsa və danışsa yaxşı olar, mən isə Azərbaycanda seçki texnologiyaları üzrə ilk elmi monoqrafiyalardan birinin müəllifi olaraq qısaca Aslan İsmayılov tipli bir potensial deviant namizədin marafona necə hazırlaşmasından bəhs etmək istəyirəm. 1992-ci ildə Azərbaycan lap yenicə müstəqillik qazanmış, may ayının birinci yarısında AXC faktiki olaraq hakimiyyəti ələ almışdı. Ayaz Mütəllibovun hakimiyyətə çevrilişlə qayıdış xəyalı suya düşmüş, keçmiş kommunistlər Yaqub Məmmədovun ətrafında təmərküzləşə bilməmişdilər. Əsas kütləvi siyasi təşktlar AXC, AMİP və YAP idi. Kampaniyanın gedişində Nizami Süleymanov arxasında heç bir real təşkilati dəstək olmadığı halda öz populist çıxışları ilə anidən reytinq qazandı, hətta bəzi məntəqələrdə Əbülfəz Elçibəyi qabaqlayan nəticələr əldə etdi. Nizami Süleymanov, əlbəttə, sıradan bir spekulyator deyildi və onun seçki strategiyası Azərbaycandan şimalda hazırlanmışdı. Başqa sözlə, yaddımızdan çıxarmalı deyilik ki, Rusiyanın Azərbaycanda populist namizəd ortaya atmaqla hakimiyyət uğrunda mübarizənin faktiki subyektlərinə və xüsusən də iqtidardakı qüvvəyə təzyiq etmək təcrübəsi var. Doğrudur, kontr-arqument gətirilə bilər ki, indi Azərbaycan bir dövlət kimi oturuşmuş vəziyyətdədir, siyasi sistem populistlərə meydan verməyəcək qədər möhkəmlənib, nəinki hakim partiyanın, hətta ənənəvi müxalifət təşkilatlarının təcrübəsi siyasi diletantları vaxtında zərərsizləşdirməyə yetir. Lakin unutmayaq ki, söhbət hətta ABŞ kimi supergücün seçki prosesinə öz trolları ilə müdaxilə etməyi bacarmış Rusiyadan gedir. Elə həmin Rusiyanın xüsusən kəşfiyyat qurumlarına yaxın olan siyasi texnoloqları “Ctrl C” və “Ctrl V” düymələri ilə işləməyi çox sevməklə yanaşı, bəzən də Vladimir Putinə qarşı Qərbdə hazırlanan ssenariləri özününküləşdirərək keçmiş sovet respublikalarında tətbiq edirlər. Hazırda Rusiyada, Belarusda və digər post-sovet ölkələrində siyasi analitiklərin istifadə etmədən proseslərə tam aydınlıq gətirə bilməyəcəyi bir termin var: “Sistemdənkənar müxalifət”.

Azərbaycanda sistemdənkənar müxalifət 2013-cü ilin prezident seçkilərində ənənəvi müxalifətlə güclərini birləşdirmək yönündə təsirli bir addım atdı və Rüstəm İbrahimbəyov təkcə Ziyalılar Forumunun yox, AXCP və Müsavatın da prezidentliyə namizədi oldu. Çox keçmədən həmin partiyanın simpatizanları təkcə İbrahimbəyovun siyasi avantürist olmasını fərq etmədilər, eləcə də Müsavat Partiyasının başqanı İsa Qəmbərin elan etdiyi “qırmızı cizgilər”in ötəsində var-gəl etdiyini müəyyənləşdirdilər. Qeyri-sistemli müxalifətin bir qismi- Almaniyaya sığınmış Hüseyn Abdullayev artıq prezidentliyə namizədliyini elan edib. Odur ki, biz həm 2013-cü ilin, həm də 2018-ci ilin prezident seçkiləri üçün qeyri-sistemli müxalifətin addımlarından, xüsusən də Rusiyanın bu faktordan necə yararlana biləcəyindən açıq danışmaya bilmərik. Doğrudanmı Rusiya kimi Azərbaycanda və ümumən bölgədə xüsusi maraqları olan bir dövlət bizim cəmiyyətimizin bəzi seqmentlərinə xitab etməyə çalışmır və seçki kimi ciddi siyasi kampaniyalarda belə cəhdlər göstərməyəcək, ictimai rəylə oynamaq üçün yeni manipulyatorlar hərəkətə keçirməyəcək, daha dəqiqi keçirməyib? Axı Orteqa Qasseti Rusiyada çox və çoxdan oxuyublar və onun müəllifi olduğu “adamların bir çoxunun rəyi yoxdur və onlara rəy vermək lazımdır” cümləsindən rus siyasi texnoloqlar yaxşı agahdır?!

“Sistemdənkənar müxalifət” deyəndə o nəzərdə tutulur ki, bu qəbildən olan narazılar leqal siyasi partiya halında təşkilatlanmır, rəsmi qeydiyyatdan keçərək siyasi sistemin parçasına çevrilmirlər. Hərçənd parlamentdən kənarda qalan marginal siyasi partiyalar, yaxud siyasi sistemin parçası olan təşkilatlardan dışlanmış fərdlər də “sistemdənkənar müxalif”lərə konkret situasiyalarda dəstək verməkdən qalmırlar. Rusiyada sistemdənkənar müxalifətin Harri Kasparov, Boris Berezovski, Vladimir Rıjkov kimi ünlü simaları arasında Aleksandr Navalnıy da var. Navalnıy Aslan İsmayılovdan xeyli gəncdir- 1976-cı ildə anadan olub. Lakin bioqrafiyasında bəzi məqamlar var ki, Aslan İsmayılovun özünü ona bənzətməsi, yaxud həmin rolu öz üzərinə götürməsi üçün psixoloji rahatlıq yarada bilib. Əvvəla, Aleksandr ixtisasca hüquqşünasdır, vaxtı ilə Patris Lumumbanın adını daşıyan Moskvadakı “Xalqlar Dostluğu” Universitetini bitirib. O da eynilə Aslan İsmayılov kimi “Navalnıy və partnyorları” adlı hüquq bürosu təsis edib, ABŞ-da müəyyən kurslar keçib. Navalnıy öz dünyaca məşhurluğunu sosial şəbəkələrə borcludur, hələlik Səbail rayonunda park salmaq adı ilə zəbt etməyə çalışdığı yamacları aşa bilməsə də, elə Aslan İsmayılov da. Fəqət Aslan İsmayılovdan Navalnının heç “N” hərfi də çıxmaz ona görə ki, rusiyalı bloqqerdən fərqli olaraq o ardıcıl və təmiz bioqrafiya sahibi deyil. Navalnıy Putinin qəbuluna gedib mandatla qayıtmayandan sonra müxalif olmayıb və heç kim sənəd-sübut ortaya qoyaraq “sən mənim 40 min dollarımı mənimsəmisən” deyə onun möhtəkirliyindən danışa bilmir.

Türkiyə vətəndaşı, iş adamı Xızır Ekşi isə “Azpolitika” saytına Aslan İsmaylovun ona qarşı dələduzluq etdi barədə açıqlama vermişdi: “Tam bir saxtakar və şərəfsizdir! Oğlunu da bu işlərə alət eləyir. Məndən 40 min dollar para aldı, işini görəcəm deyə. Nə işi gördü, nə də pulu geri qaytarır!” Türk iş adamı daha sonra bildirmişdi ki, bir neçə il əvvəl onun qardaşının Gürcüstanda problemi olub, işi məhkəməyə düşüb. A. İsmayılov bu problemi həll edə biləcəyini vəd edərək, türk iş adamı ilə anlaşıb. Hızır Ekşi 40 min dolları öz adamı vasitəsilə Gürcüstanda Aslan İsmayılovun oğluna verib. Lakin A. İsmayılov nə işi həll edib, nə də pulu geri qaytarıb: “Təxminən 2 il öncə qardaşımın Gürcüstanda bir məhkəməsi var idi. Bu məhkəmə işlərini həll etmək üçün pulu aldı. Amma həll edə bilmədi. Bundan sonra vaxt istədi, sonra yenə vaxt istədi. Sonda “pulu geri verəcəyəm, işi düzəldə bilmirəm” dedi. Amma pulu vermədi. Tam bir saxtakar! Vəkil olmadığı halda “vəkiləm” deyir. Məyər ki, heç vəkil də deyilmiş, sonradan öyrəndik. Bir il əvvəl onunla Bodrumda qarşılaşdım. Dedim ki, ya işi həll et, ya da pulumu geri qaytar. Yoxsa bir daha səni Türkiyədə görəndə, o pulu səndən almağı biləcəm. İndi də axtarıb, tapa bilmirik. Oğlu da bu işlərin içərisində”.

Təsəvvür edin, 40 min dollarlıq dolandırıcılıq məsələsi cəmi bir məhkəmə işinə görə ortaya çıxmış iddiadır, Aslan İsmayılov prezidentliyə iddiasını ortaya qoysa və əməlləri ictimai təftişə məruz qalsa daha nələr, nələr ortaya çıxa bilər!

4-CÜ HİSSƏ

Aslan-ISM

Aslan İsmayılovun destruktiv fəaliyyətini izləyənlərin hər biri təsdiq edər ki, onun mütamadi istifadə etdiyi metodlardan biri də müxtəlif məzmunlu video-müraciətlər hazırlayaraq Azərbaycan hakimiyyətinin yüksək ranqlarına xitab etməkdir. “Google” axtarış proqramı vasitəsi ilə araşdıranda internet resurslarında yer almış bu cür müraciətlər arasında onun dövlət başçısı İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə səslənişlərinə rast gəlmək olar. Bir qayda olaraq bu cür müraciətlərdə Aslan İsmayılov öz bioqrafik məlumatlarını sadalayır və sonra həmin parametrlərə uyğun olan digər insanların adından danışdığını bəyan edir. Məsələn, o, atasını erkən itirdiyini söyləyərək məzlumluq effekti yaradır, ardınca onun müraciətinin atasını erkən itirmiş adamların səsi kimi qarşılanmasını təvəqqe edir. Əlbəttə, sıradan bir izləyici üçün burada qeyri-adi heç nə yoxdur, amma siyasi texnologiyalardan az-çox baş çıxaran adamlara bəllidir ki, başqalarının adından danışmaq populistlərin ən sevimli fəndidir. Siyasi populizmin mahiyyət və xüsusiyyətləri üzrə məşhur rus politoloqu, professor Nikolay Baranovun “Популизм как политическая деятельность” adlı hələ 2002-ci ildə çapdan çıxmış dəyərli bir monoqrafiyası var, Aslan İsmayılovun aktivliyinin populist xarakterini anlamaq üçün həmin kitaba ötəri göz gəzdirmək kifayətdir.
Maraqlı həm də burasıdır ki, Aslan İsmayılovun Prezident, Prezident Administrasiyası rəhbəri, Daxili işlər, Ədliyyə nazirləri, Baş prokuror kimi mühüm postlar tutan dövlət xadimlərinə etdiyi istər video-müraciətlərdə, istərsə də qələmə aldığı açıq məktubların hər birində hər hansı konkret problemin həllinə diqqət cəlb etmək cəhdindən çox, açıq şantaj elementləri nəzərə çarpır. Bu cür müraciətlərdən birini 2016-cı ilin dekabrında Aslan İsmayılov Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənova ünvanlamışdı. Şantaj məqsədi daşıdığı açıqdan-açığa ortada olan, müəllifinin KİV azadlığı haqqında düşüncələrinin demokratik prinsiplərlə sadəcə olaraq uyuşmadığını təsdiqələyən həmin müracətlə Aslan İsmayılov ona nail olmaq istəyirdi ki, cənab Həsənov öz mövqeyindən, nüfuzundan və təsir imkanlarından istifadə edərək mass-mediyada Aslan İsmayılovun “toxunulmazlığı”nı təmin etsin. O zaman yazmışdım:
“Dövlət dediyimiz mücərrəd təşkilat Əli Həsənov kimi peşəkar və xalqa yaxın məmurların sayəsində millətə xidmətçi olur, cəmiyyətin fəal kəsimləri ilə ünsiyyət qura, identikləşə bilir. Siz heç Azərbaycanda milli təəssübkeşliyini itirməmiş fəal adamların bircəciyinin dilindən Əli Həsənov haqqında neqativ fikir eşitmisinizmi? Əminəm ki, eşitməməsiniz! Əlbəttə, əgər o adam sizin kimi milli təəssübkeşliyini itirməyibsə, orada-burada çalınan havalara oynamırsa, təbii. Odur ki, Əli Həsənovun timsalında ədalətli və cəmiyyətin kasıb təbəqələrindən çıxaraq ictimai rəydə az-çox çəki qazanmış adamlara qarşı hər zaman həssaslıq nümayiş etdirmiş bir ziyalını sizin kimi milli heysiyyatını itirmiş kəslərdən qorumaqdan kimsə çəkinmir və çəkinməz. Əlbəttə, Əli Həsənov bu ölkənin həm böyük təcrübəyə, həm də yetərincə dərin mütaliəyə malik olan ictimai-siyasi xadimlərdən biridir. İstəsə sizin kimilərin cavabını təmkinli və sərrast bir şəkildə özü verər. Amma ranqınız, çəkiniz, səviyyəniz yaxın deyil, çox aşağıdasınız. Odur ki, nəinki Əli Həsənov sizə baş qoşmaq istəyər, hətta sizə cavab verilməsini də ummaz, arzulamaz”.

Onun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə etdiyi müraciətlər də Aslan İsmayılovun maddi maraqlarını əhatə edir, bir çox hallarda məhkəmə proseslərində müdafiə etdiyi tərəflərə hüquq deyil, PR xidməti göstərmək səciyyəsi daşıyırdı: “Zülfüqarlı qardaşları və bir çox sahibkarların zavodlarının əllərindən alınıb bu sahədən anlayışı olmayan, Sizin himayənizdə olan Rasim Məmmədov kimisinə verilməsi metallurgiya sənayesinin yaradılması demək deyil. Ancaq ölkədə köklü dəyişiklik olmasa geci-tezi ya rəngli, ya da dini inqilabların şahidi olacağıq”.

2015-ci ilin mayında “Baku Steel Company” ASC-nin rəhbəri Rasim Məmmədov Virtualaz.org saytında məşhur jurnalist Eynulla Fətullayevə geniş müsahibə vermiş, Aslan İsmayılovun faktlardan çıxış etmədiyini ortaya qoymuş, hətta Zülfüqarlı qardaşlarının sözügedən şirkətdə səhmləri olduğunu açıqlamış, bu səhmlər müqabilində onlara 12,5 milyon manat ödənildiyini ifadə etmişdi. Həmin müsahibədən:
- Yəni əməkdaşlığınız bu günə qədər də davam edir?

– Tamamilə doğrudur. Qardaşların balacası bu kabinetdə tez-tez olur. Adətən də bax burada – indi siz əyləşən yerdə oturur. Əgər böyük qardaşda – Nurəddin Zülfüqarlıda yaddaş problemi varsa, yaxud ola bilsin, onda qarabasmalar olursa, qoy həkimə getsin. Mən ona heç cür kömək edə bilmərəm.

- Loğman Zülfüqarlı ilə şəxsi söhbətlərinizdə ondan soruşursunuzmu ki, bu kabinetdə niyə bir, qəzet səhifələrində isə başqa cür danışırsınız?

– Əlbəttə, soruşuram. Lakin o, hər dəfə deyir ki, qardaşının hərəkətlərinə cavabdeh deyil. Digər tərəfdən, onların vəkili Aslan İsmayılov müntəzəm olaraq çirkin məqalələrlə çıxış edir. Biz də bunun səbəbini Loğmandan hər dəfə soruşuruq. Loğman özü də Nurəddin Zülfüqarlı ilə Aslan İsmayılovu çirkin oyunlar oynamaqda ittiham edir. Bildiyim qədər onlar həddən artıq iddialı adamlardır. Bu adamlar çoxdan yıxıldıqları yerdən hansı yolla olursa-olsun qalxmaq istəyirlər.

Elə buradaca bir haşiyə çıxaraq qeyd etmək istəyirəm ki, mən “Baku Steel Company”nin direktoru Rasim Məmmədovu, hətta onunla ünsiyyətdə olan adamları şəxsən tanımıram. Ancaq qəribə burasıdır ki, məni olduqca primitiv hazırlanmış bir iddianamə ilə məhkəməyə vermiş, onunla müqayisədə hətta Aslan İsmayılovu belə bir pillə üstün adam sandığım Nazim Bəydəmirli də Rasim Məmmədovu uzun illərdir hədəfə alıb. Üstəlik, hər iki girəvəçi Rasim Məmmədova qarşı aqressiyalarını Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yönəltməkdən çəkinmirlər. Onların hər ikisinin ortaq cəhəti təkcə Rusiyanın aqronomiya üzrə ixtisaslaşmış institutlarının məzunu olmaqları deyil, həm də cənab Ramiz Mehdiyevə qarşı intensiv hücumlarının eyni motivlərə söykənməsidir. Potensiallarına adekvat olmayan siyasi iddialarının hakimiyyət tərəfindən təmin olunmamasının, mütəxəssis kimi səriştəsizliklərinin, iş uğursuzluqlarının “günah”ını Azərbaycanın yetişdirmiş olduğu ən böyük dövlət adamlarından olan Ramiz Mehdiyevdə axtarmaq üçün onlara kənardan təlimat verilməsi də xeyli inandırıcı ehtimaldır. Görünür, cənab Mehdiyevi istefaya dəvət etmək kimi əndazəni aşan çağırışlarda bulunmaq və respublikamızın digər rəhbər şəxslərinə qarşı “qara PR” kampaniyası aparmaq Aslan İsmayılova “daha möhkəm” tapşırıldığından o, 2011-ci ilin sentyabrında Prezident Administrasiyasının rəhbəri ilə yanaşı Baş prokuror Zakir Qaralovu və Daxili işlər naziri Ramil Usubovu məhkəməyə verməklə hədələmiş, hətta bu barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi də göndərmişdi.
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov mütamadi olaraq Aslan İsmayılovun hədəfə aldığı mənsəb sahiblərindəndir. 2015-ci ilin mayında Aslan İsmayılov öz ənənəvi dəsti-xətti ilə Qaralova açıq məktub ünvanlayır, onu da şantaja məruz qoymaq istəyir. Belə ki, məktubun əvvəlində İsmayılov daha öncəki Baş prokurorlardan fərqli olaraq, Zakir Qaralovdan onu heç zaman qəbul etmədiyi üçün incik düşdüyünü qeyd edir, cəmi bir neçə sətir sonra isə etiraf edir ki, bir dəfə onun qəbulunda olub. Sonucda məlum olur ki, Aslan İsmayılov Zakir Qaralovdan ona görə rəncidədir ki, hörmətli Baş prokuror öz kabinetinin qapılarını keçmiş vəkilin üzünə 24 saat açıq saxlamayıb.

2013-cü ilin may ayının sonlarında Aslan İsmayılovun qulağının dibinə, özünün iddiasına görə, yaxşıca bir yumruq zərbəsi dəyir. Bu zərbənin qulağının dibinə necə və niyə dəyməsinin tarixçəsini Aslan İsmayılov elə həmin gün mətbuata belə nəql edir: “Bu gün saat 17-də Nərimanov Rayon Prokurorluğunda idim. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin Canpolad Daanov adlı müstəntiqi mənə zəng vuraraq bildirdi ki, sizinlə təcili işim var. Mən onu tanıyaram, həmişə mənə hörmətlə yanaşıb. Xahiş etdiyinə görə getdim. İçəri daxil olanda bir nəfər yekəpər məni qarşılayıb, otağı göstərib dedi ki, keçin bura. Düşündüm ki, yəqin məni saxlayırlar. Sakitcə keçdim içəri, Canpolad da otaqda idi. Məni görən kimi başladı təhqir etməyə. Dedi, sən kimsən ki, cənab naziri, Ramil Usubovu yalan danışmaqda ittiham edirsən? Ünvanıma min bir təhqir işlətdi və qulağımın dibinə yumruq zərbəsi endirdi. Məni ölümlə təhdid edərək dedi ki, bu hələ sənə xəbərdarlıqdır. Get yaşamaq haqqında fikirləş, ağlını başına yığ. Sonra o birisi də təhqir və təhdid etməyə başladı. Mən sakit dayandım, çünki bilirəm ki, bu nə idarədir və bura nə üçündür”.

O, elə həmin açıqlamasında Daxili işlər naziri Ramil Usubovun onu “öldürdəcəyini” deyir: “Onlar məni vuranda, təhqir və təhdid edəndə Ramil Usubovun adını çəkirdilər. İndi Ramil Usubov bu məsələyə aydınlıq gətirsin. Məni öldürmək istəyirsə, öldürsün”.

Təxminən bir həftə sonra Aslan İsmayılov yeni açıqlama ilə çıxış edir: “Bu gün Daxili İşlər Naziri Ramil Usubov məni qəbul etdi. Bir saatdan artıq sürən görüş zamanı mənə çox hörmətlə yanaşıldı, söylədiklərim təmkinlə dinlənildi”.

Əlbəttə, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində baş verənlərlə bağlı Daxili işlər nazirinin adını hallandırmaqla Aslan İsmayılov Ramil Usubov kimi səriştəli dövlət adamına böhtan atırdı. Bunu onun sonrakı açıqlamaları da təsdiq edir: “Yenə deyirəm, o cür təhqir olunmağımın sifarişçisinin ya Ramil Usubov, ya da digər şəxsin olmasında əmin deyiləm”. Adamdan soruşarlar: əmin olmadığın halda, cənab nazirin adını hallandırmaqda məqsədin nə idi? Bəli, Aslan İsmayılovun bu cür böhtanlar səsləndirməklə yüksək statuslu dövlət xadimlərinin qəbuluna düşməyə can atdığı açıq görsənir. Ancaq onun bəzən müəyyən gecikmələrlə də olsa, az qala hər ayın başında verdiyi “məni öldürəcəklər” bəyanatı ilə KİV-in diqqətini özünə çəkməyə çalışmasının paranoyak təşviş kimi dəyərləndirilib-dəyərləndirilməməsi üçün xüsusi psixatr rəyinə ehtiyac var.

Budur, 14 fevral 2013-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənov vəkil Aslan İsmayılovun qanunsuz hərəkətləri barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məktubla müraciət edir. Hakim Elnur Həsənov həmin müraciətində vəkil Aslan İsmayılovun onu döymək istədiyini bildirir. Müraciət araşdırılması üçün İntizam Komissiyasına göndərilir. İntizam Komissiyasının rəyinə əsasən, Aslan İsmayılov peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmuşdu. Sonucda Aslan İsmayılov Vəkillər Kollegiyasından qovulur və Aslan İsmayılov, gülməyin, öldürülmək ehtimalı olduğunu irəli sürür. 2014-cü ildə isə o, “iqtidar da, müxalifət də məni öldürməyə hazırdır” deyir. 2017-ci ilin başlanğıcında- yanvarın 3-də isə “məni öldürəcəklər” deyə manşetlər atdırır. Aslan İsmayılovun bu paranoyak bəyanatları hər zaman həm iqtidar, həm də müxalifət düşərgəsində yumşaq desək, gülüşlə qarşılanıb. Məsələn, onun “hökumət də məni öldürməyə hazırdır, müxalifət də” iddiasına sabiq Baş nazir Pənah Hüseyn belə reaksiya verib: “Ümumiyyətlə, bu fikrə münasibət bildirməyə lüzum görmürəm”.

Aslan İsmayılov Vəkillər Kollegiyasından xaric edilməsi ilə bağlı verdiyi çoxsaylı açıqlamaların birində peşakarlığına və şəxsiyyətinə hörmət etdiyi adamlar arasında Ənnağı Hacıbəyli və İntiqam Əliyevin adını xüsusi çəkir. İnsafən, həmin hüquqşünaslar o dar günlərində Aslan İsmayılova yetərincə böyük dəstək nümayiş etdiriblər. Bir neçə ay bundan öncə isə Aslan İsmayılov çətin zamanlarında onu müdafiə etmiş Ənnağı Hacibəylini və İntiqam Əliyevə “qrant oğrusu” damğası vurdu: “Bu gün Ənnağının yazısına cavab olaraq bildirirəm ki, bəli sən də, İntiqam da oğrusunuz! Sadəcə hakimiyyətdəkilər kimi imkanınız olmadığına görə ancaq onlardan az həcmdə qrant pulları oğurlayıbsınız”.

Həmin açıqlamasında Aslan İsmayılov Ənnağı Hacibəyli və İntiqam Əliyev haqqında maqazin jurnalları səviyyəsində “şok” ittihamlar irəli sürür, onun bu ittihamları isə Ənnağı Hacıbəyli tərəfindən təbəssümlə qarşılanır: “Bir dəfə Aslan dedi ki, “mən İlyas İsmayılovun qapısında it olmağa da hazıram. Dostlardan biri dedi ki, Aslan, belə deməzlər, de ki, o mənə çox yaxşılıq edib, ona borcluyam. Aslan dedi ki, yox, siz başa düşmürsünüz, o mənim üçün nələr eləyib”.

Bu hadisədən bir neçə il sonra İlyas müəllim və oğlu Etimadla İlham Rəhimov mübahisə edəndə Aslan ona dəxli olmayan dartışmaya soxulub Rəhimovu müdafiə elədi. Onda Etimad bəy bunu çox dəqiq izah elədi: “Aslan İlyas müəllimi cüzdana dəyişdi”. Amma burada təəccüblü bir şey yox idi. İlyas müəllim daha nazir və deputat deyildi. İndi bizim üstümüzə cummaq da bir növ adətkərdəliyin nəticəsidi”.

Taleh Şahsuvarlı








loading...


Fikrinizi bildirin