SURİYALI QIZ - Professor Tofiq Quliyevin əsəri

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Əməkdar Elm Xadimi, “Şöhrət” ordeni mükafatı ilə təltif edilmiş professor Tofiq Quliyev iqtisadiyyat sahəsində dünyada tanınmış azsaylı alimlərimizdən biri olsa da, onun yaradıcılığı çoxcəhətli və geniş diapazonludur.

Hələ tələbəlik illərində silsilə elmi məqalələrlə yanaşı, hekayə və şeirlər də yazıb çap etdirən, 28 yaşından keçmiş SSRİ Jurnalstlər Birliyinin üzvü olan professor Tofiq Quliyev bədii-publisistik fəaliyyətini bu gün də davam etdirir. “Tofiq Fərid” imzası ilə şeirlər yazan professorun “Türkün türküsü”, “Dünyanı dəyişə bilsəydim”, “Mən kiməm?” (rus dilində), “Haqqın səsi”, “Qəzəllər”, “Satirik şeirlər”, “Yumoristik və satirik hekayələr” kitabları geniş maraqla qarşılanmışdır. Bir qədər əvvəl isə  onun "Körpə qaşqın Züfiyyə" adlı hekayələri cap olunub.   Bu kitablar haqqında maraqlı yazılar və mülahizələr söylənilmişdir.

Xalq şairi Nəriman Həsənzadə iqtisadçı alimin bədii- estetik düşüncələrini belə dəyərləndirir: “Tofiq Quliyevin şeirlərində etikalılıq prinsipi, insanların mənəvi kamilliyinə doğru təkmilləşməsinin tərbiyəvi meylləri, onların kreativliyi, harmoniya, insanların sivil davranışları dominantlıq təşkil edir.

O, ədəbiyyatda, o cümlədən poeziyada etik və estetik halların bir-birinə qarşı qoyulmasını, estetikanın fetişləşdirilməsini, bayağılaşdırılmasını, mütləqləşdirilməsini qeyri-normal bir hal hesab edir.”

Filologiya elmləri doktoru, professor Maarifə Haciyeva isə qeyd etmişdir ki, professor Tofiq Quliyevin iqtisadi təfəkkürü ilə bədii təxəyyülü arasında dərin bir vəhdət vardır: “Onun bədii mövzuları müasirliklə bərabər, klassik qaynaqlarla da səsləşir. Şeirlərindəki yaşantı onun həyatının bir parçası, özünün taleyi, mənəviyyatının tərkib hissəsi, məfkurə sahibi olan alimin xəlqilik manifesti, iqtisadi-fəlsəfi düşüncələrinin bədii məhsulu kimi əks-səda yaradır".

Professor Tofiq Quliyev estetik məsələlərə də tədqiqatlar həsr etmişdir. Onun “Ədəbiyyatda realizm və modernizm problemləri”, “Musiqili incəsənət və böhran” monoqrafiyaları ədəbi- mədəni mühitin ciddi marağına səbəb olmuşdur.

Professorun bədii-publisistik əsərləri də yalnlız Azərbaycanda deyil, ölkə sərhədlərindən kənarda da oxunur. Bir çox ölkələrin kitabxanalarında bu kitablara da rast gəlmək mümkündür.

Professor Tofiq Quliyevin 2015-ci ildə Tehranda "Seçilmiş əsərləri: şeirlər-hekayələr-qəzəllər" adlı kitabı nəşr olunub.

2016-cı ildə isə onun “Ədəbiyyat və incəsənət haqqında fəlsəfi düşüncələr. Şeir və məqalələr” adlı kitabı Tehranda böyük tirajla dərc edilib.

Bundan əlavə, professor Tofiq Quliyevin “Menecment” kafedrasının professoru Şəfa Quliyeva ilə birgə müəllifi olduğu “Menecment: 365 anlayışın izahlı lüğəti ” adlı kitabı da İranda nəşr edilib.

Eyni zamanda Tehranda "Xudafərin" yurnalını nəşriyyatı tərəfindən professor Tofiq Quliyevin fars və Azərbaycan dilində hekayələri nəşr olunub.

Bir qədər əvvəl isə Tehranda Tofiq Quliyevin "Yetim uşaq" adlı hekayələr kitabı cap olunub.

Ümumiyyətlə, İranda professorun bir çox əsərləri Azərbaycan dilində ərəb əlifbası ilə nəşr olunub. Bu əsərlər vətəninə və millətinə hədsiz bağlı bir insan kimi tanınan professorun İrandakı soydaşlarımıza bir töhvəsi də sayıla bilər.

Professor Tofiq Quliyevin əsərləri eyni zamanda Türkiyədə də böyük tirajla nəşr edilib. Bu yaxınlarda onun İstanbulda "Babasız Çocuq" adlı kiçik hekayələr toplusu və "Vatan aşqı" adlı şeirlər toplusu nəşr olunub.  

Professor Tofiq Quliyev bu gün də yorulmadan elmi fəaliyyətilə yanaşı, bədii-publisistik fəaliyyətini davam etdirir. Onun fəlsəfi məzmuna malik əsərlərindən birini - "Suriyalı qız" adlı hekayəsini "AzPolitika.info"nun oxucularına təqdim edirik.

Suriyalı qız

Fatimə üçüncü sinifdə oxuyurdu. Atası hər gün onu məktəbə aparıb gətirirdi. Fatimə atasına son dərəcə bağlı idi. Bir gün onun atasını orduya çağırdılar. Fatimə atasız qaldı. Onu məktəbə anası aparıb gətirməli oldu. Amma atasına elə isinişmişdi ki, anası atasını əvəz edə bilmirdi. Fatimə məktəbdə də, evdə də sanki yerində qovrulurdu, iki əli ilə başını tutur, qəhərlənirdi.

Bir gün növbəti dərsdə müəllim uşaqlara müharibə haqqında, Dəməşq, Hələb və digər şəhərlərdə gedən amansız döyüşlər haqqında məlumat verirdi.

Müəllim ara bir dedikləırini uşaqlardan soruşurdu. Növbə Fatiməyə çatdı. Fatimə dinib danışmadı, hönkür-hönkür ağlayırdı. O, özünə gəldi və yazıq-yazıq, səsi titrəyə-titrəyə müəllimdən soruşdu:

-Müharibə nə vaxt qurtaracaq, atam haçan gələcək?

Müəllim xeyli düşündü, cavab verməyə çətinlik çəkdi. Xeyli düşündü. Gözünün qabağına Misirdəki, Liviyadakı, İraqdakı, Yəməndəki və digər ərəb ölkələrindəki “ərəb baharı”, digər hadisələr gəldi. Sonra dedi:

-O vaxt ki, hamı ərəblər, müsəlmanlar, suriyalılar bir-birilə, qonşuları ilə mehriban olacaqlar, yumruq kimi birləşəcəklər.

Qız: Müəllim, hamı mehriban olsa atam tez gələr?

-Hə, qızım, mehriban olarlar, amma qoymurlar mehriban olaq.

-İstəyirəm mehriban olsunlar, müharibə olmasın, atam gəlsin, mehriban olmağa nə var ki.

Fatimə ümüdlə bir də soruşdu:

-Müəllim, doğrudan atam gələcək?

-Gələr, gələr. O vaxtı gələcək ki, ağlımız olacaq, özgə sözünə baxmayacayıq.

Müəllimin bu son sözləri sanki Fatiməni diksindirdi, yuxudan oyatdı. Sinif yoldaşı Samirə ilə sözləşməsi yadına düşdü. Onlar bir neçə gün idi ki, danışmırdılar, küsülü idilər. Fasilədə Fatimə Samirəyə yanaşdı, iki əli ilə onu qucaqladı öpdü, əl-ələ tutub mehribancasına söhbət etdilər.

Zəng içəri, sinfə vuruldu. Fatimə sevinc içində idi. O, həm Samirə ilə barışdığına görə, həm də atasının gəlməsinə görə sevinirdi. Fatimə elə bilirdi ki, atasının gəlməsi, müharibənin qurtaracağı ancaq mehribançılıqdan asılıdır. O, müəllimin dediklərinə inanırdı

Fatimə müəllimə dedi: mən Samirə ilə barışdım, əl-ələ tutduq. İndi atam gələcək?!

-Qızım, hamı səninlə Samirə kimi olsa, kinli-küdurətli olmasalar bütün atalar gələr.

Müəllim düzgün danışırdı. İnsanın mənəvi, əxlaqı dünyasi xətalı olmasa hər şey düzələr. İnsanlar, millətlər hikkəli, ərköyün, qüsurlu olmasalar... Hallalıq, daxili paklıq, zavallı, kimsəsiz insanlara dayaq olmaq-insanlığın ən müqəddəs qanunudur. İnsanlıqda mənəvi durum, mənəvi seçim və ölçü başlıca şərtdir. Seçimdə isə fikir saflığı, sivil davranış qaydaları əsas meyardır. Belə olsaydı adamlar, millətlər, dövlətlər arasında harmoniya, razılıq olardı. Fatimənin atası orduda yox, yanında olardı, onu əvvəlki kimi məktəbə aparıb gətirərdi. Kaş dünya da belə olaydı!!

635x100

Şərhlər

Rövşən 2018-01-30 09:16:09

Tofiq müəllim bu şərhi sizə uzun illərdir fəaliyyət göstərdiyiniz İqtisad Universtetinin məzunu kimi yazıram . Arzum budur ki, sizin kimi qibtə olunası dərəcədə vətənini, millətini sevən ziyalı alimlərin sayı cox olsun. Tofiq müəllim sizinlə fəxr edirik.

Mirzalı Tapdıqlı 2018-01-30 09:16:09

Çox hörməyli Tofiq müəllim!Mən Sizin tələbəniz olmuşam,demək olar ki,həyatda nəyi bilmək lazımdırsa onu Sizdən öyrənmişik.Mən şəxsən bir azərbaycanlı olaraq Sizinlə fəxr edrəm.Allahdan Sizə uzun ömr və can sağlığı arzulayıram.

Son yazılar