TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ... - Yeni nazir “akulalarla” bacaracaqmı?

Mikayıl Cabbarov üçün yağışdan çıxıb yağmura düşmək təhlükəsi

İcra başçılarının bir rayondan çıxarılıb, digərinə təyin olunmasına adət edən bizlər üçün nazirlərin eyni qaydada vəzifə təyinatı alması bir qədər qeyri-adi görünür. Əlbəttə ki, əvvəllər də hökumətdə oxşar dəyişikliklər baş verib, ancaq çox nadir hallarda. Haqqında danışdığımız son dəyişiklik, yəni təhsil nazirinin vergilər naziri təyin edilməsi isə çoxları tərəfindən daha gözlənilməz və sensasiyalı bir qərar kimi qəbul edilməkdədir.

Doğrudan da, Fazil Məmmədovun yaxın zamanlarda vəzifəsilə vidalaşacağı ilə bağlı mətbuatda ara-sıra məlumatlara rast gəlmək olurdu. AzPolitika.info F.Məmmədovun payız aylarında vəzifəsilə vidalaşacağını, hətta onun səfir təyinatı almaq arzusunda olduğunu bir neçə ay əvvəl yazmışdı. Yazılanların birinci qismi öz təsdiqini son prezident fərmanı ilə tapsa da, səfir məsələsi hələ ki, açıq qalır. Yəni ki, bu qərarın birinci hissəsi gözlənilən və proqnoz edilən idi. Ancaq onun ikinci hissəsini, yəni Mikayıl Cabbarovun vergilər naziri təyin olunmasını təsəvvür etmək belə hər təhlilçinin, yaxud hökumət mətbəxindən xəbərdar olan mənbənin işi deyildi.

Yeni nazir “akulalarla” bacaracaqmı?

vergilerQısası, ya zəlzələdən, ya vəlvələdən, qərar artıq qəbul olunub. İndi insanları başqa suallar maraqlandırır. Bu sualların birincisi isə yeni təhsil nazirinin kim olacağıdır. Bəli, cəmiyyətin böyük qismini Mikayıl Cabbarovun necə bir vergilər naziri olacağından daha çox təhsil nazirinin kim olacağı maraqlandırır!

Birincisi ona görə ki, ölkədə təhsillə - orta və ali məktəblə birbaşa bağlılığı olmayan ailə, demək olar ki, yoxdur.

İkincisi isə çoxları gözəl başa düşür ki, yeni vergilər nazirinin təyinatında böyük ehtimalla Mikayıl Cabbarovun iqtisadi sektora aid bilik və təcrübəsi faktoru birinci yerdə durmur. Yəni hörmətli Mikayıl müəllim təhsil sektoruna nə qədər yaxın idisə, vergi məsələlərinə də bir o qədər yaxındır.

Yeri gəlmişkən qeyd edək ki, iqtisadi sektor, xüsusilə vergi sistemi öz mürəkkəbliyinə görə, təhsildən nəinki geri qalır, hətta, onu dəfələrlə üstələyir. Azərbaycan aliminin, müəlliminin, lap elə tələbə və şagirdinin, belə demək mümkünsə, ictimai sifəti artıq xeyli müddətdir ki, formalaşıb və hamı üçün görünəndir. Onu idarə etmək daha asandır. Azərbaycan iqtisadiyyatının isə görünməyən, kölgəli və hətta ləkəli tərəfləri o qədərdir ki, onları nəinki açıb üzə çıxarmaq, ümumiyyətlə o istiqmətdə hərəkət etmək çox çətin və bəzən də təhlükəlidir. Bu ölkədə elə bir orta və iri ranqlı məmur tapmaq olmaz ki, özü və özü kimilər tərəfindən himayə olunan iri biznesi olmasın. Və bu “akulaların” iqtisadi cinayətlərinin yeni bir nazir tərəfindən üzə çıxarılaraq ifşa olunacağı da bizim reallıqlar çərçivəsində inandırıcı görünmür. Hələ biz vergi məmurlarının Eldar Mahmudovun dəstəsilə əlaqələrindən danışmırıq. Əlbəttə ki, hörmətli Mikayıl müəllim də komissar Katani deyil...

Məsələnin praktiki tərəfilə bərabər, bir də nəzəri tərəfi var. Azərbaycanda vergi qanunvericiliyi sahibkarın potensial iqtisadi cinayətkara çevrilməsi üçün əyani vəsaitdir. Bu qanunvericilik banklardan tutmuş, real sektora aid sahibkarlara qədər, hər bir subyekti istənilən an vergi cinayəti törətmiş birinə çevirə bilər. Real pul dövriyyəsini, işçi sayını, alış-satış qiymətlərini, icarə haqlarını və digər göstəricilərini gizlətməyən və bununla da vergidən yayınmayan şirkət, orta və kiçik sahibkar tapmaq olduqca çətin, bəlkə də mümkünsüzdür. Əgər iri himayədarları olanlar bunu sadəcə, daha çox gəlir əldə etmək, dövlətin cibinə girmək üçün edirsə, orta və kiçik ölçülü sahibkarlar isə daha çox müflis olmamaq, bir təhər də olsa varlıqlarını sürdürmək üçün vergi tələblərindən yayınmağa çalışır. Çünki tələblər real və dirçəlmək istəyən bir iqtisadiyyat üçün yerinə yetirilməsi mümkün olmayan həddədir.

fazil-memmedovBurada haşiyə olaraq bir məqamı qeyd etməyə dəyər. Hələ 2000-ci illərin əvvəllərində mətbuat konfransında hörmətli Fazil Məmmədovdan Azərbaycanda “Sadələşdirilmiş vergi”nin (dövriyyədən tutulan vergi –red.) kiçik sahibkarın real gəlirlərilə uyğunluq təşkil etmədiyini bildirmiş və bu vergi növünün nə vaxta qədər tətbiq olunacağını soruşmuşduq. Elə indi oxuduğunuz yazının müəllifinin sualına cavab olaraq, o vaxtkı “çiçəyi burnunda” nazir bildirmişdi ki, bu vergi növü müvəqqəti xarakter daşıyır. Bütün dünyada vergi gəlirə uyğun olaraq tutulur, dövriyyənin həcminə görə yox! Lakin Azərbaycan keçid dövründədir, bütün sahələrdə maliyyə, gömrük nəzarəti, hesabatlılıq, sahibkarların vergi mədəniyyəti və sair məsələlər tam qaydasına qoyulduqdan sonra bu məsələ həllini tapacaq. Üstündən 20 ilə yaxın vaxt keçib. Ancaq hələ də sahibkar illik 200 min manata qədər dövriyyəsinin 4 faiz, ondan yuxarı məbləğin isə ticarət üçün 6, iaşə üçünsə 8 faizini ödəmək tələbilə üz-üzədir. Ya da Əlavə Dəyər Vergisi ödəyicisi olmaq kimi ağır bir yükün altına girməlidir. Bu ağır və çəkilməz yükün altında qalan sahibkarın isə vergi orqanı ilə “razılaşmaqdan” başqa çıxış yolu qalmır. “Razılaşma” isə ondan ibarətdir ki, “apar vergi hesabına filan qədər ödə!”.Vəssalam. Bir növ damara görə qan alınır, bir çox hallarda isə ümumiyyətlə sahibkarın damarında qan qalmır, içilir! Hələ məsələnin elmi-nəzəri tərəfini bir kənara qoyaq, nə sahibkar subyektinin gəlirləri, nə inkişaf perspektivləri, nə aça biləcəyi yeni iş yerləri, nə iqtisadiyyata verə biləcəyi töhfələr və nə də digər amillər nəzərə alınır. Ən əsası da odur ki, vergi qanunu hamı üçün eyni səviyyədə tətbiq olunmur! Bu da ədalətsiz rəqabət mühiti yaradır. Ortada bircə vergi planı var! Və bu plan nə yolla olursa olsun, doldurulmalıdır, əksər hallarda da himayədarları olmayan yetim-yesir sahibkarlar hesabına!

Fazil Məmmədovun “gəmisini” tez-tələsik tərk edənlər...

Söhbət vergi planından düşmüşkən, parlamentin təsdiqlədiyi büdcədə vergi orqanına yüklənən planın reallıqla uyğunluğu məsələsi də başqa bir mövzudur. Bu vergi proqnozunu qoyanların Fazil Məmmədovla dost olmadığını söyləsək, yəqin ki, yanılmarıq. Çünki iri və arxalı məmurların şirkətlərinə heç yaxın düşmək olmur, iki gündən bir qapısını döydükləri yetim-yesirin isə nə gəliri qalıb, nə də vergiyə ödəyə biləcəyi vəsaiti. Bəzilərindən artıq gələn ilə görə ödəməli olduqları vəsait də alınıb. Plansa dolmur ki, dolmur! Mətbuatda gedən məlumatlara görə, Vergilər Nazirliyində elə həmin planın icrası ilə bağlı geniş kollegiya iclası keçirilərkən nazirin vəzifədən azad olunmasına dair fərman verilib. Belə çıxır ki, F.Məmmədovun özü bu fərmanın veriləcəyilə bağlı dolğun məlumata malik olmayıb. Olsaydı, yəqin ki, həmin günə iclas təyin etməzdi. Ancaq kimlərinsə məlumatı olub. Ən azından bununla bağlı şübhələnməyə əsas var. Belə ki, həmin fərmandan bircə gün əvvəl Vergilər Nazirliyinin İnsan Resursları Departamentinin baş direktoru Faiq Şahbazov tutduğu vəzifədən istefa verib. Məlumat üçün bildirək ki, F.Şahbazov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yeznəsidir. Bundan daha öncə isə hətta nazirin keçmiş müşavirlərindən biri və iri departamentlərdən birinin rəhbəri öz ərizəsilə vəzifəsini tərk edib. Deməli, hakimiyyət içərisində bu fərman barədə məlumatlı olanların mövcudluğunu istisna etmək olmaz. Onu da istisna etmək olmaz ki, həmin şəxslər yenidən sözügedən nazirlikdə iri postlara gətiriləcək...

İndi vergi sektorundan xəbərdar olanları və çox guman ki, elə elə yeni nazirin özünü bir məsələ düşündürür – Mikayıl Cabbarovu yeni postunda nə gözləyir? Əvvəlcədən deyək ki, hal-hazırda bu nazirliyin xüsusilə orta və aşağı ranqlı məmur kontingentində ciddi kadr problemi yaranıb. Savadlı və təcrübəli işçilərin çox əhəmiyyətli bir qismi, xüsusilə də pensiya qanununa edilən son mürtəce dəyişikliklərdən sonra, işdən öz ərizələrilə azad ediliblər. Onlara yüksək məbləğdə pensiya alıb, uzun illər vergidən yığdıqları “paketlər” hesabına yiyələndikləri obyektlərin gəlirləri kifayət edir. Son dövrlər “paketlərin” azaldılması və bəzi vergi strukturlarında ləğv edilməsi sanballı vergi mütəxəssislərini bu nazirlikdən uzaqlaşdırıb. Onların yerinə gələn gənc kadrların isə ciddi savad və səriştə problemi var.

Yeri gəlmişkən, savad probleminin mövcudluğunda Mikayıl Cabbarovun əvvəlki nazirliyinin rolu heç də az deyil və o, bunun acı nəticəsini öz üzərində hiss edəcək! Deməli, ən öndə duran problemlərdən biri kadr məsələsidir. İkincisi struktur problemidir. Son illər F.Məmmədov tərəfindən aparılan mənasız və qarışıq struktur dəyişiklikləri vergi işçilərini də çaş-baş salıb, sahibkarları da. Vəziyyət o yerə çatıb ki, nazirin 14 (!) nəfər müşaviri var. Heç ərəb şeyxlərinin bu sayda köməkçi və müşavirləri olmur. Digər problem nazirliyin xüsusilə yuxarı eşalonlarındakı qruplaşmalardır. Burada hərə siyasi hakimiyyətdəki bir nüfuzlu şəxsin kadrıdır. Və onların əsas vəzifəsi də həmin şəxslərin bizneslərini praktiki olaraq, himayə etməkdir.

Sadalamadığımız daha bir neçə problem var ki, onların da hamısının başında duranlar vergi qanunvericiliyi və vergi orqanı-sahibkar münasibətləridir.

Bəs, hörmətli M.Cabbarov bütün bu problemlərin öhdəsindən gəlib, vergi orqanına aid “akula” obrazını dəyişərək, onu normal, sivil bir qurum halına gətirməyə nail olacaqmı? Görəsən, təhsil kimi ağır sahədən ayrılıb da, vergi kimi qat-qat daha çətin sektora rəhbər gətirilən M.Cabbarov yağışdan çıxıb, yağmura düşmüş olmayacaq ki?...

Elxan Qüdrətoğlu

AzPolitika.info

635x100

Şərhlər

İ.Mustafaoğlu 2017-12-06 09:41:24

Ən düzgün şərh yazan Lətif qardaşımızdır,çünki bütün nazirlərlə bərabər İcra Başçılarıda tutduqları vəzifədən tezliklə azad olunmalıdırlar.Onar öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmaq əvəzinə "Villalar" tikməklə,özləri üçün kommersiya obyektləri yaratmaqla məşğul olublar.Bundan başqa dövlətimizi,xaqımızı və cənab Prezidentimizi qəlbən sevən kadrları "jantaş" edərək vəzifələrindən uzaqlaşdırmağa nail olublar.Onlar işdən azad olunmalı,yığdıqları milyonlar dövlət nəfinə keçməlidir.......

Abit 2017-12-06 09:41:24

Maşallah cengaver kimi insandı bacarar.

Vüqar 2017-12-06 09:41:24

En gözel sözleri letif qardaş yazıb ezizlerim xal prezdentden letif qardaşın dediyi memurların cıxmasını anba an gözleyir

Cəmşid Dərələyəzli. 2017-12-06 09:41:24

Əhsən. Əslində belə lazımdır. Hec bir yüksək çinli kadr təyin olunduğu sahəyə ixtisası və təcrübəsi uyğun gəlməməlidir. Tıpqı əvvəllər təyin olunan Kənd Təsərrüfatı Naziri, Metronun rəisi, səhiyyə Naziri (hərçənd o ixtisasca həkim olsa da, savadı kəmdir) və.s kimi. maşallah həmin sahələr üzrə inkişafımız da göz qabağında. Mikayılın vaxtında Təhsildə böyük bir sıçrayış əldə etdi bu millətin balaları İnanırıq ki Mikayılın sayəsində Fazilin şikəst etdiyi bizne çiçəklənəcək

Kadır Generalov 2017-12-06 09:41:24

Ən doğru qərardır! SSRİ dağılan kimi xalqın övladının bicnesmen ümidi ilə son kapitallarını yığmaq üçün institutların sayı iki qat artırıldı. İndi də İnsan Kapitalı naminə Test hərəkatı yeni vergi obyekti ola bilər. Əhalinin dövləti narahat edən adambaşına ehtiyatı neft-qaz kimi 20-25 illik deyil, cəmisi (700 man) yeməyə "bir oturumluq" və ya yarım dəfnlikdir.

Zaza 2017-12-06 09:41:24

Bizim olkede butun memurlarin esas ixtisasi insaat muhendisi ve ya praravdir.hamisi vezifeye teyin olunan kimi sokuntiye, tikintiye baslayir.Hem de Dovleti sokur, ozu ucun tikir.Basqa seye vaxtlari qalmir.

Əhmədxan İrəvanlı 2017-12-06 09:41:24

İkiqat nazir hay-Ştirlisdir. Protokol Ş.Holmsa çalışır və üçü də Kremlə muştaqdır. S.Lavrov kimi Ağ evinoğlu da olmağa çalışır. Avropanın da uzunömürlü xeyriyyə bankiridir. Bunlar hamısı açıq-aşkardır və bütün dünyaya V.V.Jirinovski bəyan edib. Biz-azərbaycanlılar isə görməməzlik edirik? Bağdad və Madrid separatçılara qarşı dövlət qanununu bəyan etdi. Hər iki(Kürd və Katalon) lider və onların tərəfdarları dövlət xainləridir. Bütün dünya da bu mühakiməni dəstəkləyir.

Xalqin melumati 2017-12-06 09:41:24

haqqin.az saytinda meqale var : Кто в команде Трампа Штирлиц? KIV-ler yazmishdi, Azerbaycanda Kremlin "ШТИРЛИЦ" - leri orduda ve hakimiyyetde yuksek vezifelerdedir...

-- 2017-12-06 09:41:24

Hər zaman, bütün tarix boyunca məmur - məmurdur. Bu onların günahı deyil. Dövlətcilikdə məmur bürokrat , bukvayed, surundurucu kimi görünür. Hər birimiz məmur olsaq eyni onlar kimi olacayıq.

Letif 2017-12-06 09:41:24

Cox gözel cenab prezden, 9 milyonluq xalq sizden daha qabaga gedib bu memurlarında işden cıxmasını gözleyir meselen ramiz mehdiyev ramil yusubov vasif talıbov eli hesenovlar zakir qaralov necmeddin sadıqov hacıbala abutalıbov artur rasizade cahangir esgerov ramiz rzayev ve rayonların bütün icra başcılarnın cıxmasını gözleyir buların yerine isr kasıb balalarbın avropa amerika ve türküyede oxumuş balalarnı qoy haydı ireli xalq arxandadı

KASIBCHILIQIN SEBEBI 2017-12-06 09:41:24

haqqin.az saytinda melumat : Азербайджан вложит в Черногорию 288 млн евро . NIYE Azerbaycanda YENI ISH YERLERI ACHMAQ uchun SERMAYE pul QOYMURLAR, AMMA 288 млн евро Черногория uchun gonderilecek ? Azerbaycanda ISHSIZLIYIN REKORD HEDDE CHATDIQINI hakimiyyet BILIR, AMMA milyonlarla pullari xarici olkelere SERMAYE qoyur, bu TAKTIKA -ni Azerbaycanin DAXILI DUSHMENLERI heyata kechirir. Torpaqlarimiz ermeni - rus ishqalindadir ve DAXILI DUSHMENLER Azerbaycan xalqini KASIBCHILIQA MECBUR EDIRLER.

Oxucu 2017-12-06 09:41:24

Prezident aparatı deyilən sirli bir qurum var.Bütün nazirliklər,idarə və təşkilatlar,KİV-lər vəs.yalnız bu qurum vasitəsilə idarə olunur. Ona görə də narahat olmağa dəyməz.Qoy lap Fazil Məmmədov da təhsil naziri olsun.

Son yazılar