Xəbər verdiyimiz kimi, iyulun 1-də prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, polis general-mayoru Fazil Quliyevə polis general-leytenantı, polis polkovnikləri Şərif Əsədullayev və Fəxrəddin Pənahova polis general-mayoru rütbələri verilib.

Şərif Əsədullayev DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisidir.

AzPolitika.info-ya daxil olan məlumata görə, Prezident İlham Əliyevə 2 iyul Polis Günü münasibətilə daha bir polkovnikə general-mayor rütbəsinin verilməsi barədə təqdimat olub. Belə ki, Gəncə Şəhər Polis İdarəsinin rəisi Faiq Şabanova da general-mayor rütbəsinin veriləcəyi gözlənilirmiş. Lakin bəlli olmayan səbəblərdən Prezident Faiq Şabanovun adını siyahıdan silib və cəmi iki polkovnikə - Şərif Əsədullayev və Fəxrəddin Pənahova general rütbəsinin verilməsi barədə sərəncam imzalayıb.

Xatırladaq ki, Faiq Şabanov 2 fevral 2013-cü ildə Daxili İşlər nazirinin əmri ilə Gəncəyə polis rəisi vəzifəsinə təyin olunub. Bundan əvvəl o, Xəzər Rayon Polis İdarəsinə rəhbərlik edirdi.

Ölkənin ikinci böyük şəhəri olan Gəncənin Polis İdarəsinə rəhbərlik edən Faiq Şabanova general rütbəsinin verilməməsi düşündürücüdür. Bizə verilən məlumata görə, DİN sistemində F.Şabanova general rütbəsinin verilməsinə artıq həll olunmuş məsələ kimi baxılırmış. Gəncənin polis rəisinin özü də generalların sırasına qoşulmaq üçün Prezidentin sərəncamını səbirsizliklə gözləyirmiş.

İstisna deyil ki, son anda hansısa qüdrətli çevrə Faiq Şabanovun adını sərəncamdan çıxarmağa nail olub. Bu məsələdə Gəncənin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rolunun olub-olmadığı isə bilinmir...

Vaqif Nəsibov

AzPolitika.info