1.2 MİLYON ƏLAVƏ SEÇKİ BÜLLETENİ ÇAP OLUNUB! - Total saxtakalıq
Hakimiyyət bu dəfə İlham Əliyevin qələbəsini əvvəlcədən təmin etmək planı qurub
Azərbaycan hakimiyətinin seçkilərin nəticələrini daim saxtalaşdırdığı, xalqın səsini oğurladığı heç kimə sirr deyil. Məhz buna görə də, həm ölkə daxilində, həm də xaricdə mövcud hakimiyyətin bütün qollarının qeyri-legitim olduğu, xalqdan mandat almadığı hər kəsə məlumdur. Xalqın dəstəyini almadığı ücün isə hakimiyyət beynəlxalq arenada Azərbaycan dövlətinin maraqlarını qoruya, Qarabağ probleminin həllində siyasi iradə nümayiş etdirə bilmir.
Hər seçkidə nəticələri saxtalaşdırmaq üçün müxtəlif üsullardan istifadə edən hakimiyyət təmsilçilərinin bu dəfə də eyni yollara baş vuracaqları şübhə doğurmur. Müxtəlif mənbələrdən daxil olan informasiyalar göstərir ki, ölkə boyu total seçki saxtakarlığına hazırlıq gedir.
Sesvermə hüququ olan ölkə vətəndaşlarının 2 milyondan çoxununun xaricdə olması, heç də az olmayan böyük bir hissəsinin işləmək üçün gəldiyi paytaxtda qeydiyyatsız yaşaması hakimiyyətə saxtakarlıq üçün münbit şərait yaradır.
Təsadüfi deyil ki, XİN-in sözçüsü Elman Abdullayev trend.az-a bildirib ki, seçki günü xaricdə yaşayan cəmi 12 min Azərbaycan vətəndaşı səsvermə hüququndan yararlanacaq. Bu isə milyonlarla vətəndaşımızın səsvermədən kənarda qalması deməkdir. Əslində hakimiyyətin xaricə gedən vətəndaşları səsvermədən kənarda saxlaması təəcüblü deyil. İqtidar təmsilçiləri başa düşür ki, məhz bu hakimiyyətin yürütdyü siyasətə görə vətənindən didərgin düşən insanlar onun namizədinə səs verməz. Həm də o namizədə ki, artıq 10 ildir ölkənin başındadır, milyonların vətəndən didərgin düşməsinə səbəb olan siyasətin birbaşa məsuliyyətini daşıyır. Buna görə də, xaricdəki həmvətənlərimizin mümkün qədər seçkiyə qatılmamasına çalışır. Elə, Rusiyanın Moskva və Sankt-Peterburq vilayətlərindən başqa digər ərazilərində yaşayan Azərbaycan vətəndaşlarının seçki hüququndan yararlana bilməsi üçün şəraitin yaradılmaması da bununla bağlıdır. Hansı ki, adıçəkiən şəhərlərdən 100-lərlə kilometr uzaqlarda 1 milyona yaxın Azərbaycan vətəndaşı yaşayır. Onların səs vermək üçün Moskva və Sankt-Peterburqa gəlməsi ehtimalı demək olar ki, yoxdur.
Eyni və hətta daha acınacaqlı vəziyyət Avropada yaşayan Azərbaycan vətəndaşları üçün yaradılıb. Məsələn, «Yeni Müsavat» qəzetinin məlumatına görə, Azərbaycan vətəndaşlarının Avropada ən çox üz tutduqları Almaniyada seçki məntəqəsi yalnız Berlin şəhərində yaradılıb.
Səsvermə ilə bağlı ən absurd tələb Avstriya, Slovakiya və Sloveniya üzrə məsul səfirlikdən gəlib. Avstriya səfirliyinin saytında bildirilir ki, seçkiyə qədər səfirlikdə rəsmən qeydiyyatdan keçməyən şəxslər səs verə bilməyəcəklər. Yəni səsvermə üçün iki dəfə Vyanaya getmək lazımdır. 1 dəfə qeydiyyat üçün, 1 dəfə səsvermə üçün. Real olaraq da Vyanadan uzaqda yaşayanlar üçün bu, mümkünsüzdür.
10 minə yaxın səsvermə hüququ olan Azərbaycan vətəndaşının yaşadığı Hollandiyada isə, ümumiyyətlə səsvermənin necə olacağı barədə heç bir informasiya yoxdu. Digər ölkələrdə də eyni vəziyyət hökm sürür.
BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının açıqlamasına görə, 60 mindən çox Azərbaycan vətəndaşı müxtəlif Avropa ölkələrindən sığınacaq istəyiblər və hazırda onlar qaçqınlar üçün olan kamplarda məskunlaşıblar. Almaniyada yaşayan 30 min, Hollandiyada 10 min, Belçikada 5 mindən çox, İsveçdə 10 min, Norveçdə 1000-dən çox və digər ölkələrdə minlərlə Azərbaycan vətəndaşları yaşadığını nəzərə alsaq, aydın olar ki, Avropada yaşayan ən azı 100 min Azərbaycan vətəndaşı seçkidən kənarda qalacaq.
Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının sesvermə imkanlarının məhdudlaşdırılması isə təsadüfü deyil. Həmin şəxslər həm də Azərbaycanda qeydiyyatda olduqlarından saxtalaşdırma üçün yeni imkanlar yaranır. Hakimiyyət əvvəlki seçkilərdə istifadə etdiyi «karusel» usulundan yararlanaraq, səsvermədən kənarda saxlanılan şəxslərin yerinə də seçki qutularını öz bülletenlərilə doldurmaq niyyətindədir.
«AzPolitika.info»ya hökumətə yaxın mənbələdən daxil olan məlumatlar da bunu təsdiqləyir. Belə ki, saytımıza verilən bilgiyə görə, hakimiyyət 1 milyon 200 min əlavə seçki bülleteni çap etdirib. Bu bülletenlər müxtəli vasitələrlə hakimiyyətə bağlı olan şəxslər arasında bölüşdürülüb. Belə ki, yüksək vəzifədə olan məmurların, bəzi deputatların, icra hakimiyyətlərinin, ali məktəb və səhiyə ocaqlarının vəzifəli şəxslərinin, idarə və müəssisə rəhbərlərinin, eləcə də oliqarxların şirkətlərində müəyyən post tutan şəxslərin özlərinə, ailə üzvlərinə və etibar etdikləri yaxınlarına əvvəlcədən İlham Əliyevin xeyrinə işarələnmiş bülletenlər verilib. Bəzilərinə 3, bəzilərinə 5-10 bülleten. Məlumata görə, işarələnmiş bülleten verilən şəxslərin siyahısı da tutulub. Onlar sabah seçki qutusuna bu bülletenləri salıb, əvəzində seçki məntəqəsindən aldıqları işarələnməmiş bülletenləri prosesi idarə edən şəxslərə təhvil verməlidirlər.
Bu prosesi təşkil edənlər işi şansa buraxmamağı, İlham Əliyevin qələbəsini hələ seçkidən əvvəl təmin etməyi düşünüblər. Hər halda 1,2 milyon hazır bülletenin üzərinə İlham Əliyevə həqiqi səs verənləri, tam nəzarətsiz keçirilən ordudakı və həbsxanalardakı nəticələri də gəlsək, indiki prezidentin adına neçə faiz səs yazılacağını təsəvvür etmək çətin olmaz.
Ordudan söz düşmüşkən qeyd edək ki, yeni çağırış başa çatsa da, hərbi xidmət müddətini başa vurmuş əsgərlərin tərxis edilməsi seçkidən sonraya saxlanılıb. Bunun arxasında hakimiyyətin həmin əsgərlərin səsini də öz namizədinin adına yazmaq niyyətinin dayandığı heç kimdə şübhə doğurmur. Bu isə təxminən 50-60 minə yaxın səs deməkdir.
Qeyd edək ki, qeyd olunanlar, eləcə də daxil olan digər məlumatlar hakimiyyətin bu dəfə də nəticələri saxtalaşdırmağa hazırlaşdığını göstərir. Bunun qarşısını almağın yeganə yolu isə hər kəsin öz vətəndaşlıq borcunu yerinə yetirərək seçkidə fəal iştirak etməsi, istədiyi namizədə səs verməsidir. Hər bir vətəndaş sabah səsvermə hüququ olan ailə üzvləri ilə bərabər seçki məntəqələrində olmalıdır.
Eyni zamanda müxalifətdən olan, eləcə də dövlətini sevən müstəqil müşahidəçilərin də üzərinə böyük yük düşür. Onlar bir an seçki məntəqəsini boş qoymamalı, seçkidə iştirak edənlərin dəqiq sayını, hətta mümkündürsə adlarını qeyd etməlidirlər. Yalnız bu halda saxtakarlığın qarşısını almaq, ən azı onun miqyasını müəyyən etmək olar.
Murad
Azpolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.