Universitetin geniş rezonansa səbəb olan “UNEC2B” platforması - Yenilik

Dərc olunub: 13/12/2017 - 17:11

unec_tedbir_201117_03

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) iş dünyası ilə birlikdə yeni strateji əməkdaşlığa start verib. Universitetdən Modern.az-a verilən məlumata görə, təqdim olunan “UNEC2B” Platforması çərçivəsində tədrisin əmək bazarının tələbələrinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və UNEC məzunlarının işlə təmin olunmasında birgə fəaliyyət təmin ediləcək.

“UNEC2B” Platformasının əsas istiqamətləri aşağıdakılar olacaq:

1. UNEC məzunlarını işə götürdüyü halda 3 il ərzində işəgötürənlərin sifarişi əsasında “servis xidməti”, yəni onlar üçün UNEC tərəfindən ödənişsiz ixtisasartırma kursları təşkil edilir;

2.İşə qəbulla bağlı müsahibə zamanı UNEC tələbələrinin zəif cəhətlərini bildirdikləri təqdirdə, məzun olana qədər həmin tələbələrin həmin zəifliyinin aradan qaldırılması üçün işəgötürənin verdiyi proqram əsasında UNEC tərəfindən pulsuz kurs təşkil edilir;

3. İşəgötürənlərin təklifi əsasında müxtəlif ixtisasları təmsil edən tələbələrdən ibarət komanda şəklində mütəxəssis hazırlığı həyata keçirilir;

4. UNEC məzunlarını işə götürmək istədikləri halda işəgötürənlərə yardım etmək üçün onların bilik və bacarıqlarını diaqnostika etmək məqsədilə beynəlxalq praktikada qəbul edilmiş UNEC Neyrolinqvistik Test Laboratoriyası yaradılır və onun xidməti təşkil edilir;

5. Yerli sahibkarların istehsal etdiyi məhsulların ixracının təşviqi və dünya bazarında online marketinq araşdırmasının aparılması məqsədilə UNEC Digital Marketinq Mərkəzinin xidmətləri təklif edilir;

6.UNEC məzunlarının iş və işəgötürənlərin tələb olunan peşəkarları tapmasına yardım etmək məqsədilə daimi əsasda fəaliyyət göstərən job.unec.edu.az virtual əmək birjası təşkil edilir;

7. “UNEC2B” Koordinasiya Şurası yaradılır. Şuraya Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Auditorlar Palatası və Bank Tədris Mərkəzi daxil edilir. Şuraya ilk sədrlik UNEC-in rektoruna həvalə edilir və rotasiya əsasında hər il dəyişdirilir;

8. İstədikləri halda işəgötürənlərin universitet və fakültə rəhbərliyində təmsil olunmasına şərait yaradılır.

Məlumata görə, işin UNEC məzununa və UNEC məzununun işə uyğunluğunu müəyyən edən UNEC Neyrolinqvistik Test Laboratoriyası yaradılmaqla, yerli məhsulların xarici bazarlarda rəqəmsal marketinqini həyata keçirmək üçün Digital Marketinq xidməti təşkil edilməklə və job.unec.edu.az virtual əmək birjası yaradılmaqla UNEC ekspertləri tərəfindən işəgötürənlərə yardım ediləcək.

trend_fazil_mustafa_albom_4Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa deyir ki, Azərbaycanda təhsilin inkişafı, universitet modelinin təkmilləşdirilməsi üçün bir sıra maraqlı təşəbbüslərə imza atan (Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) cəmiyyətə təqdim etdiyi yeni platforma faydalı bir yenilik kimi xarakterizə oluna bilər: “UNEC2B” Platformasının gündəmə gəlməsi ilə yalnız universitet məzunları və işəgötürənlər arasında rasional əlaqənin qurulması prosesi başlamır, eyni zamanda Azərbaycanda yeni universitet modelinin mühüm konturları müzakirəyə çıxarılır. Sahibkarlıq universiteti modeli ilə yanaşı, Azərbaycanda öz məzunlarına görə, məsuliyyət daşıyan universitet anlayışı da tamamilə yenidir. Eyni zamanda bu Platforma öz məzunlarının hazırlıq səviyyəsinə güvənən universitet modelini də təqdim edir. Əmək bazarının tələbləri müasir dövrdə çoxşaxəli və çevik dəyişkən xarakterdədir. Universitetin bu çoxşaxəliliyə və çevikləyə cavab verən bir təhsil və təcrübə metodikası işləməsi asan məsələ olmasa da, “UNEC2B” Platformasında nəzərdə tutulan təkliflər cilalanmış bir reallıq sənədi kimi qəbul olunur. İstər müddətlərdə olsun, istər də tərəflərin maraqlarının dəqiq müəyyənləşməsində olsun, hər birində müasir dövrün konkret sahələr üzrə kadrlarının dəyərləndirilməsinin şəffaf meyarlarını görmək mümkündür. Sahibkarların tələbi olduqda UNEC-in 3 il müddətində ixtisasartırma funksiyasını öz üzərinə götürmə, işə götürülən məzunların biliklərinin diaqnostik qiymətləndirilməsini təmin edən beynəlxalq təcrübəyə uyğun olaraq Neyrolinqvistik Test Labarotoriyasının yaradılması sahibkar üçün kadr risqi təhlükəsini tamamilə minimuma endirir və universitetlə sahibkar arasında məsuliyyət paylaşımını gerçəkləşdirir. UNEC-in təşəbbüsü ilə virtual əmək birjasının yaradılması isə peşəkar kadrların axtarışı işində bütün mürəkkəbliyi ortadan qaldırır. Bu platformanın əhəmiyyəti yalnız bir universitetin məzunlarla əmək bazarı arasında sistemli əlaqəsinin qurulması ilə yekunlaşmır, eyni zamanda universitetlərin real müxtariyyəti üçün imkanları genişləndirir. Sahibkarların bu təşəbbüsə pozitiv yanaşması ən vacib şərtlərdən biridir. Əmək bazarının canlanması və ayrı-ayrı biznes strukturlarının daha keyfiyyətli kadrlarla təmin olunması perspektivi üçün bu cür yaradıcı layihənin qanunvericilik bazasının da təkmilləşdirilməsi zərurəti vardır”.

etibar-eliyevTəhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevbildirir ki, ali məktəblərin reytinqinin əsas kriteriyalarından biri məzunların işlə təmin olunmalarıdır: “Məzunların böyük kəsiminin işlə təminatı üçün ali məktəblər birinci növbədə təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün ciddi işlər görməlidirlər. Bu insan kapitalının inkişafına töhfə verən addımdır. Digər tərəfdən tanınmış reytinq cədvəllərində ali məktəblərimizin yer alması onların Beynəlxalq səviyyədə tanınmalarına gətirib çıxarır. Bu da məzunların üzünə Beynəlxalq əmək bazarının qapılarını açır. Əmək bazarı ilə əlaqələr o səviyyədə qurulmalıdır ki, məzunların işə qəbulu spontan xarakter alsın. UNEC təkcə ölkəmizdə deyil, xaricdə də inkişaf edən universitet imici qazanıb. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Corc Akerlofa görə iqtisadiyyatın fundamental konsepsiyası artıq tamamilə başqa çür görünür: bu bazar tarazlığının konsepsiyasıdır. Fikrimcə “UNEC2B” platforması əmək bazarının tarazlığının qorunmasına hesablanmış platformadır. Ziqmund Freyddən tutmuş İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kanemana qədər bizi müxtəlif arqumentlərlə inandırmağa çalışırlar ki, insanlar çox vaxt özlərinin həqiqi maraqlarına cavab verməyən qərarlar qəbul edirlər. Yəni onlar özləri üçün həqiqətən yaxşı olanı yox, istədikərini seçirlər. Fikrimcə keyfiyyətli təhsilin qurulması və əmək bazarının tələblərinin fəlsəfəsinin açılması gənclərə düzgün qərar qəbul etməyə imkanlar yaradacaq. Bu da İqtisadiyyat elminin əsas paradiqmalarından birinin önə çəkilməsidir. UNEC-dən gələn bu platforma həm də universitetlə əmək bazarı arasında rasional münasibətlərin dərinləşməsinə gətirib çıxaracaq. UNEC bu platforma ilə həm də məzunların zaman-zaman təkmilləşməsinin yeni qaydasını müəyyənləşdirdi. Post-sənaye cəmiyyətinin bilikləri daha çox tətbiqi xarakter daşıyır. Sahibkarlıq universiteti biliklərin tətbiq sferasını genişləndirəcək”.


loading...




Fikrinizi bildirin