AZƏRBAYCAN PREZİDENTİ QƏRBDƏN NƏ İSTƏYİR?

Alqış MUSAYEV

Ölkəmizin Qərblə naxışı gətirmir: söhbətimiz heç cür alınmır. Avropa Şurası ilə yaşanan böhran mahiyyətın özü deyil, təzahürüdür. Həm də çoxsaylı və növbəti təzahürlərdən biridir.

Bəs günah kimdə, nədə, haradadır: ədliyyə sistemimizdə, cəza üsullarında, yoxsa…

Azərbaycan həbsxanaları qapılarını laybalay, bacasını, pəncərələrini taybatay açsa... həbsxanalr yerli dibli ləğv edilsə... problem çözüləcəkmi?

İnandırıcı deyil... Mən inanmıram!

İnsan yaşamayan yerlərdə belə “siyasi məhbus” tapıb, onun hüquqlarını müdafiə edəcəklər.

Mən ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun 2011-ci ildə 10 Dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Cenevrədə etdiyi çıxışı həmişə xatırlayıram.

Xanım Klinton həmin günün təsisi edildiyi tarixə istinad edərək deyir: “64 il bundan əvvəl dünyanın 6 qitəsindən gələn nümayəndələr bu günün təsis edilməsi ilə bağlı müzakirələr apardılar, layihələr hazırladılar”.

Bu, necə deyərlər, əməlli-başlı “ağ” eləməkdi. Axı dünyanın 6-cı qitəsinin - Antarktidanın canlı sakinləri soyuğa davamlı pinqvinlər və suitilərdir...

Pinqvinlər və suitilər 1947 ci ildə Beynəlxalq İnsan Hüquqları Gününun təsis yığıncağında hansı statusla iştirak edə bilərdilər?!

Amma kimə deyirsən?

Lazım olursa, suiti və pinqvin insan haqlarının müdafiəçisi qismində tanınır.

Sərf etmirsə, yüzlərlə, minlərlə, milyonlarla insan suiti və pinqvin yerinə belə qoyulmur.

Bu təkcə həmin məruzəni hazırlayan mütəxəssislərin hadisələrə yalnız texniki tərəfdən yanaşmasının göstəricisi deyil. Bu həm də insan haqları mövzusunun xarakterik cızgisidir...

***

Tariximizin 2003-cü il dönəminə kimi dövlətçilik məsuliyyətinin ictimai-sosial və hüquqi-siyasi varisliyi sona qədər dərk və təmin edilməyib. Bu, danılmaz bir gerçəklikdir…

Oturuşmuş dövlətin yoxluğu, ənənənin zəifliyi və pərakəndəliyi, nəsillər arasandakı vəhdətin qırılması faciələrimiz üçün “münbit və əlverişli” şərait yaradıb: ta orta əsrlərdən tutmuş, yaxın keçmişimizin ərazi itkiləri, soyqırımlar, 20 yanvar,  Xocalı qətliamı daxil...

Əlahəzrət Zaman əsrlər boyu bizə (söhbət bütövlükdə etnos və çoğrafiyamızdan gedir) qarşı həmişə eyni mövqedən çıxış edib: Sərt və amansız!

Və bəzən də təkcə düşmənin və ”münbit və əlverişli şəraitin” müttəfiqliyi ilə deyil deyil, həm də Təbiətin (natamamlığın və qeyri-kamilliyin) dəstəyi ilə birlikdə…

Nümunələr kifayət qədərdir…

Ədəbiyyatşünas-tarixçı alimlərimizin hec cür izah və bəraət verə bilmədiyi bir fakt məlumdur: Şah İsmayl Xətainin doğma oğlu Sam Mirzə 16-cı yüzilliyin ortalarında ədəbi əsərlərin toplusunu tərtib edir.

Və yalnız fars dilli mətnlərdən ibarət “Təzkireyi Sam Mirzə”yə təbii ki, Şah atasının Azərbaycan türkcəsində yazdığı “Dəhnamə”ni salmır …

Bu biganəliyi, daha dəqiq desək, ögeyliyi və inkarı necə izah etmək olar?

Təbiət Şah Atanın - İsmayılın irsini dəyərləndirə biləcək bəsarəti Sam Mirzədən əsirgəmişdi.

Həqarətə məruz qalan yalnız Xətainin Ana dili və ədəbi irsi deyildi. Sam Mirzə Səfəvi padşahının siyasi irsinə də dönük çıxmışdı.

O, özünü Sultan Süleymanın vassalı hesab edirdi...

Təəsüf ki, Səfəvi liderinin tədqiqatçılar və təbliğatçılar sarıdan da bəxtı gətirmir.

Xətainin güclü, mərkəzləşdirilmiş idarəçilik düşüncəsini mənimsəmək yerinə onun adı siyasi romantizmin pafosuyla tərənnüm edilir.

Tərənnümlə həqarət arasındakı məsafə isə çox qısadır.

1992-ci ildə tələm-tələsik qoyulmuş abidə və eyni davranışla təsis edilmiş “Şah İsmayıl” ordeni (çox qəribə, həm də məntiqidir ki, dövlət təltiflərinin yüzüncü sırasında qərarlaşan bu orden 25 il ərzində hələ heç kimə təqdim edilməyib!) 21-ci əsrin astanasında, tamam fərqli və yeni – müstəqil Azərbaycan kontekstində olduqca uğursuz və bayağı görünür…

Azərbaycan ötən əsrın əvvələrində daha bir irsin iflasına və faciəsinə şahidlik edib: Nəriman Nərimanovun məktub-vəsiyyəti tanıyıb bildiyimiz, oxuduğumuz ata-oğul münasibətlərinin ən dramatik və tragik nöqtələrindən biridir.

1925 ci ildə 55 yaşlı yazıçı, ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanov 5 yaşlı oğlu Nəcəfə məktub hazırlamışdı.

Nəriman Nərimanov həmin nakam məktub-müraciəti sonsuz tərəddüd və gərginlik içərisində yazırdı:

“Ola bilər ki, sən bu sətirləri oxuyanda bolşevizm artıq mövcud olmasın. Amma bu o demək deyil ki, bolşevizm yarasız şey imiş: bu o demək olardı ki, biz onu qoruyub saxlaya bilmədik.

Hakimiyyət çoxlarını məhv edir. Elə də oldu. Nəhəng bir dövlətin taleyini ələ almaq ona ağına-bozuna baxmadan hakimlik etmək qərarına gələn neçə-neçə işçini hakimiyyət tamam korladı...

İndi bu sətirləri sənə yazdığım vaxt işlərimiz o hala gəlib çatıb ki, ən məhrəm dostlar - Kommunustlər bir biri ilə kəlmə kəsə, Lenindən sonra özlərini qanuni varislər adlandıranların dövləti idarə edərkən buraxdıqları görülməmiş, eşidilməmiş qüsurlardan danışa bilmirlər.

Bunların hamısı sənə MK–ya ətraflı məruzəmdən məlum olacaq. Məruzə sənə imkan verəcək ki, bütün bu işlərdən baş çıxara biləsən, elə həmən məruzədən sən öyrənəcəksən ki, hakimiyyəti, yaxud vəzifəni itirmək qorxusu qarşısında çoxlarının deyə bilmədiyıni demək cəsarəti sənin atanda olub...”

Nərimanov yanılmamışdı: böyük mütəfəkkirin qurulmasında müstəsna xidmətlər göstərdiyi sistemin aqibətiylə bağlı narahat və həyəcanlı düşüncələri əsassız deyildi .

Nəcəf Nərimanoğluna nəinki, “bütün bu işlərdən baş çıxara bilmək”, hətta atasının müqəddəs vəsiyyətini oxumaq belə nəsib olmadı. Tankçı vzvod komandiri Nəcəf yeniyetmə ikən, 23 yaşında İkinici dünya müharibəsinin üçüncü ilində həlak olur.

Bu faciədə təssəlli verən odur ki…

Çox-çox sonralar, vətənpərvər ziyalımız Vəli Məmmədov 1957-ci ildə, aspiranturada təhsil alarkən, Nəcəf Nərimanovun qürbətdə - Ukraynada dəfn edildiyi yeri axtarıb tapır və Donbasda, Volnavaxa qəsəbəsındə Nərimanovun nakam vəsiyyət-məktubunu oğlunun qərib məzarına oxuyur...

Və sonra nə yazıq ki, o özü də faciələrimizin bir həlqəsinə çevrilir. Xalqımızın nadir, qədirbilən övladlarından biri olan Vəli Məmmədov 1991-ci ildə Vətən səmasında (vertalyot qəzasında) terrorun qurbanı olur.

Mən nədən vəsiyyət mövzusunu xatırladım?

Sah İsmayılın “Dəhnamə” misalındakı vəsiyyətinin, Nərimanovun müraciətinin öz ünvanına və hədəfinə yetişməsini əngəlləyən hansı şərtlər idi?...

1) Milli dövlətin olmaması... mübahisəli görünsə belə.

2) Varislik hüququnun xalqın xeyir duası və iştirakı ilə və ənənə üzərində gerçəkləşməməsi...

***

İyirminci əsrin sonunda - 1993-cü ildə Azərbaycan dövlətçiliyi və tarixi bir Dahinin ətəyindən yapışaraq ayağa qalxır, müvazinətini tarazlayır və addımlarını mətinləşdirir.

İyirmi birinci əsrin əvvəli siyasi Tariximixə daha bir məktub –vəsiyyətlə daxil olur: Heydər Əliyev Azərbaycan xalqına son dəfə müraciət edir.

2003-cü ildə varislik xalqın dəstəyi və istəyi ilə və ən vacibi odur ki, ənənəyə güvənərək və söykənərək öz müsbət həllini tapır...

***

Bədii və siyasi ədəbiyyatımızda siyasi liderin və dövlət rəhbərinin klassik obrazını canlandıran mənbələr çox azdır .

O cümlədən müxalifətin və müxalifətçinin klassik tipini təqdim edən mətnlər yox dərəcəsindədir.

Mövzuyla bağlı unikal bir mənzərəyə diqqət etmək yerinə düşərdi...

Azərbaycan Respublikasının Prezidenti müsahibələrinin birində Heydər Əliyevin ustad dərslərindən sayıla biləcək bir xatirəsini bölüşür: “Heç vaxt unutmadığım bir epizodu danışmaq istəyirəm.

Türkiyə respublikasının prezidenti Turqut Özal vəfat etmişdi və dəfn mərasimində iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti Ankaraya yola düşürdü.

Aeroportun VİP salonunda Naxçıvan parlamentinin sədri Heydər Əliyev də var idi. Azərbaycanın o vaxtki prezidenti Əbülfəz Elçibəy içəri girəndə atam ehtiram vəziyyətində ayağa qalxdı. Elçibəy ona dedi:

- Heydər bəy, qalxmayın, oturun.

Atam cavab verdi:

- Mən ayağa qalxmaqla Elçibəyi deyil, ölkənin prezidentini salamlayıram.

O, yaş baxımından böyük, əvvələr tutduğu vəzifələr baxımından ondan yüksək idi, qalxmaya da bilərdi.

Halbuki, Elçibəyin özü tərəfindən vəzifəyə təyin olunmuş nümayəndə heyətinin qalan üzvləri o, içəri girəndə əlləri ciblərində dururdular.

Heydər Əliyev etik normalara həmişə riayət edir, dövlət atributlarına ehtiram göstərirdi...”

İti bir fəhmin müşahidəsi və dəqiq təsvirdir: bu kiçik qeyd müqayisə üçün əvəzsiz material verir. Əlavə şərhə heç bir ehtiyac qalmır.

Peşəkarla qeyri-peşəkarın, dövlətə sevgiylə vəzifə hərisliyinin, geniş düşüncəylə antidünyagörüş, səviyyə ilə səviyyəsizlik arasındakı məsafənin ölçüləri çox aydın görünür...

İbrətamizdir...

VİP salonundakı o hadisədən çox keçmədi ki, “əli cibində dayanan” həmin təşəxxüs sahibləri Heydər Əliyevi yalvar-yaxarla Bakıya, ali hakimiyyətin zivəsinə dəvət etdilər...

Özləri isə ciblərinin təsir və əhatəsindən hec cür çıxa, cib həddindən yuxarı qalxa bilmədilər.

Bəziləri, sadəcə, cibə işlədi, bəziləri “cib müxalifəti”nə transfer olundu, bəzilər isə “əlləri ciblərində” tarixin və zamanın axarından kənarda donub qaldılar.

Nə etməli ki, “Südnən gələn sümüknən gedər”: Həmin “cibgir” düşüncənin əlamətləri hələ də yaşayır.

Lap bu yaxınlarda müxalif liderlərdən biri öyünərək deyir: ”Heydər Əliyev parlamentə gələndə mən ayağa qalxmırdım. Bəs müxalifət necə olmalıdır ki...”

Dövlət artibutuna, ölkə başçısına, üstəlik ağsaqqala sayğısızlıq nə vaxtdan bəri müxalifətçilik etalonu kimi qəbul olunub?

Bu, siyasi etika, dünyagörüşdən daha çox, bir mədəniyyət, görüb-götürmək, tərbiyə, əxlaq məsələsidir...

İlham Əliyevə rəqiblik etmək istəyən müxalifət hər dəfə “Məhsul” meydanındakı “qeyri məhsuldar” mitinqdən sonra məyusluğunu xalqın üzərinə yükləməyə calışır: ”İnsanlar öz hüquqları uğrunda mübarizə aparmaq istəmirlər...”

Bu xalqa dırnaqarası yanaşmanın doğurduğu səhv qənaətdir.

Xalq öz potensialını mərhələlər üzrə və müxtəlif formlarla büruzə verən və hər gün, hər an tədqiq edilməyə, öyrənilməyə ehtiyac duyan bir fenomendir.

Xalq kimin arxasınca getməyi, kimi, haçan, harda, necə müdafiə etməyi (heç kimin müdaxiləsi və təhriki olmadan) özü müəyyənləşdirir.

Xalq uyğun bilirsə armud ağacının, portetin arxasınca gedir.

Amma canlı pullu-paralı, gurulldayan, səlahiyyətli liderlərin çağırışına dönüb baxmır.

Şahidlər danışır ki, Vəli Axundovun rəhbərliyi zamanı keçirilən “1 may” nümayişində heç kimin tanımadığı bir adam qəfildən Stalinin iri bir portretini başı üzərinə qaldırıb “Ura” deyə qışqırır.

Və nümayişdəki kütlə dərhal onun arxasınca düzlənir, mitinqin marşrutu dəyişir... Respublika rəhbərliyi kirimişcə tribunadan baxa-baxa qalır...

Xalq ayağa qalxıb heç kimi yıxmır.

Xalq normativ hökmlər çıxarmır: Onun mühakimə və təltif üsulları qeyri-standart, gözlənilməz və bəzən də ağlagəlməz olur.

Xalq onun etimadını doğrultmayanları həlledici anda gərəkən dəstəyi verməməklə cəzalandırır...

1992-ci ildə olduğu kimi: AXC-Surət Hüseynov çəkişməsində xalq hakimiyyətin müdafiəsində dayanmadı.

Prezident sarayının önünə dəstək məqsədilə çağırılan mitinq, demək olar ki, baş tutmamışdı.

Həmin gün Əbülfəz Eçibəy tərəfdarlarını yığıb belə deyibmiş: ”Elə yekə-yekə danışmağınız var, ancaq 500 adamı bir yerə toplaya bilmirsiniz...”

***

Bir dəfə “Azərbaycan prezidentinin öz siyasi ustadı – Heydər Əliyevdən əxz etdiyi ən mühüm keyfiyyət hansıdır”? sualını belə cavablanıdırmışdım:

Təmkin! Onun təmkini, istənilən müxalifyönlü siyasi bəlağətdən gür, ahəngdar və sirayətedici təsir bağışlayır. Təmkin siyasi liderin mükəmməllik nişanıdır...

Opponentlərinin onu polemikaya cəlb edib ictimai düşüncədə tərəf-müqabil statusu qazanmağa hesablanmış bütün cəhdləri, çabaları nəticəsiz qalır. O, təmkini ilə danışdırır və təmkini ilə susdurur”.

Onun təmkini yalnız daxildəki bədxahlarını zərərsizləşdirməklə kifayətlənmir həm də ölkəsini mümkün xarici risklərdən və təhlükələrdən sığortalayır və qoruyur.

“Nazik sap üzərində yürüdülən xətt” (İfadə Heydər Əiyevə məxsusdur) kimi səciyyələndirilən xarici siyasət kursumuza İlham ƏIliyev praktik məzmun gətirib: “Azərbaycan qarşıdurma yox, əməkdaşlıq məkanıdır!”

Rusiya ilə qərb arsında konkret və birmənalı seçim etməliyik -deyə, israr edənlərın psixoloji təzyiqini eyni soyuqqanlılıqla qarşılayır. Haqlı və məntiqi olaraq.

Ağıl verən, yol göstərənlər çoxdur.

Lakin heç kim Rusiyanın təsir dairəsindən kosmik sürətlə qopmağın və həmin sürətlə Qərbə pərçim ola bilməyin konkret reseptini tərtib və təklif edə bilmir...

Rusiya bizim şimal qonşumuzdur. Həm də bizim keçmişimizdir. Mən bu keşmişi sırf boz rəngdə təbliğ etməyin tərafdarı deyiləm.

Sovetlərin tərkibində biz yetərincə və böyük nailiyyətlər əldə etmişik, özü də bir çox sahələrdə. Konkret sosial və coğrafi şərtlər qazanmışıq.

Sovet təhsil siteminin keyfiyyətini kim inkar edə bilər ki...

İnsanının öz bioqrafiyasından imtina eməsi mümkünmü?

İstəsək də, istəməsək də keçmişimiz bizi həmişə təqib edəcək.

Və əksinə, biz də Rusiyanın keçmişiyik. Və qonşumuzu təqib etməyimiz və hərdənbir ona bənzəməyimiz də təbii sayılmalıdır.

Şimal qonşumuz gələcəyə inanmır. Onun bu gün atdığı addımlar, yürütdüyü siyasətin ana xətti birbaşa keçmişinə hesablanıb.

Şimal qonşumuzun xarici siyasəti ətrafına və özünə (özünə daha çox) zərər verir.

Qərbin xarici siyasət konsepsiyası tamam əksinədir: Qərb (Amerika) heç yerə və heç kimə fayda vermədən hər yerdən və hər kəsdən faydalanır. Heç bir problemi həll etmədən bütün problemlərlə yaxından ilgilənir.

Rusiyanın xarici siyasəti qaba və kobudluğu ilə seçilir.

Qərbin xarici siyasəti intellekt, hiylə və məkr üzərində qurulub.

Qərb samanı heç kimin düşünmədiyi və gözləmədiyi yerdən -suyun altından keçirmək məharətinə qadirdir.

Qərb çeşidli təsir üsüllarından bəhrələnir.

İnsan haqları mövzusu aşınırsa başqa alternativ seçir...

Məsələn, bir müddət əvvəl Dövlət Depatamentinin Azərbaycana gələn amerkalılara etdiyi xəbərdarlıq ciddi müzakirə predmetidir. Nə üçün?

Xəbərdarlıqda vurğulanır ki, Azərbaycanda apteklərdən dərman almayın, əməliyyat olunmayın.

Qeyri adi nə var ki, Departament öz vətəndaşlarının qayğısına qalır. Amma bu ilk baxışda belədir.

Mən hesab edirəm ki, burada “canıyananlıq” makiyaydır, sifətin-dərdin özü deyil.

Xəbərdarlıq “qızım sənə deyirəm, gəlinim sən nəticə çıxart” funksiyası daşıyır (Səhiyyəmizdəki qüsürları heç kim inkar etmir).

Heç ağlabatan deyil: Kimsə cərrahi əməliyyat üçün Amerikadan durub Azərbaycana gəlsin...

Çox ehtimal ki “dərman” bəyanatı başqa məqsədlərə hesablanıb.

Turizmə mənfi təsir göstərə bilər.

Ola bilər ki, Azərbaycan haradasa dərman biznesi ilə məşğul olan dairələrin marağına toxunub.

Ola bilər ki, ölkəmizdə dərman istehsal edəcək müəssisələrin inşa edilməsi planı səhiyyə və dərman bosslarını narahat edir...

Ən pisi odur ki, belə bəyanatlar Azərbaycan hökumətinin mühüm strukturu ilə əhali arasına şühbə toxumu səpir.

Dövlətə inamı sarsıdır. Dövlətlə vətəndaş arasındakı bağları zədələyir.

Nəzərə alsaq ki, hər seçkidən sonra “Hökumət əhalinin qanuni yolla hakimiyyəti dəyşmək şansını əlindən alır” kimi ikibaşlı bəyanatlar verilir...

Məzmunundan asılı olmayaraq, ölkəmizə yönəlik “907-ci düzəliş”dən üzü bəri bütün hesabatların bir-biri ilə çox yaxın “qohum -əqrəba “olduğu və şübhəli niyyətlərə xidmət etdiyi bəlli olur...

***

Rusiyaya ikinci erməni dövləti lazım deyil. Ermənistan yetər.

Amma bu mövzuyla bağlı Qərbin (Amerikanın) davranışı əminlik vəd etmir...

Rəcəb Tayyib Ərdoğan Soçi müzakirəsindən sonra hər kəsə bəlli bir ünvanı yenidən nişanladı.

Türkiyə prezidentinin verdiyi açıqlama yenilik olmasa da, mənzərənin böyür-başını birdəfəlik tamamlayır: “Rusiya Qarabağ münaqişəsini çözə biləcək yeganə nüfuz və səlahiyyət sahibi olaraq qalır”.

Qarabağın açarı şimal qonşumuzdadır.

Kilid isə Qərbin əlində deyil...

Azərbaycan Rusiya-Qərb aralığıda müstəqilliyini nə dərəcədə qoruya bilir?

Həqiqətə nisbətən yaxın cavabı siyasətçilər, politoloqlar, hansısa ...pərəstlər deyil, manatın məzənnəsi deyə bilər: son məlumata görə; 1 dollar = 1.7002 manat, 1 dollar = 58.3 rubl civarında dəyərləndirilir.

Azərbaycan manatı bir il əvvəl Amerika dolları ilə başabaş tutuşa bilirdi, rus rublından isə dəfələrlə bahadır...

Azərbaycan Prezidentinin təmkini onun və olkəsinin manevr imkanlarını çərçivəyə salmır. Əksinə...

İlham Əliyev seçdiyi hədəfin üzərinə qətiyyətlə, çəkinmədən, müstəqil addımlarla, tələsmədən və keçikmədən irəliləyir.

Həm də tələbkarlıqla...

Təmsil etdiyi dövlətə qarşı tərəfdən ehtiram və sayğı Azərbaycan rəhbərinin əlahiddə tələbidir...

Aksent dəyişməlidir...

“Dərhal azadlığa buraxılsın” kimi aşağılayıcı direktivlər keçərli deyil.

Filankəs həbs edilənə kimi müəyyən hüquqi prosedur keçib.

Məhbusu necə dərhal azad etmək olur? Yəni, qapını aç burax getsin.

Azərbaycan çöl-biyaban deyil. Dövlətdir!

Dağlıq Qarabağ probleminin ədalətli həlli, maddi rifah, yüksək təhsil: demokratik sistemim taleyi və perspektivi bu üç faktordan asılıldir.

İxracat ideyalar və demokratik seçki nağılı hələ heç bir xalqı xöşbəxt edə bilməyib.

Qərb Azərbaycanı həzm etməlidir: bütün özəllikləri, xarakteri, ənənəsi, uğurları-çatışmazlıqları ilə birlikdə.

Amma bir şərtlə, Əli Bəy Hüseyinzadənin təbirincə desək, mədəsinə yox, düşüncəsinə və dərrakəsinə...

635x100

Şərhlər

Vətən OĞLU 2017-12-14 19:05:31

Camaatı razı salmaqdan ötrü Allahı qəzəbləndirmə və Batinin də zahirin də bir olsun,Yalan demə,Xalqın adından danışma,haqq sözü eşidəndə qəzəblənmə.

t.ədalət 2017-12-14 19:05:31

yazı,müəyyən mənada təhlilər üzərində qurulub.Rəvandır. son hissədə isə "qənbərqulunun quyruğu" üzə çıxır.Qərblə rusiyanı müqayisə edib,üstünlüyü rusiyaya verməlk "qulun onu döyüb,əzib təhqir etdiyi ağasına" qorxudan boyun əyməsinə bənzəyir.Niyə demirsiniz ki,dağlıq Qarabağı işğal edən rusiyadır?İkiyüz ildən artıqdır ,bizi yurdumuzdan edən,İrəvandan didərgin salan,milli kimliyimizi, dilimizi və mədəniyyətimizi ermənilərin proqramı ilə müəyyənləşdirən rusiyanı tərifləmək acizliyimizdir.Gəlin,daha susmayaq!

Coğrafiya müəllimi 2017-12-14 19:05:31

Arktikanın bir çox adalarında yaşayış mövcuddur. Məsələn xəritədə Atlantik və Hind Okeanına baxsın.O zaman ona bəlli olar ki. dünyanın 6 qitəsində yaşayış var.Hətta Antraktida da bəzi ekspedisiyalar daim fəaliyyət göstərirlər. Deməli insan yaşayır. Belə məlumatsız və dünyadan xəbərsiz adamın uzun-uzadı pinqvinlərdən danışması, Hillar Klintonu tənqid etməsi onun bilik və bacarıq dərəcəsini sübut edir.

NURəddin 2017-12-14 19:05:31

HÖRMƏTLİ AZPOLİTİKA,ƏZİZ SAYTIMIZ,DEYƏSƏN ARTIQ SƏNƏ DƏ RUSİYA-RUSİYA DEDİRTMƏYƏ BAŞLAYIBLAR HA?BU ADAM KİMDİ ÜSTÜNÜZƏ YOLAYIBLAR? MƏCAZİ BƏNZƏTMƏNİ BELƏ ANLAMAYAN BU KƏS H.KLİNTONA İRONİYA EDİR. XAHİŞ EDİRƏM ONA ZƏNG EDİB DEYİN Kİ, SUSSUN VƏ ÖZ KƏNDLƏRİNƏ QAYITSİN. BİZ BU MUS-MUSUN ARXASINDA HANSI MUSTAFANIN DAYANDIĞINI BİLİRİK. ÖLKƏDƏKİ RUS.. ELƏ BİLİR Kİ,XALQI BU QƏDƏR ƏZMƏKLƏ ONU RUSİYAYA BİRLƏŞMƏYƏ MƏCBUR EDƏCƏKLƏR. QANIMIZI QAŞIĞA QOYACAĞIQ 1 DAHA RİSİYAYA BİRLƏŞMƏYƏCƏYİK!

Sabir 2017-12-14 19:05:31

Dunyanin 6 olkesinden gelen, 6-ci olkesinden gelen ayri-ayri mena veren soslerdi .Dunyanin 6 oikesinden gelenin pinqivinlere aidiyyati yoxdur.Sozu duzgun oxumaq.....

Muellife 2017-12-14 19:05:31

Muellim,Elemdarda muellimdi,siz вообще muellimin muellimisiniz,yani SUPER (yeke)muellimsiniz.

abu 2017-12-14 19:05:31

Hami gozel bilirki qerb oz maraqlarina uygun ve daha cox xristianperest siyaset yurudur.Ama rusiyanin yeritdiyi siyaset imperializmdir.her zamanki kimi parcala hokmranliq et.sozum muellifedir:Azerbaycan tarixini oxu ve qarabag problemini arasdir.

bravo 2017-12-14 19:05:31

Bu yaziya gore Alqişa bir alqiş bir dene de malades.. duşur.

M.Nüvədili 2017-12-14 19:05:31

a.musayev...... Etikadan danışır.Amma ozü vəzifədə olanda insanları ələ salardı. Yazısında bütövlük hiss olunmadığı kimi..... ancaq və ancaq vəzifə həsrətindədir.Bir əmisi oğlu vardı- musayev . .... kim istəmir respublikanı tərk eləsin deyirdi.Bir ona heyifim gəlir ki,Vaqif Hüseynov , gözəl göyçəli balası məhz bunların güdazına getdi.Bəlkə də qaytardılar.Yox ,sən qaytmayacaqsan...a,

Dağlıq Qarabağlı 2017-12-14 19:05:31

Bravo! Üstün və maraqlı parodiyadır. "Azərbaycanın bədbəxtliyi" problemin həllini aramaq əvəzinə kiminsə icrasına yazıb urrasız "Uğur"(yeni qələbə). Jurnalist, Siyasət və ya Müxalifət lideri nə dərəcədə ... olmalıdır ki, xalqına çatmayan Demokratiyanı və İnsan haqlarını maraqlı aləmə bəyan etməsin. Qərb siyasətlə faydalanır biz isə müstəqilliyimizi də xarici tərifə xərcləyirik. Sayğılı Alqışa Prezidentdən yazanda Vitse-Prezidenti də unutmamağı tövsiyə edirəm.

Son yazılar