Bilikdən daha çox diploma üstünlük verilirsə...

Nadir İSRNadir İSRAFİLOV

Son vaxtlar təhsil və xüsusilə də ali təhsil sistemində mühüm dəyişikliklərin aparılması, universitetlərin statusunu daha düzgün müəyyənləşdirməklə təhsil sistemində həyata keçirilən genişmiqyaslı islahatlar kontekstində bir-birindən fərqli fikirlər, bəzən isə tamam əks və ziddiyyətli mülahizələr səsləndirilir.

Universitetlərə qəbulun sadələşdirilməsi və əksinə olaraq mürəkkəbləşdirilməsi heç də birmənalı qarşılanmayaraq, uzun illərdən bəri ciddi polemika predmeti olaraq qalmaqdadır. Kimlərsə dünya təcrübəsinə istinad edərək ali məktəblərə qəbulun sərbəstləşdirilməsini, yəni müsabiqənin bilavasitə attestat qiymətləri əsasında keçirilməsini və ya bir sıra ölkələrdə olduğu kimi imtahansız ödənişli qəbul aparılmasını, kimlərsə əksinə, qəbulun tələb-təklif prinsiplərinə uyğun olaraq məhdudlaşdırılmasını, başqa sözlə, keyfiyyətə nail olmaq məqsədilə ali məktəblərə keçid balının qaldırılmasını, tələbə seçimini məhz universitetlərə həvalə edilməsini daha zəruri və məqsədəuyğun hesab edir.

Universitetlərin giriş qapısını genişləndirmək, çıxış qapısını isə daraltmağın tərəfdarları da az deyil.

Qəbul imtahanlarının forma və məzmunca yeniləşməsi də birmənalı qarşılanmır. Ümumiyyətlə, qəbulun test üsulunun tətbiqi ilə bağlı mülahizələri qruplaşdırmalı olsaq, tərəfdarlarla əleyhdarlar arasında əsasən iki fərqli münasibətin mövcudluğunun şahidi olururuq: “Test əzbərçiliyə və şablonçulğa şərait yaradır” və “test şəffaflığı təmin edir, insan faktorundan asılılığı minimuma endirir, təhsildə rüşvət və korrupsiyanın qarşısını alır”.

Göründüyü kimi bu yanaşmada da kimlərsə testdən imtina etməyin, kimlərsə testi daha da təkmilləşdirməyin tərəfdarıdır. Bu mənada qəbulun optimallaşdırılması və daha da rasionallaşdırılması istiqamətində axtarışlar davam edir. Bu illər ərzində minimal keçid balının 350-dən 150-yə endirilməsi, daha sohra isə 200 bal həddinin müəyənləşdirilməsi, hətta boş qalan plan yerlərinin doldurulması məqsədilə bəzi ixtisaslara 100 balla keçidin mümkünlüyü halları da olub.

Hazırda ali təhsilin hamı üçün əlçatan olması kursu götürülüb. Bu məqsədlə məzunlara qəbul zamanı əlavə olaraq ikinci şans verilir, bəzi universitetlərin nəzdində hazırlıq kurslarının fəaliyyət göstərməsi nəzərdə tutulub. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına müvafiq olaraq təhsilin fasiləsizliyinin təmin olunması məsələsi qoyulub, yaxın illər ərzində qərar qəbul olunacağı təqdirdə kolleci nailiyyətlə bitirən məzunların ali məktəblərin eyni ixtisaslarına Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak etmədən qəbul oluna biləcəkləri barədə rəsmi açıqlamalar verilir.

Bu baxımdan, əgər ali təhsili hamı üçün əlçatan etmək istəyiriksə, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı dövlətləri ilə rəqabət aparmaq məqsədini hədəfləmişiksə onda yaxın gələcəkdə dünyanın bir sıra ölkələrində olduğu kimi imtahansız qəbul və ya attestat qiymətləri əsasında qəbul variantını da nəzərdən keçirmək olar, əlbəttə, buna tam hazır ola biləcəyimiz halda.

Hələ ki, DİM və Təhsil Nazirliyi tərəfindən təklif olunan “Yeni model”ə əsasən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları indiyədək olduğu kimi – 3 fənn üzrə keçiriləcəyi, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayının 5-dən 3-ə endiriləcəyi və buraxılış imtahanlarının nəticələrininali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacağı nəzərdə tutulub.

Yəni, abituriyentlər buraxılış və qəbul imtahanlarının birgə nəticəsinə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Yeni qəbul modelində hazırda olduğu kimi, ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinə müsabiqə buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq. “2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq. Buraxılış imtahanında iştirak edənlər üçün maksimum bal 300-dür. Abituriyentlər qəbul imtahanında 3 fəndən maksimum 400 bal toplaya biləcək, yekunda ən yuxarı bal 700 olacaq.”

Hesab edirəm ki, təklif olunan modeli bir müddətdən sonra daha da təkmilləşdirmək və bir az da sadələşdirmək yolu ilə təkrarçılığı və məzunların fiziki və psixi gərginliyini azaltmaq üçün yaxın perspektivdə ən optimal variant buraxılış və qəbul imtahanlarını birləşdirərək təkpilləli vahid imtahan sisteminə keçiddir.

Bütün deyilənlərə rəğmən, istəsək də istəməsək də, hələ ki, sabiq təhsil naziri Mikayıl Cabbarovun bu gün üçün daha obyektiv görünən və reallığa söykənən “Hansı ölkədə bilikdən daha çox diploma üstünlük verilirsə, orada mərkəzləşdirilmiş qəbul imtahanının olması vacib və zəruridir” fikri ilə razılaşmaq zorundayıq.

Hər halda "XXI əsrin universitetləri necə olmalıdır?” sualı günün vacib suallarından olaraq qalmaqdadır. Ümidverici olanı odur ki, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun təbirincə desək, “Bizim universitetlər XXI əsrin dəyişən mühitinə və çağrışına cavab verməyə hazırlaşırmı?” sualına cavab ətrafında axtarışlar davam edir. Təkcə son həftələr ərzində “XXI əsrin universitetləri” ilə bağlı bir sıra tədbirlər keçirildı. UNEC-də, daha sonra isə ADA-da keçirilən tədbirlərdə gələcək universitetlərin forma və məzmunu ilə bağlı suala cavab axtarılması belə bir qənaətə gəlməyimizə əsas verir.

Çıxarılacaq nəticənin nə dərəcədə əhəmiyyətli olub-olmamasından asılı olmayaraq, təhsilimizlə bağlı istənilən müzakirəni vacib və faydalı hesab edirəm...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar