Həkimə rüşvət verib, üstəlik qadasını da almaq...

“QINAQ”


Elçin Elçi (Abbasquliyev)

Qınamaq bizim ən sevimli vərdişlərimizdən biridir. Ən çox da özünü el arasında ağıllı, dünyagörüşlü göstərmək üçün qınaqdan xüsusi istifadə edilir. Elə yıxılana balta çalanlar da təbii ki, onu ən çox qınayanlardır.

“Qınamaq” sözünün sinonimi danlamaq, təqsirləndirmək və töhmətləndirməkdir. Maraqlıdır ki, qınaq etmək hər mir millətdə fərqli olur. İntellekt səviyyəsi yüksək olan toplumda bir cür qınaqdan, düşüncə baxımından tərəqqidən geri qalmış cəmiyyətdə isə tamam fərqli qınaq növlərindən istifadə olunur.

“Məişət qınağı” və “İctimai qınaq”...

Tükəzban (tipik azərbaycanlı qadını): “Ay qonşu, dünən gecə baxdım ki, küçənin başında taksi dayandı. Saat 12-də maşından düşən kim olsa yaxşıdır?

Sarıtel: Kim?!

Tükəzban: Cahanın qızı...

Sarıtel: Boyyy ay bajı... Allah sən saxla...

Yuxarıda oxuduğunuz kiçik dialoq məişət qınağının bariz nümunəsidir. Cahanın qızının gecə saat 12-də taksidə gəlməsi, bir qədər sərt yazsam, kimin nə borcuna?! Dilindən bismillah, əlindən təsbeh düşməyən nənələrin taksi ilə evə gələn qadını əxlaqsız sayması isə tam təzaddır. “Məişət qınağı” yerli cəmiyyətdə tək qadınlar arasında yayılmayıb. Kişilərimiz də çayxanada, bazarda, metroda, bir sözlə hər yerdə bu qınaq növündən istifadə edirlər. Əlbəttə ki, “Məişət qınağı” əsrlərlə Azərbaycanda formalaşsa da, təəssüf ki, formasını dəyişməyib. Dərd orasıdır ki, cavanlarımız da bu vərdişi yaşadır. Mövzu şablon olsa da, yaxın ətrafı və ümumən tanıyıb-tanımadığını qınamaq müasir texnoloji vasitələrdə davam edir. Bu gün sadə azərbaycanlı gəncinin whatsapp-ına daxil olsan, yazışmalarda mütləq kiminsə qınanıldığının şahidi olacaqsan. Təsadüfi deyil ki, cəmiyyəti inkişafın üst mərhələsində olan millətlərdə “məişət qınağı” yox olub. Və yaxud “İctimai qınaqla” əvəzlənib.

“İctimai qınaq”...

Bu gün Avropanın, Amerikanın hər sahədə irəli getməsi dillərdə əzbərdir. Amma, dövlətin və cəmiyyətin inkişafı təsadüfən, ya da İlahi qismətdən olmur. Hər bir inkişafın kökündə məntiq, geniş dünyagörüş və insanların yüksək təfəkkürü dayanır. Sadə avropalı üçün qonşusunun boşanma səbəbi və evə gec gəlməyi artıq maraqlı deyil. Fərdlər şəxsiyyət kimi formalaşdıqca, düşüncə tərzi də püxtələşir. Bu gün qərbli “məişət qınağı”nı “ictimai qınaq”la əvəzləyib. Alman Yozef, fransalı Mişel və yaxud ingilis Mark üçün sadə mövzu ətrafında, sadə vətəndaşı qınamaq sadəcə boşboğazlıq hesab olunur. Ailə, şəxsi həyat toxunulmazlığı kiməsə ona müdaxilə etməyə icazə vermir. Əksinə, bizim üçün uzaq (bəlkə də təhlükəli) olan mövzular ictimaiyyətin müzakirəsinə səbəb olur. Sosial şəbəkələrdə müğənniləri, ərinə xəyanət edən qadını, estetik əməliyyat olunan aktrisanı qınamaq əvəzinə, onlar hökumətin həyata keçirdiyi layihələri gündəmə gətirib, ictimai rəy yaradırlar. Avropalı xüsusi etika çərçivəsində, savadlı, əsaslandırılmış şəkildə rəsmi və qeyri rəsmi strukturları tənqid edir. Başqa sözlə - qınayırlar. Bunu oxuyan, görən məsul şəxslər isə öz borclarını yerinə yetirərək formalaşmış ictimai fikirlə razılaşır. Məhz “İctimai qınaq” buna deyilir.

Bəs bizdə ictimai qınaq varmı?

Müşahidələrimə güvənib deyə bilərəm ki, çağdaş cəmiyyətimizdə toplum, millət və sadə vətəndaş olaraq ya ictimai şəkildə (bütöv cəmiyyət olaraq) qınamırıq, ya da bunu kortəbii şəkildə edirik. Biz vaxtında müəllimin, həkimin rüşvət tələbini hamı bir nəfər kimi, qınayıb ictimai müzakirəyə çıxarsaydıq, nəticə fərqli olardı. Biz isə əksinə, həkimə rüşvəti verib, üstəlik onun qadasını da alıb, qarşısında min dəfə təzim etdik və edirik də. Biz ağ xalatlılara o qədər rüşvət verdik ki, indi bu bahalaşma fonunda onların maaşı 200 manatı keçmir. Çünki dövlət özü də bilir ki, həkim xalqla dolanır. Hətta biz bu fikri Sovetlər dönəmində formalaşdırmışıq. Yazıq həkimlər, vəlvələ, qorxu ilə pul qazanır. Amma vaxtında rüşvət verməsəydik, bizim tibb işçilərimiz də normal təqaüd alardılar. İndi isə gecdir. Necə deyərlər, adın çıxınca, canın çıxsın. Bu gün həkim rüşvət almasa da, hamının fikrində həkim xalatının iri cibləri bank kassası kimi qəbul edilir. İctimai qınağın olmaması, Səhiyyə nazirinin, baş həkimin, hətta sadə tibb bacısının ciblərini doldursa da, sözügedən sahəni inkişaf etdirdimi?

Yəqin çoxumuz yaxın günlərdə Gürcüstanda bir həkimin auditoriya qarşısında Azərbaycan səhiyyəsini necə məsxərəyə qoyduğunun şahidi olduq. Bico gülə-gülə bizim həkimləri, elə xəstələri də elə qınadı ki, monitor qarşısında qıp-qırmızı pörtdüm. Gürcü həkimini dinləyənlərin gülüşü isə mənə lap söyüş, təhqir təsiri bağışladı. Görəsən bizim səhiyyə strukturunun rəsmiləri bunu izlədilərmi? Hər halda bir neçə gün bu video sosial şəbəkələrdə yayımlandı. Amma, bir nəfər də olsun belə rəsmi açıqlama vermədi. Bəs biz necə, bir toplum olaraq bunu tələb etdikmi? YOX!!! Ona görə ki, həmin vaxt qonşuda qaynana gəlin saçyolmasına, çayçıda “prav-ne prav tasovkasına”, facebook-da Afaq Aslanın maraqlı pozalarına ağzımızı açıb baxırdıq. Sonra isə başlayırdıq bülbül kimi ötməyə. Mənası nə?

Gürcü qulağımız dibində bizi gülüş obyektinə çevirib, şahnamaya qoyub gülür, biz isə Oktay Şirəliyevdən bu məsələyə rəsmi münasibət belə tələb etmədik. Dəhşətlisi isə odur ki, bu tip problemlər hər bir rəsmi strukturda, yəni nazirlikdə var, olub və ola bilər. Statistikaya görə ölkə əhalisinin böyük əksəriyyəti savadlıdır. Yazmağı, oxumağı bacarır. Amma, görünür yazıb oxumaq fikir, ideya birliyinə səbəb olmur. Biz önəmli məsələlərdə bir vətəndaş olaraq qınaya bilmirik. Qorxuruq? Dəqiq bilmirəm. Bəs səbəb nədir ki, Cənubi Qafqazda vətəndaş cəmiyyətinin inkişafı baxımından qonşularımızdan geri qalırıq? Əgər məsələnin tarixi dərinliyinə getsəm, yazım çox uzun olacaq. Qısacası qeyd edim ki, hələ 100 il bundan əvvəl də Azərbaycan xalqı xüsusi məqamlarda bir toplum olaraq vahid fikir ətrafında birləşməkdə çətinlik çəkirdi. Belə olmasaydı, Qafqazda təkcə biz, bir əsrdə 3 əlifbanı 4 dəfə dəyişməzdik, 1937-ci ildə repressiya qurbanlarının sayı ən çox bizdə olmazdı. Bunlar indi sadəcə fakt olsa da, milli düşüncəmizdə, şüuraltı effekt yaradıb.

Stereotip, kompleks, məişət qınağının təsiri... Etiraf edim ki, genetikamızda sovet maşının yaratdığı qorxu qalmaqdadır. Babalarımızın başına gətirilən dəhşətlər hardasa bizim psixologiyamıza da bu gün təsir edir. Digər tərəfdən sözün düzünü deyənə el arasında “demaqoq” damğasının vurulması isə kompleks yaradıb. Məişət qınağı isə bizim başımızı qatır, əsas hədəfdən, önəmli yoldan kənarlaşdırır. Bununla yanaşı yerli telekanalların proqram toru da beyinin inkişafını geri salır. Əgər, ARB-də gecə saat 12-də “Günə son” verilişində ancaq şou aləmdə baş verənlərin günlük hesabatı verilirsə, əlavə fakta ehtiyac yoxdur.

Ya inkişaf edək, ya da müqayisə aparmayaq. Çünki son vaxtlar hər sahədə özümüzü qərblə müqayisə etsək də, qərblinin yetişdiyi inkişaf mərhələsinə qibtə etsək də, onun metodundan istifadə etmək istəmirik.

Kəsəsi... düşüncəsini dəyişdirə bilməyən cəmiyyət, sadəcə düşünə bilməz, nəfəs alsa belə...

635x100

Şərhlər

yazının təsirindən 2017-12-16 16:13:00

!988-ci ildə cəmiyyət ayılmağa başlamışdır ki,qara qüvvələr 1993-cü ildən bu günə qədər cəmiyyəti orta əsrlərə daytardılar.Qondarma dinzadələr cəmiyyətə "göydə Allah yerdə filankəs" sterotipini yeritməyə başladılar.İndi cəmiyyətimizin qonşulara çatmağa ən azı 100 il lazımdır.Vallah bizim işimiz Allaha qalıb.Təəssüb ki, o da bizdən üz döndərib. Bilir ki,onsuz da əlimizdən bir şey gəlmir-yeganə bir təlxəklikdən başqa.Təklif edirəm ki,"təlxəliyə" görə medal təltif olunsun.Onda əhalinin 81,5%-i onu alar.

yazının təsirindən 2017-12-16 16:13:00

1988-ci ildə cəmiyyət oyanmağa başlamişdı.Bu "oyanma" 1993-cü ilə kimi davam elədi.Sonradan qara qüvvələr bu günə qədər bizi orta əsrlərə qaytardı.Qondarma dindarlar demiş-"göydə Allah yerdə filənkəs" psixologiyasını cəmiyyətə yeritdilər.

Son yazılar