STRATEJİ MƏĞLUBOLMA – Putinin daha hündürə tullanıb, ordan yerə çırpılması…

Dərc olunub: 17/12/2017 - 16:19

putin02

Vladimir Putinin gələn il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bidirməsi, hər halda bundan bir gün əvvəl Beynəlxalq Olimpiya Komitəsinin dopinq analizləri zamanı fırıldaqla məşğul olduğuna görə Rusiyanı Qış Olimpiya Oyunlarından xaric etməsi barəsində çıxardığı qərarından daha mühümdür. Bu iki hadisəyə Putinin Suriya, Misir və Türkiyəyə etdiyi bir günlük blits-səfəri də əlavə olundu.

Beynəlxalq Olimpiya Komitəsinin qərarı rəmzidir və praktik baxımdan yada salır ki, Putin Rusiyası öz taktiki qələbələrini saxtalaşdıran və indi isə buna görə ifşa olunan, amma törətdiklərini etiraf etməyən strategiyasız yalançı bir dövlətdir. İdman terminologiyası ilə desək, nə qədər hündürə tullanırsansa, yerə düşəndə bir o qədər çox əzilərsən.

Rusiyada yeni sözlər də düşünüb tapırlar. 2014-cü ildə Vyaçeslav Volodin deyib: “Putin varsa-Rusiya da var! Putin yoxdursa – Rusiya da yoxdur!”

Bu sözlər Krımın ilhaqından sonra söylənmişdi. İndi Volodin Rusiya Dövlət Dumasının sədridir. Hal-hazırda rusiyalılar Putindən sonrakı dövrdə nə baş verəcəyini müzakirə edirlər (Önümüzdəki seçkilərin qalibi hamıya bəllidir).

Aydındır ki, Putindən sonra da Rusiya var olacaq. Onun martdakı seçkilərdə şansını müzakirə etmək axmaqlıq olardı. Məsələn, Kseniya Sobçak kimi yalançı namizədlər haqqında danışmağa dəyməz. İndi kim 2012-ci il seçkilərində Putinin “rəqibi” Proxorovu xatırlayır? Putinin səslərini qopara biləcək yeganə namizəd Aleksandr Navalnının seçkilərdə iştirakına Kreml imkan verməyəcək.

Elə bu səbədən də diqqəti çəkə biləcək yeganə sual belədir: Görəsən Kreml seçkilərin hansı miqyasda saxtalaşdırılmasını lazım biləcək? Bu yaxınlardakı müsahibəsində Rusiya üzrə mütəxəssis Mark Qaleotti deyib: “Real seçkilər olmayacaq, amma seçkilərdə iştirak etməmək, Putinin əleyhinə səs vermək anlamına gələcək”.

Putin və onun ətrafındakı adamlar reytinqə mübtəla olublar. Putin hakimiyyətinin ortalığa atdığı Rusiyanın yenidən fövqəldövlət olması haqqındakı əfsanəyə demokratik legitimlik qazandırmaq lazımdır (rəy sorğuların nəticəsinə görə, rusiyalıların üçdə biri monarxiyanı istəmir).

Krımın ilhaqından dərhal sonra Putinin populyarlığı təxminən 80%-ə yüksəldi. Çox böyük olmasa da, ancaq hər halda hissediləcək coşqu Donald Trampın gözlənilməz gələbə qazandığı ABŞ-dakı prezident seçkilərində də müşahidə olundu. Məlum oldu ki, rusiyalı hakerlər birbaşa olmasa da, onun qalib olmasına yardım göstəriblər və ya ən azından Hilları Klintona ziyan vurublar. Rusiyanın 2015-ci ildə Bəşər Əsədin müdafiəsi üçün Suriya müharibəsinə müdaxilə etməsi, rusiyalılara hansısa bir müddətdə özlərini böyük dövlətin vətəndaşları hiss etməyə imkan verdi.

Bu üç əməliyyat – Krım, Tramp və Suriya əməliyyatları Putinin Rusiyanı yenidən böyük dövlət kimi görmək məsələsindəki ən önəmli işlərindəndir. Putin həmin baxışın ideoloji əsasını 2007-ci il Münxen təhlükəsizlik konfransındakı “qlobal arxitekturaya yenidən baxılması” barəsində məşhur çıxışında formalaşdırıb və bunu 2008-ci ildə Gürcüstana hərbi təcavüzlə başladı.

Taktiki qələbə strateji məğlubiyyətə dönüb. Aparılan siyasət nəticəsində Ukrayna dost ölkədən düşmənə çevrildi, NATO şərq cinahını möhkəmləndirir, Avropa Birliyi və ABŞ Rusiyaya sanksiya tətbiq edib. Digər yandan Suriya avantürası, düşən neft qiymətləri və Qərb sanksiyaları ucbatından Rusiyanın dövlət pul resursları yeyilərək tükəndirilir. Əgər hətta hərbi ehtiyaclara büdcənin minimum 40 %-i sərf edilərsə belə, iqtisadi imkanları təxminən İspaniyanınkı qədər olan bir ölkə qlobal fövqəldövlət sayıla bilməz.

Deməli, ortalıqda yalnız bleflə məşğul olmaq qalır. Putinin Rusiya ordu hissələrinin Suriyadan qismən çıxarılması barəsində keçən ilki bəyanatı unudulmayıb. Bu, Putinin Suriyadan çıxmaq haqqındakı ikinci bəyanatıdır. Putinin başlıca problemi belədir - hakimiyyətdə bu gün qalım, bu ay qalım, bu il qalım, sonra isə növbəti problemləri həll edərəm. Bu cür strategiyanın uğursuz olmasını söyləmək də olmaz. Belə ki, o, ən azından 18 ildir ki, hakimiyyətdədir. Amma belə fəaliyyət nəticəsində Putin nəinki öz ətrafındakılara dövlətin iqtisadi resurslarını talamağa imkan verdi, o, həm də dövlətin institusional və hüquqi əsaslarını dağıdaraq, Rusiyadakı növbəti böhranın baş qaldırmasına əsas yaradıb. O, hətta istəsə də belə istefaya gedə bilməz. Rusiya üzrə mütəxəssislər hesab edirlər ki, Putin özü tərəfindən yaradılan sistemin dayağı yox, onun girovudur.

Rusiyadakı seçkilərin növbəti dəfə saxta olacağına baxmayaraq, qonşu ölkələrə xoşagəlməz sürprizlər bəxş edə bilər. Gələn ilin martına kimi Putin özü üçün planlaşdırılan 70% səsin haqqını verməyi düşünə bilər. Sürətli və uğurlu müharibə artıq sınaqdan çıxıb, iqtisadi möcüzələr üçün isə resurs yoxdur. Hətta idmançıların Olimpiadadakı nailiyyətləri belə Rusiya bayrağı altında olmayacaq.

Ola bilər ki, rejim seçkilərlə xoşagəlməz və qaçılmaz xəstəlik kimi barışmalı olacaq. Onu da yadda saxlamaq lazımdır ki, istənilən beynəlxalq avantürada Putin ona imkan verilən məsafədən çox da uzağa getmir. Əgər Qərb aydın şəkildə ona yeni macəralara baş vurmağa izin verməyəcəyini anlatsa, onda əsas mövzu Putinin seçilməsi yox, Putindən sonrakı dövrdə nələrin baş verəcəyi olacaq.

(İR-Latviya)








loading...


Fikrinizi bildirin