Sabirabadda 18 kənddə yeni içməli su təchizatı infrastrukturu yaradılıb

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Sabirabad rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. Layihə çərçivəsində rayonun 18 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Sabirabad rayonunun Qaralar kəndində açılış mərasimi keçirilib. Açılış mərasimində Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov regionlarda həyata keçirilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, Aran bölgəsində yerləşən Sabirabad rayonunda içməli su təchizatı həmişə aktual olub. Son illər həyata keçirilən layihələr çərçivəsində rayon mərkəzi ilə yanaşı, bəzi kəndlərə də keyfiyyətli suyun verilməsi təmin edilib.

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 47 şəhər və rayon mərkəzində, həmçinin 300-dən çox kənddə içməli su layihələrinin icra olunduğunu diqqətə çatdırıb. K.Həsənov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 170 kənddə içməli su təchizatı infrastrukturu yaradılmış və kəndlərin böyük əksəriyyətinə içməli suyun verilməsi təmin edilmişdir: “Sabirabad rayonunda həyata keçirilən layihə qısa müddətdə icra olunmuşdur. 2014-cü ildə Kür sutəmizləyici qurğularından Sabirabad şəhərinə yeni magistral su kəmərinin çəkilməsi kəmərin marşrutu boyu yerləşən kəndlərin su təchizatı üçün əlverişli imkan yaratmışdır. Layihənin icrası nəticəsində kənd sakinləri yüksək keyfiyyətli içməli su ilə təmin olunurlar”.

Tədbirdə çıxış edən kənd sakinləri içməli su probleminin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Sabirabad rayonunda icra olunan layihələr Əsədli, Məmişlər, Qaralar, Qəfərli, Qaraqaşlı, Balakənd, Qalağayın, Axısxa, Kovlar, Yenikənd, Qəzəli, Balvar, Həsənli, Cavad, Qaralı, Kürkənd, Suqovuşan və Surra kəndlərini əhatə edib. Kəndləri içməli su ilə təmin etmək üçün su mənbəyi Kür sutəmizləyici qurğuları-Sabirabad-Saatlı magistral su kəməri seçilib. Magistral kəmərdən yaşayış məntəqələrinə çıxışlar verilib və müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 63 km olan su xətləri çəkilib. Həmin kəndlərdə ümumi istifadə üçün 163 ədəd bulaq quraşdırılıb. Yeni su təchizatı layihələrindən Sabirabad rayonunun 18 kəndinin 40 minədək sakini faydalanacaqdır.

Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar