TRAMP, RUSİYA VƏ ÇİNİ HƏDƏFƏ GÖTÜRÜR! – “Amerika öz gücünü geri qaytarır”

Milli təhlükəsizlik strategiyasında Çin və Rusiya ABŞ-ın rəqibləri adlandırılıb

Amerikanın milli təhlükəsizlik strategiyasının yeni planında qlobal qüvvələr nisbətini öz maraqları naminə dəyişməyə can atan Çin və Rusiya, ABŞ-ın rəqibi kimi təqdim olunub və hesab edilir ki, bunlar, ABŞ üçün təhlükə yarada bilər.

Prezident Trampın bu strategiyası Amerikanın gələcək siyasi kursunu müəyyənləşdirəcək proqram olacaq. Ümumən götürdükdə, bu strategiya “İlk öncə Amerika” milli suverenlik doktrinasına uyğun gəlir. Burada prioritet qaydada beynəlxalq əməkdaşlığın iqtisadi nəticələri də nəzərə alınır. Rəsmi şəxslər bildirirlər ki, bu strategiya artıq praktikada tətbiq edilir. Məsələn, Konqres tərəfindən baxılan sənəddə deyilir ki, Tramp zamanında milli təhlükəsizliklə bağlı məsələlərdə daha çox iqtisadi faktorlara və ölkənin təhlükəsizliyinə diqqət ayrılacaq.

Bu sənədin açıqlanmasından öncə ABŞ prezident administrasiyasının üç nümayəndəsi anonim qalmaq şərtiylə reportyorlara müəyyən məlumatlar veriblər. Administrasiyanın nümayəndələrindən biri deyib: “Hazırkı strategiya irəliyə elə məsələlər çıxarır ki, mən onu prinsipial realizm adlandırardım. Müəyyən mənada qlobal qüvvələr balansı Amerikan maraqlarına əlverişli olmayan istiqamətdə dəyişib. Yeni strategiyada bu cür dəyişən meyllərdə Amerikanın öz gücünü geri qaytarması planı yer alır”.

Digər məmur isə qeyd edib ki, Çin və Rusiya “status-kvonu dəyişməyə” can atır ki, bu da Amerikan maraqlarına meydan oxumaq və Birləşmiş Ştatların istəklərinə qarşı çıxmaqdır. Onun sözlərinə görə, buna nümunə kimi Çinin hərbi ekspansiyaya baş vurmasını, Cənubi-Çin dənizində adalar tikməsini və həmçinin də Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsini göstərmək olar.

Administrasiyanın üçüncü nümayəndəsi deyib ki, bu sənəddə keçmiş prezident Barak Obamanın və onun sələflərinin strategiyası açıq şəkildə rədd olunmur. Lakin burada Trampın prioritetləri başqa cür təfsir edilir. Belə ki, Trampın xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə qərarları, daha çox Obamanın siyasi kursundan imtina edilməsi kimi təqdim olunur. Buraya İranın nüvə proqramı və iqlim dəyişiklikləri də daxildir. Bundan başqa Tramp özünün dediyi kimi, ”keçmişin uğursuz siyasətindən sonra” o, Şimalı Koreyaya böyük diqqət yetirir.

Trampın yeni strategiya ilə bağlı sənəddə dörd təşkilatı prinsip var. Bunlara Amerika ərazisinin müdafiəsi, Amerikan rifahının qorunması, güc yolu ilə sülhün təmin edilməsi və Amerikan təsirinin yayılması daxildir. Administrasiya nümayəndələri Çini ABŞ-ın rəqibi, bəzi hallarda isə onu Amerikanın tərəfdaşı hesab edirlər.

Elə bunları əvvəlki administrasiyanın nümayəndələri də söyləyirdilər, amma bu məmurların sözlərinə görə, yeni sənəd əsas diqqəti Çinin kiber oğurluğunun ticari-iqtisadi nəticələrinə və ABŞ üçün ziyanlı olan digər fəaliyyətlərə doğru yönəldir.

Tramp prezidentliyə namizəd olan zaman Çini ABŞ iqtisadiyyatını “zorlamaqda” və amerikalıların iş yerlərini oğrulamaqda ittiham edirdi. Ancaq o, prezident seçildikdən sonra Çin rəhbəri Si Çzinpin ilə hər cür isti münasibətləri reklam edir. Trampın sözlərinə görə, Si Çzinpin nüvə proqramı məsələsində Şimalı Koreyaya təzyiq göstərib.

Həmçinin, Tramp Vladimir Putinə heyranlıq duyur və onu “çox ağıllı” insan adlandıraraq, Rusiya ilə Obama zamanında pisləşən münasibəti yaxşılaşdırmağa cəhd göstərir. O, 2016-cı il ABŞ prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi iddialarına şübhə ilə yanaşır. Bununla yanaşı Tramp Ukraynadakı fəaliyyətlərinə görə Konqresin Rusiyaya qarşı çıxardığı sanksiyaları ləğv etmədi. Halbuki, Putin buna ümid bəsləyirdi.

Bazar günü Putin və Tramp arasında telefon danışıqları olub. Hər iki tərəfin məlumatına əsasən, Putin özünün amerikalı həmkarına Mərkəzi Kəşfiyyat İdarəsinin Sankt-Peterburqda hazırlanan terror aktının qarşısını almaqda yardım etdiyi üçün ona təşəkkürünü bildirib. Bu qeyri-adi zəng olub. Çünki kəşfiyyat mübadiləsi nadir hallarda açıq şəkildə müzakirə edilir. Həm də bu iki liderin son dörd gün ərzində ikinci telefon söhbəti idi.

Telefon danışıqları barəsində Ağ Evin bəyanatında deyilir: “ABŞ-ın təqdim etdiyi məlumata dayanaraq, Rusiya hakimiyyəti bu yaxınlarda çoxlu sayda insan tələfatı ilə nəticələnə biləcək terror aktı öncəsi terrorçuları yaxalayıblar. Hər iki lider bunu bizim ölkələrin birlikdə işlədikləri təqdirdə nəyə nail ola biləcəklərinin nümunəsi kimi dəyərləndirir”.

(“The Wahington Post”-ABŞ)

635x100

Şərhlər

Savadsız 2017-12-21 12:15:58

Tramp yüz faiz putin rusyasını dagıdacaq ancaq yüz faiz cine gücü catmayacaq onnanda dünyada iki super güc qalacaq cin ve amerika qalanları hec

Kerem 2017-12-21 12:15:58

Putin iki neheng gemi arasında qalıb putini ya amerika ya cin basıb altına alacaq o günler cox uzaqda deyil

Son yazılar