“DəmirBank”da əhalinin 100 milyon manat pulu var idi... - "Bağlanan sonuncu bank deyi"

Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilir.

Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul etmişdir.

Bəs sonuncu dəfə “Dəmir Bank”ın maliyyə vəziyyəti necə idi? “Marja.az”, “Dəmir Bank” ACS 2017-ci ilin 9 ayı üzrə maliyyə göstəricilərini təqdim edir.

Bankın maliyyə hesabatlarına görə, cari ilin yanvar-sentyabr ayları ərzində Dəmir Bank 74 milyon 416 min manat faiz gəliri əldə edib. Bu, ötən ilin anoloji düövrü ilə müqayisədə 8,3% çoxdur. Belə ki, “Dəmir Bank” 2016-cı ilin 9 ayında 68 milyon 693 min manat faiz gəliri əldə etmişdi.

Ötən ilin yanvar-sentyabr dövründə 7 milyon 558 min manat qeyri-faiz gəliri əldə edən “DəmirBamk”, 2017-ci ilin eyni dövründə 1 milyon 39 min manat zərər edib.

Xərclər çıxıldıqdan sonra “DəmirBank”ın 32 milyon 996 min manat əməliyyat mənfəəti qalıb. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 52 milyon 675 min manat ayırıb. Nəticədə Bank, 9 ayı 20 milyon 393 min manat zərər ilə başa vurub.

30 Sentyabr 2017-ci il tarixində “Dəmir Bank” ASC 429 milyon 329 min manat cəmi aktivlərə, 403 milyon 762 min manat cəmi öhdəliklərə və 25 milyon 566 min manat cəmi balans kapitalına malik olub.

Bank 30 Sentyabr 2016-cı il tarixində 530 milyon 152 min manat cəmi aktivlərə, 482 milyon 471 min manat cəmi öhdəliklərə və 47 milyon 680 min manat cəmi balans kapitala malik idi.

“Dəmir Bank” ASC 30 Sentyabr 2017-ci il tarixində 23 milyon 88 min manat məcmu kapitala malik olub.

ƏHALİNİN 100 MİLYON MANAT ƏMANƏTİ OLUB

30 Sentyabr 2017-ci il tarixinə bankda cəmi depozitlər 117 milyon 215 min manat, o cümlədən əhalinin əmanətləri 97 milyon 650 min manat təşkil etmişdi.

Dəmir Bank 12 Dekabr 2017-ci il tarixində yaydığı məlumatda bildirirdi ki, DəmirBank-a etibar edən əmanətçilərin sayı artır. 2016-cı ilin əvvəlindən müştərilər tərəfindən DəmirBank-a manat ekvivalentində 181 milyondan artıq vəsait yerləşdirilib.

Palata bildirib ki, “DəmirBank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Palatanın qərarına əsasən, banka müvəqqəti inzibatçı təyin edilib.

“DəmirBank” ASC-barəsində iflas prosedurana başlanması ilə əlaqədar Palata məhkəməyə müraciət etmişdir.

SAHİBLƏRİ KİMLƏR İDİ?

DəmirBank 1989-cu ildən fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir

SƏHMDAR(LAR) / TƏSİSÇİLƏR

25,00% - AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI

19,62% - RƏHMAN HACIYEV

19,33% - 810 FİZİKİ ŞƏXS

10,00% - FMO İNKİŞAF MALİYYƏ ŞİRKƏTİ (NİDERLAND)

9,65% - ƏSABƏLİ HACIYEV

5,45% - ROMAN ƏMİRCANOV

5,30% - SƏKİNƏ HACIYEVA

5,30% - KÖNÜL HACIYEVA

0,25% - 16 HÜQUQİ ŞƏXS

PLAN VAR İDİ

"Dəmir Bank" bu ilin İyul ayında yaydığı məlumatda bildirirdi ki, 11 beynəlxalq investor "DəmirBank" ASC-in məcmu kapitalının artırılmasına qərar vermişdir. Beynəlxalq investorlar sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı (yeni), Qara dəniz Ticarət və İnkişaf Təşkilatı (yeni), German DEG (KfW Group) (yeni), Hollandiya Maliyyə Təşkilatı (FMO), İsveçrə responsAbility Investments AG (yeni), OPEK Beynəlxalq İnkişaf Fondu (yeni) və digər maliyyə nəhəngləri yer alırdı.

Məcmu kapitalın əhəmiyyətli dərəcədə artırılması planı Bankın xarici borclarının (105 milyon dollar = 179 milyon manat) 1-ci dərəcəli kapitala çevrilməsini nəzərdə tuturdu.

Yeni kapitallaşma planına əsasən, “Dəmirbank”ın nizamnamə kapitalı 105 milyon dollar və yaxud bugünkü məzənnə ilə 178,5 mln. manat artırılaraq 199,5 mln. manata çatdırılacaq. Kapital artımı son vaxtlar Azərbaycanın bank sektorunda geniş yayılmış təcrübə - xarici investorlara qaytarılmalı olan borcların adi səhmlərə çevrilməsi yolu ilə həyata keçiriləcək. Bu isə o deməkdir ki, Bankın nizamnamə kapitalında yerli səhmdarların payı 13,65 milyon manat (6,85%) qalacaq, xarici səhmdarların payı isə 185,85 milyon manat (93,15%) olacaqdı.

"BAĞLANAN SONUNCU BANK DEYİL"

"Dəmir Bank" devalvasiyadan sonra bağlanan sayca 14-cü bankdır. Bununla da bankların sayı 30-a düşdü.

Tanınmış iqtisadçı Samir Əliyev "Marja"ya bildirdi ki, "Dəmir Bank", bağlanan sonuncu bank deyil:

"Bəzi banklar var ki hələ də devalvasiyanın neqativ fəsadlarından qurtula bilməyiblər. Ona görə də gələn il bankların sayının azaldılması prosesi davam edəcək. Daha bir neçə bank bağlanmağa namizəddir. İlk devalvasiyadan sonra banklara dəstək verilsəydi, indi belə vəziyyət də yaranmazdı. Hökumət təcili bankların sağlamlaşdırılması proqramını işə salmalıdır və diqqəti böyük banklardan digərinə yönəltməlidir".

635x100

Şərhlər

Tofik 2017-12-23 10:25:24

Baglanmayıb sadece o bank hansısa memurun idi xarice daşıdı xalqı altadtı hamsı beledir odurki hec bir banka edibar etmeyin neyin pahasına olur olsun emanetlernizi xarici banklara aparın

Bashirov Qarib 2017-12-23 10:25:24

ehaliden 74milyon faiz alib, 33 milyon xalis menfeet geliri olan bank da baglanarmish. Hele bu da sonuncu deyil. Ele etmek lazimdir ki, ozlerine mexsus bir -neche bank qalsin ki, monopoliyani tam heyata kechirmek mumkun olsun.

Son yazılar