Sumqayıtda seçki saxtakarlığına hazırlıq gedir

Mərkəzi Seçki Komissiyasına, 43 saylı Sumqayıt DSK- ya və ATƏT-in müşahidə missiyasına 43 saylı Sumqayıt DSK-sı ərazisində icra strukturlarının seçki prosesinə kobud müdaxilələri barədə müraciət edilib. Bu barədə prezidentliyə namizəd Cəmil Həsənlinin seçki qərargahının mətbuat xidmətindən daxil olan press-relizdə bildirilir. Müraciətdə deyilir; “Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin 6 oktyabr 2013-cü il tarixdə Sumqayıt seçiciləri ilə keçirdiyi coşqulu görüşdən sonra Cəmil Həsənlinin 43 saylı DSK-nın məntəqə seçki komissiyalarına təyin olunan müşahidəçi və məşvərətçi səs hüquqlu komissiya üzvlərinə kütləvi təzyiqlər başlayıb. Onların siyahısı İcra strukturlarına ötürülüb. Nümayəndələrimizin eyni vaxtda - 7 oktyabrda müvafiq Mənzil İstismar Sahələrinə çağırılması bu təzyiq kampaniyasının bir mərkəzdən, təbii ki, şəhər İcra Hakimiyyətindən idarə olunmasını düşünməyə əsas verir. Həmin gün məşvərətçi səs hüquqlu üzvlərimiz Sahibə Behbudova (Müsavat), Məmmədiyyə Məmmədov (KXCP) və Rövşən Muradlı (Müsavat) ərazi üzrə müvafiq MİS rəislərinin yanına çağırılıb. Məmmədiyyə Məmmədovdan seçki günü heç nəyə qarışmamaq, bir kənara çəkilib sakit oturmaq tələb edilib. MİS işçisi məşvərətçimiz Sübhan Əsgərovun (Müsavat) evinə gələrək onun ailə üzvləri və yaşayış tərzi ilə maraqlanıb. Digər məşvərətçimiz İsa Məmmədli (Müsavat) xəstəxanaya götürüldüyündən onu evdə tapa bilməyiblər. İlham Məmmədlinin (Müsayat) 11-ci mikrorayona qeydiyyatda olduğu bibisi evinə gedərək onun şəxsiyyət vəsiqəsini də götürüb MİS-ə gəlməsi tələb edilib. Vidadi Feyzi və Daşqın Qaraşlıya yaxın qohumları vasitəsilə zəng etdirilərək onları məşvərətçilikdən imtinaya cəhdlər göstərilib. Bütün bunlar İcra strukturlarının prezident seçkilərinin gedişinə müdaxiləsi və Seçki Məcəlləsinin Hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fiziki şəxslərin seçkilərin gedişinə qanunsuz müdaxiləsinin qadağan edilməsinə dair 11-1.1-ci maddəsinin kobud pozulması kimi qiymətləndirilməlidir. Xatırladıram ki, belə hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Seçki komissiyası üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının səlahiyyətli nümayəndələrinin hüquqlarının pozulmasına dair 42-ci maddəsi ilə inzibati xəta hesab olunur və müvafiq məsuliyyət nəzərdə tutulur. Odur ki, qeyd olunan qanun pozuntularının və seçkilərin gedişinə müdaxilənin qarşısının alınması və bir daha belə hərəkətlərə yol verilməməsi üçün təxirəsalınmaz tədbirlər görməyinizi və görülən tədbirlər barədə səlahiyyətli nümayəndə olaraq məni məlumatlandırmağınızı xahiş və tələb edirik”. Müraciəti Milli Şuranın Prezidentliyə vahid namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Fəxrəddin Abbas imzalayıb.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar