KİVDF-nin "QARA SİYAHI"SINDAKI SAYTLAR VƏ... FHN! - "Onlara qul xislətli heyət lazımdır"

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin ənənəvi mükafatlandırılması mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli KİVDF tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması ilə bağlı keçirilən tədbirlərdən söz açıb, bu ilin həm də jurnalistlər üçün ikinci binanın istifadəyə verilməsi, 255 jurnalistin mənzillə təmin olunması, eyni zamanda jurnalistlər üçün üçüncü binanın təməlinin atılması ilə yadda qaldığını bildirib.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə mediaya dövlət dəstəyinin davam edəcəyin vəd edib: "Azərbaycan dövləti xalqla əlaqələrdə mediaya xüsusi önəm verir. Media vasitəsi ilə dövlət siyasətini çatdırır, qarşılıqlı olaraq dövlətlə cəmiyyət arasında körpülər yaradılması üçün media körpüsündən istifadə edirik. 2017-ci il jurnalistika üçün uğurlu olub. Medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması 2018-ci ildə də davam etdiriləcək. Bu il jurnalistlərin bir qismi yeni mənzillərlə təmin olundu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, jurnalistlərə qayğı davam etdiriləcək".

Mətbuat Şurasının sədri Əflatun Amaşov 2017-ci ildə Azərbaycan mətbuatının daha da püxtələşdiyini, peşəkarlığını artırdığını söyləyib.

Sonra müsabiqə qalibləri mükafatlandırılıb.

KİVDF-nin istinad etdiyi meyar hansıdır?

Qeyd edək ki, media cameəsində KİVDF-nin mütəmadi olaraq təşkil etdiyi belə tədbirlərlə bağlı çox ciddi narazılıqlar var. Müşahidələr belə deməyə əsas verir ki, Azərbaycan Prezidenti yanında yaradılan, fəaliyyəti büdcə vəsaiti hesabına qurulan və əsas məqsədi Azərbaycan KİV-lərinin inkişafına dövlət dəstəyinin təmin olunmasından ibarət olan bu Fond, media sektorunda əməlli-başlı bölücülük fəaliyyətilə məşğuldur. Belə ki, bir sıra nüfuzlu KİV-lər davamlı olaraq gələn il yaranmasının 10 illiyini qeyd edəcək KİVDF-nin təşkil etdiyi belə tədbirlərdən kənarda qalır. Əvəzində cəmiyyətdə heç bir nüfuzu olmayan, oxucuların tanımadığı, ictimai rəyə təsir gücü sıfır olan, sırf maliyyə maxinasiyalarında rol almaq üçün təsis edilən və “bizimkilər” qrupuna daxil olan KİV-lər, onların rəhbərləri dövlət büdcəsi hesabına təşkil olunan belə tədbirlərdə eynilə pul, ev bölgüsündə olduğu kimi, başda oturdulur, beləliklə də onların cəmiyyətə nüfuzlu KİV-lər kimi sırınmasına cəhd olunur.

Müstəqil və müxalifyönümlü KİV-lər bir yana, KİVDF hətta hakimiyyətyönlü media arasında da ayrıseçkiliyə yol verir, KİVDF və bu qurumu öz təsiri altında saxlayan dairələrə “yad”, hakimiyyətin başqa qollarına bağlı KİV-lər kənara itələnir. Məsələn, “Haqqın.az” kimi nüfuzlu, ictimai rəyə güclü təsiretmə imkanı olan, tirajı KİVDF-nin xəttilə maliyyələşən qəzetlərin və bu qruplaşmaya aid olan onlayn KİV-lərin cəminin tirajından dəfələrlə yüksək olan, hakimiyyətə və dövlətə də bunların cəmindən on dəfələrlə keyfiyyətli və səviyyəli xidmət göstərən bir media qurumu bütün tədbirlərdən kənarda saxlanılır. Bundan başqa son illərin ən uğurlu layihələrindən olan “Azvision.az” saytı da, KİVDF-nin “yad”ları siyahısındadır. Bir başqa tanınmış sayt – “Avropa.info” da eyni motivlə çıxdaş edilmişlərdəndir.

Son illərin daha bir uğurlu layihəsi – xeyli tanınmış jurnalistin cəmləşdiyi “Strateq.az” saytı isə “qara siyahı”nın ən başında olanlardandır...

Ölkənin ən stajlı və nüfuzlu KİV-lərindən olan “Turan” agentliyinin, “Ayna-Zerkalo”, “Azadlıq” qəzetlərinin, “Yeni Nəsil” Jurnalistlər Birliyinin və digərlərinin KİVDF-nin “qara siyahı”sında olmasının səbəbləri haqda isə, yəqin ki, geniş danışmağa ehtiyac yoxdur.

Bəs KİVDF hansı haqla media arasında belə bölücülük siyasəti aparır və faktiki olaraq, bu sektorun birliyini pozur? Bu haqda KİVDF-nin “arzuolunmazlar” siyahısında olan bir neçə saytın rəhbəri ilə danışdıq.

"Bizi belə tədbirlərə çağırmasalar yaxşıdır"

Strateq.az saytının rəhbəri Elxan Şükürlü bildirdi ki, bir qayda olaraq KİVDF-nin tədbirlərinə dəvət almırlar:

“KİV DF-nin tədbirlərində iştirak etməməyimiz bu qurumun təşkilatçılığı ilə keçirilən tədbirlərə dəvət olunmamağımızla bağlıdır. Dəvət olunmamağımızın isə sadə səbəbi budur ki, bu qurumun başında duran şəxsin və onu yönəldənlərin, ona siyahı, təlimat verənlərin arzulamadığı, sevmədiyi baş redaktorlardan sayılırıq.

Əslində dövlət düşüncəsi olan, qabiliyyətli, özünə güvənən, işini bilən, xaraktercə bütöv rəhbər işçilər hətta sevmədiyi, arzulamadığı insanları da belə tədbirlərə dəvət etməli və onların fikir və rəyləri, mövqeləri ilə tanış olmalı, cəmiyyətdə bölücülüyə, təfriqəyə yol açmamalıdırlar. Ancaq təəssüf ki, bir çox sahələrdə olduğu kimi, media sektorunda da bəzi önəmli postlar dövlət təfəkküründən uzaq, savadsız, işbilməz, xaraktercə də kinli və özündən qabiliyyətliləri sevməz şəxslərə həvalə edilib. Təbii ki, xaraktercə belə “yarımçıq” və fəaliyyəti də qüsurlu, çirkab içində olan adamlar bizim kimi insanların qatıldığı tədbirlərdə özlərini rahat hiss etmirlər...

Mən bir dəfə məsul şəxslərdən birindən dəvət olunmamağımızın səbəbini soruşdum, dedi ki, bəs, filan vaxtı çağırdıq, gəlib bizi tənqid etdin, getdin, ikinci dəfə niyə çağırmalıyıq? Gördüm ki, adam haqlıdır: onlara bu sektorda at oynadanların bütün fırıldaqlarına göz yuman, nöqsanlarını deməyən, tənqidi fikirlərdən uzaq, müti və qul xislətli heyət lazımdır. Bir-iki dəfə tədbirlərdə müşahidə etmişəm, bəzi jurnalistlərimizin bu “media məmurları”nın qarşısında ikrah doğuran yaltaq və müti davranışlarını görüb, onların əvəzinə xəcalət çəkmişəm. Cəmiyyətə söz demək imkanı olan qələm adamlarımızın bu dərəcədə qorxaq və ləyaqətsiz duruma düşməsi millətin fəlakətidir... Bizi belə tədbirlərə çağırmasalar, yaxşıdır”.

"Çağırmırlar, səbəbini bilmirəm"

“Azvision.az” saytının rəhbəri Vüsal Məmmədov da bildirdi ki, onu KİVDF-nin tədbirlərinə dəvət etmirlər: “Çağırmırlar. Səbəbi ilə maraqlanmamışam. Açığı, çağırmamaqları məni qane edir, çünki işim başdan aşır, KİV DF-nin tədbirlərinə gedəcək qədər vaxtım zatən yoxdur...”

“Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli KİV DF-nin tədbirlərinə dəvət olunmadığını təsdiq edib, lakin bunun səbəbləri haqda danışmaq istəməyib.

"Bunların fəaliyyəti belə şəffafdırsa, tənqiddən niyə narahatdırlar?"

Hazırda KİVDF-nin “arzuolunmazlar” siyahısında olan saytlardan biri də “AzPolitika.info”dur. Lakin əvvəl adıçəkilənlərdən fərqli olaraq, “AzPolitika” bu siyahıya bir neçə ay əvvəl – jurnalistlərə mənzil bölgüsü ilə bağlı tənqidlərindən sonra düşüb. Saytın baş redaktoru Elnur Məhərrəmli bununla bağlı bildirib:

“"AzPolitika" yaranandan təxminən il yarım sonra KİVDF və Mətbuat Şurasının tədbirlərinə dəvət olunmağa başlamışdıq. Lakin bu ilin iyul ayından sonra bu dəvətlər dayanıb. Niyə, zənnimcə bu barədə geniş danışmağa ehtiyac yoxdur. Diqqətli oxucu xatırlayar ki, biz, məhz iyul ayında jurnalistlərə mənzil bölgüsündə qaydasızlığı - elan olunan kriteriyalara əməl olunmamasını tənqid etmiş, KİVDF-nin, mənzil bölgüsü ilə bağlı yaradılmış komissiyanın üzvlərini ədalətsiz və qanunsuz bölgüyə, sui-istifadə hallarına görə qınamışdıq. Üzərindən 6 ay keçib, amma möhtərəmlərin qəzəbi hələ də keçməyib. Belə görünür ki, KİVDF şüurlu şəkildə bizi yanında yox, qarşısında görmək istəyir. Belə olsun, etiraz etmirik. 

Amma bir daha xatırlayaq: Biz bunlara nə demişdik? Məsələn, biz soruşanda ki, ev bölgüsü prosesi başlayanda "qardaşım da olsa, güzəşt etməyəcəm" deyə, texniki işçilərə ev verilməyəcəyini bəyan edən komissiya sədri, necə oldu ki, sonda bu vədini unudub, öz katibəsinə 3 otaqlı mənzil bağışladı - çoxmu böyük "günah" etmişdik? Yaxud, indi durub soruşsaq ki, niyə KİVDF 6 aydır kimə neçə otaqlı mənzil verildiyini açıqlamır, 4 il 7 aydır bir binanı niyə təhvil verə bilmir, ev alan jurnalistlər Yeni il bayramını öz evlərində niyə keçirə bilmirlər, mənzillərin bir çoxunda niyə yenidən təmir başlayıb, qəzetlərə pul bölgüsündə niyə saxtakarlıq var, şərtlərə əməl olunmur, 2 ilə təhvil veriləcəyi vədi verilən 3-cü binada işlər niyə dalana dirənib - çoxmu böyük "cinayət" etmiş olarıq? Maraqlıdır, bunların fəaliyyətləri belə şəffafdırsa, ev və pul bölgüsündə ədalətsizlik, fırıldaq və saxtakarlıq, sui-istifadə halları yoxdursa, tənqiddən niyə bu qədər narahat olurlar?

KİVDF heç kimin ata-babasından qalan şirkəti deyil, dövlət fondudur! Amma yenə də bizi bir-birinin təkrarı olan, eyni media çevrəsinin, hətta eyni deputatların, icra başçılarının iştirak etdiyi, hər dəfə eyni sözlərin danışıldığı tədbirlərinə dəvət etmirlər, heç dünəndən etməsinlər. Sadəcə, istər-istəməz düşünməli oluruq: həqiqətənmi KİVDF "müqəddəs" qurumdur və hər cür tənqiddən kənarda qalmalıdır?"

FHN də "qara siyahı"ya düşdü?

Sonda onu da qeyd edək ki, KİVDF-nin son tədbirində təkcə mediaya yox, hətta dövlət qurumlarına qarşı da ayrıseçkilik edildiyi haqda məlumatlar var. Məsələn, tədbirə bütün dövlət qurumlarının nümayəndələri dəvət olunduğu halda Fövqəladə Hallar Nazirliyi bu dəvətdən kənarda qalıb.

FHN-ə qarşı bu hörmətsizlik isə təsadüfə oxşamır...

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

REDAKTOR 2017-12-27 10:58:07

KİV HAİNDA VƏZİYYƏT BU SAHƏNİ DƏRK EDƏNLƏR UCUN AYDİNDİR. MOVZUNUN SONUNDA VERİLƏN SUAL KİMİ.YƏNİ BUTUN BUNLAR TƏSADUFƏ OXSAYİRMİ? TƏBİİ YOX. BAXİN ... MUSDƏQİL KİVDƏN DANİSİRAM. HEC CUR.KİV OLƏNİN DİGƏR SAHƏLƏRİ KİMİ TAM MANAPOLİYADADİR. İSDƏR MUXALİFƏT OLSUN İSDƏR İQTİDAR. 1998-Ğİ İLDƏ AZƏRBAYCAN NƏSRİYATİNA 300 MANAT BORCUMUZ VAR İDİ QOVURDULR MUSAVAT 100 MİN BORC SİLDİ

G.M 2017-12-27 10:58:07

Ermənistanda KİV -ri,Saytlar yaman gündədirlər.Demək olar ki,jurnalistika ``qadın alveri`` səviyəsindədir.sarkisiyana qarşı tənqidi yazı yazanlar Qarabağ fərarisi,satqın,yaxud da ``Xalq düşmanı`` hesab edilir.Məmurların ``vurulanları`` istisna olunmaqla..keşiş qarışıq hamılıqla mediyada təriflənməlidirlər.Ona görə də erməni jurnalistlər ələbaxım,hündüşkaya bənziyirlər.

Asif Mərzili 2017-12-27 10:58:07

Mən 40 ilə yaxındır (hərbi xidmət illərində Pribaltika Hərbi Dairəsinin "Za Rodinu" qəzetinin ştatdankənar müxbiri idim-2 il) jurnalistikadayam. KİVDF-yə neçə dəfədir tənqidi ruhda, ciddi, sensasiya doğuracaq araşdırma yazı verirəm, mən 35, ya 36 bal yığıram, öz qəzetində axtaranda adına yazı çıxmayanlar 1-ci, 2-ci,3-cü yer tutur. Katibələr qalib olur! Ayıbdır. Sonuncu müsabiqədə də elə. KİVDF rəhbərliyi dəvəni qoyunun quyruğuna bağlayır. Artıq məhkəməyə sənəd hazırlayıram görüm bu ekspertlər kimlərdir?

Asif Mərzili 2017-12-27 10:58:07

Sağ olun ki,bu ciddi problemi qaldırırsız. Məsələ ciddidir,KİVDF yaranandan bu problem davam edir, qəzetlərə layihə verilir, necə, hansı şərtlərlə, yuxarıda bilən yoxdur. ŞOK sənədlər əlimdədir. Səmimi deyirəm, Əli Həsənov vicdanlı insandır. Hətta "Təzadlar" 1995-də müvəqqəti dayananda Əli müəllim bizə kömək edib, müstəqil KİV-in davamında maraqlı olub. Gəlin Əli müəllimə müraciət edək, KİVDF-də Prezidentdən xəbərsiz biabırçılıq var, bu bəlaya biryolluq son qoyula bilər, Əli müəllimə müraciət etsək, bəsdi

avam 2017-12-27 10:58:07

bu FHN məsələsi mənə heç çatmadı.yoxsa dağ boyda....?!bəs bəzi yazılarda filan nazirlərin işdən çıxarılmasını FH şefi ilə əlaqələndirirlər.yoxsa bu da məqsədli şəkildə dövriyyəyə buraxılır?

AYRİM 2017-12-27 10:58:07

KİV NİYƏ DƏVƏNİ QOYUNUN QUYRUĞUNA BAĞLAYİR? ONA GORƏ Kİ SAYTLARİN HAMİSİ BU GUNDƏDİR "QOYUNDUR".

Xalid 2017-12-27 10:58:07

100-də 100! Vay o qurumların halına ki, birinə "kinli adam", o birinə "məsul şəxs" başçılıq edir.

Məmmədabadlı 2017-12-27 10:58:07

Görün ......ov 20 min manat şapqa alıb kimə ev verdi.Vaxtilə çoban işləmiş,ömründə bir yazı yazmayan Arif Əsədov adlı birisinə.özü də evi olduğu halda.V.Səfərov bəs deyirdin texniki işcilərə ev verilməyəcək

NURəddin 2017-12-27 10:58:07

BUNLARIN TƏDBİRİNDƏ İŞTİRAK ELƏMƏK BUNLARA OXŞAMAQ DEMƏKDİR.BU TİPLƏRLƏ BİR BİNADA YAŞAMQ HƏR GÜN QARA PİŞİKLƏRLƏ ÜZ-ÜZƏ GƏLMƏK QƏDƏR EYMƏNDİRİCİDİR. GƏRƏK HƏR GÖRƏNDƏ DİLİNİN ALTINDA ÇOXMƏRTƏBƏLİ YAĞLI İFADƏLƏR İŞLƏDİB ÖZÜNÜ SAKİTLƏŞDİRƏSƏN.ÜÇ DƏFƏ FIRLANIB ÜÇ DƏFƏ DƏ TÜPÜRƏSƏN Kİ, XƏTASI SƏNDƏN UZAQ OLSUN. MƏN BUNLARI HƏTTA, EKRANDA-EFİRDƏ GÖRƏNDƏ BELƏ EDİRƏM. DEYİM Kİ,XEYRİNİ DƏ GÖRÜRƏM.BUNLARDAN HEÇ VAXT HEÇ KİMƏ XEYİR GƏLMƏYİB, GƏLMƏYƏCƏK DƏ. DUA EDƏK Kİ,ŞƏRLƏRİ DƏ ÖZ BAŞLARINDA ÇATLASIN.

Jurnalist 2017-12-27 10:58:07

KIVDF-nin qalibləri siyahısına baxın, Vuqar Səferlinin "Mövqe" qəzetinin əməkdaşları hər dəfə 1-ci yerə layiq görülür. Təklif edirəm: "Mövqe" qəzetində bir kurs açılsın, gedək həmin uşaqlar bizə də yazı yazmağı öyrətsinlər, bəlkə biz də yer tutduq... Çox ayıb bir işdir!.... . Və ilaxır... Haram işlərə necə könül verirlər???

Son yazılar