İtən alpinistlərin axtarışı bu gün də davam etdirilib

“Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları bu gün də davam etdirilib. Lakin təəssüf ki, hələlik bir nəticə yoxdur”.

Bunu APA-ya açıqlamasında axtarış-xilasetmə əməliyyatı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev deyib. O qeyd edib ki, axtarışların aparıldığı ərazi çox böyükdür: “Hər gün səhər saat 06.00-dan axtarışlara başlayırıq. Hava şəraitini nəzərə alaraq axtarışlara axşam saat 18.00-da fasilə veririk. Axtarışların aparıldığı ərazi çox böyükdür. Orda elə yerlər var ki, qarın qalınlığı 8-10 metrdir. Biz çox çətinliklə həmin əraziləri yoxlayırıq. Lakin təəssüflər olsun ki, hələlik bir nəticə yoxdur. Axtarışları sabah səhər saat 6-da yenidən davam etdirəcəyik”.

Qeyd edək ki, 26 dekabr axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu vəCəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.

Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb. FHN-nin aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.

Qərargaha Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mirzəyev rəhbərlik edir.

Xatırladaq ki, bu gündən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin mütəxəssisləri də (xüsusi təyinatlı avadanlıqlarla təchiz edilmiş) axtarışlara qoşulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar