"Falçı sözü ilə bizə şər atırlar, polisdə təzyiqlərə məruz qalırıq" - Qarabağ əlilinin ŞİKAYƏTİ

1970-ci il təvəllüdlü, Füzuli rayonundan məcburi köçkün, II qrup Qarabağ əlili Aslanov Səyavuş Oruc oğlu ölkə Prezidenti İlham Əliyevə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə şikayət ərizəsi  ünvanlyıb. Bir nüsxəsi «Azpolitika.info»ya göndərlən  şikayət məktubunda II qrup Qarabağ əlili Səyavuş Aslanov hüquqlarının tapdalandığını, təzyiqlərə və hətta işgəncələrə məruz qaldığını bildirir. Onun məktubunu müəyyən ixtisarla dərc edirik.

Səyavuş Aslanov dövlət başçısına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə məktubunda əvvəlcə başına gələnləri açıqlayır: "Bildirirəm ki, bacım Aslanova Sitarə Oruc qızı əmim oğlu Aslanov Rüfət Ərşad oğlu ilə bir neçə il bundan öncə vətəndaş nigahına daxil olmuşdur. Onların nigahı rəsmiləşdirilməmişdi. Onların evliliyi müddətində övladları da olmamışdır. Bacımla yeznəmiz Bakı şəhəri Sabunçu rayonu Ramanı qəsəbəsi 2-ci mədən küçəsində gecəqonduda yaşayırdılar. Onun həyat yoldaşı Aslanov Rüfət Ərşad oğlu 28 avqust 2016-cı il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha evə dönməmişdir.

Həmin ərəfədə bacımın həyat yoldaşı Aslanov Rüfət Nardaranda su idarəsində fəhlə işləyirdi. Elə həmin günü oğlumun qurbanı olduğuna görə axşamüstü Ramanıya bacımın evinə gəlmişəm. Bacımı götürərək öz evimə aparmışam ki, məclis olacaqdır. Həmin övladımı uzun illər Sitarə bacım saxlamışdı. Bacım Sitarə mənimlə birlikdə yaşadığımız evə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində getdi və 1-2 gün bizdə qaldı. Həmin ərəfədə o həyat yoldaşı ilə əlaqə saxlamamışdı. Sonradan bildim ki, bacımın həmin ərəfədə öz həyat yoldaşı ilə aralarında bir qədər sərinlik olmuşdur".

Səyavuş Aslanov məktubunda bunun səbəbini Rüfət Aslanovda xəstəliyin olması ilə bağlayıb: "Haşiyə çıxaraq qeyd edirəm ki, Rüfət hələ bacımla evlənməmişdən qabaq öz xalası qızı ilə də evlənmişdi, lakin, sonradan ayrılmışdı. Daha sonra isə Yevlaxdan olan başqa bir qadınla evlənmiş və onunla da ayrılmışdı. Səhv etmirəmsə 2 gün sonra yeznəm Rüfətin qardaşları Köçəri və Əşir bizə zəng edərək bildirdilər ki, Rüfət Nardaranda işdə dalaşıb, evdə yoxdur və yaşadıqları qapı da bağlıdır. Bundan sonra bacım Sitarəni götürərək özümlə onların yaşadığı Ramanı qəsəbəsinə gəldim. Qapını açdıq və qapının ağzında onun mobil telefonu sönülü vəziyyətdə qalmışdı. Bacım evə baxanda o evi qoyduğu kimi heç nəyə dəyilmədyini gördü. Oradan belə qənatə gəldik ki, Rüfət bacımı evdən götürdüyüm günü gedib və qayıtmamışdı. Ondan sonra Rüfətin mobil telefonunu onun qardaşı Köçəriyə verdik. Rüfətin işlədiyi yerlə onun qardaşları əlaqə saxlamışdılar və öyrənmişdilər ki, Rüfət 27 avqust 2016-ci il tarixdə işdən çıxandı və sonradan işə getməyib. Hətta öyrəndik ki, Rüfət elə həmin günü işdə olarkən iş yoldaşı Telman adlı şəxslə dalaşıb və onun başını daşla vuraraq yarmışdır. Həmin şəxs də onu polisə veribmiş. Bacımla və Rüfətin qaradşları ilə birlikdə 12-ci pols bölməsinə getdik. Bacım Rüfətin itməsi barədə orada ərizə verdi. Ondan sonra bacımı tək qoymadım və öz yaşadığım evə gətirdim.

Bacım ərizəni verəndən bir gün sonra mənimlə bacım Sitarəni 12-ci polis bölməsinə çağırdılar.  Orada Rüfətin Füzulidə yaşayan bacısı Çiçək və qardaşları Əşir, Köçəri, xalası oğlanları Mahmud (hansı ki, Mahmudun qardaşı Fərrux Rüfətin işlədiyi Nardarandakı Bağlar İdarəsinin su idarəsinin müdiri idi) ilə görüşdük. Polislər bizə bildirdilər ki, Rüfətin bacı qardaşları mənimlə Sitarədən şikayətçidirlər. Oradaca Rüfətin bacısı səs küy qaldıraraq bildirdi ki, Füzulidə falçıya baxdırıb. Və falçı da ona demişdir ki, guya Rüfəti mənimlə bacım Sitarə öldürmüşük. Biz də and aman etdik və bundan xəbərsiz olduğumuzu bildirdik. Polisdə mənimlə bacımın izahatımızı aldılar və bildiklərimizi yazdıq. Bundan sonra 2 gündən bir mütəmadi olaraq bacım Sitarə ilə birlikdə 12-ci bölməyə çağırıldıq və hər dəfə gedib gəldik. Həmin vaxtlarda Bakı ŞBPİ-nə də çağırılmışdıq. Polislərin bizə verdiyi məlumata görə Rüfətin bacı və qardaşları bizdən şikayətçi idilər".

Səyavuş Aslanov məktubunda daha sonra bildirir ki, şikayət tamamilə əsassız olsa da onları vaxtaşırı polis bölməsinə çağırır, təzyiqlər edir, incidirlər: " 27 dekabr 2016-ci il tarixdə mənimlə bacım Sitarəni Sabunçu RPİ-də çağırdılar. Səhərdən axşam saatlarına kimi orada saxlanıldıq.... Deyirdilər ki, guya Rüfəti mən öldürmüşəm. Amma belə bir işdən xəbərsiz olduğumu bildirirdim. Buna məhəl qoymurdular. Hətta həmin ərəfədə DİN-ə teleqram vurdum ki, əmimuşaqları mənə şər atırlar.  Bir müddət sakitlik oldu. Yenə də mənimlə bacım Sitarəni bir neçə dəfə Bakı ŞBPİ-nə və 12-ci polis bölməsinə çağırdılar. Hər dəfə söhbət edib yola salırdılar".

Səyavuş Aslanov məktubunda iddia edir ki, 2018-ci ilin yanvar ayının 5-də saat 16 radələrində onu və  bacısı Sitarəni yenidən 12-ci polis bölməsinə dəvət ediblər. O bölmə rəisi başda olmaqla 7 nəfər mülki geyimdə olan polis əməkdaşları tərəfindən dindirildiklərini bildirir. İddia edir ki, bacısı Sitarəyə, sonra isə ona təzyiqlər göstərilib, işgəncə verilib və məcburi narkotika ilə bağlı sənədə imza atdırıblar: " Hətta məndən orta məktəbdə oxuyan və tələbə olan övladlarımın telefon nömrələrini də aldılar. Bildirdilər ki, övladlarımın da cibinə narkotik maddə ataraq onları həbs edəcəklər. Mən and-aman etdim ki, Rüfətin itkin düşməsi ilə bağlı hər hansı bir əlaqəm yoxdur. Onun aqibətindən xəbərsiz olduğumu bildirdim. Həmin günü bacımla məni gecəni bölmədə saxladılar... Səhəri günü isə bacımla məni vəkil tutmadan məhkəməyə çıxardılar. Mən Məhkəmədə olarkən özümə vəkil tutdum. Bundan sonra məhkəmə tərəfindən buraxıldım. Bacım Sitarəni isə vəkildən xəbərsiz məhkəməyə apararaq məhkəmənin qərarı ilə 10 sutkalıq həbs etdilər və Sabunçu RPİ-nin saxlama yerinə apardılar. Bundan sonra bacım da vəkillə təmin olundu və apellyasiya şikayəti verilməklə 5 sutkadan sonra bacım da tutmadan azad olundu. Hansı ki, bacım yuxarıda qeyd etdiyim kimi II qrup əlildir. Onun inzibati qaydada həbs olunmasına qanunla yol verilməli deyildi. Bu azmış kimi həm mənim, həm də bacımın Rüfətin hansı şəraitdə itkin düşməsi ilə bağlı hər hansı bir məlumatımız yoxdur. Bacım həbsdən azad olunandan sonra mənə məlum oldu ki, o polisin saxlama yerində olarkən 5 gün müddətində təzyiqlərə məruz qalıb, ayaq üstə, ac susuz saxlanılıb, hər gecə onu sorğu- sual ediblər. Hətta bacıma təklif ediblərmiş ki, yazsın ki, guya mənimlə birlikdə Rüfəti öldürüb dənizə atmışıq. Guya polislər də dənizdə axtarış edərlər ölünün tapılmadığını aktlaşdırarlar. Bundan sonra da bacımla məni həbs edərlər, cinayət aşkar olunmuş olar.

Bildirirəm ki, mən özüm məcburi köçkün olmaqla Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm, canımı vermişəm, II qrup əliləm, bacım da həmçinin II qrup əlildir. Bizə qarşı əmim uşaqları tərəfindən hansısa falçının sözü ilə şər atırlar ki, guya biz Rüfəti öldürmüşük. Bu səbəbdən də təzyiqlərə  məruz qalırıq. Hətta bacım həbsdən çıxandan sonra onun səhhəti pisləşdiyi üçün elə Bakı Apellyasiya Məhkəməsinin qarşısına təcili tibbi yardım çağırılmışdı və ona ilkin tibbi yardım da göstərildi..."

Səyavuş Aslanov məktubunda qeyd edir ki, Rüfət Aslanovun harda olmasımdan məlumatsızdırlar: "Sizi tam şəkildə əmin edirəm ki, mənim və bacım Sitarənin yeznəm Rüfətin itkin düşməsi ilə bağlı hər hansı bir məlumatımız yoxdur. Polislər ehtimal edirlər ki, guya biz onu öldürüb yox etmişik. Amma bunlar səhv ehtimaldır. Bizi əmimiz uşaqları şərləyir, polislər də bizə işgəncə verirlər. Cinayətin açılmasını başqa bir istəiqamətdə aparsalar daha yaxşıdır. Bizimlə bu işlərin heç bir əlaqəsi yoxdur.

Cənab prezident!

Sizdən imdad istəyirəm. Məni yenə də polisə çağırırlar. Günahsız yerə işgəncə verilməklə döyülməyimdən qorxuram. Ailəm, balalarım, yaşlı atam var. Onların mənə ehtiyacı var. Xahiş edirəm bizə köməklik edəsiniz.

Qeyd olunanları nəzərə alaraq həmin fakt üzrə başlanılmış cinayət işinin obyektiv aparılmasına, bizə böhtan atanların və günahsız yer işgəncə verənlərin cəzalandırılmasına dair göstəriş verməyinizi Sizdən artıq dərəcədə xahiş edirəm".

P.S. Şikayət məktubunda göstərilənlərlə bağlı 12-ci pols bölməsinin də mövqeyini işıqlandırmağa hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar