Səsimizi necə qoruya bilərik?

Seçki başlayandan bu günəcən çox sayda insandan bu sualı eşitmişəm. Onların hamısı eyni cür deyir: kimə səs verəcəyimiz bəllidir, bəs biz səsimizi qoruya biləcəyikmi? Hakimiyyət bütün seçkilərdə olduğu kimi, bu dəfə də nəticələri saxtalaşdıracaqsa, bizim səsimizi nəzərə almayacaqsa, nə edə bilərik? Səsimizi qoruya bilərikmi?

Yəqin dərhal fikirləşdiniz ki, elə mən də bu suala cavab tapa bilməmişəm. Axı uzun illərdir bu məsələ Azərbaycan cəmiyyəti üçün ən çətin siyasi düyünlərdən biri olaraq qalır. Seçkilər saxtalaşdırılır, səsimiz oğurlanır, amma biz də son nəticəni dəyişdirə bilmirik. Amma mənim bu çətin suala həmişə cavabım olub. Həm də konkret və aydın bir cavabım...

Əziz həmvətənlərim, səsi qorumaq üçün insan gərək səs verdiyi dəyərlərə, namizədə, siyasi quruma inamını qorusun. Seçki saxtalaşdırılan kimi bədbinləşərək hər şeyə üz çevirən, “daha mən heç nəyə inanmıram” deyən adamlar səsi necə qoruya bilər? Hələ seçkidən dərhal sonra xaricə getməyə hazırlaşanlar bir yana qalsın, seçkidən sonra əks cinaha keçən adamlar da görürük. Dərhal öz namizədini təftiş edən, minnət qoyan, namizədinə və onu irəli sürən quruma qarayaxanlara qoşulub gəvəzəlik edən adam səsini qoruya bilməz. Yaxşı, gəlin bu cür xainləri və seçkidən sonra xəyanət yolunu tutanları unudaq, çünki bu il o cür adamlara demək olar rast gəlməyəcəyimizə inanıram. Amma azacıq həvəsdən düşmək də, inamını öləziləşdirmək də, mənəviyyatsızlıq olmasa da, azı öz səsinə xəyanətdir, onu qorumamaqdır.

Bizim səsimizi oğurlayanlar da elə buna arxayındır, buna əsaslanıblar. Onlar düşünür ki, saxtalaşdıracaqlar, küçəyə çıxanı da əzəcəklər və cəmiyyət əvvəlkindən də susqun və bədbin hala düşəcək. Buna zəmin yaradan da biz özümüzük, dərhal “bu xalqdan bir şey çıxmaz”, “bizdə alınan deyil” söyləyib əl yelləməklə səsimizi oğurlayanların arzularına yol açırıq. Amma bu hakimiyyət görsə ki, bizim inamımız möhkəmdir, inadla mübarizəmizi davam etdiririk, çalışırıq, liderimizi və təşkilatımızı qorumaqda davam edirik, sayca artırıq, o zaman öz sonlarını gerçəkdən düşünməyə başlayacaqlar.

Çox təəssüf ki, bizim ölkədə səsi qorumaq yalnız küçələrə çıxıb xalqın güclü etiraz səsi ilə bunu hakimiyyətə qəbul etdirmək kimi başa düşülür. Qoy belə olsun, amma səsi qorumaq üçün insan gərək öncə səs verdiyi dəyərə, namizədə, təşkilata inamını qorusun ki, bu inamlı adamların çoxalması ilə xalqın güclü etirazı yarana bilsin. Seçki gününün axşamı Məzahir Pənahovun elan etdiyi rəqəmlərdən “məhv olmaqla” səs qorunmaz...

Öncə inamını qoruyacaqsan, səsini içində hiss edəcəksən, dilində deyəcəksən, yenə də arxasınca getməyə qərarlı olacaqsan. Üstəlik, bundan artığını da etməyə hazır olacaqsan. Səsini qorumaq elə budur. Mən illərdir səsimi bu cür qoruyuram! Bütün hallarda inamımı, dəyərlərimi qoruyuram!

Əziz həmvətənlər, heç nə edə bilməyəndə də inamınızı qoruyun, dəyərlərinizi qoruyun, inanın ki, siz ən yaxşı namizədə səs vermisiniz, inanın ki, o, sizi qələbəyə aparmaq üçün hər şey etdi. Inanın ki, davam edəcəyik və hədəfə çatacağıq. Yolun çoxunu gedəndə onu tərk etmirlər. Inanın ki, bağlandığınız dəyərlərlə yol getmək yolun bütün hissələri eyni əhəmiyyət daşıyır və mütərəqqi bir ölkə istəməkdə davam edin.

Ən sonda onu da demək istəyirəm ki, gərək ilk olaraq səs verək, sonra onu qorumaq haqda düşünək. Hamımız səs verək! (azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar