İRANDAKI ETİRAZLARIN ORTAYA ÇIXARDIQLARI - Hərəkətlilik davam edəcək 

Ayətullah Xomeyni bir dəfə “Bu inqilab qarpız qiymətlərinin müəyyən edilməsilə bağlı deyildir” mənasını verən bir söz demişdi. Əlbəttə, İnqilabın və Respublikanın ülvi və qeyri-dünyəvi (axirətlə bağlı) varlıq səbəbləri, gündəlik qayğıları aşan böyük hədəfləri vardı. İslam Respublikası əslində ülvi və qeyri-dünyəvi bir nizam qurma işində və modern kapitalizmə alternativ, daha bərabərçi, daha adil, daha “islami” bir nizam qurma işində uğursuz oldu. Uğurlu bir dini-ideoloji diktatura rejimi qurdu, oturuşdurdu, ancaq inqilab etməyi bacarmış bir xalqın rejimi olduğu üçün də o cəmiyyətin qımıldamalarına, tələblərinə və gözləntilərinə ən azından bir az cavab vermək məcburiyyətində də qaldı. Ayrıca, rejimin öz daxilində də gəlinən nöqtənin uğursuzluğundan məmnuniyyətsizlik duyanlar vardı.

Nəticədə rejim azadlıq sahələrini genişləndirə, ədaləti bərpa edə bilmədiyi kimi, qarpız qiymətini də müəyyən edə bilməz hala gəldi. Ötən ilin sonunda başlayan hadisələrdə qıcıqlandırıcı ünsürlərdən birinin qarpız olmasa da, bir həftədə ikiqatına çıxan yumurta qiymətlərinin olduğunun altını bir çox şərhçi cızır.

Ölkənin əyalətində, lakin önəmli dini mərkəzlərindən birində başlayan, çox əyalətə yayılan, ancaq Təbriz və Tehran kimi böyük şəhərlərdə 2009-cu ildəkinə bənzər dalğalanma yaratmayan, birləşdirici bir lideri və ya yönləndiricisi olmayan etiraz hərəkatlarının xarakteri, əsasları, bunun iqtisadi səbəblərlə bağlı bir qiyammı, yoxsa siyasi üsyanmı olması müzakirəyə açıqdır. Bəlkə də müzakirəyə açıq olmayan tək tərəfi rejimin bunu yatırdacaq güc və iradəsinin olmasıdır.

2009-cu ildəki seçkilərin saxtalaşdırılmasından sonra başlayan “yaşıl hərəkat” etirazları, sosial bazası etibarilə, orta sinif etirazı idi. Bu səbəblə də, onun şüarları azadlıq, insan haqları və demokratiya kriteriyalarını ön plana çıxarırdı.

Budəfəki dalğalanmanın sinfi onurğasını fəhlə təbəqəsinin təşkil etdiyi yazılır. Bu üzdən, təməl qayğılar, əlbəttə, fərqlidir. 1978-79-cu illər inqilabı iyun ayında bir orta sinif etiraz hərəkatı olaraq başlamış, payıza qədər şəhərli yoxsullar və fəhlə sinfi işə qarışmamışdır. Fəhlə sinfi tətilə gedib, yoxsullar küçələrə çıxmağa başladığında, gedişat sürətlənmiş və Şah rejimi devrilmişdir. Bu səbəblə, İslam Respublikasının idarəedici sinfini təşkil edən mollalarla, onun vurucu gücünü təşkil edən İnqilab Keşikçilərinin bu dalğalanmadan ürkmələri üçün kifayət qədər çox səbəb vardır. Nəzarət etdikləri sistemin çürümüş, korrupsiyaya batmış olması, idarəedici sinfin geniş xalq kütlələrinin durumuna qarşı “vurdum – duymaz” davranması rejimin əsl sosial dəstək bazasını təşkil edənləri də, bəlli ki, artıq bezdirmiş və ya qızdırmışdır. Üstəlik, etirazların dördüncü günündən etibarən orta sinif nümayəndələri, tələbələr də bu dalğaya qoşulmuş kimi görünürlər.

Görünən odur ki, nüvə proqramı ilə bağlı anlaşmanın iqtisadi durumu düzəldəcəyinə dair gözləntilərin reallaşmaması da hirsin və etirazların partlayış verməsində, rejimin və ya “rəhbər”in rəddinə qədər gedən şüarların ortaya çıxmasında təsirli olmuşdur. Ruhaninin iqtisadi proqramı sələfi Əhmədinecatın populist iqtisadi proqramının xəsarətlərini də bərpa etmək məcburiyyətində qaldığından, “kəmər sıxma” siyasətləri də dövriyəyə girdi. İnfliyasiya düşsə belə, işsizlik, real gəlirdəki azalma kimi problemlər geniş kütlələri narahat edir.

Bu durumda, ölkənin qaynaqlarının hara xərclənəcəyi sualı da soruşulmağa başlamışdır. Əslində, bu sual xeyli vaxtdır soruşulur və rejim baxımından çətinlik də yaradırdı. Görünüşə görə, İraq, Suriya, Livan və Fələstinə axıdılan qaynaqlar, yaxın zamana qədər Suriyada canlı itkilərin də verilməsi getdikcə bir anti-ərəb dalğası da yaratmaqdadır.

Əlbəttə, bu baş verən hadisələrdə ölkənin daxili siyasi hərəkətverici amillərinin də payı vardır. Rejimin sərt xətt tərəfdarlarının Ruhaninin altını oymaq istədiyi məlumdur. Ruhaninin qardaşı təhdid edildi. Ölkəyə rifah gətirə biləcək neft və qaz anlaşmaları ləğv edildi. Məsələ yalnız ideoloji fərqlilik məsələsi deyil, xeyli yaşlanan və xəstə olduğu söylənən Xameneyinin xələfinin kim olacağı məsələsi də bu daxili çəkişmədə rol oynayır. Buna görə, Ruhani xalqın etiraz haqqının istifadə edilməsindən yana olduğunu söylədi.

Görünən odur ki, bu müxalif dalğa indi yatırılsa belə, Orta Şərqin ən dinamik cəmiyyəti olan İran cəmiyyətinin hərəkətliliyi asanlıqla durdurulmayacaqdır.

Soli Özel

“Habertürk”, Türkiyə

Tərcümə Strateq.az-ındır

635x100

Şərhlər

t.ədalət 2018-01-07 11:45:34

İranı viran olmaqdan qorumaq mümkün olmayacaq.Zamanı durdurmaq olmaz.Allahla insanlar arasındakı bağı qırmaq üçün yaranmış bu dövlətin sükut vaxtı çatıb.Uçub-dağılan tikililərin yaxınlığından keçənlər üçün təhlükəli olduğu qədər İranın viran prosesi də orda yaşayanlara müvəqqəti ağrılar verəcək.Nəticə insanların üzərinə çökən irançılığın qara pərdəsinin yırttılması ilə sonuclanacaq.

Son yazılar